“Yaxşı ki var
gül balalar...”
“3 ALMA”NIN YENİ LAYİHƏSİ:
“GÖYƏRÇİNİM, GƏL GÖRÜM”
ŞEİRLİ, ŞƏKİLLİ “ƏLİFBA”
KİTABI HAQQINDA QEYDLƏR
Şahanə MÜŞFİQ
Uşaqlar üçün nəzərdə tutulmuş
hər şeyi sevirəm, xüsusən də kitabları. Fikrimcə, hər
bir uşaq ta kiçik yaşlarından kitaba öyrəşdirilməlidir.
Hələ hərf tanımasalar da,
yaşlarına uyğun çeşidli şəkilli jurnal və
kitablarla onlarda kitaba maraq və həvəs oyatmaq olar.
Hərfləri
tanıdıqdan, sərbəst oxuya bildikdən sonra isə
nağıl kitabları balacaların ən yaxşı dostu ola bilər. Təbii ki, bu işdə
valideynlər çox diqqətli və özləri də həvəsli
olmalıdırlar ki, bu həvəsi övladlarına da
aşılaya bilsinlər. Hər bir
uşağın məktəb dövrünün ilk illərindən
başlayaraq şəxsi kitabxanası yaradılmalıdır
ki, orada öz yaşına, maraqlarına uyğun kitablar
toplansın.
Etiraf etməliyik ki, ölkəmizdə yaxın illərə
qədər uşaq ədəbiyyatı sahəsində ciddi
problemlər var idi. Nəşriyyatlar belə kitablara maraq
göstərmir, yazıçılar isə nəşriyyatın
maraq göstərmədiyi bu sahəyə çox da enerji sərf
etmək istəmirdilər. Buna görə
də uzun müddət bu sahədə böhran dövrü
yaşandı.
Son illər kitab çapı və satışı
işi ilə bahəm, uşaq ədəbiyyatı sahəsində
də canlanma yarandı. Bir-birinin ardınca yaranan yeni nəşriyyatlar
bu sahəyə xüsusi diqqət göstərməyə
başladılar. Onlara nümunə olaraq, TEAS Press Nəşriyyatının
adını çəkə bilərik.
“3 alma” TEAS Press Nəşriyyat evinə məxsus əmtəə
nişanıdır. Nəşriyyatda “3 alma” əmtəə
nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və
gənclər, eləcə də müəllim və valideynlər
üçün bədii və elmi-kütləvi kitablar nəşr
olunur. Əsas məqsəd uşaqları əyləndirmək,
maarifləndirmək, ana dilində onları mütaliəyə
həvəsləndirməyə istiqamətlənmiş keyfiyyətli
kitablar nəşr etməkdir. Nəşriyyat
bu məqsədini reallaşdırmaq üçün öz
işini əsasən iki istiqamətdə qurub. Birincisi, dünyanın ən yaxşı uşaq
kitablarını - həm klassik, həm də yeni kitabları
Azərbaycan dilinə çevirib nəşr etmək. İkinci, Azərbaycanda və xaricdə yaşayan azərbaycanlı
yazıçı və illüstratorları cəlb etməklə
uşaqlar üçün beynəlxalq standartlara cavab verən
bədii və elmi-kütləvi ədəbiyyat nümunələri
hazırlamaqdır.
“Üç
alma”nın kitabları daha çox 18
yaşına qədər uşaqlar və yeniyetmələr
üçün nəzərdə tutulub. Bununla
yanaşı, müəllimlər və valideynlər
üçün də kitablar var. Bunlar bədii və elmi
kitablara bölünür. Lap kiçik
yaşlı uşaqlar üçün oyuncaq kitablar da
hazırlanır. Uşaqlar bu kitabları
oxuya-oxuya həm də əylənə bilirlər.
Burada elmi kitablar layihəsi çərçivəsində
isə kurikulum proqramına uyğun kitablar nəşr edilir. Bu zaman məktəblərdə
keçirilən mövzuların daha geniş şəkildə
əks olunduğu kitablara üstünlük verilir.
“3 alma”nın ən son nəşrlərindən biri
isə tanınmış şair Ramiz Rövşənin
uşaqlar üçün yazdığı şeirli, şəkilli
“Əlifba” kitabıdır. “Göyərçinim,
gəl görüm” adlı olduqca sadə və bir o qədər
də nəfis tərtibatda hazırlanmış kitab hələ
ilk dəfə hərfləri öyrənməyə başlayan
və hərfləri tam öyrənib bitirmiş uşaqlar
üçün çox maraqlı və gərəklidir.
Müəllif öz kitabını belə təqdim edir: “Bu
kitab mənim bir baba kimi həm öz nəvələrimə,
həm də bütün balalarımıza hədiyyəmdir”.
Kitabda diqqət çəkən əsas xüsusiyyətlərdən
biri artıq izahatların olmaması, hərflərə
uyğun kiçik bəndlərdən əlavə heç
bir mətnə rast gəlinməməsidir. Bu da təbii
ki, uşaq kitabları üçün çox önəmli
amildir. Çünki uşaqlar
böyüklər qədər səbrli olmazlar. Hələ əlifbanı ilk dəfə öyrənməyə
başlayırsa, onun üçün mətnin o qədər
də bir fərqi yoxdur. Ona əyləncəli
şeirlər və onları bəzəyən şəkillər
kifayət edəcəkdir. Yəqin buna
görədir ki, üz qapağı da daxil olmaqla kitab bol
şəkildən ibarətdir. Hər
şəkil isə Ramiz Rövşənin hərflərə
uyğun yazdığı bəndlərlə bilavasitə səsləşir.
Sanki şair situasiyanı sözlə,
illüstrator Ruhulla Həsənzadə isə şəkillərlə
çəkib göstərir.
Əlifba kitabı olduğundan şeirlər də əlifba
ardıcıllığı ilə sadalanır. “A” hərfi
ilə “ana” xatırlanır:
“Ana dedim,
“can” dedi,
Mən də
“anacan” dedim.
Bu iki misraya uyğun olaraq, ana və qucağında
körpəsi təsvir olunub.
Hər
zaman uşaqlar üçün mətnlər yazmağın
daha çətin, daha məsuliyyətli iş olduğunu
düşünmüşəm. Çünki
bu mətnləri yazmaq müəllifdən yüksək
intellektuallıq, uşaq dünyasına bələdlik,
onların dilində danışmaq və onları çox
gözəl anlamaq bacarığı tələb edir. Uşaq ədəbiyyatı, azyaşlılar
üçün mətnlər Ramiz Rövşən
yaradıcılığına heç də yad deyil.
Uçdu
mən quran qalalar...
Yaxşı
ki var gül balalar,
Dedilər:
“Ovcunda nə var,
Gələk açaq yumruğunu?!
- deyən şair hər zaman ayrı-ayrı mətnlərində
uşaqların təmiz, saf dünyasına,
qayğısız həyatlarına olan sevgisini ifadə edib. Yəqin bunun nəticəsidir ki, “Bulud niyə
ağlayır?” və “Tıq-tıq xanım” cizgi filmlərində
də R.Rövşənin şeirlərindən istifadə
olunub. Çünki onun şeirləri fəlsəfi-didaktik,
əxlaqi məzmundadır. Bu şeirlərdən
həm böyüklər, həm də balacalar özləri
üçün əxlaqi dərs çıxara bilərlər.
Elə haqqında söz açdığımız
“Əlifba” kitabındakı şeirlər də bu mənada
xarakterik hesab oluna bilər. Bu şeirlər həm
də balaca oxucular üçün bir növ tərbiyəvi əhəmiyyət
də daşıyır. Müəllif bəzən
böyük uşaqlara özlərindən yaşca
balacaları qorumağı, onları himayə etməyi, bəzən
isə dəcəllik etməməyi məsləhət
görür. Şair bu şeirlərdə
bəzən azyaşlı oxucuları əyləndirmək üçün
kiçik suallar da verir. Bu cür
kiçik və əyləncəli priyomlar uşaqlarda adekvat
düşünmək qabiliyyətini və
hazırcavablılığı artırmaq, həmçinin,
bilgiləndirmək məqsədi daşıyır.
R.Rövşən yazdığı bu bir neçə
misralıq şeirlərdə təkcə müraciət
olunanı deyil, eləcə də müraciət edəni də
uşaqlardan seçir. Yəni şeirlərin çoxunda biz
körpə fidanların səsini eşidirik.
Bu kitab uşaqları məlumatlandırmaq
üçün də çox əhəmiyyətli vəsaitdir. Kitabda şair
və illüstratorun birgə hazırladığı işlər
uşaqlara həm heyvanları, həm meyvə və tərəvəzləri,
həm də önəmli təbiət hadisələrini
tanıdır.
Yeri gəlmişkən,
kitab adını “G” hərfindəki şeirin ilk misrasından
alıb:
Göyərçinim,
gəl görüm,
Gəl, gəl, sənə dən verim.
Axtar,
özün də dən gəz,
Amma
pişikdən gen gəz.
“Loqos”
Psixoloji və Nitq İnkişaf Mərkəzinin Xaçmaz
filialının icraçı direktoru, psixoloq Ayşə Məmmədova
Ramiz Rövşənin “Göyərçinim, gəl
görüm” adlı şeirli, şəkilli əlifba
kitabı ilə tanış olduqdan sonra illərdir
uşaqlarla işləyən, onların psixologiyasını dərindən
bilən bir mütəxəssis kimi kitabın
azyaşlıların dünyasına, psixologiyasına müsbət
təsirləri haqqında fikirlərini bizimlə
bölüşdü: “Uşaqlar konkret cismləri,
faktları, şəkilləri, özlərinin bilavasitə
qavradıqları hadisələri daha yaxşı yadda
saxlayırlar. Ona görə kitablardakı
uzun-uzadı izahatları yadda saxlamaqda çətinlik çəkən
kiçik yaşlı uşaqlar kitablarda şəkillər
olan materialları daha asanlıqla yadda saxlaya bilirlər.
Bu, həmin dövrdə uşaqlarda obrazlı hafizənin hələ üstünlük
təşkil etməsi ilə əlaqəlidir. Kitabların
emosional boyalılığı, xüsusən kitabdakı
şəkillərdə göstərilən qəhrəmanlara
oyanmış maraq uşaqların yadda saxlamalarını və
kitaba olan marağın artmasını daha da məhsuldar edir.
Bildiyimiz kimi, kiçik yaşlı
uşaqları ilk növbədə qazanacağı bilikdən
çox kitabda olan rəngarənglik cəlb edir. Qeyd edim ki, kitabda göstərilən əyləncəli,
məzəli yanıltmaclar, şeirlər uşaqların
emosiyalarının inkişafına müsbət təsir
göstərəcək və uşaqlar bundan zövq alacaqlar.
Bu baxımdan Ramiz Rövşənin “Göyərçinim,
gəl görüm” adlı şeirli, şəkilli əlifba
kitabı olduqca təqdirəlayiqdir. Bu
kitabı oxuyan azyaşlılar obrazları yamsılamağa və
onlara bənzəməyə cəhd göstərəcəklər.
Və bu da şeirləri, hərfləri daha tez
mənimsəməyə təsir göstərəcəkdir.
Uşaqlar şəkilli kitablara baxanda qeyri-ixtiyari olaraq məlumatları
mənimsəyirlər. Kitabdakı obrazları öz təxəyyüllərində
asanlıqla canlandıra bilirlər.
Sözügedən əlifba kitabında “Ğ”, “Ü”,
“V” və digər hərflərin öyrədilməsi ilə
bağlı göstərilən şəkil və şeirlər
diqqətimi daha çox çəkdi. Uşaqların
şeiri mənimsəməsində nümunələrin
göstərilməsi təqdirəlayiqdir. Şeirlərin sadə, fərqli və əyləncəli
olması uşaqların tələblərinə çox
uyğundur. Səhifələrin hər
birində ayrı-ayrı hərflərə yer verilməsi və
hərflərin şeirlərlə ahəngi, həmin hərfin
şeirlərdə dəfələrlə vurğulanmasına
və uşaq tərəfindən asanlıqla
qavranılıb, yaddaqalan olmağına kömək edəcək”.
“Mələklər
tədris və inkişaf mərkəzi” nin
məktəbəqədər və ibtidai təhsil müəllimi
Faiqzadə Gülənbər isə uşaqların ilkin təhsili
üçün bu tipli kitabların faydalarından söz
açdı, balacaların elmə, kitaba marağın
artırılmasında bu cür əyləncəli
kitabların önəmli rol oynadığını
vurğuladı: “Ramiz Rövşənin “Göyərçinim,
gəl görüm” şeirli şəkilli əlifba kitabı
ilə ilk dəfə tanış olanda uşaq kimi əvvəl
rənglər diqqətimi cəlb elədi. Bu
heç kimə sirr deyil ki, uşaqlar üçün vizual
görüntü çox önəmlidir. Dövrümüzdə məktəbəqədər
və eləcə də ilkin məktəb dövrü
üçün Azərbaycan dilində yetəri qədər
vəsait olmasına baxmayaraq, kitabdakı şeirlərin rahat
oxunması və əzbərlənməsi baxımından
kitab digər vəsaitlərdən çox fərqlənir.
Bundan əlavə, əlifbadakı hər hərfə
uyğun şəkillərin təsviri kitabı daha da
maraqlı edir.
Bu yaş dövrü üçün
hazırlanan vəsaitlərdə öyrədicilik, metodik
yanaşma çox önəmlidir. Daha
aydın desək, uşaq bu şeirləri oxuyarkən
yalnız hərf yox, yeri gələndə heyvanlar haqqında,
bitkilər haqqında, oyuncaqlar haqqında, təbiət
haqqında bilmədiyi məlumatları öyrənir.
Sevindirici haldır ki, haqqında
danışdığımız kitabda yer alan
şeirlərdə müəllif məhz buna böyük yer
ayırıb. Yəni kitab məlumatlılıq
səviyyəsi baxımından da çox yüksək şəkildə
tərtib edilib.
Bu sahədə çalışan və uşaqlara hansı vəsaitlərin daha maraqlı və faydalı olduğunu bilən bir müəllim kimi deməliyəm ki, “Göyərçinim, gəl görüm” kitabı dünyagörüşünün artırılması baxımından da lazımlı bir vəsaitdir. Əvvəllər müəllimlər və pedaqoqlar bu yaş dövründəki uşaqlarla işləyərkən bir və ya iki metodik vəsaitlə kifayətlənməli olurdular. Amma zəmanənin təhsilə olan tələbatını nəzərə alaraq deyə bilərəm ki, nə qədər çox faydalı və əyani vəsait olarsa, bir o qədər çox fərqli və maraqlı dərs keçmək mümkün olar. Bu cür vəsaitlərin çapı həm bir pedaqoq, həm də vətəndaş kimi bizi çox sevindirir”
Mütəxəssislərin fikirlərini də nəzərə alaraq, əminliklə deyə bilərik ki, TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə çap olunan “Göyərçinim, gəl görüm” şeirli, şəkilli əlifba kitabı hələ uzun illər uşaqlarımızın sevərək, böyük maraqla oxuduqları, oxuduqca həm əylənib, həm də öyrəndikləri bir vəsait olacaqdır. Bu dəyərli kitab üçün müəllifə və nəşriyyata təşəkkür edir, valideynlərə uşaqlarını bu cür kitablarla sevindirməyi tövsiyə edirik. Nə qədər şablon səslənsə də, uşaqlar həqiqətən də gələcəyimizdir və bu gələcəyin sağlam böyüməsi bizim öz əlimizdədir!
525-ci qəzet 2018.- 18 avqust.- S.13.