“Ağ
göl”ün roman iqlimi və ya Pircahanın tanış hekayəsi
Rəvan CAVİD
Bəzi kənd romanları şəhər romanlarının
yazılmasına zəmin
yaradır, hətta bəzən hər hansı bir şəhər romanında
kənd romançısının
detallarına, üslub
texnikalarına, mövzu
rənglərinə rast
gəlmək olur. Bu növ kənd romanları ötən əsrdə Türkiyə
romanında postmodern dövrün
başlanmasına stimul
vermişdi. Sonrakı illərdə
Azərbaycan ədəbiyyatında
da bunu müşahidə
edəcəkdik (Mirzə
İbrahimovun “Gələcək
gün” romanıyla, məsələn).
Haqqında qısaca fikirlərimi
yazmaq istədiyim, yuxarıda qeyd etdiyim kənd romanlarından biri və bəlkə də çağdaş ədəbiyyatımızda metafizik,
magik-realist romanlar içində birinci kimi qiymətləndirə
biləcəyimiz, Şərif
Ağayarın hələlik
sonbeşiyi olan “Ağ göl” romanı da kənddə baş verən şəhər hadisələrindən ibarətdir...
Romanı oxuyandan sonra
çantamı belimə
alıb kəndimizə
- romanın baş qəhrəmanını və
yazıçı bir
dostumun da dediyi kimi - milli
Qreqor Zamzamız olan Camal atanı
axtarmağa getdim.
Bilmirəm, romanınmı təsirindən,
yoxsa məqsədimin yazı olmasındanmı kəndimiz mənə Pircahanı, kəndimizdəki
adsız göl isə Ağ gölü dayanmadan xatırlatdı. Nədir bu
romanda məni cəlb edən?
Təsvirlər...
İlk öncə
onu deyim ki, “Ağ göl”
uzun hekayəsi (bundan sonra uzun
hekayə yazacağam)
qısa, sadə, bir o qədər solğun rənglərdən
ibarət və magik təsirli, metafizik təsvirlərdən
ibarətdir. Qoyun və quzuların
eyni çəməndə
gəzişmə təsviri,
iydə ağacları,
kəndin ümumi portreti, Camal atanın fiziologiyası, digər obrazların istər yumorla, istər tamamilə yazıçıya xas bir ciddiliklə vurğulanması təhkiyəni
uğurlu edir. Göl və müqəddəslərin
qəbirlərinin ilk göstərilməsi,
daha sonra dəfələrlə oxucunun
hafizəsinə bu qəbirlərin salınması,
Camal atanın xarakteri bu uzun
hekayədə sehirli bir təsir yaradır, vahimələndirir
(gecələr Ağ gölün suyunun təsviri, məsələn).
Bu isə mənim
mütaliə xatirəmdə
Salman Rüşdinin romanlarındakı təsvir
və göndərmələri
oyandırır. Müəllif mistik bir roman yazmaq istəməyib, amma bu onda
alına bilərdi.
Kəndin yanması zamanı alovu hiss etdirə bilən yazıçı, mənə
kənd camaatının
təlaşını tam yaşada
bilmədi. Əsas məsələ Camal atanın təsvirində başlayır.
Hörümçəyə bənzəyən (qolları uzun idi, barmaqları isə hörümçək
tutquclarına bənzəyirdi,
beli əyri idi) Camal ata
hekayənin əvvəlindən
sonadək danışmır.
Bu, oxuduğum romanların içində
ilk idi. Dili var, düşünə
bilir, ancaq danışmır. Bu, postinsan əlamətləridir
(danışığından şüurlu şəkildə
imtina edir). Bütün günü qaratikan kollarından çəpər hörən,
bəzən balıqçılara
kömək edən Camal atanın xarakteri bir az bizə yaddır. Daha çox ibtidai insanı yadımıza salan müəllifin sanki özü də bu obrazı
yaradanda bir az tədirginlik
çəkib. Lakin Camal
ata çağdaş
ədəbiyyatın ən
maraqlı obrazı olaraq yaddaşımın bir qaratikan kolunda
ilişib qaldı.
Hadisə təsvirlərinin - məsələn,
Ağ gölün hasara alınması, Camal atanın oğlunun göldə itməsi, Maarif müəllimlə Hacı
Mikayılın mübahisələrindəki
üstüörtülü, ya da üstüaçıq
məqamlar digər romanlarındakı təsvirlərdən
daha yaraşıqlı
görünürdü.
Camal atanın
xoşbəxtliyi sarı
rəngdə görməsi
fikri isə yazıçının özünəxas
ideyadı. Burada Xeyir (xoşbəxtlik
daha çox çəhrayi rənglə
ifadə olunur) və Şərin (sarı daha çox ayrılığın,
həsrətin rəngi
kimi qələmə verilir) eyni anda
eyni insanda təzahür edə biləcəyi fikri ilə çıxış
edir müəllif.
Daha altşüurlarda isə “Xeyir və Şər
qardaşdır” (Avesta)
aksiomu durur.
“Ağ göl”, yoxsa Laçın?..
“Ağ göl” uzun hekayəsində gölün xarici bir alman şirkəti
tərəfindən hasara
alınaraq Pircahan qəsəbəsindən ayrılması
bizim Qarabağ problemimizə göndərmədir. Bundan bir
roman əvvəlki “Gülüstan”
romanında müəllif
yuxarıda qeyd etdiyim mövzuya daha aydın toxunsa da, bu
romanda da üstündən keçə
bilməyib. Onun özünün də şüurlu şəkildə
bu mövzuya dayanmadan toxunması müəllifin coğrafiyasının
nəyə görə
hələ də urbanizasiya prosesini aşmadığı sualına
konkret cavab verir: Şərif Ağayar şəhərli
olmaq istəmir, Laçını istəyir.
Bəlkə də Camal atanın finalda yanan kəndə
yenə də səssiz baxması elə yazıçının
iç səsidi. Camal atanın hekayənin sonlarını oxuyarkən
diqqətimizi çəkəcək
olan üç kəlməni demək üçün holdinqdən
bir nəfəri axtarması və tapmaması siyasi problemə daha bir göndərmədir.
“Mamırlı yazılar” və Maarif müəllimlə Hacı
Mikayılın mübahisələri...
Ən maraqlı
hissə. Və bəlkə də
Şərqlə Qərbin
qarşı-qarşıya dayandığı
şəhərləri çox
sadə bir neçə dialoqda göstərə bilən
detallar. Pircahan camaatı
öz talelərini iydə ağaclarının
altındakı müqəddəslərin
baş daşlarına
yazılmış mətnlərlə
müəyyən edir,
onlara bütün məsumluqları ilə inanırlar. Bircə nəfərdən
başqa - Maarif müəllimdən başqa.
Maarif müəllim Pircahanın
avropa adamıdı.
O, elmə inanır. Onun inandıqlarında müqəddəs
yazılara inanmaq kimi utopiyalar, nağıllar, Ağ baba əfsanələri yoxdu. Hacı Mikayılla da
məhz bu səbəbdən hər qarşılaşanda mübahisələri
düşür. Hacı Mikayıl
həm müsəlman
Şərqini, həm
də “Min bir gecə” nağıllarındakı
şərqliləri xatırladır
(“Mamırlı yazılar”
haqqında bəzən
özü mistik əhvalatlar uydururdu).
Müəllif, deyərdim ki,
ustalıqla böyük
şəhər romanlarında
tez-tez oxuduğumuz, ümumiyyətlə, 21-ci əsr
ədəbiyyatının əsas
mövzularından birinə
çevrilən Şərq-Qərb
müzakirəsini yazdığı
məlum uzun hekayədə oxucuya sadə, anlaşıla bilən dillə göstərir. Bu artıq uğurdur. Amma dialoqlarda müəllifin Maarif müəllimi digər obrazlar tərəfindən təkləməsini
göstərməsi bir
qədər obyektivlikdən
uzaq olur.
Pircahan qəsəbəsinin
camaatının Cahan ana ilə Maarif
müəllim arasında
gizli sevgi münasibətinin yaşanmasını
düşünmələri də romana xüsusi rəng qatır. Maarif müəllimi nə
qədər vicdanlı
biri kimi göstərsə də müəllif, bu mövzunu çox davam etdirmir və sanki bundan
çəkinir də.
Bunlar və digərləri kimi xırda, eyni zamanda, maraqlı detallarla yadda qalan “Ağ göl”də postmodern bir hissəni vurğulayıb
final etmək istəyirəm.
“Bircə mən
şahidəm ki, Camal ata yalan
danışmırdı!”
“Bircə mən
şahidəm ki, Ağ baba pirinin
əhvalatını heç
bir pircahanlı unutmurdu”.
Burada çox
güman ki “mən” müəllifin özüdür. Belə olmasa da, yazıçı bu hissədə postmodern atmosferi
qura bilir.
Roman ədəbi mühitdə
rəğbətlə qarşılansa
da, oxucu kütləsinə arzulanan
şəkildə çatmadı. Bunda günahkar
isə Camal atanın taleyini piar etmək istəməyən Şərif
Ağayar oldu.
Ümid edirəm ki, bundan sonra yazdığınız
bütün romanlar Ağ gölün dümağ suları saflığında olacaq,
əziz müəllif.
525-ci qəzet 2018.- 25 avqust.- S.16.