Əjdər Olun
adamları
PƏRVİN
Yay aylarının üstün tərəflərindən
biri də mütaliə imkanı verməsidir. Bəzən
yeni kitabların qatı açılmamış səhifələrindən
əvvəllər heç tanımadığın müəllifin
cümlələrini oxuyub adamın kələyini kəsən
istiyə şükür edirsən. Şükür
edirsən ki, sözün hər mənasında bütün
havalardan (həm içimizdəki, həm də çöldəki)
qoruyan sənət var... Həm də bu sənət
- gerçək ədəbiyyat zaman keçdikcə, hər
yaşda ayrı cür qavranır, başqa tərəfdən
qəbul olunur.
Elə bu yayın da çağdaş reklamların dili
ilə desək, daha bir fürsəti Əjdər Ol
yaradıcılığına yenidən qayıtmaq,
kitablarını təkrar oxumaq imkanı verməsi oldu. Axı Əjdər
müəllimin özü ilə də, əsərləri ilə
də çoxdan tanışıq. Elə
Gənc Ədiblər Məktəbinə qoşulduğum ilk
günlərdən dostların onun barəsində dedikləri
xoş sözləri, gənclərə necə
qayğıkeş, mehriban münasibətinin olması
haqqında söhbətlərini unutmuram. “Pərvinin həmsöhbəti”
layihəm çərçivəsində müsahibəmdən
əvvəl və sonra isə mən Əjdər Olu daha
yaxından tanıya bildim... “Əvvəl və
sonra” deyirəm, ona görə ki, müsahibəyə
hazırlaşanda həmsöhbətimin həm nəsrini, həm
də poeziyasını diqqətlə oxuyub tanımağa
çalışdım. Müsahibə zamanı isə
bütün bu şeirlərin, hekayələrin
arxasındakı xarakteri, insanı, yazıçını
anlamaq üçün suallarıma cavab aldım... Son dərəcə
səmimi söhbətindən anladığım isə bu idi
ki, Əjdər Ol yazdıqlarından - hekayələrindən,
şeirlərindən o qədər də fərqlənmir... Fikir mübahisəli görünə, hətta sual
da doğura bilər, amma elə anındaca suala sualla cavab verərəm
ki, məgər əsərləri ilə əməlləri tərs
mütənasib olan qələm adamları azdır?! Bəli,
az deyil... Bu mənada Əjdər
müəllim təkcə əsərlərində
aşıladığı ideyaya, yəni özünə sədaqətdən
başqa, həm də yalnız reallığı yazması
ilə seçilir. Onun nəsrində də,
poeziyasında da qondarma təsvirlərə, əndirəbadi bənzətmələrə,
təşbeh, metafora bolluğuna rast gələ bilməzsən.
Sakit, rahat, birbaşa dediyi mətləblərin
dərinliyində ciddi mənalar gizlənir və müəllif
özü də bunun fərqindədir.
Qəlbimdən
başlanıb mənim yolum da,
Hər şeyi yaxşıya yozmuşam elə.
Bizim
taleyimiz oxşadığından
Mən öz taleyimdən yazmışam elə.
Nümunə gətirdiyim yuxarıdakı misralar Əjdər
Olun həyat və yaradıcılıq resepti kimi səslənir. Axı yol qəlbdən
başlamırsa, necə yazmaq olar?! Yazıçılara
ən çox ünvanlanan “özünü yazırsanmı?”
sualının da cavabı bu şeir bəndindədir. Heç şübhəsiz ki, yazıçı, həmçinin
də Əjdər Ol yalnız özünü yazmır və
bu haqda birmənalı nə isə demək yanlış olar.
Amma məsələ burasındadır ki,
Əjdər Ol realizmi bütün yazdıqlarının
arxasında, yaxud elə cümlələrin arasındaca
müəllifi görməyə, duymağa imkan verir.
“Yaşa”
şeirlər kitabının sonunda müəllif kiçik
bir ismarış ünvanlayır oxucularına və əslində,
həm də şair həmkarlarına: “Şeir bu gün də
az oxunur. Şeir kitablarının
alıcıları barmaqla sayıla bilər. Ona görə də şeiri sadə, aydın
danışıq dilində yazmağa üstünlük verirəm.
Məncə, şeirdə məna dərin,
duyğu şəffaf, obrazlar anlaşıqlı, qafiyələr
yumşaq, ritm yatımlı, dil şux, misralar diri və nəhayət,
fikir sağlam olmalıdır. Oxucunu, dinləyicini
qaçırtmaq olmaz”. Bəli, Əjdər
Ol sığallı-tumarlı cümlələrlə, “poetik
termin” bolluğu ilə oxucunu nə qazanmaq, nə
qaçırmaq arzusundadır. Elə bu
açarla istər nəsrini, istər topladığı
canlı lətifələri, əhvalatları, istərsə
də şeiriyyatını yenidən oxuyanda tamam ayrı mənzərə
ilə qarşılaşırsan.
Ədəbiyyatımızda balaca adamların, sadə
insanların vasitəsiylə böyük fəlsəfələrin
ifadəsi, yaxud belə qəhrəmanların dilindən ciddi
həyat həqiqətlərinin söylənilməsi yeni hadisə
deyil. Nizami Gəncəvinin Sultan Səncəri “susduran”
qarısı, yaxud kərpickəsən qocası, Mirzə Cəlilin
Usta Zeynalı, Novruzəlisi, Haqverdiyevin “maralları”, ya da
Sabirin cütçüsü, hamısı sənətkarların
oxucusunu düşündürmək, sadə adamların dedikləri
vasitəsiylə diksindirmək üçün
yaratdığı qəhrəmanlardır. Əjdər Olun da bir çox qəhrəmanlarını
bu siyahidən hesab etmək olar. İstər portret hekayələrində,
istərsə də nəsr əsərlərində oxucusu ilə
üz-üzə qoyduğu insanları sadə, amma həm də
bir az qəribə, bir az qeyri-adi adamların içərisindən
seçir: fantast yazıçı Namiq Abdullayev, şair
Əlisəmid Kür, mərhum yazıçı Rafiq
Tağı, yaxud pinəçi Qədir, universitet müəllimi
Qabil... Bu siyahını çox uzatmaq olar və
Əjdər Olun real qəhrəmanları ilə, yəni
portretlərini yaratdığı adamlarla bədii
obrazlarını ardıcıl sadalamağım təsadüfi
deyil. Məsələ burasındadır ki, Əjdər
Olun bədii qəhrəmanları
hamısı canlı adamlardı, canlı adamları isə bədii
əsər personajı kimi qeyri-adidir. Misal üçün
“Usta Yusifin kamançası”nı balaca
qızına almaq istəyən pinəçi Qədiri
küçədə, bayırda görmək sadədən
sadə bir məsələdir. Çünki Qədir
yazıçının uydurduğu, qondardığı bir adam deyil, yüzlərlə müşahidəsindən
zərrə-zərrə toplayıb, yazıb, can verdiyi biridir.
Yaxud istedadlı şair Əlisəmid
Kürün hollivud filmlərini xatırladan həyatı
adamı heyrətləndirir, bütün bunlar
doğrudanmı olub - deyə düşünürsən.
Amma yenə də təkrar edirəm ki, Əjdər
Ol oxucusunu heyrətləndirməkdən ötrü nə isə
quraşdırmayıb, olanı yazıb. Bax
elə əsas şərt də budur; həyatı qələmə
almaq, amma elə yazmaq ki, ədəbiyyat olsun. Hətta birbaşa həyatdan götürülən
və dillər əzbəri olan “Canlı lətifələr,
əhvalatlar, deyimlər” sadəcə eşitdiyi-oxuduğu əhvalatların
nəqli deyil. Yəni bunların da qələmə
alınmasında bir prinsip var. İlk növbədə əhvalatlarını
yazdığı adamların xarakter özəlliklərini
vurğulaması, həmçinin, oxucunu təsirləndirməyin
yolunu yaxşı bilməsi bu lətifələri dillər əzbəri
edib. Amma heç şübhəsiz ki, bunlar sadəcə
gülüb keçmək, yaxud dost məclislərinə
şuxluq qatmaq üçün danışılan məsələlər
deyil. Misal üçün, son dərəcə qəmli bir
musiqi alətini hamıdan gözəl və hamıdan qəmli
dilləndirən mərhum kamança ustası Habil
Əliyevin zarafatlarını çoxları bilir, amma Əjdər
Olun təqdimatında bu duzlu-məzəli söhbətlər
də, Habil Əliyevin özünün xasiyyəti də
ayrı cür görünür. Müəllifin
əsas niyyəti bu, hamının tanıdığı
adamları ayrı yöndən, başqa baxış
bucağından göstərməkdir. Sanki
oxucusunun əlindən tutub - gəl bu adama bir də mənim
dayandığım nöqtədən bax - deyir. Bu mənada qalmaqallı yazıları,
açıqlamaları ilə mühiti ardıcıl lərzəyə
gətirən və həyatını faciə ilə sona
yetirən yazıçı Rafiq Tağı haqqında hekayəsində
bir məqam xeyli maraqlıdır. Aşura günündə
Əjdər Olu Təzəpir məscidinə aparan Rafiq
Tağının ordakı halı o qədər
düşündürücüdür ki:
“Rafiq bəy bayaq durduğu yerdə “Şah Hüseyn, Vay
Hüseyn” deyənlərə dəm tutub
şıdırğı sinəzənlik edirdi. Mən yerimdə
quruyub onun nə qədər novruzəlicəsinə sinə
vurduğuna heyrətlə baxırdım”.
Ömrü boyu Qərbpərəstlik nümayiş
etdirib, müasirliyini bir növ imicə çevirən
adamın içindəki bu “sadəlövhlüyü”
ayrı necə göstərmək olardı ki? “Birqatlı”, “birmənalı”,
“rahat” adamlar sənətin obyekti ola bilməzlər
- deyirlər. Amma məgər həyatda belə adam
varmı? Axı ən “hamar” adamın də içində, dərinliklərində
mütləq bir kələ-kötürlük var, yaxud da əksinə...
“Yazıçı Namiq Abdullayevin axırı” hekayəsində
alkoqol xəstəsi, evsiz-eşiksiz yazıçının
birdən-birə səliqəylə geyinməsini və
hollivud aktyorlarından geri qalmayan xarizmasını, yaxud zahirən
tamam ayrı qatda yaşayan adamın əslində necə
duyğusal olmasını, sevdiyi xanımı
unutmamasını da buna görə təsvir edib müəllif;
yəni baxın, heç də hər şey
gördüyümüz kimi deyil, gördüklərimizin
arxasında ayrı mənalar, mətləblər var.
Və şübhəsiz ki, oxucunu bütün bunlara
inandırmaq üçün səmimiyyət lazımdır. Amma bu səmimiyyəti
də “yazmaq” sadə məsələ deyil.
Çünki bədii əsərdə səmimiyyətlə
bayağılığın sərhəddi çox zərifdir,
Əjdər Olun da bu sərhəddən xəbəri var. Ona
görə ən müxtəlif, orijinal priyomlarla səmimiyyəti
oynamağa çalışmır, açıq, sakit, rahat
şəkildə ifadə edir. “Ölümlə
zarafat” hekayəsində təyyarə qəzası təhlükəsi
ilə üz-üzə duranda təkcə qələm
dostlarının yox, özünün də necə
qorxduğunu açıq yazması buna bariz nümunədir.
Əjdər Olun qəhrəmanlarından danışanda
onun şablon formada desək, “lirik mən”i haqqında da bir
neçə kəlmə söyləmək yerinə
düşər. Bu lirik mən pafosdan, yüksək intonasiyalı
böyük sözlərdən azad bir adamdır...
Ağrılara,
əzablara darılma,
Öz
işindən bərk-bərk yapış, yorulma,
Çalış
ölmə, çalış itmə, vurulma,
Canım-gözüm,
ömür elə budur, bu!
Tale, qismət
deyirdin ha, odur bu!
Bəli, istər öz həyatına, taleyinə, qismətinə,
istərsə də haqqında yazdığı adamların,
qəhrəmanlarının yaşantılarına
“hay-küysüz” yanaşır müəllif. Hətta vətənpərvərlik
mövzusunda da eyni təmkinlə yazır:
Qalibiyyət
günümüz qarşıdadır,
mən
görürəm.
Sevgilimtək
qoluna girdim,
Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm,
Azərbaycanım!
Amma “hay-küy” tələb edən hissləri də istisna etmir:
Sevən ki eşq yolunda
Ölmürsə, neynirsən onu?!
Gedib o dünyanı görüb
gəlmirsə, neynirsən onu?!
Bütün bu sadaladığım və əslində,
bir yazıya sığışmayacaq faktlar, əsərlərindən
nümunələr Əjdər müəllimin həm bir
insan, həm də yazıçı kimi daha çox qoruyan,
hifz edən olduğunu göstərir. Bununla bağlı bir
epizodu heç unutmuram. Məclislərin birində Əjdər
müəllim latış yazıçısı Peters
Bruversdən danışanda onun qızı, gənc tərcüməçi
Zane Bruversi tanıdığımı söylədim. Peters
Bruverslə Əjdər Ol hələ Sovetlərdən dost
olublar. Bakıda və Riqada birgə gözəl günlər
keçiriblər. Zane isə indi atasının Azərbaycana,
Bakıya sevgisinin davamı kimi dilimizdən latışcaya tərcümələr
edir, ədəbiyyatımızla maraqlanır. Riqaya Proza
festivalına gedəndə tanış olmuşdum onunla, bir
hekayəmi də çevirmişdi. Zane və anası
haqqında Əjdər Ola danışanda reaksiyasına
yaxşı mənada təəccüblənmişdim: “Onlarla
əlaqən qalırsa, mütləq Bakıya dəvət et,
mən onları burda qonaq etmək istəyirəm...” -
demişdi. Peters çoxdan dünyasını dəyişib,
amma Əjdər müəllim dostunun xatirəsini əziz tutub
ailəsini qonaq çağırmaq istəyir. Və bunun
özü də Namiq Abdullayev, Əlisəmid Kür kimi
adamlar haqqında yazması qədər ciddi detaldır.
Yazıçını anlamaq üçün şübhəsiz...
Əjdər Olun özünü də, adamlarını anlamaq
isə bir az da ədəbiyyatşünaslığın
problemidi
525-ci qəzet 2018.- 18 avqust .- S.15.