Ziyad Səmədzadə:
"Xəzər sülh, təhlükəzizlik dənizi
olacaq
Müsahibimiz Milli Məclisin (MM)
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri, akademik Ziyad Səmədzadədir.
- Ziyad müəllim, bildiyiniz kimi, bu
günlərdə tarixi hadisə baş verdi,
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı
dövlətlərin dövlət başçılarının
V Zirvə toplantısında Xəzər dənizinin hüquqi
statusuna dair Konvensiya imzalandı. İllərdir
ki, bu məsələdə heç cür razılığa
gəlmək mümkün olmurdu, bəzi dövlətlər əsaslı-əsassız
iddialar irəli sürürüdü, ancaq sonda nəhayət,
razılığa gəlmək mümkün oldu və məlum
Konvensiya ortaya qoyuldu. Bu hadisəni və
onun gələcək perspektivlərini necə dəyərləndirirsiniz?
-
Doğrudan da, bu, çox böyük tarixi siyasi və iqtisadi
hadisədir. 5 nüfuzlu dövlət
başçısının bu məsələdə
razılığa və bir aya gəlməsi, Konvensiyanı
imzalaması nəinki Xəzəryanı dövlətlərin,
bütövlükdə regionun və dünyanın xeyrinə,
onun təhlükəsizliyinə və əmin-amanlığına
doğru atılan nəcib bir addım, töhfədir. Çünki bu gün dünyada çox ciddi hadisələr,
siyasi, iqtisadi, hərbi, diplomatik qarşıdurmalar, kataklizmlər
yaşanır. Bir problem başa çatmamış, digər
və daha ciddi, təhlükəli problem, proses yaşanır.
Bəzən olub-bitənləri belə ətraflı
düşünməyə, anlamağa, təhlil etməyə
imkan, fürsət olmur. Odur ki, dünyanın belə bir
qarşıq dönəmində beş
nüfuzlu dövlətin və onların liderlərinin belə
bir addım atması, dünyaya xoşməramlı mesaj verməsi
çox önəmli və çox təqdirəlayiqdir. Bildiyiniz kimi, sənədin imzalanmasından sonra da
dövlət başçıları bəyanatlarla
çıxış etdilər və bir daha region, dünya
üçün önəmli mesajlar səsləndirdilər.
Azərbaycan prezidenti cənab İlham Əliyev
də bəyanatında sənədin önəminə diqqət
çəkərək vurğuladı ki, Xəzər dənizinin
hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli
sənəddir. O, bəyan etdi ki, Azərbaycan bu sənədin
hazırlanmasının bütün mərhələlərində
konstruktiv işləyib və digər Xəzəryanı
ölkələr kimi bu sənədin imzalanmasına öz
töhfəsini verib. Onun qeyd etdiyinə görə,
Konvensiya imzalanana qədər də qurulan ikitərəfli və
çoxtərəfli münasibətlər Xəzərin təhlükəsizlik,
sabitlik dənizinə çevrilməsinə nail olunmasına
gətirib çıxarıb və Xəzərdə
sabitliyin, təhlükəsizliyin qarantı olub. "Xəzəryanı ölkələr arasında
yüksək səviyyədə əməkdaşlıq,
etimad və qarşılıqlı fəaliyyət
mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin
başlıca qarantıdır" - deyərək, o, fikirlərini
tamamladı.
Həmçinin,
İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov,
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzərin hüquqi
statusuna dair Konvensiyanın imzalanmasının əhəmiyyətinə
toxunaraq onun ölkələr arasında gələcək əməkdaşlığa
daha mühüm töhfələr verəcəyini bildirdilər.Yəni
bunlar onu deməyə imkan verir ki, bu Konvensiya 5 Xəzəryanı
dövlətin təhlükəsizliyinə, sabitliyinə,
inkişafına, birgə əməkdaşlığına
töhfə olmaqla yanaşı, dünyanın
qarşılıqlı şəkildə bir-birini
anlamasına, dünyanın təhlükəsizliyinə də
töhfə olacaq. Maraqlı bir məqam kimi, onu
da nəzərə çatdırım ki, Xəzər
Konvensiyanın imzalanması avqustun 12-ə təsadüf edən
Beynəlxalq Xəzər Günü ilə üst-üstə
düşüb. Bunun özü də elə
bilirəm ki, xoş bir təsadüfdür və
anlamlıdır.
- Dövlət
başçısının da qeyd etdiyi kimi, Azərbaycan məlum
Knvensiyanın hazırlanmasının bütün mərhələlərində
konstruktiv rol oynayıb və digər Xəzəryanı
ölkələr kimi bu sənədin imzalanmasına öz
töhfəsini verib. Odur ki, bir iqtisadçı, Xəzərlə
bağlı məsələlərdə iştirakı
olmuş bir şəxs kimi, Azərbaycanın bu prosesdə
rolunu necə qiymətləndirərdiniz?
- Azərbaycan
bu prosesdə daim müsbət və konstruktiv rol oynayıb. Hər zaman Xəzərin sülh, təhlükəsizlik,
əməkdaşlıq, tərəfdaşlıq dənizinə
çevrilməsi üçün əməli addımlar
atıb, prosesə öz töhfəsini verməyə
çalışıb. İstər ulu öndər Heydər
Əliyevin prezidentliyi dönəmində, istərsə də
onun siyasətinin layiqli davamçısı cənab İlham
Əliyevin son 15 illik hakimiyyəti dövründə Xəzəryanı
dövlətlərlə ən üst, ən yüksək səviyyələrdə
münasibətlərin qurulması, əməkdaşlığa,
tərəfdaşlığa üçün gərəkən
bütün addımlar atılıb. Eyni zamanda, bu prosesin, bu fəaliyyətin
tərkib hissəsi olaraq, Xəzərin hüquqi statusunun
müəyyənləşdirilməsi üçün nələr
lazımdırsa edilib, yəni Azərbaycan heç zaman bu məsələdə
qeyri-konstruktivlik nümayiş etdirməyib, hansısa dövlətin
maraqlarına toxuna biləcək addımlara,
davranışlara yol verməyib, daim səmimi mövqe sərgiləyib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan
prezidenti İlham Əliyevlə təkbətək
görüşündə də ölkəmizin bu məsələdə
necə böyük rola malik olduğunu söylədi və
"bugünkü görüş və nəhayət, bu
Konvensiyanın imzalanması çox mühüm hadisədir.
Xatırlayıram ki, Heydər Əliyev bunun
üzərində çox güclü işləyib. Mən düşünürəm ki, indi o, bizim nəhayət,
bu Konvensiyanı imzalamağımıza, bu çox
mühüm məsələni həll etdiyimizə görə
çox şad olardı" - deyə, bəyan etdi. Bunlar yuxarıda deyilənlərin bir daha əyani
sübutu və təsdiqidir.
Bu yerdə
29 iyul 1998-ci il tarixində Heydər
Əliyevlə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi
məsələlərində Azərbaycanla məsləhtləşmələrdə
Rusiya xarici işlər nazirinin birinci müavini Boris Pastuxovun
başçılıq etdiyi nümayəndə heyəti
arasında gedən müzakirəni xarırlatmaq istərdim. Çünki bu, çox tarixi bir görüş,
müzakirə idi. Heydər Əliyev
görüş zamanı qeyd etdi ki, hər belə
görüşün Rusiya-Azərbaycan münasibətlərində
öz yeri və əhəmiyyəti var və bu cür hər
bir hadisə bizə ikitərəfli münasibətləri və
digər problemləri müzakirə etməyə və irəliləməyə
imkan verir. "Zənnimcə,
razılaşarsınız ki, ümumi məqsədimiz - həm
Rusiya rəhbərliyinin, həm də Azərbaycan rəhbərliyinin
ümumi məqsədi münasibətlərimizin möhkəmlənməsinə
və inkişaf etməsinə, əməkdaşlığımızın
genişlənməsinə ardıcıl surətdə nail
olmaqdır. Biz bunu öz tərəfimizdən
edirik. Bu, Rusiya Federasiyası tərəfindən də
edilir və sizin buraya gəlməyiniz buna sübutdur" - deyən
mərhum dövlət başçısı həmçinin
qeyd etdi ki, biz keçmişdə çox vaxt itirmişik,
lakin bununla yanaşı, sevinmək olar ki, biz artıq indi
doğru yoldayıq və Rusiya bu baxımdan təşəbbüsü
özündə saxlayır. "Bu, bizdə rəğbət
oyadır. Məsələn, şəxsən mən bunu
dəstəkləyirəm, çünki qısa müddətdə
böyük iş görülmüşdür" -deyə,
sözlərinə əlavə etdi. Boris Pastuxov
öz növbəsinə qeyd etdi ki, Xəzər dənizinin
hüquqi statusu haqqında konvensiyanı bütün Xəzəryanı
dövlətlərin imzalaması mərhələsinə
çıxmaqdan ötrü ümumi razılığa gəlməyi
arzulayırlar. O, belə güman etdiyini bildirdi ki, bu
böyük, bütün Xəzəryanı dövlətlər
üçün prinsipial əhəmiyyətə malik məsələdə
ümumi razılığa nə qədər tez gəlsək,
bundan hamımız qazanarıq: "Heydər Əliyev, bir
sözlə, indi biz elə bir vəziyyətdəyik ki, Xəzəryanı
beş dövlətin hamısı dənizin dibi məsələsində
razılığa gəlmişdir. Əgər suyun
qalınlığı məsələsində də irəliləsək,
onda biz hamını qane edən razılaşmalara kifayət qədər
tez bir zamanda nail ola bilərik. Cürət
edib deyə bilərəm ki, ümumiyyətlə, indi daha da
irəliləməyin açarı Sizdədir..." Buna
cavabında isə Heydər Əliyev bildirdi ki, bu məsələdə
irəliləyirik və bunun özü müsbət
haldır. "Başlıcası budur ki,
düzgün xətt götürmüşük,
düzgün istiqamətdə gedirik. Hesab
edirəm ki, siz xarici işlər naziri və baş nazir ilə
görüşərkən qarşılıqlı
anlaşmaya nail olmadığınız məsələlər
barəsində indi biz daha konkret surətdə fikir mübadiləsi
apara bilərik" - deyə, Heydər Əliyev müzakirələrə
nöqtəsini qoydu. Yəni indi çox
sevindirici və əlamətdar haldır ki, ölkəmizin də
yaxından iştirakı və töhfəsi ilə bu proses,
yəni 1992-ci ildən Xəzərin hüquqi statusu barədə
konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli
və çoxtərəfli görüşləri öz məntiqi
yekununa yaxınlaşıb, fərqli yanaşmalar bir kənara
qoyulub və nəticədə məlum Konvensiya imzalanıb.
Xatırladım ki, Azərbaycan tərəfi uzun illər ərzində
Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində
ədalətli bölgüsünü və
"qazan-qazan" prinsipini təklif etsə də, müəyyən
süni maneələr, əngəllər yekun statusla
bağlı razılaşma əldə edilməsinə imkan
verməyib. Sənəd üzərində iş 1996-cı ildən
aparılıb. 2003-cü il mayın 14-də
Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin
dibinin orta xətt üzrə milli sektorlara bölünməsi,
su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli
saziş imzalanıb və tərəflər, Xəzərin
dibinin bölünməsinə dair yekun razılığa imza
atıb.
Həmçinin, 2010-cu ildə Xəzəryanı
ölkələrin dövlət
başçılarının Bakıda keçirilmiş III
Zirvə toplantısı ölkələrimiz arasında
sıx əməkdaşlığın möhkəmləndirilməsi
işinə mühüm töhfəsini verib. Həmin Zirvə
toplantısında regionda təhlükəsizliyin və
sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət
daşıyan "Xəzər dənizində təhlükəsizlik
sahəsində əməkdaşlıq haqqında
Saziş" imzalanıb. Orada ilk dəfə
konseptual olaraq suverenlik və balıqçılıq
zonaları yüksək səviyyədə
razılaşdırılıb. Sammitdə,
həmçinin, Xəzəryanı dövlətlərin Xəzər
dənizində əməkdaşlığının əsas
prinsipləri müəyyənləşdirilib. Bu prinsiplər isə dövlətlərin suverenliyi,
müstəqilliyi və ərazi bütövlüyünə
hörməti, Xəzərin sülh, mehriban qonşuluq və
dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər
imzalanmış "Xəzər dənizinin hüquqi statusu
haqqında Konvensiya"da da öz əksini tapıb.
Ümumiyyətlə, Konvensiya layihəsi yekun olaraq Xəzəryanı
ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr
2017-ci il tarixində Moskvada keçirilən
müşavirəsində razılaşdırılıb. Eyni
zamanda, 2018-ci ilin il martın sonunda İran prezidenti Həsən
Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər
dənizində müvafiq blokların birgə işlənilməsi
haqqında Anlaşma Memorandumu
bugünkü konvensiyanın
razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət
daşıyan sənəd olub. Odur ki, bu Konvensiyanın
imzalanmasında digər Xəzəryanı dövlətlərin,
onların rəhbərlərinin yüksək rolunu qeyd etməklə
bərabər, eyni zamanda, bu prosesin bu cür məntiqi sonucla
yekunlaşmasında Azərbaycanın, o cümlədən,
ölkə prezidenti cənab İlham Əliyevin böyük
rolunu, qətiyyətini, iradəsini də vurğulamaq gərəkdir.
Bəlkə də Azərbaycan bu prosesdə fəal və
aktiv, eyni zamanda, səmimi və konstruktiv rol almasaydı, bu
proses hələ bundan sonra da uzun illər davam edər, uzanar,
yekun nəticə əldə olunmazdı. Məhz
Azərbaycanın və ölkə prezidentinin bu prosesə
töhfəsi məlum Konvensiyanın imzalanmasına gətirib
çıxardı. Azərbaycan bununla bir
daha dünyaya nümayiş etdirdi ki, o, bütün səmimi,
konstruktiv əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinə,
münasibətlərinə açıqdır, şəffafdır,
onunla zor, təhdid, dilində danışmaq işə
yaramır və yaramayacaq. Çünki
artıq Azərbaycan 90-cı illərinin əvvəllərinin
zəif, gücsüz Azərbaycanı deyil, Azərbaycan
dünyada sözü və nüfuzu olan güclü, çəkili
bir dövlətdir.
- Rusiya prezidenti Vladimir Putin isə
öz bəyanatında bildirdi ki, yaxın gələcəkdə Xəzər İqtisadi Forumu
yaranacaq...
- Bu, hələlik bir ideyadır və onun baş tutub-tutmayacağı gələcək proseslərdən asılı olacaq. Ancaq hesab edirəm ki, bu, xoşməramlı bir ideyadır və burada da qorxulu, təhlükəli, Xəzəryanı dövlətlərin iqtisadi, siyasi təhlükəsizliyinə toxunacaq bir məqam yoxdur. Bəzən hansısa bir ideya səsləndirilərkən, düşünüb-düşünmədən bəziləri çox səbatsız şəkildə onu başqa yerə yozmağa cəhd edirlər ki, bu da nəticə etibarı ilə proseslərə mənfi təsir göstərir. Yadınıza gəlirsə, MDB ilə bağlı məsələdə də əsassız hay-küylər, ajiotajlar yaradılmışdı, guya ki, bu qurum başqa çətir, ad altında keçmiş SSRİ-nin bərpasıdır və sairə... Amma ötən 27 il bunun heç də belə olmadığını göstərdi. Kimlərinsə hansısa niyyətləri, məqsədləri ola bilər, bu, istisna deyil, amma əsas nəticədir. Nəticə də ondan ibarətdir ki, digər MDB ölkələri kimi, Azərbaycan da ötən 27 il ərzində müstəqil dövlətçilik və müstəqil inkişaf yolundadır, dünyanın hətta lider dövlətləri sırasında öncül mövqelərdədir. Odur ki, hər hansı bir ideyaya, hər hansı bir məsələyə, əməkdaşlıq təklifinə tələm-tələsik, qeyri-praqmatik münasibət bildirmək olmaz. Hər şeyi zamana və axarına buraxmaq lazımdır. Ancaq vacib olan odur ki, regionumuzda, bütövlükdə dünyamızda təhlükəsizlik, sabitlik olmalıdır və hər bir dövlət də bu prosesə əməli töhfə verməlidir. Azərbaycan da müstəqil dövlət kimi hər zaman dünyanın təhlükəsizliyinə və sabitliyinə əməli addımları töhfələrini verib və verməkdədir. Bu siyasət bundan sonra da davam etdiriləcək, heç bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməyəcək. Bu, mümkünsüzdür.
Kamil
HƏMZƏOĞLU
525-ci qəzet 2018.- 17 avqust.- S.4.