Elm və sənətin qələbələr yolunda

 

“BULUDLU, QARTALLI, ZİRVƏLİ KÖNÜL” SAHİBİ MƏHƏRRƏM QASIMLININ 60 YAŞINA

 

Sadıq ELCANLI

 

O, ozanlı-aşıqlı, sazlı-sözlü doğma dünyanın adamı, nağıllı-dastanlı, söz-sənət sevdalı ulu bir yolun yolçusudu.

 

Dağlarında-düzlərində Dədə Qorqud dastanları yaşayan, yollarında Xudafərin körpüləri həsrət heykəlinə dönən, səmalarında Dərbənd, Ərk, Şuşa qalaları əbədiyyət nəğməsi oxuyan, Tovuzun bir yaz çəmənində bənövşəsi sevdalanan qayım-qədim və tər-təzə bir dünyanın yollarında addımlayır Məhərrəm Qasımlı - Orxan Paşa. Bir əli folklorşünaslığın çiynində, bir əli poeziyanın qəlbində - elmlə sənətin bütövlük vəhdətində özünəməxsus uğurlara imza atır, sanballı əsərləri, çoxsaylı kitabları ilə xalqımıza, dövlətimizə layiqli töhfələr verir. Bunlar 60 yaşlı əməkdar elm xadiminin, yüksək istedad və intellekt sahibinin, bütün taleyi ilə vətənçiliyə, Azərbaycançılığa bağlı olan fədakar ziyalının, alimin və şairin elm və sənət töhfələridir.

 

Onu ötən əsrin 70-ci illərindən, tələbəlik, gənclik vaxtından tanıyıram; 40 il əvvəl necə sadə, xeyirxah, xəlqani, səmimi, etibarlı, bütöv, mərdanə idisə, bu gün də elədir; təbiətindəki, mənəvi dünyasındakı saza-sözə bağlılıq, dəyişməzlik, sabitqədəmlik, işıq bolluğu heyrət doğurur. 80-ci illərin ortalarında, möhtəşəm xalq hərəkatı başlayanda bütün bu mənəvi keyfiyyətlər coşqun, mübariz vətənpərvərlik haləsinə büründü; söhbətlərində vətən ruhu qəfləti ildırım kimi çaxır, duyğularımızın yuxulu yaddaş sərdəbələrini oyadır, işıqlandırırdı. “Hər dəfə Xəzər qalxanda Türkün yüksəlişi başlayır!” inamını da o vaxt onun söhbətlərində eşitmişdim.  Və bu yaxınlarda mənə verdiyi “Yağmur qoxusu” adlı kitabını oxuyanda “Xəzər qalxır” şeiri köhnə, unudulmaz dost kimi qəfildən qarşıma çıxdı; o şeirlə illərin həsrətlisi kimi əl tutub görüşdüm, elə bil ruhum cənnət şəlaləsində yuyundu:

 

Qalxır qara qaplan kimi Xəzərim...

Başına tufanlar bürüyüb qalxır.

Sal qayalar - lal qayalar üstünə

Bir dəli nərəylə yüyürüb qalxır.

 

Belə qərar qoyub Tanrım əzəldən,

Xəzər yüksəlirsə Türkün yazıdı;

Bu qalxış, oyanış indi təzədən

Oğuz ruhlarının qabarmasıdı.

 

Artıb dalğasının səsində kəsər -

Dikəlir dənizim ötən gücüylə.

Yenilməz ərən tək hayqırır Xəzər

Atilla gücüylə, Mete gücüylə.

 

Fırtına içində çalxanır dünya,

Meydana ərənlər ruhu cəmlənir.

Qalxıb yatağından coşduqca dərya -

Bizim damarımız təlatümlənir.

 

Yağıya qənimdir nərəsi Türkün,

Qənimdi boz atı, al çadırları.

Tufanlı Xəzərdən şığıyar bir gün

Oğuz dünyasının bahadırları.

 

Bu şeir 1987-ci ildə, xalq hərəkatının kükrəyib qabaran çağlarında yazılıb. Məhərrəm Qasımlı həm elmi, həm bədii əsərlərində xalqın arzu və ümidlərinə səs verir, Azərbaycanın haqq işini fəal vətəndaşlıq mövqeyindən müdafiə edir, öz alim və şair sözünü deyirdi. Məhz bu vətənsevər mövqeyinə görə sadə, ötəri mövzulardan imtina etmiş, Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat institutunun əyani aspiranturasında oxuyarkən dahi qılınc və qələm qəhrəmanı, 235 illik Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə üz tutmuş, 1987-ci ildə “Şah İsmayıl Xətainin poeziyası” adlı dissertasiya işini uğurla müdafiə etmişdir. O, yüksək səviyyəli bu elmi əsəriylə Azərbaycan ruhunun qılınc və qələm zirvələrini bir daha yada salır, tarix boyu qüdrətli imperiyalar yaradan xalqımızın yeni yüksəlişinə gözaydınlığı verir, ümumxalq təfəkkürünün yuxulu yaddaş meydanlarında azadlıq pöhrələrinin baş qaldırmasını mübarək bir sevgiylə salamlayırdı.

 

Onun elmi fəaliyyəti əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlı olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini uğurla bitirən Məhərrəm Qasımlı bir müddət sonra Nizami adına Ədəbiyyat institutunun əyani aspiranturasına qəbul olunub, burada namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib; 1992-2017-ci illərdə həmin institutun elmi işlər üzrə direktor müavini olub, eyni zamanda, 1996-2003-cü illərdə “Xaricdə Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsini də yerinə yetirib. “Məhərrəm Qasımlı. Ömür yolu və biblioqrafiya” kitabında oxuyuruq: “2003-cü ildən “Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsinə rəhbərlik edir. 1992-2003-cü illər arasında Ədəbiyyat institutunda Elmi Şuranın sədr müavini, 1993-cü ildən 2003-cü ilə qədər, daha sonra isə 2007-2016-cı illər arasında institutun Elmi Seminarının rəhbəri olmuşdur. 1998-ci ildən indiyə kimi institutun nəzdindəki Dissertasiya Şurasının üzvüdür.

 

Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlının genişmiqyaslı elmi-ədəbi fəaliyyətində publisistika da mühüm yer tutur. O, təxminən, 40 illik uzun bir müddətdə Azərbaycan Radiosu və Televiziyası ilə sıx əməkdaşlıq edib. Azərbaycan Radiosunda efirə gedən “Bulaq” verilişləri, Azərbaycan Televiziyasında aparıcısı və müəllifi olduğu “Bizim ellər yerindəmi”, “Qala”, “Musiqi xəzinəsi”, “Saz-söz axşamı” və başqa verilişlər Məhərrəm Qasımlının sanballı, özünəməxsus teleradio publisistikasından xəbər verir.

 

Elm və sənət Məhərrəm Qasımlı yaradıcılığının Qoşa qanadıdır. 1973-cü ildə Tovuzun “Həqiqət” qəzetində çap olunan, İmadəddin Nəsimiyə həsr edilən “Dedi” adlı şeiriylə ədəbiyyata gələn Məhərrəm Qasımlı illər ötdükcə həm yüksək intellektual səviyyəli ciddi alim, həm istedadı haqdan gələn görkəmli şair kimi məşhurlaşıb; hər iki sahədə sanballı uğurlar qazanıb, Azərbaycanın elmi və ədəbi xəzinəsini zənginləşdirən dəyərli əsərlər yaradıb, çoxsaylı kitablar çap etdirib. Alim Məhərrəm Qasımlı və şair Orxan Paşanın eyni şəxsiyyətdə birləşən bütövlük vəhdəti müasir elmi-ədəbi dünyamızın ən unikal faktlarından biridir.

 

Onun şeirləri həsrətkeş Xudafərin körpülərinə qəm qardaşlığı edir, ruhu intizar girdabında çırpınan Dəmirqapı Dərbənd qalasının dərdini soruşur, kədəriylə körüklənir, “Göyçə dedim yaralarım göynədi” yanğısıyla sabahın qalib Göyçə səfərinə hazırlaşır, soyuq bir qış günündə ailəsinin donmaması üçün əlyazmalarını sobada yandıran Mirzə Cəlilin əzabkeş qəlbinə sığınır, dağdan ağır əzablarına çiyin verir:

 

Nə fərqi var

bahardı, ya payızdı,

 istidi, ya ayazdı -

qışdı sənin sobanda

 il boyu;

 

qış ıdı

çıxıb gedən

alov boyu,

yatıb qalan kül boyu.

 

...Üstündən keçə-keçə

baharların, yazların,

  gör neçə ildi

  qışdı” deyib

 haray çəkir

yanan əlyazmaların.

 

Qışdı, deyir,

otuz birinci ilin

qışıdır, Mirzə.

 

Bu necə sobadı,

bunun yanmağı

üşüdür adamı,

üşüdür, Mirzə?!

 

Xalqı yolunda sonsuz fədakarlıqla yanan dahinin ailəsinin donmaması üçün əlacsız yandırdığı əlyazmalar alovlandıqca həssas oxucunun qəlbində Vətən qışqırığı qaynayır, qiyam qaldıraraq dünyanı yandırıb yaxır. Dahi DƏRDKEŞİN - Mirzə Cəlil Məmmədquluzadənin Azərbaycan naminə apardığı fenomenal mücadilənin zirvə məqamına güzgü tutan bu şeir poeziyamızın son dövr uğurlarından biri sayıla bilər; bu əsərdə milli mübarizənin, mücadilənin çağırış ritorikası, qan-qışqırıq tribunçuluğu yox, qorxunc lal sükuta qərq olan tragik dərdin özü söz deyir və dərdin göynətdiyi o lal qışqırığı, o susqun sözü bütün dünya eşidir. Və soba yandıqca ruhumuz üşüyür...

 

Məhərrəm Qasımlı - Orxan Paşanın şeirləri dediyi ağırtaxta, sanballı SÖZÜYLƏ, mənəvi-psixoloji dərinliyi, intellektual ucalığı ilə, kökə, qaynaqlara bağlılığı, doğma Azərbaycan bulağının gözündən su içməsiylə, poetik formalizmdən uzaqlığı, ruhun sirli ahənglərinə, harmonik yaşantılarına az qala üst-üstə düşən yaxınlığı ilə, bayağı söz kosmetikasından tamam üz döndərməsi və SÖZÜN sevgisinə könül açması, onun əlahəzrət hüzurunda sədaqətlə diz çökməsi ilə çağdaş milli poeziyamızda seçilən ədəbi hadisədir. Bu məqamda 2014-cü ildə qələmə alınmış, ədəbi inam və ümidlərin tragik sonluğu, ironik məğlubiyyəti olan, bəşəri bədii-estetik təfəkkürdə metastaz verən bir cərəyana ünvanlanmış “Postmodern sərxoşluq” şeiri də əl çəkmir ki, məni də yada sal. Bu, müasir ədəbi izmlər cəngəlliyində Orxan Paşanın sənətkar mövqeyi, özünəməxsus ideya-bədii, estetik-fəlsəfi platformasıdır, çağdaş ədəbi prosesdə özünü göstərən bəzi yad meyillərə, tendensiyalara səmimi və realist münasibətidir:

 

Başı üstə duran ağaclar,

biri-birindən seçilməyən

yarpaqlar, quşlar.

Əlləri üstündə gəzən adamlar,

gözləri dodaqlarından

baxan qadınlar,

uça-uça gedən kəpənək addımlar,

hamısı bir-birindən ayrı,

hamısı bir-birinə qovuşuq,

dünya dopdoluykan

hər yan boşluq,

boşluq...

Dəymə, dəymə,

dünyanın düzəninə -

lənət sənə,

postmodern sərxoşluq!

 

Məhərrəm Qasımlı “postmodern sərxoşluğu” lənətlədiyi bu şeirdən, təxminən, 40 il əvvəl yazırdı:

 

Ayaqlar

bir-birini izlədi,

ikinci gecikdi,

birinci gözlədi -

addım oldular.

 

Cəmi beş misralıq, on bir sözlük bu balaca şeir nə modern, nə postmodern, nə simvolist, nə avanqard... idi; bu, həyatın ən adi detalında qəfildən zühur edən qeyri-adilik, poetik kəşf idi; bu, tələbə M.Qasımlının böyük yola çıxan ilk poetik addımları və 40 ildən sonra da şeir şəfəqləri sayrışan, ədəbi haləsi heyrət doğuran bədii duyğu, SÖZ QƏLƏBƏSİYDİ...

 

lll

 

Doğma Vətənə, millətə, dövlətə qəlbən, ruhən bağlılıq, Azərbaycanın dünəninə, bu gününə, bütöv sabahına, xilaskar Azərbaycançılıq ideologiyasına fədai sədaqəti, bütün türk dünyası ilə daim üz-üzə, göz-gözə yaşamaq, qol-boyun olmaq Məhərrəm Qasımlı - Orxan Paşa yaradıcılığının əsas portret cizgilərindəndir. Buna görədir ki, onun şeirləri Oğuz-Türk-Azərbaycan ruhunun ulu yaddaş yollarına, yovşanlı yamaclarına qəlbin qanıyla yazılan tale nəğmələri kimi oxunur, elmi-nəzəri mətnlərindən möhtəşəm Azərbaycan varlığının səsi gəlir. Məhərrəm Qasımlının ana südü kimi doğma, ümummilli ruhumuzun yaddaş yaralarına məlhəm olan fədai qüdrətli, qalib həqiqətli mətn möcüzələrindən bircə abzasa fikir verin: “XVI əsr elə ilk ilindəncə Azərbaycan tarixində parlaq bir səhifə kimi açılır: 1501-ci ildə bütün sonrakı dövrlər üçün örnəyə çevrilən möhtəşəm Azərbaycan-Səfəvi dövləti qurulur. Bu dövlətin qurucusu təzəcə yaşın on beşinə qədəm qoymuş dəliqanlı bir türk bahadırı idi - Şah İsmayıl Xətai! On altıncı yüzilliyin tarixi salnamələrindən birində Şah İsmayılın Təbrizi fəth edərək hakimiyyəti öz əlin alması barədə poetik bir bənzətmə var: “O, Təbrizə girdi, elə bil ruh bədənə daxil oldu”. Bu bənzətmədəki milli romantika indinin özündə də vətənçi duyğunu, dövlətçi düşüncəni dimdik ayaqüstə saxlamağa qadirdir. Şah İsmayılın Təbrizə girməsinin ruhun bədənə daxil olmasına bənzədilməsi onun Azərbaycan tarixi içindəki yerinin son dərəcə dəqiq ifadəsidir. O, öz keşməkeşli, yorulmaz mübarizəsi və dövlət idarəçiliyi ilə təkcə Təbrizə deyil, bütövlükdə Azərbaycana böyük bir ruh gətirdi. Bu, milli kimlik, vətənçilik, dövlətçilik ruhu idi. Xətainin “Ruh” kimi gəlişi, daha doğrusu, zühuru milli-tarixi zərurətdən doğmuşdu: o, orta çağ Azərbaycan-türkmən mühitindəki “olum, ya ölüm” məqamına bir öndər-ideoloq (Ruh) kimi daxil olaraq etnosun milli kimlik, milli özünü təsdiq mücadiləsini təşkil etməyi və istiqamətləndirməyi bacardı. Zamanın girdabı içində vurnuxan türkman elləri-əfşar, bayat, şamlı, padar, kolanı, bayandur, qacar boy-tayfaları Səfəvi-qızılbaş bayrağı altına cəmləşərək Azərbaycan gerçəkliyini ortaya çıxartdı. Şah İsmayılın gətirdiyi böyük Ruh etnosun sonrakı tarixi mövcudluğunun dil-ədəbiyyat, fəlsəfi-dini dünyabaxışı, etnopsixologiya göstəricilərini və bütün bunların yekunu olaraq etnocoğrafi hüdudlarını müəyyənləşdirdi. Beləliklə də, Azərbaycan türklüyü (türkmanlıq-bugünkü anlamda azərbaycançılıq) özünəməxsus etnik-mədəni sistem kimi milli differensasiya halına gəldi...”

 

Bu, Azərbaycanın qədim və qüdrətli tarixi həqiqətlərini olduğu kimi gündəmə gətirən, bütün yalanları, antiazərbaycan mövqeli yad imperiya maraqları ilə yaradılan aşağılayıcı kiçiklik sindromunu vurub dağıdan, xalqın dövlətçilik duyğusunun, qan-gen yaddaşının, dəniz kimi özünü təmizləyən etnopsixologiyasının bütöv coğrafiyasını, milli-mənəvi mənzərəsini göstərən, təqdim və təsdiq edən, fundamental elmi təfəkkür və saf bədii təxəyyülün qeyri-adi sintezindən yaranan düşündürücü, yaradıcı və yaşadıcı mətndir. Bu, oxucunu doğma tarix yollarında daim oyaq, daim ayaq üstə saxlayan, müzəffər yürüşə səsləyən, bütün ruhuyla, etnogenetik varlığıyla səfərbər edən böyük alim-şair sözüdür, öz səsi, öz sifəti, öz elmi-ədəbi üslubu olan, ədəbiyyatşünaslığımızın, xüsusilə, folklorşünaslığımızın bütöv mənzərəsində görünən, seçilən Məhərrəm Qasımlı mətnidir.

 

2008-2016-cı illərdə Azərbaycan Aşıqlar Birliyinin birinci katibi olan Məhərrəm Qasımlı 2016-cı ildən həmin təşkilatın sədri kimi səmərəli fəaliyyət göstərir. O, 2014-cü ildən nəşr edilən “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurnalının təsisçisi və baş redaktoru, Türkiyədə çap olunan “Milli folklor” və “Atatürk” beynəlxalq elmi jurnallarının Azərbaycan təmsilçisi, UNESKO-nun qeyri-maddi-mədəni irs üzrə “Aşıq sənəti” layihəsinin elmi məsləhətçisi, “Ozan” elm və sənət toplusunun baş redaktorudur.

 

Məhərrəm Qasımlının 60 illiyi münasibəti ilə çap olunan “Ömür yolu və biblioqrafiya” kitabında alimin beynəlxalq miqyaslı elmi fəaliyyəti də işıqlandırılır: “ABŞ, Rusiya, Türkiyə, Fransa, İran, Gürcüstan, İraq və bir çox başqa ölkələrdə tədqiqatları nəşr edilən, beynəlxalq elmi konfranslarda məruzə və çıxışları böyük maraqla dinlənilən tanınmış araşdırmaçının aşıq sənəti sahəsindəki sistemli elmi-təşkilatı fəaliyyəti barədə 2006-cı ildə Türkiyənin Atatürk Universitetində dissertasiya işi müdafiə olunmuşdur.

 

Çoxsaylı kitab, monoqrafiya və məqalələrin müəllifi olan professor Məhərrəm Qasımlının rəhbərliyi altında otuzdan çox fəlsəfə doktoru yetişmişdir. O, 2004-cü ildən nəşrə başlanan yeddi cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin Baş redaksiyası Şurasının üzvü, birinci cildin isə məsul elmi redaktoru və əsas müəlliflərindən biridir. Naxçıvan, Dərbənd, Gəncəbasar ərazilərindən, eləcə də Cənubi Azərbaycan, Qazaxıstan və Gürcüstanda yaşayan soydaşlarımızdan folklor materiallarının toplanması və antoloji nəşrlərinin hazırlanmasında da onun mühüm xidmətləri vardır. Təkcə 2018-ci ildə nəşr olunan üç cildlik “Azərbaycan aşıq ədəbiyyatı” antologiyası bunun əyani örnəyidir”.

 

Tovuzun Alagöl kəndində, Paşa kişinin ailəsində dünyaya gələn Məhərrəm Qasımlı elmin və sənətin böyük, əzablı yollarında səbrlə, cəsarətlə, mərdanə bir eşqlə addımlayır, yeni söz deyən elmi və ədəbi əsərləriylə zirvələrdən zirvələrə ucalır. Bu, həqiqi alim, şair, ziyalı, vətəndaş ömrünün halal tale qisməti, bir misrasında dediyi kimi, “Buludlu, qartallı, zirvəli könül”ün qələbələr yoludur.

 

525-ci qəzet  2018.- 18 avqust.- S.18-19.