Siyasi fırtınalara
barbarlığın təsiri
(XIX əsr
Argentinasının timsalında)
Telman ORUCOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Rosas idarəetmə ilə məşğul olmurdu, o, bu
sözün ümumi qəbul edilən mənasında
hökmranlıq da etmirdi. Aylarla evindən
çıxmamaqla, heç kəsi görmədən o,
yalnız hərbi hərəkətlərə, intriqalara,
casusluğa rəhbərlik edirdi.
Masorka vasitəsilə özünün iyrənc siyasətinin
bütün qollarını hərəkətə gətirir,
nəsə müharibənin xeyrinə deyilsə və onun
düşmənlərinə zərər vurmursa, bu, onun nəinki
planına daxil olmurdu, heç onu maraqlandırmırdı da.
Rosası hakimiyyətə qauço, plebeylər və
komprador burjuaziya gətirmişdi. Sonra onlar məhv
edildilər və Rosasın qoşunları onları yoxa
çıxarıb, aradan çıxdı. O,
başları kəsir, kişiləri xədim edir, öz
düşmənlərinə iztirab verirdi. O, mətbuatı da
buxovlanmış, fikirə cilov geyindirmişdi. Vətənin
taleyi barədə mübahisə aparmağa, onu öyrənməyə,
maariflənməyə qadağa qoymuşdu ki, heç kəs
onun törətdiyi cinayətlərdən baş
çıxara bilməsin. O, başa
düşmürdü ki, qurbanının boğazını kəsdikdə,
onun səsi kəsilsə də, ağrının
qışqırığı, harayı bu yaradan qalxır, bu
qışqırıq xarici ölkələrə də gedib
çatır. Avropanın və Amerikanın bir
sıra mətbuat orqanları bu əmrlərinə görə
Rosası nifrətamiz Neron, qəddar Tiran
adlandırırdılar.
Xalqın ayıq nümayəndələri isə
düşünürdü ki, elə bir gün gələcəkdir
ki, Rosasın adı ilə ağlamağını kəsməyən
uşağı qorxudacaqlar, bu ad qaranlıq gecədə yol
gedən yolçunu titrətməyə salacaqdır. Axıtdığı
qanlarda tiran özü boğulanda, Argentina
xalqı gözlədiyi bol bəhrəni dərəcəkdir.
O,
özünün qauço təbiətinə uyğun olaraq
çaylara nifrətlə baxır, çay gəmiçiliyinə
mane olurdu. Buenos-Ayres limanının olduqca
böyük gəlirini də küləyə sovururdu. Milyonlarla pul vəsaiti onun öz
ağılsızlığına, cinayətlərə və
iyrənc bir şəkildə qisas almağa sərf olunurdu.
Təhsil sistemini dağıtmışdı, məktəbləri
maliyyə dəstəyindən məhrum etmişdi. Bütün ziyalı adamları təqib və məhv
edirdi, öz yekəbaşlığını və qan hərisliyini
idarəetmə üsuluna çevirirdi.
Rosas bütün hüquqları məhv etmişdi, cinayəti,
qətli, kişiləri xədim etməni və baş kəsməyi
idarəçilik sistemi kimi tətbiq etmişdi. O, adamları insan təbiətinə
xas olan pis instinktlərə həvəsləndirirdi, bu yolla
öz xəbərçilərini və
ardıcıllarını tərbiyə edirdi. O, belə bir
fikir təlqin edirdi ki, hökumət öz düşmənlərini
məhv etmək hüququna malikdir. O, qonşu ölkələrlə
və Avropa ölkələri ilə ədavəti daim
qızışdırırdı. Çili ilə
ticarəti kəsmişdi, Uruqvayı qana
batırmışdı. Braziliya ilə də
ixtilaf qaldırdı.
Heç kəs şübhə etmirdi ki, bir gün bu əjdəha
da yıxılacaqdır, barbarlıq, əxlaqsızlıq və
yoxsulluq arxada qalacaqdır. İki mühüm cəhətə
- həyatın və mülkiyyətin toxunulmazlığı
hüququna təminat veriləcəkdir. Dövlətin
siyasi quruluşunu, idarəetmə formasını isə
artıq tiran deyil, zaman, hadisələr,
şəraitlər, proqressiv dünyanın təsiri müəyyən
edəcəkdir.
Əgər
tiran qatilə çevrilirsə, əslində,
qatil olmayan tiran da yoxdur, bu o demək deyildir ki, onun
hökmranlığı altında olan xalq da cinayətkarlar
kütləsinə çevrilməlidir. Belə bir fikir də
mövcuddur ki, bu gün fanatizm hərisliyində qana susayan, bəlkə
də, dünən sadəlövh bir dindar imiş, sabah isə səbəblər, şərait
aradan çıxdıqda xeyirxah bir vətəndaş
olacaqdır. Axı Böyük Fransa inqilabından və onun
meydana gətirdiyi terrordan sonra cəmiyyətdə məhz belə
bir metamorfoza baş verdi. Rosas
isə keçmişdən, tarixi təcrübədən dərs
götürmək əvəzinə, tarixi qisas alətinə
çevirdi.
Rosasın
arvadı bir az əvvəl
ölmüşdü və o, bütün vəhşi hərəkətləri
ilə qadının ölümünü sürətləndirmişdi.
Lakin özünə general rütbəsi verilməsini əmr
etdikdən sonra, şəhərdə və kəndlərdə
arvadının ölümü münasibətilə iki il ərzində matəm saxlanması
qaydasını tətbiq etdi. Hamı baş geyimində onun əvvəldən
tətbiq etdiyi qırmızı lent ilə bərabər, qara
mahuddan olan geniş lent gəzdirməli idi.
Rosas və ona bənzər olanlar adamlara mənəviyyat
dərsi verməyə girişsəydilər, bu,
bütünlüklə könülün məhvinə
aparardı. Cəmiyyətdə dustaqxana kameralarının mənəvi
cəhətləri üstünlük təşkil edərdi,
ruhun yavaş-yavaş zəhərlənməsi baş verərdi.
Fakundo və Rosas barədəki xatirələrdə hər
şey bir-birinə qarışmışdır. Argentina
xalqının etnoqrafiyası özlüyündə maraq
obyekti olduğundan, bu xatirələrsiz keçinmək olmur.
Onlar cəmiyyətin mənəvi
dünyasına da öz mənfi təsirlərini göstərmişdilər.
İdarəetmə qisas, qəddarlıq üzərində
qurulduğundan, çox vaxt düzənlikdən keçən
çaylar kimi öz məhvərini dəyişib,
böyük insan qrupuna, bütün cəmiyyətə
ağır zərbələr vururdu. Burada
baş verən hadisələrin tərkib hissələri, əslində,
xeyir və şər arasındakı mübarizəni əks etdirirdi.
Onilliklər ərzində Argentina həyatı
qaydasızlıqla, insan haqlarının kütləvi qaydada
tapdanması ilə müşayiət olunmuş, xalq heç
də layiq olmadığı barbarlığın, vəhşiliyin,
qaniçiciliyin hakim kəsildiyi dövrü yaşamağa məcbur
olmuşdu.
Ayrı-ayrı
xalqların keçdiyi ağır təcrübələr də
ibrətamiz xarakter daşıyır, xəbərdar edir ki,
çex antifaşisti Yulius Fuçik demişkən, insanlar
ayıq olsunlar, çünki şər, zülm qüvvələri
bir müddət mürgüləsə də, dərin yuxuya
dalmır, əlverişli an gələn kimi fürsəti əldən
vermir və öz bədbəxtlik leysanını xalqın
üstünə tökür. Tarix isə öz
təkamülündə, irəliyə doğru hərəkətində
dayanmaq bilmir. Köhnə sosial və mədəni
formalar kənara atılır, yeni növlər meydana gəlir.
Zülm, istismar, dəhşətlər
dövrü də, bütünlüklə olmasa da, nisbətən
azad ruh, ləyaqətli həyat tərzi ilə əvəz
olunmaqla, keçmişi təkrarı arzulanmayan bir fenomen kimi
bütünlüklə inkar edir.
25 may
1810-cu ildə Rio-de-la-Platanın paytaxtı Buenos-Ayresdə
ispan hakimiyyətini ləğv edən inqilab baş verdi. Elə həmin il
bütün İspan Amerikasında Meksikadan Çiliyə qədər
vahid azadlıq müharibəsində birləşən
üsyanlar və inqilablar dalğası yayıldı.
1826-cı ildə Bernardino Rivadavia hökuməti yeni tip
iqtisadi və mədəni idarələr, milli bank yaratdı,
kilsə islahatı həyata keçirildi. Lakin mühafizəkar
qüvvələr bir il sonra, 1827-ci ildə
B. Rivadavianın istefasına nail oldular.
Məhz bu vaxt səhnəyə Kaudilyo Xuan Fakundo Kiroqa
çıxdı. O, patriarxal əyalətin tipik nümayəndəsi idi,
Argentina pampasının oğlu idi, çöl
qauçoları, muzdurlar arasından
çıxmışdı. O, üstündə “Din və ya
ölüm” sözləri yazılmış bayraq altında,
demək olar ki, bütün ölkədən keçib
getmişdi. Qubernator və ya prezident kreslosuna
iddiaçı olan digər kaudilyolarda qorxu yaratmaqla, hakimiyyətə
doğru irəliləyən maldar-mülkədar, Buenos-Ayres əyalətinin
kaudilyosu Xuan Manuel Rosasa yol açmışdı. Rosas öz müttəfiqlərinin köməyi ilə
1835-ci ildə Fakundonu öz yolunun üstündən
götürdü və ölkənin faktiki diktatoru oldu.
Argentina
milli ədəbiyyatının banilərindən biri olan
şair Estaban Eçeverrianın (1805-1851-ci illər)
başçılığı altında “1937-ci il nəsli”
adlı inqilabi ruhda olan gənc intellektlərdən,
yazıçı, şair və ictimai xadimlərdən təşkil
olunmuş qrup ölkənin burjua-demokratik əsasda yenidən
qurulması proqramı ilə çıxış etdi. Əslində, bu qrup Rosas rejiminə qarşı
mübarizə apardığından, onun tərəfindən
təqib obyektinə çevrildi. Öz həyat
fəlsəfələrinə görə onlar romantik olaraq
qalmışdılar. Rosas Ədəbiyyat
salonunu dağıtdıqdan sonra, Eçeverria 1838-ci ildə
“May assosiasiyası” adlı gizli inqilabi cəmiyyət
yaratdı. Bu təşkilat italyan
azadlıq hərəkatının görkəmli lideri
Cüzeppe Madzininin yaratdığı “Gənc İtaliya” cəmiyyətinə
bənzəyirdi. Bu gənclərdən
biri yazırdı ki, “Əgər biz öz
paxıllığımızı,
qısqanclığımızı, ambitsiyamızı,
tamahımızı və digər ictimai
ehtiraslarımızı kiməsə qarşı istiqamətləndirməsəydik,
iflic olan adamda sümüklər quruyub sıxılan kimi, bizim
kökümüzün bir hissəsi də quruyardı. Onları isə Allah eqoist hisslər kimi bizim ürəyimizə
qoymuşdur. Onlar digər küləklərlə
birlikdə həyat yelkənlərini doldurur ki, dənizlərdən
üzüb keçə bilsin, bu dənizlər isə cəmiyyət,
xalq, dövlət adlanır”.
Başqa bir qələm sahibi isə mətbuatın cəmiyyətdəki
roluna toxunaraq, öz məqaləsində yazmışdı
ki, “Müasir xalqlar üçün qəzet qədim
romalılardan ötəri Forum kimidir. Mətbuat tribuna və
minbəri əvəz etdi, yazılı söz şifahiyə
çevrilir, elə bil ki, moizədir. Natiq
bu gün minlərlə dinləyici qarşısında
çıxış edir, onun sözünü onlar çap
edilmiş şəkildə görürlər, çünki
onları ayıran məsafədən onu eşitmək şəraitində
deyillər”.
Rosasla Fakundonu müqayisə etməyi davam etdirsək,
pozğunluq yoluna düşməkdə ikinci birincidən
heç də geridə qalmırdı. Çünki
Fakundo baş yırtıcı idi, Rosas isə heyvani qəddarlığı
və terrorizm ruhunu qanuniləşdirdi, cahil kütlənin qəddar
instinktlərini bir sistemə və özünü
bütöv xalqın mövcudluq formulunun rəmzinə
çevirdi.
İstər Fakundo, istər Rosas Argentina tarixinə daxil
oldular, XIX əsrin birinci yarısına öz iyrənc əməllərinin
möhürünü vurdular. Ona görə də
onlar lazım gəldikcə xatırlanır, onların özlərini
reallaşdırdıqları dövr heç də xırda
epizod deyildi, xalqın əzablarla dolu olan geniş bir səhifəsi
idi. Görkəmli rus tarixçisi
V.O.Klyuçevski deyirdi ki, tarix müəllimə deyil, sinif nəzarətçisidir.
O, öyrənilməyən dərsə görə sadəcə
olaraq cəzalandırır.
Epiloq
Barbarlıq və sivilizasiya bir-biriylə mübarizə
apardıqda, bu dramatik prosesdə biri zəifləyəndə,
digəri daha böyük mövqelər əldə edir. XIX əsr
Argentinasının tarixi bunu əyani şəkildə
büruzə verir.
1810-cu
ilin may inqilabından sonra Buenos-Ayresdə müvəqqəti
hökumət yarandı. 1814-cü ildə ispan kralı
taxt-tacı bərpa edildikdən iki il
sonra, 1816-cı ildə Argentinanın əksər nümayəndələri
məclisə toplaşıb, “La-Plata Birləşmiş
Əyalətləri” adı altında müstəqil dövlətin
yarandığını bəyan etdilər. Bu
dövlətin ərazi bütövlüyü də problemlərə
məruz qalırdı, 1814-cü ildə Paraqvayı, 1825-ci
ildə Boliviyanı, 1828-ci ildə isə Uruqvayı
itirmişdi.
1826-cı
ildə artıq Argentina Federativ Respublikası adlanmaqla, burada
yaradılan prezident vəzifəsini ilk dəfə tutan
Bernardino Rivadavia Buenos-Ayres əyalətlərini birləşdirsə
də, bir il sonra istefaya getməli oldu. Rosas isə bu vaxt Buenos-Ayres lideri olan Manuel Darreqonun
sözçüsü idi. 1828-ci ildə
Uruqvaydakı müharibədən qayıdan qoşunlar Dorreqonu
devirdilər və general Xuan Lavalı onun yerinə qoydular.
Derreqo edam edildi. Lakin Laval və
onun unitari tərəfdarları olan məsləhətçiləri
öz aralarında razılığa gələ bilmədilər.
Nəticədə Laval Rosasın şərtləri
ilə razılaşmalı oldu. Rosas
Lavalın buraxdığı qanunvericiliyi yenidən topladı
və 1829-cu ilin dekabrında bu qanunvericilik Rosası yekdilliklə
qubernator seçdi. 1835-ci ildə isə
yenidən Buenos-Ayres əyalətinin qubernatoru seçilməklə,
ölkənin faktiki diktatoru oldu.
Rosas rejimi öz sələflərindən daha geniş dəstəyə
malik oldu, torpaq sahibləri və ixrac-idxal tacirləri yeni
qubernatoru müdafiə edirdilər. Belə geniş dəstəyə
görə o, daha təhlükəli idi. O, düşmənlərinə
qarşı çox sərt idi, yalnız 1840-cı il və 1842-ci il qırğınlarından
sonra ölkədə terror bir qədər
azalmışdı.
Fakundo kimi, Rosasın da sonu çatdı. Gələcək
prezident Urgunzanın müttəfiqləri Rosasın
qoşunlarını Uruqvayın paytaxtı Montovideonun
mühasirəsini tərk etməyə məcbur etdilər və
sonra onun başlıca ordusunu 1852-ci ildəki Monte Kaseros
döyüşündə məğlub etdilər.
Rosas Britaniyanın himayəsini axtardığından, o,
İngiltərəyə götürüldü. Xusto Urgunza isə 1854-cü
ildə ilk konstitusiya şərtləri ilə prezident olmaqla,
ölkəni 6 il ərzində idarə
etdi.
Argentinanın da təcrübəsi göstərir ki,
inqilablar atavist instinktləri oyadıb, hərəkətə
gətirir, qanlı mübarizələrdə insanlar
bütün vasitələrə, barbarlığa da əl
atırlar. Bu
ölkədə ispan ağalığı dövründə
milli ruh əsasən əsarətə
alınmışdı, lakin şərait imkan verən kimi,
onun kükrəməsi baş verdi.
Ancaq milli azadlıq uğrunda mübarizə həm də xalqın bir hissəsinin yatmış barbarlıq vərdişlərinin yenidən boy atmasına yol açdı. İnqilab sivilizasiyanın bir müddət geri çəkilməsinə, arxaizmin hakim mövqelərə çıxmasına şərait yaratdı. Bu dövrdə ölkədə Fakundo, Rosas və digərləri kimi monstrlar peyda oldu.
İnqilab, onsuz da, köhnə qanunları ləğv edib, yenilərini tətbiq etməyə başlayır. Argentinada XIX əsrin ortalarına qədər total qanunsuzluq hökm sürdü, ölkə tiraniyanın, despotizmin hökmranlığı altında inildəməyə başladı. Öz zülmlərindən xalqın fikrini yayındırmaq üçün hakimiyyətdəki bəd qauçolar başqa dövlətlərlə müharibə aparmaq yolunu tutdular, onlara fasilə verməmək kimi bədnam təcrübəni ortaya atdılar, lakin şər qəti qələbə çala bilmədi. Argentina həmin əsrin sonunda nisbətən sabitlik və ardıcıl inkişaf yoluna qədəm qoydu və yalnız 1976-cı ildəki dövlət çevrilişi və hərbi xuntanın hakimiyyətə gəlməsi ölkədə demokratiyanın əslində ləğv edilməsi, müxalifət qüvvələrinin təqibi və fiziki cəhətdən məhv edilməsi ilə nəticələndi. Milli Konqress buraxıldı, ölkədə siyasi partiyaların fəaliyyəti dayandırıldı. Hərbi xunta Hitler natsizminin iyrənc mirasından istifadə edirdi.
1982-ci ilin aprel-iyun aylarında Folklend adasına sahib olmağa çalışan hərbi xunta hökumətinin başçılıq etdiyi Argentina ilə 1833-cü ildən adanı idarə edən Böyük Britaniya arasında müharibə getdi. Hər iki tərəfdən min nəfərdən çox adam həlak oldu. Argentina məğlub oldu və general Qaltiyerinin vəzifədən getməsi ilə hərbi xunta diktaturasına son qoyuldu. Ölkədə demokratiya bərpa olundu.
İlkin tiranlarla və hərbi diktatura ilə bacaran Argentina xalqı demokratiya və azadlıq şəraitində böyük inkişafa nail olmağa qadirdir. Belə tarixə malik olan xalq bir daha səhvə yol verməməlidir.
SON
Mart 2018-ci il
525-ci qəzet 2018.- 18 avqust.- S.22.