Bədii düşüncənin ali ifadə modeli: Məmməd Araz poeziyası

 

III məqalə

 

Allahverdi EMİNOV

 

Tanınmış pedaqoq və ədəbiyyatşünas-yazıçı Allahverdi Eminov uzun illərdən bəri Xalq şairi Məmməd Arazın poeziyasını araşdırmaqla məşğuldur. 2017-ci ildə o, "Məmməd Arazın poeziyası" monoqrafiyasını bitirib, lakin nəşrinə hələlik nail olmayıb... Həmin monoqrafiyadan üç məqaləni oxucularımıza təqdim edirik.

 

Məmməd Araz şəxsi həyatında da, poeziyasında da işığa can atan - işığı sevən, qaranlıqda işığı poetikləşdirən şəxsiyyətdir ("keçmiş zamanda" görmürəm), görünür, belə xarakterin töhfəsi imiş ki, Allah-Təala ona yetərli istedad, ilham payı vermişdir. Tanrının özü işıq-nur içindədir!

 

Şair gecə də Xəzərimizi seyr edir, axşamlar Bakımızın mənzərəsi qeyri-adi enerji paylar sakinlərinə, xüsusilə, sahil bulvarında gəzişənlərə. Belə bir vaxtda şairin gecə duyumu və işıq axtarması.

 

Gecənin ən uzaq dərinliyində

Bir işıq görünür:

mayakdı, nədi?!

Ondan gözlərimi çəkdim, yenə də

Fikrimdən, yuxumdan o çəkilmədi.

Elə hey yol getdim bütün gecəni,

Gözümdə o işıq,

Gözümdə o şam.

Belə çox işıqlar çağırıb məni,

Belə az gecələr uduzmamışam.

Bəlkə də o işıq, çağırış yenə

Taleyin növbəti ümid payıdır.

Ümid nə yaxşıdır,

Ümidlə sönən

Məhəbbət qayıdır, sevgi qayıdır...

 

"İşıq"ı oxuyan hər kəs, fikrimcə, o qənaətə gəlir: haçansa bu şeiri oxumuşdur, o qədər təsir eləmiş ki, hafizəsindən silinməmişdir, mən də istisna deyiləm və iradəmə tabe olub, şeiri büsbütün vərəqə yazdım. Belə kövrək qənaəti məndə istedadlı şairimiz, gənclik illərimizin canlı yadigarı Çingiz Əlioğlunun bu şeir barədə təəssüratını oxuyandan sonra yarandı. Çingiz Əlioğlu yazmışdır: "Xatirimdədir ki, "İşıq" adlı bu şeir o vaxt xatirimdə çox dərin bir iz salmış, yaddaşın hər an, hər dəqiqə mənimlə yaşayan qəribə bir sirrinə çevrilmişdi..."

 

Bir halda yaddaşımız insanın keçmişini, heç bir texniki vasitə olmadan canlandırıb yaşadır - hər oxucu sevdiyi - pərəstişkarı olduğu - daima yaradıcılığını izlədiyi şairlə öz təəssüratını bölüşər, pafosla danışar, qələminə bir kövrəklik çiləyər, necə ki, mən Məmməd Araz poeziyasında işıq və rəng axtarıb görmüşəm. Bu, üç-beş ilin tarixçəsi deyil, on illərin tarixidir. Ona görə də fikrimin ardıcıllığını pozmaq istəmədim.

M.Arazın poeziyası ilə tanış olduqca gecəmi əsəblərimə büküb özümə toxdaqlıq vermişəm. vaxt da yetişib, öz dünyamdan qopmuşam, xəyalım həqiqətə körpə sevinciylə sığınıb. Qayıtmışam gəncliyimə, sirli-soraqlı aləmimə. Vaxt olub və bir səhər yerimdən hövlnak qalxdım, məni rahat buraxmayan möcüzə-kəşfin müəllifinə az qaldım pıçıldayam: "Bə nə yanğıdı verirsən? Niyə gecəmi gündüzümə qatırsan? Axı, sənə hansı yamanlığım keçib?" - peşmanlığımdan əzab çəkmişəm. Aldım əlimə bir şeir kitabını, vərəqlədim, səhifələri çevirdim, söhbətə qoşuldum, gülüşünü eşitdim, acı qəhqəhələrdən diksindim.

 

Və nəhayət, vətənləşdim. Mənim yol yoldaşım şair Məmməd Arazdı. Sual vermək istədim: Vətən nədir? - Yaxşı ki, ürəyimdən keçdi, bəlkə də sualıma cavab verməkdə çətinlik çəkəcəkdi. Bu sual ona bənzər deyəsən: Ananı niyə çox istəyirsən? Sadəlövhlükdür, çünki bütün insanlara bu sualı vermək olar. Elə sual da var, onu hamının ünvanında axtarmaq yersizdir. - Vətən nədir? - Bəşəriyyətin yeganə yekdil cavaba gəldiyi sualdır. Cavan, yaxud qeyri-yaşlı şairlər inciməzlər məndən, cavabını bildiklərindən. Vətən mövzusuna qələm çalıblar. Çalanlara məsləhətim odur Vətən barədə şeiri yazanda Vətənə layiq olsun, yazmaq istəyəndə Məmməd Arazla dayanın üzbəüz, əvvəl içərini silkələ, ver tufanın cənginə, sonra şair tutumunu ölçüb biç. Əgər birincini eləsən, ikinciyə ehtiyac qalmayacaq:

 

Bir balaca Vətən daşı,

Vətən daşı olmayandan,

Olmaz ölkə vətəndaşı.

 

Bu Vətən nəqəratı on illər əvvəl deyilib. Və bu misraları bir daha oxuyanda məşhur fransız rəssamı Daltonun müdrik kəlamlarını xatırladım: "Vətəni çəkmənin dabanında aparmaq olmaz, lakin ürəyin infarktında yaşatmaq olar". Kəlmələri əbəs ummadım yaddaşımdan. Vətən - yaddaşdı, yaddaşın ömrü ulu qayalardı, təmkinli dağlardı... bir də doğulduğun torpaq, övladının həmyaşıdlarına münasibətidi. Belə başa düşürəm. Şairin Vətənində tariximizin daşlaşmış yaddaşı misraların tək bir-birinə elə pərçimlənib zərrəcə ovulmaz. Şairin Vətən istəyində qəribə bir təmkin, toxtaqlıq sakitliyi var, hətta başqa birisi şeirindəki bu ovqatı dərk eləsə, iddiasının sərhəddini ötüb keçər. Bu sadaladığımsa, Vətəni ürəyinə nar kimi sıxan, övladının layiqli qiymətini almayanın isə qeyri-adi məhəbbəti olurmuş! Paradoksdur: kölgəsinə sinəni gözü-könlü tox, başı üzərinə qaldırır. Vətən, işığını gözlərində dünyaya baxanı unudur. Vətən, vətənimizdən gileylənməyə mənəvi haqqımız çatır. Bəs nə səbəbdəndi gileyini yalnız yaddaşında kəşf eləmisən, əksinə, bir Vətən bucağına bürc demirsən.

 

Bu gecə kəşf etdim bir Şuşa bürcü,

Bir Şuşa bürcü, tamaşa bürcü...

 

Bu misralarla aramızda illərin uzaq-yaxın məsafəsi var. Bir tərəfdən, aydınlıq üçün deyirəm ki, istedad quyuya bənzər, su tökməklə doldurulmaz, digər tərəfdən, ucaltdığın səsin sənin istedadına toxundu, çilikləndi və gördüm hər zərrə çiliklənmiş mirvari dənələriymiş, dupduru Vətən bulaqlarının suyu tək tərtəmizmiş, şəffafmış. Və bu da göründü ki, Vətən daşlarının altından kükrəyib torpağın üzünə çıxan suyun aydınlığında şair nəfəsi gəlir...

 

Hansı daşda su yansa,

O daş altda Məmməd Araz yaşayır.

 

Vətən şair üçün əbədilikdir, məhək daşıdır. Onun adı gələndə təkcə məhəbbətinlə kifayətlənmir, xatirə yaddaşına güvənir, ürəyin ilə fikrinin əriş-arğacında hey dolanır, yurdunu "Muğanda Kür nəğməsi"ndə eşidirsən. "Ərim gəldi" qayasında düşüncələrə dalırsan, "Səba yeli"ndən dədə Füzulini soraqlayırsan, "Vətən mükafatı"nı ummadan, "Azərbaycan - dünyam mənim" - deyirsən. "Kəndim, balacasan, çox balacasan" kəlamınla inandırırsan ki, dünyada ən böyük elin, ulusundu. Və nəhayət...

 

Mən bəzən fantaziyaya meyilli oluram, adilikdə qeyri-adilik görməyə çalışıram, bunun üstündə qınayan da tapılır. Amma poetik həqiqətə fantaziya gözüylə baxmaya bilmirəm, əslində, belə fikrə də düşmürəm. Bəs hansı həqiqətdir Vətənin havasına, duzu-çörəyinə, torpağına qatışan şeirləri dönə-dönə oxuyuram, mənə elə gəlir, ilk kərədir şairlə üzbəsurat oturmuşam. Bunun "açarını" nədənsə tənqidçi-ədəbiyyatşünaslar axtarmaq niyyətinə düşməyiblər, sadəcə Vətən sevgisindəndir şair qələm çalır, - pıçıldayıblar, düşünüblər, yox. Ən böyük tələskənlik də ondadır, razılaşdığım sevgidə poetik cövhəri, şeirin möcüzəsini görməmişik. Necə olur Məmməd Araz dost və düşmən məhəbbəti və qəzəbiylə nəfəs-nəfəsə dayandığı poetik obrazına güzəştə getmir? Bəli, əsl şair təxəyyülünün gücündə və etibarında obrazlarına, qəhrəmanlarına güzəştə getməməlidir, necə ki, ata öz övladının səhvini bağışlamamalıdır; yoxsa bu uşaq sabah cinayətə yol verər. Şair də elədir; qələmindən çıxan şeiri oxucu zövqündə, iştahında "səhv" doğulduğunu gizlədə bilmirsə, günahkardı müəllifi. Poeziya bu istəkdən tutub övladlarını dünyaya gətirməlidir. Məmməd Arazda yoxdur poeziyaya xəyanət, adi yanan ocaq çöpündə bir qayğı, ağrı axtarır, necə olub onu budağından qırıb cansız əşyaya çeviriblər. Amma bu çöpün yaxşılığını unutmur, çünki ata ocağında yanır o: "Axıdır gözünün yaşını çırpı" - deməklə acıyır onun taleyinə. Bir çöpə acımayan şair Vətənini sevə bilməz!

 

Axşamdan-qaranlıqdan qaçırıq işığa-səhərə. Bunu söz xatirinə demirəm. Neçə dəfə şairin bir şeirini oxuyanda istəmişəm elə axşamın qəribə çılğın cazibəsindən çıxmayım. O axşamlardan biridir: "Bir axşamın balladası" şeirini oxuyub qurtarmışam, beynimdə şeirin dolanbac və mübhəm atributları dolaşır. Dünyaya, məni tanıyanlara hesabat verməyim gəlir. Axı, bu hesabat kimə lazımdır? Mən kiməm ki! Yox, yox, gəlin razılaşın mənimlə. İnsan içərisindən boşalırsa, fikrini əldən verirsə, hətta sevgisində gərəksiz hesab eləyirsə özünü, o adam qorxuludur. Şairin qeyri-adi istedadı da odur. İlham pərisini imdadına çağırır, fikirlər burulğanından çıxmaq istəyir. Niyə? Sualı çətinliklə verirəm, amma cavabını indicə pəncərəmdən şəhərə boylandığım qaranlığa bələnmiş görmədiklərimdən alacam. O görmədiklərim də əgər şair kimi tənhadırsa, səhər açılacaqmı bu boşluqdan, məhəbbətsizlikdən? Axı, dünyanın özü axşamın qaranlığına təslimdirsə, insanın günahı nədir belə? İnsan da orada gərəksizləşir, insanlara verəcəyi bir zərrə məhəbbət qalmır.

 

Çapılıb, talanıb məhəbbət orda,

Qalmayıb bir tikə mərhəmət orda.

Bu axşam sahibi ölən bir tacam,

Kimsə istəməyən bir ehtiyacam.

 

Budur, şeirin qızıl şəfəqində bərq vuran poetikası. Şeirin elə bu misralarında imdadına çağırdığın ilham insanın özüdür. Yoxsa, ilhamsız şeirin fatehi olmazdı. Tacın sahibsiz qalması əlbəttə, dəhşətdir. Əslində, bu şeirin konkret predmeti, obrazı barədə heç nə deyilmir və buna ehtiyac da qalmır. Burada alman şairi F.Şillerin bir fikrini xatırladacağam; yazırdı ki: "Məncə, ilham məhsulu olan əsərlər heç də həmişə predmet haqqındakı canlı təsəvvürdən deyil, çox vaxt coşub-daşan hissləri ifadə etmək ehtiyacından doğulur". Bax, bu ilhamın gücüdür, fikirlərilə bütün gecəni yeməyə hazırdır, bu hisslər hər şairə nəsib olmur. Və məndə qərib bir sədanın sorağı doğdu: İnsan xislətində umacağın od-alov, ehtiras və məhəbbət, yoxsa qoy elə sızıltısına qoşulub qalsın, səhərə, dümağ işığa geciksin.

 

M.Arazın şair taleyində ölümüylə işığı itirən tanıdığı adamları yaşatmaq ümidi var. Mən "yaşamaq" sözünü həqiqi mənasında işlədirəm. Kənarda dümağ hava burulğanında durub içəridən yanırsan. Necə ki, "Bir axşamın balladası" şairin ölüm və ölümsüzlük haqqında himnin nəqəratıdır. Budur, onun bir yarpağı: "Kür üstündə tək ağac" - vaxtsız itirdiyimiz şair Əliağa Kürçaylının xatirəsidir. Qayəsi mənə aydındır: Kürçaylı yaxşılığında da, pisliyində də təkdi, heç kəsə bənzəmirdi istedadında da. Bu, haradasa yaxşıdı, amma tale üçün qorxuludu. Necə ki, Kürdən kürlük qazanan mərhum şairimiz tənhalığına qoşulub getdi.

 

Səsləyəni itirdi səs,

Dönüb getdi Kür üstünə,

Qondu qərib bülbül kimi

boynubükük gül üstünə.

Gördü həmin məcra boyu

həzin-həzin ötən su var:

Tənhalaşan ağacların

qəfil sınmaq qorxusu var...

 

Bir axşamın iddilik ovqatında doğulduğu kəndinə yol aldı. Bu başdan deyim ki, şairin poeziyasında gecə təmizlik simvoludur. O gecə adam yuyunur - paklaşan poetik ovqat baxımından da belədir. "Kəndim, balacasan" şeirində təmizlik şərtiliyinin şahidinə çevrildim. Lakin bir şair kimi dolmağın boşalmaq sonu yoxdur misralarında. Mənə elə göründü "axan ulduzu yedəkləyib" ümmanda yol getmək qədər sonsuzdur. Hələ şeirin poetik gücünü kənara qoyuram. Əgər bu anlarını xatırlasam, mətləbdən uzaqlaşaram. Təmizlik simvoluna qayıdıram:

 

Ələyim gecəni qumlu dən kimi,

Dərə-dəyirmana süzüm zülmətin.

Yuyulsun, durulsuz göz bulağında,

 

Gecənin zülməti, gözün zülməti - kimi niyyəti öz taleyindən gəlir. Şair qayğıları və dərdləriylə dolu balaca kəndinə yanır, çünki dünyanın ədalətsizlikləri, dərdləri tərtəmiz, apaydın kəndinin üstünə ələnib. Halbuki bir zaman kəndin yaddaşına nənələr, babalar yığılmışdı, indisə "qayğıları yuxuluq deyil", "atılıb qalıb gözlərdən uzaq". Bu dərdlərdi bir göz qırpımında kəndinə ayaq basmaq istəyir, hansı gücü, qüvvətilə:

 

Bilmirəm, nə təhər çatdısa gücüm,

Dünyanı çiynimdən atdım bu gecə.

Səninlə bir anlıq görüşmək üçün

Sıxılıb qəlbimdə yatdım bu gecə.

 

Mən də bu həzin gecədə səyahətə çıxmışdım, özümdən qopmuşdum, kəhkəşanlı səmada tale ulduzumu axtarırdım. Şeirin cazibəsindən qopdum, içərimdə hələ də axşam balladası yaşayırdı. Poeziyanın elə sirləri var, onları yalnız şairin özü aça bilir. Nə sirdi görən? Axşamın həzin balladasından çıxammıram, ona görə yox ki, kövrəlmişəm, mənim yaşımın dayanacağında şairin keçirdiyi hissləri duyuram; tale şairini mənimsəmək qeyri-adi şeydi. Təkcə bir şeiri, yaxud şeirləri yan-yana düzüb oxumaq azdı, şair psixologiyasının qatlarına varıb, tale barədə düşüncələri məcrasına salmaqdı. Mən kənarda durub, ümidimi axşamın qaranlığında cəm olan ulduzların işığında "Heykəlimlə görüş", "Dəniz o dənizdi, sahil o sahil", "Əlli yaşıma ön söz", "Kimliyim, nəçiliyim", "Üstümə qayıdan yazılarım", "Mən bir zaman şair idim", "Mən yollarda öləcəyəm", "Yaşadım", "Bir ömür yolunda" və "Sahibsiz qəbirlər" şeirlərinə bağlayıram. "Və"ni bilərəkdən yazdım. Taleyin doğuluşu və son sığınacaq yeri. Nəhayət, şairin şəxsiyyəti. Bunu vaxtilə dahi tənqidçi V.Q.Belinski deyib: "Lirikada şairin şəxsiyyəti birinci planda durur, biz ancaq onun vasitəsilə hər şeyi qəbul edib anlayırıq... Lirik poeziya başlıcası subyektiv, daxili poeziyadır, şairin öz-özünü ifadə etməsidir". Belə fikrə təsadüfən gəlinməyib, onsuz da şairi onun müasirləri yaxşı tanıyır, söhbət ölüb-gedəndən sonra dünyanın yeni müasirlərinin keçmişlərdə qalan şair taleyinə münasibətidir, şeirləriylə tanımasıdır. Şair isə fərdi taleyini şəxsiyyətindən ayırmır və açıqca yaşadığı dünyanın irili-xırdalı adamlarına üz tutur, özünü məhək daşı hesab eləyir, həqiqətdir bu; biz hansısa sosial damğanın vahiməsindən taleyimizi gizlətmişik, xəbisliyi də vərdiş kimi qəbul eləmişik.

 

Burada sənət, sənətkar və vətəndaş "üçlüyü"nün necə yol yoldaşı olması məsələsi var. Məmməd Araz taleyində qaynayıb-qarışan bu ayrılmazlıq onu təklədi söz meydanında. Sanki taleyinin acığına həmyaşıdlarını sənət meydanında səslədi və poeziyaya az verib, çox yazanlara nekroloq yazdı. Çünki bəzən ilhamsızlaşan günlərinə baş qoydu, özünü "yazıq" hiss elədi, təmasların sərt mənəvi-sosial təmini duyub çəkildi, əlini ürəyində saxladı. Şairin boşalıb dünəninə və bu gününə baxmağı da olur.

 

Sonralar anladım, xeyli sonralar

Cibəgirən olur gözəgirənlər.

Aynasında tanıdım belələrini

Dib bucaqda beli bükük

Lüləsi donuq

Hörümçəyə bağışladım ov tüfəngimi.

Özünə çəkilməyinə, toxdaqlığına inandırdı.

Bax, indi pətəyi suya tutulmuş

Arı topasından köynəyəm, bala,

 

- dedi və yenə Vətənə üzünü tutdu. Barı, kimə haqlı-haqsız verdiyin haqq-hesabını özün çəkdin. Bir şərtlə, aşiq oğlunun inamına göz yummasın:

 

Bir tarlaya gedən yolda dayansan əgər,

Bir talaya gedən yolda dayansam əgər,

Bir zirvəyə gedən yolda qırılsa ömür,

Bir ürəyə gedən yolda qırılsa ömür -

Ürəyimi bu torpaqda basdırdım, demək,

Nə zamansa bu yollarda söz göyərəcək...

 

Sənət və sənətkar həmfikirliyi oxucularına "Özümdən şikayət məktubu", "Şair ömrü", "Bir zaman şair idim", "Şair vüqarı", "Deyirlər şeir oxunmur" şeirlərində aydın həqiqətlər söylədi. Amma bu səpkili şeirlərə qədər "Mən bir zaman şair idim" poetik etirafının məkan-zaman konsepsiyasına cavabından danışmaq istərdim. Ona bələdəm ki, "zirvələrdən zirvələrə şığıyan bir şahin idin", "qara ağac dibindəki üçbucaq daş ocağım idi", "qırğı kimi çəlimsizdi", "hər ağrını, hər acını bir qırpımla tulazlamaq qüvvəsinə malik idim".

Məmməd Arazın şair taleyini bu misraların axan və axdıqca qan damarına hopan həyat eşqində gördüm. Və qəribəliyi də mənim üçün qəribə fikir doğurdu: Təvazökarlığa bax: misraları fikir və poetik işığa bələnmiş şair özündən şikayət eləyir.

 

Şair ömrü barədə yazdığı şeirlər gücünü və yazılma əzabını onun tək yaşaya və duya bilmərəm. Şeir dünyanın əzablarını bətnində gəzdirib ona həyat nişanəsi verən şair övladıdır. Yoxsa bu mübhəm və munis duyğular səni ani tərk eləyəndə varlığını əzəmi şəkildə etiraf eləməzdim.

 

Qarışqadan, hörümçəkdən gücsüz görünən,

Düşmənə də baş əyirəm, təslim oluram.

 

Bu həqiqətin etirafını heç bir şairdə oxumamışam. Düşmənə barışmaz Məmməd Araz yalnız ilhamsız dəqiqələrində varlığından uzaqlaşar. Görən, hər şairin bacarmadığı etirafı niyə faş elədi?! Və bu misralara çatanda, düzü, yazdığımın zərif peşmançılığını çəkdim.

 

Mövzularım tükənəndə darıxır masam,

Onun dərdi yüz haçalı, onun dərdi min.

Bu dəmlərdə heç nəyə də əlim çatmasa,

Qaysağını qoparardım Araz dərdimin.

 

Sonuncu misra məni ildırım kimi vurdu və kövrək qəzəblə şeiri bir tərəfə atdım. Oxucunu içəridən düyünlənmiş məhəbbət qəzəbiylə yaralamağa dəyərmi? Bəri başdan deyim ki, şairə üz tutub verəcəyim suallara cavab istəyəcəyəm haçansa. İşdir bu cavabı vermək və almaq taleyimizə qismət olmasa, nə vaxtsa işlədilmiş bir fikri şair ömrünə şamil eləyirəm, qoy iddiam və həqiqətim məndən gileyli olmasın. Hansı ki, böyük söz ustası K.Çukovski söz sərkərdəsi V.Mayakovski barədə bu günə qədər heç kəsin verə bilməyəcəyi qiyməti dilindən çıxarıb bir zaman: "Onu atom istehsalının qalıqları kimi okeanın dibində batırsan da, zərərsizləşdirə bilməzsən; o, həyatın nəcib örtüyünü vurub gah ordan, gah burdan bayıra çıxacaqdır". - Bu mənada M.Arazı "həzm eləyə" bilməyənlərə nə deyim? Şeirlərini həqiqətən okeanın dərinliyinə səpələsələr, dilsiz və duyğusuz balıqlar belə, bu şeirləri udub mədələrində qiymətli mirvarilərə çevirərlər. Axı, balıqları nə vaxtsa insan tutur!

 

Biz bir şeyə də adət eləmişik: İnsanı tərki-dünyalığa səsləyən ölüm adlı həqiqətdən yan keçək. Əgər ölümü rənglərə qatışdırası olsam, kimsə bunun üstündən qələm çəkəcək və əsaslandıracaq: - Nikbinlikdən yaz.

 

Neçə illərdir bu sözləri eşidirik. Mən ürəyimin döyüntüsündə "Sahibsiz qəbirlər", "Mən yollarda öləcəyəm", "Dünya sənin, dünya mənim", "Vəsiyyət" şeirlərinin oyatdığı oyanışdan yan keçəmmədim. Niyə üzümü tutduğum poeziyasında ölüm həqiqətinə saxta nikbinlik donu geyindirim. Yolumuzu gözləyən tabutumuz kimi varlığımızı: daxilimizi, kimliyimizi haqq-hesaba çəkən şeirlərində dünyanın və insanın yaxınlıq və pislik ömrünü yaşaya bildim. Vallah, çətin işdi, başqasının nəfəsiylə yaşayasan. Niyə bu dünyanın imkanlı-imkansız adamlarını son mənzilində də seçək, tanıyaq? Biz həyata ona görəmi gəlmişik, haqqımızı almadan ümidinizə qoşulub canlı dünyamızı canlı tərk eləyək? Budurmu sahibsiz qəbirlərdən boylanan nakam ümidlərimiz?

 

Əynində qapqara mərmər geyimi,

Qürrəli görünür kimsəli qəbir.

Sahibsiz qəbirlər yetimlər kimi

Əyilib, büzüşüb, nə qəribədir.

 

Və qəribədir, ayda, ildə bir kərə olsun, ölümü müşayiət eləmədən qəbiristanlığa baş çəkmirik, öləcəyimiz andan qorxduğumuz üçün?! Onda "gorda da arxalı yaşayanların" diri taleyinin günahını çəkərdik, heç olmasa ədalətsizliyimizə göz yaşı tökərdik. Məmməd Araz bəlkə də şeirinə vaxtilə poetik nekroloq zövqü ilə yanaşıbdır. Ancaq "sahibsiz qəbirlər"in nikbin fəlsəfi yükünü qiymətləndirməmək qəbahətdir. Ona görə şair taleyinə biganəliyin özünü dəfn eləməsidir imkanlı, şöhrətli adamların əlindən. Və dünyanın həqiqətini etiraf eləməklə əbədiliyə aparan işıq yoluna bələnməsidir:

 

Baxıram, əsəbim çəkilir tarım,

Mən də bu ünvana gələn yazıyam.

Ey mənim gələcək gor qonşularım,

Sizin biriniz də mən olmalıyam.

 

Və bu ömrün işığında şairin varlığında cücərib dünyaya özünü göstərən hissləri duman olmaq istəyir. Niyə duman ömrünə ehtiyac duydun?

 

Görüm, bir necədir yerlərə hopub,

Vətən torpağının şehinə dönmək.

Kiçik bir qayanın döşündən qopub,

Böyük bir dumanın mehinə dönmək.

 

Duman ömrünə dönüb Vətən eşqində yaşamaq, bir şair ömrünü Vətən yaşı qədər sonsuz edər!

Mən M.Arazın poeziyasında qəribə, özümün də görmədiyim işıq axtarmışam. Ona görə "qəribə" dedim ki, doğulan günümüzdən son ümidimizə - yaşamaq harayımıza qədər işıq içindəyik. Amma bu poeziyanın işığı qəribədir. Bu sətirləri yaza-yaza bir qəfil hiss də yəqin bu işıqdan düşdü ürəyimə: yaxşı, son sözümü, nöqtəmi bitirimmi? Çətindir, nə qədər poetik möcüzələr, həqiqətlər qaldı. Necə olar "Sizə yetim deyən olsa", "Vətən mükafatı", "Dünya sənin, dünya mənim", "Məndən ötdü, qardaşıma dəydi", "Nobel mükafatı", "Vətən mənə oğul desə" kimi şedevr şeirlərin üstündən keçim? "Sizə yetim deyən olsa..." şeirini oxuyanda o vaxt mən də qız atasıydım. O, hələ dünyanın atasız intiqamlarından xəbərsizdi, bəlkə də özüm atasız qız övladlarının taleyini dəruni ata məhəbbəti yanğısında duymamışdım. Şükür ki, qızları gözünün işığında böyüdülər, ana oldular. Amma poetik gücün harayı bambaşqadır, ata məhəbbətinin tufanındadır. Və hər şeydən əvvəl, bu şeir üzünü insanlara tutub atasız qız taleyinə namusla, qeyrətlə yanaşmağa çağırırdı:

 

Mən əyilməz ata adı saxladım,

Vicdanımı ovuclara sağmadım.

Bu dünyanın məhvərini laxladın,

Sizə yetim deyən olsa, qızlarım.

 

Yaxşı, belə ata məhəbbətinə göz yummaq mümkünmü? Yox, atasız qızlarımıza dönük göz baxarsa, atanın "məzar daşı bir ox kimi sıyrılar" və dünyaya qarğıyar:

 

Demək, Günəş Yer üzünə qarğayıb,

Demək, sənə, Vətən eşqim, qar yağıb.

Demək, kardı Azərbaycan torpağı,

Sizə yetim deyən olsa, qızlarım.

 

Və adını dilimdə cücərtdiyim digər şeirlərinin məna yükünü, fəlsəfi yozumunu şairlə bölüşdürmək gücümdən bu dəqiqələrimdə məhrumam - etirafım oxuculara qəribə görünməsin. Məgər bir şeir barədə düşünmək və içərisinə varmaq üçün sadəcə əlinə qələm almaq qalır? Xeyr! Onun üçün şairlə yol yoldaşı olasan, cəngləşəsən, bəzən də uşaq əsəblərini yaşayasan ki, şairə acığın tutanda onunla barışasan. Eh, yaradıcılıq doğrudan da hansı sahəyə hakim kəsilirsə, qeyri-adi ovqat tələb eləyir...

 

2017

 

525-ci qəzet 2018.- 22 avqust.- S.6.