Mən atamı necə sevdim...
Aynur BƏŞİRLİ
Nədənsə, hamıya elə gəlir ki, insanın
ata-anasına məhəbbəti sövq-təbii bir hissdir,
heç bir sual doğurmamalıdır. Gözünü
açdınmı, ata-ananı sevməlisən. Bu, yer
üzünün ən təbii, varlığına zərrəcə
şübhə kölgəsi düşə bilməyəcək
bir sevgisi olmalıdır...
...Mən
uşaqlığıma boylananda özümü, atamı və
anamı redaksiyaya gedən görürəm. Onun
işıqlı kabineti, rəngli jurnallar, bu jurnalları
yazmağım, hətta otağın döşəməsinə
salınmış boz kovrolit belə yadımdadır.
Bakıya gələndə gəzməyə getməyimizi,
pilləkanları düşdükcə onun:
“Ayağının altına bax,” - deməyini və mənim hər
dəfə bu sözləri eşidəndə
ayağımı qaldırıb ayaqqabılarımın
altına baxmağımı, Kukla teatrında “Ələddinin
sehrli çırağı”na tamaşa etməyimizi,
teatrın divarlarındakı rəsmləri belə
xatırlayıram. Amma bütün bunların
içində atama xüsusi bağlılığım
yadıma gəlmir. Mən uşaqlıqda atam
üçün o qədər də darıxmırdım...
...6
yaşım vardı. Həyətdə
oynayırdım. Birdən anam məndən
soruşdu ki, atan üçün darıxmısan? Yalnız bundan sonra fikirləşdim ki, deyəsən,
Ata çoxdandır ki, evdə yoxdur. Həmin günlər
o, Avropada səyahətdə idi...
Uşaq vaxtı, düzü, atamın evə tez gəlməyini
də xoşlamırdım. “Qaz-69”un səsini
eşidəndə güllə kimi evə qaçıb əlimə
kitab alırdım. İkinci sinifdə ata mənə
rusca imla yazdırdı, “solnuye” əvəzinə hər yerdə
“solnçe” yazdım. Çox hirsləndi... Bu hadisədən sonra Allaha yalvarırdım ki, o, evə
gec gəlsin. Allah səsimi eşitdi.
Ata ikinci katib seçildi...
Amma
bütün bunlar o demək deyildi ki, mən Atamı hiss
etmirdim. Əksinə, onun varlığından
necə lazımdırsa, bəhrələnirdim. Bizim münasibətlərimizi şərtləndirən
çox incə bir məqam da vardı. Mən
ailənin ortancıl övladıyam. Züleyxa
evin böyük, Pakizə isə kiçik qızı
olduğu üçün onlar daha çox nəzarət
altında olublar. Səməd evin yeganə
oğlu, sonbeşiyidir. Bu da ona olan
münasibəti qismən də olsa, şərtləndirib.
Mənə gəlib çıxana kimi həmişə
özümdən əvvəl və sonra kimsə olub... Bu, mənə daha çox azad olmaq imkanı verib.
Bu o Azadlıq idi ki, Atamla mənim münasibətlərimin
məhək daşı oldu. Və mən Atamı sonra
sevdim...
Ortancıl olmaq, hansısa mənada böyük
bacımın yolunu davam etdirmək idi. Züleyxa
musiqi məktəbinə gedirdi. Günlərin birində
sağ-solumda kim varsa, hamısının
piano çaldığını görüb həvəsə
düşdüm. Ata məni musiqi məktəbinə
yazdırdı. Birinci sinif pis keçmədi.
Amma bas açarının notlarını sona qədər
əzbərləmədiyim üçün ikinci sinif əsl
işgəncəyə çevrildi. Həmin
vaxtlar elə musiqi məktəbinin nəzdində rəsm dərnəyinə
yazılmışdım. Rəsm çəkməyi
çox sevirdim, plastilindən gözəl fiqurlar da düzəldirdim.
Rəsmdə irəliləsəm də, Şumanın “Cəsur
atlı”sını ikinci sətirdən o yana
keçə bilmirdim ki, bilmirdim. Nə isə,
günlərin birində qərara aldım ki, musiqi məktəbindən
çıxım. Qərarımı anama
və bacıma deyəndə ikisi də çaşdı.
Mənim çalmaq istəməməyim təzə
şey deyildi. Əcaba, bunu Ataya necə deyəcəkdim?
Cəsarətimi topladım. Ata evə gələndə
böyük otağa keçib çox qısa və qəti
şəkildə dedim: “Mən musiqi məktəbinə getmək
istəmirəm”. Ata məndən nə dediyimi
bir də soruşdu. Təkrarladım.
Bununla da musiqi məktəbinin qapıları
bağlandı və mənim üçün yeni bir səhifə
açıldı - ömrümdə ilk dəfə qəbul
etdiyim qərara Atam hörmətlə yanaşdı.
Sonra mən şahmat məktəbinə getdim...
Şahmatı Ata bizim hamımıza öyrətmək
istəsə də, bu oyunu ancaq Səmədlə mən
sevdik. Ata bizə
şahmat taxtasını bütövlüklə görməyi
öyrədirdi və tez-tez təkrarlayırdı:
“Taxtanın hamısını gör”... O, bizi “böyük taxta”
üçün hazırlayırdı. Başqaları
üçün ilk baxışda lazımsız görünən
şeylər belə nəzərdən qaçmırdı.
Məsələn, kart oynamaq. Babam
anamın bizə kart aldığını görəndə əməlli-başlı
əsəbiləşmişdi: “Yavaş-yavaş,
pendir-lavaş”, - demişdi. Atamsa əksini fikirləşirdi.
Düzü, ömrümdə bircə dəfə də olsun,
kart gərəyim olmadı... Ata bizə üzməyi
də öyrədirdi. İlk çimərlik
paltarlarımızı Şuşada almışdıq, elə
orada pansionatın hovuzunda ilk dərsləri keçirdik.
Düzdür, həmin yay cəhdlərimiz
uğurla nəticələnmədi. Üzməyi
gec öyrənsək də, hamımız uşaqlıqdan
yaxşı velosiped sürməyi bacarmışıq. Velosipedləri bizə Ana alırdı. Mənimsə hətta roliklərim də vardı.
Bu, 80-ci illərin əvvəlləri
üçün əsl hadisə idi. Bakıda xalam
uşaqları belə rolik sürməyəndə mən
dostum Sveta ilə Lenin küçəsini roliklərlə
yağır edirdik...
Velosiped,
rolik, musiqi, rəsm, şahmat... Deyəsən,
bizə heç nədə yox demirdilər. Bir məsələdən başqa. Ata geyim məsələsində çox sərt idi,
tez-tez Lenin sadəliyindən danışırdı. Atanın geyimə fərqli münasibəti mənim
uşaqlıqdan tikişə olan həvəsimi
artırdı. 89-cu ildə biz Bakıya
köçəndə Ata məni “Bilik” maarifçilik cəmiyyətindəki
üçaylıq sürətli dərzilik kurslarına elə
özü yazdırdı. Burada dərziliyin
ölçü-qayçısını elə öyrəndim
ki, daha dərziyə ehtiyacım olmadı - nə tələbəlikdə,
nə də jurnalist işlədiyim günlərdə.
Xarici səfərlərdən əvvəl bircə gün
kifayət idi ki, özümə yeni kostyum tikim... Fikirləşirəm ki, nə yaxşı ki, Ata
geyim məsələsində bu qədər ciddi idi - hətta
qıyımsız görünəcək dərəcədə
ciddi. Amma yaddaşım bunun qətiyyən belə
olmadığını deyir...
Mənim bir hobbim vardı - evə qayıdanda
yolüstü “Kitab evi”nə dəymək. İkimərtəbəli,
içində pianosu olan, notlar və rəssamlıq ləvazimatı
satılan “Kitab evi” cənnət misalı
bir yer idi. Vaxtaşırı buradan ürəyim
istədiyi kimi bazarlıq edirdim. Heç kim
məndən kitaba verdiyim pulların haqq-hesabını
soruşmazdı. 10-cu sinifdə isə istədiyim
bütün jurnallara abunə yazıldım. Abunə kataloqunu qarşıma qoyub gözümə
nə xoş dəymişdisə, hamısını işarələmişdim.
Abunə pulu Atanın bir aylıq
maaşından çox idi. Bu yerdə abunə
yazılışına niyə limit
qoyulmadığını da qeyd etməliyəm...
Dördüncü sinifdə oxuyurdum. Müəllim
qış haqqında inşa yazmağı
tapşırmışdı. Yazdım.
Anam inşanı necə bəyəndisə Ata
işdən gələndə birinci verdiyi xəbər elə
inşa oldu. Həmin gündən
yazdıqlarım artıq onlar üçün maraqlı idi.
Düzü, Ata mənim dilimi o qədər də
bəyənmirdi, Ana isə həmişə deyirdi ki,
yazdıqca cilalanacaq. Anam, Dilarə Vəkilova,
yazılarımı özü cilalayar, bundan sonra onları
üzə çıxarardı. Hər dəfə gözəl
bir yazı yazılanda Ana təntənəli surətdə
deyirdi: “Get, indi Atan səni öpəcək”. Atanın
öpüşünü qazanmaq asan deyildi...
Atanın min bir işi olsa da, bizim üçün həmişə
vaxt tapıb.
Bir dəfə isə Ana dedi ki, Əlövsət ondan istədiyin
heç nəyi heç vaxt unutmur, əvvəl-axır edir. Mən əvvəllər buna fikir verməmişdim,
amma Ananın sözləri elə bil məni ayıltdı.
Yadıma düşdü ki, Ata evə patefon
alanda mən ondan patefon istədiyimi artıq unutmuşdum, o isə
yox. Bu, təkcə bizə münasibətdə
olmayıb. Ata əgər bir bizə edibsə, beş də ətrafdakılara edib...
Mən hərdən Atadakı keyfiyyətlərin ona kimdən
keçdiyi barədə düşünürəm. O, öz atasını demək
olar ki, görməyib, amma onun qara kağızının gəldiyi
günü yaxşı xatırladığını bilirəm.
Onu anası və nənəsi, bir sözlə,
qadınlar böyüdüb. Amma Kişi
kimi böyüdə biliblər. Ata
uşaqlıqdan anasına evi saxlamaqda kömək edib. Universiteti qurtaran gündən isə nənəm
daha işləməyib və həmin vaxtdan etibarən o,
özünün şərəfli adını qazanıb - “Bəşirovun
anası”. Onu Cəlilabadda belə daha
çox tanıyırdılar. Nənənin
öz dost-tanışı vardı, şübhəsiz ki, Ata
onlara da əl tuturdu. Onlardan biri qonşumuz
Gülbacı xala idi. Bu bapbalaca, qıvraq
qadın həmişə uzun çit yubka, üstündən
də elə çit köynək geyinərdi, çit
yaylığının altından qoşa hörüklərinin
nazik ucları siçan quyruğu kimi çıxardı.
O, oğlunun yetim qalmış balalarını tum satmaqla
böyüdürdü. Günlərin birində nənəmlə
onlara gedəndə ömründə birinci dəfə
mebelsiz, yerinə ancaq döşəkçələr
atılmış ev gördüm.
Gülbacı xala mənimlə o ki var “İynə, iynə
ucu düymə” oynadı... Gülbacı
xalanı bir də 90-cı ildə gördüm, Bakıda.
O, bizə gəlmişdi. 89-cu ilin dekabrında
bir günün içində Cəlilabadı tərk etdik.
Bir müddət rayondan bizi arayıb-axtaran
olmadı. Bakıdakı evimizə rayondan
ilk gələn Gülbacı xala oldu. İndiyə
kimi onun bizi necə tapdığını bilmirəm. Amma gedəndə qapının ağzında dediyi
sözləri indi də xatırlayıram. O, əli ilə
başını göstərib dedi ki, Allah nəyi də alsa,
bunu əlinizdən almayıb ki...
Ata məktəbə 9 yaşında getsə də,
məktəbi qızıl medalla bitirib. Ata-anamızın məktəbi
medalla qurtarmaqları bizim üçün həmişə
qürur mənbəyi olub. Əvvəllər mənə elə
gəlirdi ki, bu, çox təbii haldır. Sonralar
anladım ki, Anamın müəllim ailəsində məktəbi
medalla bitirməsi nə qədər təbii idisə, evin tək
övladı olan, atasız böyüyən Atanın məktəbi
qızıl medalla bitirməsi bir o qədər də gözlənilməz
idi. İndi anlayıram
ki, Ata self-made (özü- özünü yaradan)
insandır. Məktəb rejimini quranda da,
qızıl medal üçün inşanı yazarkən
direktorla dör-dör döyüşüb öz
haqqını tələb edəndə də. Bu xasiyyət Atanı heç zaman tərk etmədi.
Hətta partiya işində də. Bir də görürdün ki, birinci katiblə yenə
sözü düşüb, yenə də öz
sözünü deyib. Hər partiya konfransı ailəmiz
üçün stress olurdu. Bilirdik ki, Ata katib
seçilə də bilər, seçilməyə də.
Bilirdik ki, o, adamsızdır, amma Allahsız deyil.
Şükür, Allah nəzərini heç
zaman ondan və ailəmizdən əsirgəməyib. O,
Cəlilabadın tarixində ən çox seçilən
ikinci katib olub. Necə işlədiyini cəlilabadlılar
daha yaxşı bilirlər. Bu yaxınlarda
səhər Ata adəti üzrə köşkdən “Ədalət”
qəzetini alıb evə qayıdanda ağlına da gəlməzdi
ki, elə bu qəzetdə onu sürpriz gözləyir. “Sağlığında qiymət verin insanlara”
adlı yazı onun 80 illiyinə həsr olunmuşdu. O, əvvəlcə
müəllifi -
Ələddin İbrahimovu xatırlaya bilməsə
də, sonra Cəlilabadda Siyasi Maarif Evinin müdiri işləmiş
gənc yadına düşdü. Məncə,
elə bu yazının özü haçansa edilmiş təmannasız
yaxşılığın gözlənilmədən bir
gün qəzet səhifəsində yubiley təbriki kimi
qayıtması onun zəhmətinə verilən ən
böyük qiymətdir.
Ana Ata üçün həmişə deyir ki,
Əlövsət qarayaxa adamdır, bir şeyi sona qədər
edir. Amma mən deyərdim ki, Ata qarayaxa yox, qibtə ediləcək
dərəcədə yüksək intizamlı, daim öz
üzərində çalışan adamdır. Onun
yerinə kim olsa idi, başı partiya
işinə elə qarışardı ki, dünyadan və ədəbiyyatdan
xəbərsiz yaşayardı. Ata isə
işarası vaxt tapanda böyük otaqda kresloda oturub
roman-qazeta oxuyurdu. Onun yerinə kim
olsa idi, həyatın ən çətin məqamlarında
depressiyaya düşərdi. Ata isə əlinə
qələm alıb ürəyini kağıza boşalda
bildi. Ata həyatını mənalı edə
bilən adamdır. 2009-cu ildə o, təqaüdə
göndərildi. 10 il yaxın vaxt
ötsə də, heç birimiz onun
darıxdığını duymamışıq. Əksinə,
bu illər Ataya özünü mənən borclu
saydığı insanlara mənəvi borcunu qaytarmaq
üçün bir vəsilə oldu...
Bu illər həm də bizim hamımıza Ata ilə
ünsiyyətdə olmağa daha çox imkan yaratdı. Və mən onda anladım
ki, biz bir-birimizə çox oxşayırıq...
Keçən ilin yayında həyətdə oturmuşduq. Ata mənə uzun illər öncə başına gələnləri danışırdı. O danışdıqca, mən özümün atdığım addımlara onun danışdığı xatirələrdə, başına gələn əhvalatlarda cavablar tapırdım. Mənə elə gəlirdi ki, özüm-özümlə söhbət edirəm. Qarşımda çox doğma, hər hərəkətini anladığım bir insan əyləşmişdi. Anlayırdım ki, onun mənə olan dözümünün, hərəkətlərimə verdiyi qiymətin və dəstəyinin kökündə bizim bir-birimizə olan çox böyük oxşarlığımız durur. Və mən onu da anlayırdım ki, bu oxşarlıq mənimlə bitməyəcək... Mənim ona olan sevgim kimi...
525-ci qəzet 2018.- 18 avqust.- S.16.