Aləm Kəngərlinin “Naməlum adam” adlı yeni kitabı çap olundu
Bugünlərdə şair Aləm Kəngərlinin “Naməlum adam”
yeni kitabı işıq üzü görüb.
Kitabda müəllifin
bir povesti və on yeddi hekayə cəmlənib. Kitabın adı
povestin adından götürülüb. Kitabın ön
söz müəllifi
Xalq şairi Sabir Rüstəmxanlı,
redaktoru filologiya üzrə fəlsəfə
doktoru Adilə Nəzər, korrektoru jurnalist Hicran Hüseynovadır. Kitab “Qanun”
nəşriyyatında çap
olunub.
Qeyd edək
ki, Aləm Kəngərli imzası ədəbiyyatsevərlərə yaxşı tanışdır. İndiyəcən müxtəlif şeir və mənalı hekayələri ilə oxucuların diqqətini çəkən Aləm Kəngərli 80-ci illər
ədəbi nəslinin
tanınmış nümayəndələrindəndir.
O, 1957-ci ildə Naxçıvan
Muxtar Respublikasının
Kəngərli rayonunun
Qarabağlar kəndində
anadan olub. Y.Məmmədəliyev adına Naxçıvan
Dövlət Universitetinin
fizika-riyaziyyat fakültəsini
bitirib.
A.Kəngərli bədii yaradıcılığa orta məktəb illərindən
başlayıb. “Şərur qönçələri”
ədəbi birliyinin üzvü olub. Hekayə, şeir və publisistik yazıları “İşıqlı
yol”, “Sovet Naxçıvanı”, “Şərq
qapısı”, “Azərbaycan
gəncləri”, “Ədəbiyyat
qəzeti”, “525-ci qəzet”,
“Kaspi”, “Ədalət”
qəzetlərində və
“Azərbaycan”, “Ulduz”,
“Yada düşdü”,
“Yurd” jurnallarında və müxtəlif saytlarda çap olunub.
A.Kəngərli Azərbaycan Jurnalistlər
Birliyinin üzvü,
“Məmməd Araz” mükafatı laureatıdır.
SEVİNC
525-ci qəzet 2018.- 18 avqust.- S.19.