"Sözün sayəsində
dünyanı dolaşdım!"
Onun yazılarını hamı oxuyur. Çünki
nədən, kimdən yazmasına baxmayaraq, hər zaman həqiqəti
yazır, qəlbindən keçəni yazır, bəlkə
də elə bu səbəbdən oxucu rəğbəti
qazanır. Xalq şairi Məmməd Arazın poeziya
bulağından su içən, professor Qulu Xəlilovdan dərs
alan Flora Xəlilzadə başqa cür
yaza bilməz.
Müsahibələrindən birində "Mənim
ruhumda böyük Məmməd Araz var. Məmməd Arazın
anası Cahan xanım mənim bibimdir. Təhsil ala bilməsə
də, sinədəftər xanım idi. Bizim
nəsildə hər kəsin bir şeir dəftəri var. Amma
Məmməd Araz nəslimizin Xan Çinarıdır", -
söyləyən Əməkdar jurnalist Flora Xəlilzadə
Azərbaycan publisistikasında öz sözünü demiş
qələm sahiblərindəndir.
Bu günlərdə 65 yaşını qeyd edəcək
sevimli həmkarım haqqında bildiklərimi,
oxuduqlarımı, eşitdiklərimi oxucularla
bölüşmək istədim.
İyirmi
kitaba sığmayan məqalələr
Flora Xəlilzadə
1953-cü il avqustun 23-də Zəngəzur
mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində
dünyaya göz açıb. Vağədi kənd
orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin (indi Bakı Dövlət Universiteti) jurnalistika
fakültəsinə qəbul olub. 1977-ci ildə ali təhsilini
başa vuraraq "Azərbaycan təbiəti"
jurnalında, "Azərbaycan müəllimi" və
"Azərbaycan" qəzetlərində fəaliyyət
göstərib, "Azərbaycan" qəzetinin mədəniyyət
şöbəsinin müdiri vəzifəsinə irəli
çəkilib. Bir müddət "Azərbaycan
qadını" jurnalının redaktoru olub. Hazırda İctimai Televiziya və Radio
Yayımları Şirkətinin "Yadigarlar"
verilişinin yaradıcısı, layihə rəhbəri,
oğlu Bəhruz Niftəliyevlə birgə
aparıcısıdır.
Deyilənə görə, uşaq vaxtı
anasının iradlarına baxmayaraq hündür ağaclara
dırmanar, özünü yüksəkliklərdə görmək
istəyərmiş. Elə ölkə mətbuatında da
addım-addım irəliləyib, pillə-pillə yüksəlib,
yuxusuz gecələri bahasına ad-san qazanıb Flora Xəlilzadə.
İlk qələm təcrübəsindən
sevilməyə başlayan Flora xanım nə öyrənməkdən
usanıb, nə də yazıb-yaratmaqdan. O, gördüyü
işin qarşılığında heç vaxt kimdənsə
nə isə ummayıb. Yazmağı,
özü də yaxşı yazmağı özünə
bir jurnalist olaraq borc bilib. Bunu həm də
dərs aldığı, dünyalar qədər sevdiyi
unudulmaz müəllimləri qarşısında bir imtahan
bilib. Sevənləri də olub,
gözü götürməyənləri də. Hər bir yazısında öz dəstxətini
göstərməyi bacarıb. Heç
kimin demədiyini qələmə almağı, naqisliklərə
irad tutmağı, qətiyyətini, dözümünü,
iradəsini, mübarizə əzmini oxucularla bölüşməyi
bacarıb. Qədirbilən oxucular onun sadiq
dostları olub. Bəlkə də elə
onların həvəsinə yazıb-yaradıb.
Sayı-hesabı bilinməyən məqalələrini
toplayıb, nə az, nə çox - 20
kitab ərsəyə gətirib. Bu kitablarda bir
peşəkar qələm adamının hadisələrə
həssas münasibəti, ağrısı-acısı hiss
olunmaqdadır. Bu yazılarda bir vətənpərvərin
yurd sevgisi, bir vətəndaşın qəlb
ağrısı duyulur.
Onun publisistik məqalələri
obrazlılığı, üslubu, təqdimatı,
axıcılığı ilə oxucunu cəlb edir. Qələmə
aldığı mövzuların poetik sərlövhələri
həm də müəllifin həyata şairanə
baxışından xəbər verir. Bu yazılarda,
özü demişkən, "Söz uğrunda
döyüşənlər" əks olunub. Xalq
şairi Nigar Rəfibəyli haqqında yazdığı
"Çəməndə çiçəklər, meşədə
quşlar: poeziyamızda Nigarın şeirləri",
böyük yazıçımız Mir Cəlala həsr
etdiyi "Sənətin şöhrət zirvəsi",
şair Qasım Qasımzadəyə həsr etdiyi
"Zamanın ümmanında itən damlalar", Xalq
yazıçısı Əzizə Cəfərzadə
haqqında "Xəyalımızda yanan işıq əbədi
ayrılığın qüssəsi", Xalq
yazıçısı İlyas Əfəndiyevə
yazdığı "Ədəbiyyatın solmayan
çiçəkləri" və digər məqalələri
oxucunun xəyal aləmini, həyata və dünyaya
baxışını zənginləşdirir, insan həyatı
daha dərindən dərk edir. Bu yazılar,
müasirlərinin söylədiyi kimi, "zamansız
yazılardır".
Elmi, ədəbi-publisistik, tənqidi məqalələri
ilə diqqət mərkəzində olan Flora Xəlilzadə
haqqında müasirləri dəyərli fikirlər söyləyiblər. Görkəmli tənqidçi,
ədəbiyyatşünas alim Vaqif Yusifli yazıb: "Flora Xəlilzadə
professional yazardır. Belə yazarların sayı
mətbuata sığınıb at oynadan, amma o atın
üstündə duruş gətirməyənlərin
sayından qat-qat azdır. Flora xanım o
azlardan biridir və öz yazıları ilə o
çoxları utandırır. Yəni biz
bilirik ki, yazı necə olmalıdır - ən yaxşı
yazılar ən yaxşı insanlara oxşayır, təmiz,
saf, mənən qürurlu, heç bir maddiyyat əsiri
olmayıb, öz daxili azadlığını hifz edən
insanlar kimi. Professional səviyyə təkcə
savadla, biliklə, dünyagörüşü ilə
ölçülmür, həm də daxili mədəniyyətlə
ölçülür. Bu daxili mədəniyyət
tələb edir ki, nə yazırsan, kimdən yazırsan,
hansı mövzuya, hansı problemə müraciət edirsən,
təki yalana, jurnalist "oyunbazlığına" meyil eləmə.
Həyatın nəfəsini öz nəfəsinə
qatıb yazıya ver".
Yadıma
gül nənəm, nər babam düşdü...
Qırx
ildən çoxdur peşəkar jurnalist kimi mətbuatda
çalışan Flora Xəlilzadənin "Bənövşə
ətirli səs", "Analar", "Bu mənim tale
yolum", "Taleyimdən keçən adamlar", "Məmməd
Araza məktub", "İgidliyin son zirvəsi",
"Ruhumuzun ünvanı Şuşa" və digər
publisistik kitabları ilə yanaşı, ədəbi
yaradıcılığının məhsulu olan "Ruhumun
ehtiyacı", "Ürəyim aldatdı məni",
"Yuxular" adlı şeir kitabları da çap olunub.
Onun
şeirlərində peşəkarlıqla yanaşı, incə
lirizm, həzin kədər, yurd nisgili, torpaq həsrəti
oxucunu düşünməyə sövq edir:
Ulu
Tanrım, üz tutmuşam adına,
Ürəyimi yaralayan zülüm var.
Mən
yurdsuzu salarsanmı yadına,
Xəyalımda
dağılmış bir elim var?..
Təsadüfi deyil ki, Flora Xəlilzadə şeirlərində
bəzən doğma Uruduna pərvazlanır, elinin,
obasının, ocaq yerinin, anasının bişirdiyi
çörəyin, ata yurdunun ətrini alır.
Qaya kimi sərt
görünən, amma bənövşə kimi kövrək
ürəyə malik Flora xanım məharətli qələm
sahibi kimi öz sənətinin bütün sirlərinə bələddir,
sözü deməyin, fikrini cilalamağın yolunu bilir, xəyalları,
arzuları, həssas duyğuları ilə ürəklərə
körpü salır:
Yenə
bahar gəldi, qaynadı qanım,
Könlümə öz evim, öz obam düşdü.
Ölümü,
dirimi gərəkdi anım,
Yadıma
gül nənəm, nər babam düşdü...
Ürəyimsiz
kəlmə yazan deyiləm...
Hər zaman dili saf, sözü kəsərli həmkarımın
əsl elm, sənət və ədəbiyyat adamları
haqqında ürəklə yazdığı yazılardan
zövq almışam. O da həmişə M.Arazın "Ürəyimsiz kəlmə
yazan deyiləm, Nə qədər ki, öz əlimdi
yazanım...", - fikrinə söykənib.
Bu, həyatın, sənət fədailərinin
ömrünün davamı deməkdir. Təmənnasız
insanlığa və mədəniyyətə xidmət deməkdir.
Flora
xanım özü hazırladığı, 7 cildlik nəzərdə
tutulan "Yazdıqlarım" adlı
külliyyatının I cildinin müqəddiməsində bu
sevginin səbəbini daha gözəl izah edir:
"Sözün dərgahında, sözün hüzurunda həmişə
başı uca dayanmaq üçün ürəyimin diktəsindən
uzağa getməməyə çalışdım. Bu çarpışmaların, ziddiyyət dolu həyatın
içində istəyimə nə dərəcədə nail
oldum deyə bilmərəm. Tanrı bilir
ki, söz mənim üçün dünyanın
bütün var-dövlətindən yuxarıda dayanır.
Söz mənim üçün diri bir xilqətdir,
müqəddəs varlıqdır. Baxır
bu xilqəti, varlığı necə duyursan, onu oxucuya, ya da
səni eşidənə necə çatdıra bilirsən?
Sözün məlhəmi də əvəzsizdir, yarası da
dərindir...
Təsəllim budur ki, Sözün gətirdiyi rəğbətdən,
məhəbbətdən mənən bəhrələndim,
tanındım, sevildim, oxucu diqqəti qazandım, məhz
Sözün sayəsində dünyanı dolaşdım!"
Bu gün öz işini uğurla davam etdirir Flora Xəlilzadə. Yeni
yaradıcılıq axtarışları və tükənməz
sevgi ilə xalqın dəyərli ziyalılarını, ədiblərini
geniş kütləyə tanıdır, ömürlərə
işıq salır, unudulanları xatırlayır. Ən maraqlısı da odur ki, Flora Xəlilzadə bu
gün təkcə özü mətbuatda külüng vurmur,
həm də övladları Elnur və Bəhruz onun yolunu sevə-sevə
davam etdirirlər.
Flora Xəlilzadənin çəkdiyi zəhmət hər
zaman yüksək qiymətləndirilib. O, Azərbaycan
Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin
üzvü kimi bir çox mükafatlara layiq
görülüb. Onun aldığı
mükafatları sadalasaq uzun bir siyahı alınar. Hər
zaman yaradıcı adamlara diqqət və qayğı ilə
yanaşan Prezident İlham Əliyevin sərəncamları ilə
aldığı "Tərəqqi" medalını və
"Əməkdar jurnalist" fəxri adını isə həyatının
ən böyük uğuru hesab edir.
Oxucuların gözündə publisist kimi məşhurlaşan, bəzən yazdığı şeirləri üzə çıxarmaq istəməyən, "məni publisist kimi tanıyın" deyən sevimli həmkarımıza cansağlığı, uzun ömür arzulayırıq! Müasir mətbuatımız onunla daha oxunaqlı, daha cəlbedicidir.
Zərəngiz
MANSUROVA
(AZƏRTAC)
525-ci qəzet 2018.- 22 avqust .- S.7.