Hər yerdə,
hər zaman seçilən imza
ƏMƏKDAR
JURNALİST FLORA XƏLİLZADƏNİN 65 YAŞI TAMAM OLUR
Şəxsiyyətinə və imzasına böyük
hörmət bəslədiyim, publisistik yazılarını,
şeirlərini sonsuz həvəslə oxuduğum, televiziya və
radioda, ədəbi məclislərdə, yubiley
yığıncaqlarında ürəyimdən xəbər
verən çıxışlarını maraqla dinlədiyim
Flora xanım Xəlilzadə yubiley yaşındadır.
Universitet auditoriyalarında, uzun illər
çalışdığı qəzet-jurnal
redaksiyalarında, televiziya studiyalarında necə
görmüşəmsə, maşallah, o cür də
qalıb.
Südlə-sümüklə gələn xasiyyətini,
xarakterini nə təhər qoruyub saxlayıbsa, çöhrəsindəki
nurani cizgiləri, gözlərindəki həyat eşqini, təbiətə,
insanlara, bəşəri ideallara, milli dəyərlərimizə
sevgisini, sayğısını da məhz bu cür
yaşadır Flora xanım - təmkinli, xanım-xatun
davranışı, səxavəti, hər kəsə yetəcək
ana-bacı sevgisi, hər sətrinin, misrasının
üstündə nanə yarpağı tək əsməsi, həyəcanı,
mehri, ülfəti ilə.
... Yenə
iş otağının pəncərəsində səliqə
ilə sıralanan dibçəklərdəki çiçəklərlə,
güllərlə baş-başa idi. Ləçəkləri,
yarpaqları ehmal-ehmal oxşayır, eynən sonbeşik nəvəsi
Floranın başını sığallayırmış kimi
nazını çəkirdi.
Yadıma birgə çalışdığımız
illər düşür. "Azərbaycan" nəşriyyatının
dördüncü mərtəbəsində - "Azərbaycan"
qəzeti redaksiyasında mədəniyyət şöbəsinin
redaktoru Flora Xəlilzadənin iş otağını zarafatla
"Nəbatat bağının filialı"
adlandırmışdım. Bu kabinetə girənlər
gülün-çiçəyin, irili-xırdalı dibçəklərin
arasından son dərəcə ehtiyatla keçərdilər
ki, təbiət incilərini incitməsinlər, çünki
yaxşı bilirdilər ki, hər hansı ehtiyatsızlıq
Flora xanımın da, bu çiçəklərin, güllərin
də xətrinə dəyə bilər.
Dünyanın
hər cürə varını gördüm,
Yağışını
gördüm, qarını gördüm,
Çiçəyini
gördüm, barını gördüm,
Atdığım nə oldu, götürdüyüm nə?
Alnıma
yazılan yazı olmadı,
Qışa
tuş könlümün yazı olmadı,
Əl
tutdum, əlimin duzu olmadı,
Əkdiyim nə oldu, bitirdiyim nə?
Bütün həyatı boyu ulu Yaradana, təbiətə,
insana, insan ruhuna məhəbbət, sayğı və
qayğı sərgiləməkdə çoxlarına
nümunə göstərən Flora xanımın bu
misraları da Zəngəzurda, analı-atalı
dünyasında qoyub gəldiyi həmişəyaşar xatirələrin
poetik ifadəsidir.
Gözdən
uzaq, qəlbə yaxın ellərdə - Urudda
yaraşıqlı, ürəyiyuxa, analar-anası Gözəl
xanım qızını Bakıya göndərəndə ona
tövsiyəsi, öyüd-nəsihəti bircə notda
köklənmişdi - elimizə, nəslimizə, valideynlərinin
adına ucalıq gətir, şərəflə yaşa,
çalış, ümidlərimiz sən sarıdan həmişə
çiçəklənsin, gül açsın.
İllər keçdi. Gözəl ananın
qəlbindən keçənlərin hamısı pöhrələndi,
al-əlvan çiçəklər kimi boy göstərdi
Floranın həyatında. BDU-nun
jurnalistika fakültəsini bitirdikdən sonra
yaradıcılıq fəaliyyətinə, öz çörəyini
özü qazanmağa başladı. Hələ
uşaqlıqdan tanıdığı, hər xasiyyətinə
bələd olduğu həmkarı Allahverdi ilə ailə həyatına
imza atdı. Hazırda ASAN Xidmətin Mətbuat
Xidmətinin rəhbəri vəzifəsində
çalışan Elnur Niftəliyev və AzTV "Mədəniyyət"
kanalının əməkdaşı Bəhruz Niftəliyev
kimi istedadlı, dərrakəli oğullara ana oldu. Amma bircə şey könlünün sağalmaz
yarasına çevrildi - Vətən dərdi, yurd həsrəti.
Dözmədi
bu dərdə, dözmədi anam,
Gözlərin nəm tutdu, ürəyin qubar.
Ölüncə
ümidin üzmədi anam;
Açılsa
o yollar, gəl, məni apar!..
Flora xanım nə vaxtsa uşaqlığını əmanət
qoyub gəldiyi yerlərə getmək, getmək yox ey,
qaranquş tək qanad açıb uçmaq eşqi ilə
yaşayır.
Uzaq yola çıxanlar isə hansısa mənzil
başında nəfəs dərməyə bir ünvan da
soraqlayırlar, adətən. Flora xanım
bu ünvanı da artıq ürəyində götür-qoy
edib, müəyyənləşdirib - onun üçün
çox əziz olan, qəlbinin başında əzizləyib,
müqəddəs ocaq kimi əbədiləşdirdiyi
Şuşanı.
Əlimlə
qursam da yüz qızıl taxtı,
Gərək tale verə o qızıl baxtı.
Yaşın
bu məqamı, yaşın bu vaxtı,
Xatirələr yorur məni, neyləyim?!
Ömrü
boyu xəyalımla talanan,
"Ah"larımla,
amanımla dolanan,
Ürəyimə,
gözlərimə qalanan,
Xatirələr yorur məni, neyləyim?!
Zəngəzur elinin Bakıda gəzib-dolanan,
yazan-danışan, gülən-ağlayan, min bir dərdə
yarayan bir parçasıdır Flora xanım. Onu
tanıyanlar, xasiyyətinə bələd olanlar bu qənaətə
asanlıqla gəlirlər.
Qapılar
döymüşəm qapılar üçün,
Keçdiyim nə oldu, ötürdüyüm nə?
Köhlən
at çapmışam yabılar üçün,
Qazancım nə oldu, itirdiyim nə?
Bu
misralarda ola bilsin ki, dayaz və obıvatel
düşüncəlilər hər hansı pafos
rüşeymi, ritorik ritmlər axtararlar. Ancaq
Flora xanımın yerindən-yurdundan, qohumluq əlaqələrindən
asılı olmayaraq, ehtiyacı olan hər kəsə göstərdiyi
mənəvi dəstəyi, simsarlığı, yaxınlığı
hesablayan olsa, uzun bir siyahı alınar. Qəlb
evinin qapıları hər kəsin üzünə
açıqdır. Bu evi vaxtsız tərk
edənlər isə sonralar günahın yalnız özlərində
olduğunu yaxşıca dərk edirlər. Bir misal çəkim. Flora
xanımın çalışdığı kollektivdə nəcib
bir xanım işləyir. Bəzi mülahizələrə
görə kimliyini tam açıqlamasam da, bildirmək istərdim
ki, onun anası bir neçə il qabaq vəfat
edib. Bəlkə də çoxlarına qəribə
gələr, elə özüm də bir müddət
şahidi olmuşam, o, vaxtaşırı Flora xanımın
yanına gələr, oturub onunla söhbət edər, dərd-sərindən
danışardı. Həmişə də
deyir ki, dünyadan vaxtsız köçmüş
anasının ətrini Flora xanımdan alır. Flora xanımın energetikasının gücü
onu sakitləşdirir, bu qız özlüyündə bir mənəvi
rahatlıq tapır. Nə qədər
gözəldir, ecazkardır bu cür hissləri yaşamaq və
yaşatmaq. Belə yanaşmanı çox adamda görməzsiniz...
Flora xanım 1977-ci ildə universiteti bitirdikdən sonra
bir müddət "Azərbaycan təbiəti"
jurnalında işləyib. Özü deyir ki, təbiətə
vurğunluğunu daha da artıran amillərdən biri məhz
görkəmli akademik Həsən Əliyevin kuratorluğu və
rəhbərliyi ilə çıxan nəşrdə
çalışması, poeziya aləmindəki
uğurları da yaxın qohumu və hər zaman həyatda
özünün ustadı və arxası sandığı Məmməd
Arazın "əlindən su içməsi" olub.
Şəhər
günlərinin havası ağır,
Şəhər küləyindən qorun, amandır.
Könlümə
kəndçilik havası yağır,
Kənddən aralıyam xeyli zamandır.
Üz
tutub getməyə yerim yox indi,
Vətəndə
vətənsiz olan çox indi,
Dəli
könlüm, şimşək kimi çax indi,
Sənin dağlarının başı dumandır.
Şəhərə kənd havasının, səmt
küləyinin qanadlarında gələn Flora paytaxtın
elitar mühitində də özünü rahat hiss edib ilk gənclik
illərindən. "Azərbaycan müəllimi",
"Azərbaycan" qəzetlərində
çalışanda da, "Azərbaycan qadını"
jurnalının redaktoru olanda da özünün kənd
ruhunu, ovqatını saxlamaqla, əsl paytaxt sakinlərinə
xas olan keyfiyyətləri ilə də seçilib. Canındakı-qanındakı kübarlıq
yazılarında da boy göstərib, insanlarla, həmkarları
ilə münasibətlərində də. Bəzən öz xarakterik keyfiyyətlərini əsərlərinin
obrazlarında ehtiva etməyi də unutmayıb. İstəyib ki, üz tutduğu, qələmə
aldığı insanlar da ən dəyərli bəşəri
keyfiyyətlərə, insanlıq cizgilərinə malik
olsunlar. Qəzetdə belə olub,
televiziyada da bu istiqamət instinktiv olaraq davam edir.
Televiziyada bişib-bərkimək ona çox da çətin
olmadı. Bir müddət AzTV və İTV-də müxtəlif
verilişlərə ekspert qismində dəvət alması,
yazıçı-publisist kimi fikirlərini aydın, əhatəli
bildirmək bacarığı qədirbilən insanların
diqqətindən yayınmadı. Səlahiyyətli
şəxslər onun istedadını, ləyaqətli vətəndaş
imicini nəzərə aldılar, İTV-də işləməyə
dəvət etdilər. O da ümidləri doğrultdu. Müəllif proqramı "Yadigarlar"dakı
uğurları ilə ona bəslənilən etimada layiq
olduğunu sübut edə bildi.
Flora xanımın müəllifliyi və
aparıcılığı ilə (oğlu, gənc jurnalist
Elnur Niftəliyevlə birgə) yayımlanan "Yadigarlar"
verilişi bu gün də İTV-nin populyar, sevilən
proqramlarındandır. Azərbaycan ədəbiyyatında, ictimai fikir tarixində,
elm və mədəniyyətində, sosial-iqtisadi
inkişafında böyük xidmətləri olan, iz qoyan insanların
bioqrafiyasına, xidmətlərinə əsl publisist və vətəndaş
baxışı, sevgisi sərgilənən bu proqramda
neçə-neçə unudulmaqda olan vətən
oğulları, el ağbirçəkləri barədə foto
və video görüntülər, bu şəxslərin
müasirlərinin və mənəvi övladlarının
xatirə-söhbətləri təqdim olunur. Flora
xanım bu verilişlə insanlara bir daha xatırlatmaq istəyir
ki, Allahın bu millətə bəxş etdiyi qənimət
insanları unutmaq, yaddan çıxarmaq günahdır,
bağışlanmazdır. "Biz unutsaq,
bizi də unudacaqlar. Biz bu həqiqəti
heç vaxt hafizəmizdən silməməliyik".
Flora xanım saysız-hesabsız məqalələri,
kitabları, ssenariləri ilə ədəbi ictimaiyyət
arasında özünəməxsus yer tutur. Onu biz həm
də yorulmaz tədqiqatçı kimi tanıyırıq.
Şuşanın tarixi, bu günü, eləcə
də Azərbaycanın hökmdar qadınları (yadımdan
çıxan məqamlara görə üzr istəyirəm,
çünki bu yazını qələmə alanda ondan
heç nə soruşmamağı nəzərdə
tutmuşdum. - A.C.) haqqında
axtarışları, gəldiyi qənaətlər, əslində,
elmi iş səviyyəsində dəyərləndirilməlidir.
Uzaq illər öncəsi onun dissertasiya
müdafiə etməsi imkanının qarşısına bilərəkdən
sipər çəkildiyindən də xəbərdaram.
Çox
da bel bağlama sabaha, gülüm,
Nadanlar
könlümə verirlər zülüm,
Qəfil
görəcəksən apardı ölüm,
Dalımca atılan daşıma bir bax.
Bu misralar Flora xanımın bədxah, kiminsə
uğurlarına xor baxan, dargöz adamlara
ünvanladığı düşüncələrinin poetik əksidir. Vaxtilə məşhur
Amerika filosofu Uiltsin Mizner yazırdı: "Sizə atılan
daşları toplamaq lazımdır. Çünki
bu, sizin gələcək heykəlinizin bünövrəsini
qoyacaq". Əlbəttə, rəmzi mənada
deyilən bu fikirdən, ömrünü-gününü
insanlara yaxşılıq etməyi, sınıq qəlblərə
həmdəm olmağı özünə yaşam tərzi, fəaliyyət
kredosu seçənlərin içində olan hər kəsə
kiçicik də olsa bir pay düşür. Təbii ki, Flora xanım da bu sıradadır.
Flora Xəlilzadə sözlə ifadə edilməyəcək
dərəcədə təvazökar, səmimi,
qayğıkeş insandır. Onun bir fikrini ən
yaxın dostları, rəfiqələri də ürəkdən
bəyəniblər. Deyir ki,
işığa yalnız pərvanələr deyil,
bör-böcək də yığılır. Əsl məsələ pərvanələrlə
böcəkləri yaxşı tanımaq, ayırd etmək, hər
kəsə öz yerini tanıtmağı bacarmaqdadır.
İddialı olan, özündənrazı
insanları da həmişə insaflı olmağa
çağırır. Bu yerdə məşhur kinoaktyor
Çarli Çaplinin bir sözü yada düşür:
"Dünya hər kəsə yetəcək qədər
böyükdür. Ona görə də
başqasının yerini zəbt etməkdənsə, öz
yerinizi tapın".
Bu yazıda məqsədim Flora xanımın
yaradıcılığı, publisistik fəaliyyəti barədə
fikirlərimi oxucularla bölüşmək deyildi. Çünki
qədirbilən oxucuların və
tamaşaçıların Əməkdar jurnalist Flora Xəlilzadənin
çoxşaxəli yaradıcılığı barədə
kifayət qədər məlumatlı olduğu qənaətindəyəm.
Sadəcə, bilirdim ki, avqustun 23-də bu nəcabətli
xanımın ad günüdür. Ona görə də
bu düşüncələrimlə ona bir dost, həmkar təbriki
ünvanlamaq istədim. Ürəyincə olacaq, ya yox,
görüşəndə bilərəm, İnşaallah!
P.S.
Yazının əvvəlində vurğulamışdım
ki, Gözəl xanım Floranı Bakıya ali
təhsil dalınca yollayanda qızına möhkəm-möhkəm
tapşırmışdı ki, balası uzaq ellərdə nəslinin
adını həmişə uca tutsun, valideynlərinin
adına layiq bir həyat yaşasın. Ananın
arzuları solmaz çiçəklər kimi bu gün də ətir
saçır - Flora xanım çoxlarının həsəd
apardığı, həsrət qaldığı ucalıqda,
zirvələrdədir.
Akif CABBARLI
525-ci qəzet 2018.- 22 avqust .- S.7.