Xəzər dənizinin hüquqi
statusuna dair
Konvensiyanın imzalanması tarixi nailiyyətdir
BU TARİXİ
RAZILAŞMA NƏTİCƏSİNDƏ DONDURULMUŞ VƏ
MÜBAHİSƏLİ YATAQLAR BİRGƏ
İŞLƏNƏCƏK, XƏZƏRYANI
DÖVLƏTLƏRƏ VƏ XALQLARA FAYDA
GƏTİRƏCƏK
“Aktauda
Xəzəryanı ölkələrin
dövlət başçılarının
Xəzər dənizinin
hüquqi statusuna dair Konvensiyanı imzalaması tarixi nailiyyətdir. 22 il ərzində bu məsələ ilə bağlı aparılan danışıqlar
nəhayət ki, öz müsbət nəticəsini verdi. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi
Xəzəryanı ölkələr
arasında əməkdaşlığın
daha da gücləndirilməsi
üçün yeni perspektivlər açır”.
Bunu “525”ə açıqlamasında
millət vəkili Rüfət Quliyev deyib. Deputat bildirib ki, Zirvə toplantısında prezidentlər,
həmçinin, Xəzər
bölgəsində iqtisadiyyat,
nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə
və qlobal miqyasda təhlükəsizlik
kimi məsələləri
də müzakirə etdilər: “Eyni zamanda, Konvensiyanın effektiv yerinə yetirilməsi və Xəzər dənizində
əməkdaşlığın müxtəlif aspektlərinin
nəzərdən keçirilməsi
məqsədilə İşçi
Qrupu yaradılıb”.
İmzalanan Konvensiyanın
Azərbaycana xüsusi
iqtisadi dividendlər vəd etdiyini söyləyən millət
vəkili bildirib ki, bu sənəd
ölkəmizin milli maraqlarına da tam cavab verir, eyni
zamanda, Azərbaycanın
Xəzər dənizində
həyata keçirdiyi
karbohidrogen hasilatı
ilə bağlı irimiqyaslı iqtisadi layihələrin davamlılığını
təmin edir: “Belə ki, Konvensiya
sahilyanı dövlətlərin
dənizin dibi ilə kabel və boru kəmərlərini
çəkmək hüququnu
tanıyır. Belə boru
kəmərlərinin keçəcəyi
yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır.
Əlbəttə ki, bu sənəd region ölkələri
arasında daha geniş əməkdaşlığa
yol açır, Azərbaycanın təşəbbüsü
ilə reallaşdırılan
layihələrin genişləndirilməsinə
imkan yaradır”.
Milli Məclisin
(MM) Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədr müavini Sevinc Fətəliyeva da bildirib ki,
məlum Konvensiyanın
imzalanması tarixi əhəmiyyətə malikdir:
“Xəzərdə tarixi
razılaşma dənizin
hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr
arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla
əvəzlənməsini təmin
edir. Belə ki, bu razılaşma nəticəsində
mübahisəli yataqlar
birgə işləniləcək,
Xəzəryanı dövlətlərə
və xalqlara fayda gətirəcək.
Dövlətimizin başçısının Konvensiyanın imzalanması
mərasimindən sonra
mətbuata bəyanatında
vurğuladığı kimi,
Azərbaycan bu sənədin hazırlanmasının
bütün mərhələlərində
konstruktiv işləyib
və digər Xəzəryanı ölkələr
kimi bu sənədin
imzalanmasına öz dəyərli töhfəsini
verib. Müzakirələrin getdiyi bütün
dövrlərdə, xüsusən
Konvensiyanın imzalanması
ərəfəsində xaricdəki
bəzi erməni lobbisinə yaxın dairələr anlaşmanın
baş tutmaması üçün fəaliyyət
göstərir, müxtəlif
maneələr yaratmağa
çalışırdılar. Çünki onlar bilirlər
ki, bu sənəd
Azərbaycanın iqtisadi
qüdrətinin daha da artmasına töhfə verəcək”.
Deputat qeyd edib ki, Zirvə
toplantısında Xəzər
dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması,
hər şeydən əvvəl, xoş məram, qarşılıqlı
etimad, ortaq maraqlar və mehriban qonşuluq əlaqələri sayəsində
baş tutub: “Sənəd bu beş ölkə arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsi,
əməkdaşlığın genişlənməsi üçün
əlavə perspektivlər
açır. Əlbəttə ki, bu cür
əməkdaşlıqlar xalqların
rifah halının daha da yaxşılaşmasına
xidmət edəcək”.
S.Fətəliyeva, həmçinin
qeyd edib ki, əldə olunmuş razılıqlar
Transxəzər boru kəmərinin reallaşmasına
şərait yaradır:
“Bu da Azərbaycanın
geosiyasi çəkisinin
daha da yüksəlməsi
üçün əlverişli
mühit yaradır”.
Deputatı Aydın Hüseynov
isə öz növbəsində bildirib
ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərdə beynəlxalq
hüquqi normalar çərçivəsində ədalətli bölgünün
aparılmasını təklif
etsə də, bir sıra süni
maneələr yekun statusla bağlı razılaşma əldə
edilməsinə imkan vermirdi: “Sənəd üzərində iş
1996-cı ildən aparılıb.
2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt
üzrə milli sektorlara bölünməsi,
su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli
mühüm saziş imzalandı. Həmçinin,
bu ilin martında
İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində
müvafiq blokların
birgə işlənilməsi
haqqında Anlaşma Memorandumu 5 ölkənin imzaladığı Konvensiyanın
razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəddir”.
A. Hüseynovun sözlərinə
görə, Xəzərdə
tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı
ölkələr arasında
uzun illərdir sürən ziddiyyətlərin
əməkdaşlıqla əvəzlənməsini
təmin edir: “Bundan sonra Xəzərdə
tarixi razılaşma nəticəsində dondurulmuş
və mübahisəli
yataqlar birgə işlənəcək, Xəzəryanı
dövlətlərə və
xalqlara fayda gətirəcək. Bütün ölkələr
xüsusən Azərbaycan
Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək. Eyni zamanda,
sənədə əsasən,
Xəzərin karbohidrogen
ehtiyatlarının Qərb
bazarlarına daşınması
üçün dənizin
dibindən kəmərlərin
çəkilməsi üzərində
maneə aradan qaldırılacaq. Beləliklə, Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması
Xəzəryanı ölkələrin
birgə əməkdaşlığı
üçün yeni imkanlar yaradır. Prezidentin vurğuladığı kimi,
bu, Xəzəryanı
ölkələrin sıx
qarşılıqlı fəaliyyəti,
iqtisadi, nəqliyyat xarakterli məsələlərin,
xalqlarımızın həyat
səviyyəsinin yaxşılaşmasına
kömək edəcək
məsələlərin həlli
üçün geniş
perspektivlər açır”.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet 2018.- 18 avqust.- S.5.