Bakı... Və Qara Qarayev
PƏRVİN
Bakı
başdan-başa sirrdi, ovsundu... Bomboz
torpaqlarının altında qara qızıl - neft gizlənir.
Yeganə təbiət hadisəsi Xəzərdi
- onun da dəniz ya göl olması tam aydın deyil.
Yayı
isti, bürkü, qışı sərindən bir az soyuq. Xəzrisi damları da, qumları da
göyə sovuran, gilavarı isti havanı ciyərlərinə
doldurub ürəyini bir az daha
darıxdıran. Ümumiyyətlə bu
möcüzə şəhəri anlamaq olmur. Limanına
yan alan getmək istəmir, müvəqqəti
oxumağa gələn mütləq burda qalmaq, hətta burda
ölmək istəyir... Axı niyə? Bakının füsunkar təbiəti, yaşamaq
üçün gözəl şəraiti tarixən
olmayıb. Hələ ötən əsrin əvvəllərində
kustar üsulla neft çıxarılmasının ekologiyaya
vurduğu zərbələri demirəm... Elə
isə nədi bu şəhəri hər kəsə sevdirən?
Burdan gedən dost da, düşmən də Bakı
arzulayır. Bu şəhərin küçələrində
bircə dəfə də olsa addımlayan adam
onu heç vaxt unutmur. Lap Qadına oxşadı deyilmi?! Bir az dərin düşünəndə Bakı həm
nərmənazik, baxımlı gənc xanımdı, həm də
oturuşmuş ağbirçək. Hələ indiki görkəmi,
gözəlliyi də heç...
Anadan
olduğum ailə, yaşadığım yerlər,
Abşeronun az qala hər kəndi, hər qəsəbəsi
ilə bağlılığım bu möcüzə şəhərin
mahiyyətinə varmağa, sirlərini anlamağa kömək
olur. Bakının mətbəxini
gözümün önünə gətirirəm, damaq
yaddaşımdakı dadları hafizəmdən
çağırıram və başa düşürəm ki,
aza qane olmaqdı həm də buranın
üstünlüyü. Bir masqura ət, bir kasa unla
düşbərəni qutaba, qutabı xəngələ
calayıb ev dolusu adamı razı sala bilir
bakılı. Ucuz və dadlı... Axı
doğrudan dadlıdı, müasir zamanın bütün
kalori antireklamlarına baxmayaraq, Bakı mətbəxi
aktuallığını itirmir. Yeməkdən
başlamağım bir az qəribə
görünə bilər, yəni yemək bu qədərmi
vacibdi - sualı yaranar... Neyləməli ki, bakılılardan
ötrü vacibdir; özünün yeməsindən daha
çox qonağının mədəsini sevindirməkdən
ötrü sinov gedir... Və burda “yeyib gəlmişəm”
sözü heç vaxt keçmir, yeməlisən, vəssalam!
Özü də qayda-qanunu ilə; düşbərəni sirkə
ilə ye ki, təzyiqin qalxmasın, qutabı cırma, çəngəlləyib
incitmə, bük - vur dişləmi, sumaxın bol elə -
yağı ürəyini vurmasın, xingalı da qatıqla
ye, yoxsa tez doyarsan... Hə, bütün bunlar bakılı ailələrinin
dəyişilməz qanunlarıdı... Amma məsələ
burasındadır ki, yemək mərasimləri də tarixən
az qala kult olub. Lap qədimlərdən
soyuq evlərini kürsüylə isidən bakılılar bu
kürsünün ətrafında ailəliklə toplaşıb
nahar edərmişlər. Evin böyüyündən
kiçiyinə kimi hər kəs kürsünün dövrəsində
oturub olanlardan keçənlərdən
danışarmış... Birgə yemək, hər
tikəsini bölüşmək bu ailələri mehriban edərmiş.
İndi isə başqadı çox şey.
Nə o kürsülər var, nə kult səviyyəsində
yemək mərasimləri. Amma o ailə, nəsil,
məhəllə içərisindəki mərasimləri
bakılılar sənət səviyyəsinə kimi
böyüdə biliblər. İki janr Bakının
mahiyyətini açmağa kömək olur: muğam və
meyxana! Ən peşəkar muğam ustaları da Abşeronun kəndlərində
toylara getməkdən çəkiniblər həmişə,
yalnız özünə arxayın adam bu
auditoriyanın qarşısında oxumağa cəsarət edə
bilərdi. Bax bu ciddi və son dərəcə
düşündürücü məsələdir. Muğam qədər qəliz, dərin mənası
və fəlsəfəsi olan dahiyanə musiqini heç bir
savadı olmayan adamlar necə duyurdular, nə cür
anlayırdılar?! Yaxud bir tərəfdə ciddi,
hüzün gətirən, min illik genləri tərpədən
muğam, o biri yanda sümüyə düşən,
dodağı qaçırdan, sataşan, bəzən hətta
təhqir edən meyxana... İkisinin cəmidi əslində
Bakı. Həm heç hara tələsməyən,
uzun və səhərəcən davam edən muğam
axşamları, həm də temp, ritm, yumor,
hazırcavablıq tələb edən meyxana məclisləri,
hamısı Bakının ruhuna hopub, qanına işləyib.
Amma məsələ burasındadır ki, nə
muğam, nə də meyxana Bakının canında,
qanında sadəcə bir məhəlli səviyyədə
qalmayıb, ən yüksək sənət nümunəsi səviyyəsinə
yüksəlib. Həm də meyxanadan
törəyən (şübhəsiz ki, təkcə meyxanadan
yox!), yetişən, boy göstərən Əliağa Vahid
şeiriyyatı buna bariz nümunədir.
Bakının fəlsəfəsinə varanda bir məqam
da diqqəti çəkir. Təbiətin rəngsizliyi
və burda dünyaya göz açan, rəssamlıq sənətimizin
ən gözəl nümunələrini yaradan sənətkarlar.
Səttar Bəhlulzadədən tutmuş müasir rəssamlarımıza
kimi onlarla adamın adını çəkmək olar... Axı gözlərini açıb şoran torpaq,
boza çalan “yaşıllıq” görən bu adamların rəng
duyğusu necə yaranıb, necə inkişaf edib bu yerdə?!
Bakılıların təbiət anlayışına aid bir
maraqlı rəvayəti heç unutmuram... Bakılı
səfalı bir rayondan gələn qonağını bağa
dəvət edir. “Bağ” anlayışını bumbuz
bulaqlarla, yamyaşıl çəmənlərlə, sıx
meşə ilə, sərin hava ilə birgə qəbul etməyə
alışmış qonaq Abşeronun ilan mələyən
düzündə, dənizə bir az yaxın, bir-iki əncir,
tut, nar ağacı, yerə sərilmiş üzüm tənəkləri
olan bu “bağ”dan dəhşətə gəlir, canını
qoymağa yer tapmır, istidən bişir az qala. Axırı dözməyib “bağım var,
bağım var - deyirsən, budu bağ?” - deyə soruşanda bakılı təəccüb
içində “Day nə lazımdu? Təmiz hava, kəhrəba
kimi qum, bir də dəniz...Bəsdü də...” Bu məntiqdən
çıxış edəndə görünür elə rəssamlarımıza
da bunlar bəs edib, günəşin dəniz, kəhrəba qum dənələri və yerə sərilmiş
üzüm yarpaqları üstündə yaratdığı
minbir rəng çaları onları ilhamlandırmağa
yetib. Hələ üstəgəl möhkəm
ailə institutu, çay süfrələri arxasında gecə
səhərəcən davam edən şən söhbətlərin
yaratdığı mühit - şəxsiyyətin yetişməsi
üçün ayrı nəyəsə ehtiyac da qalmayıb.
Bu mənada yay ayları bakılılardan ötrü
istirahət və mənəvi zənginlik zamanı olub həmişə. Payızın,
qışın isə öz qayğıları
varmış... Bağlardan özləri
demiş “iki göz”, (yəni iki otaqlı), “üç
göz” evlərinə yığışan bakılılar
ruzilərini dənizdən istəyiblər. Az qala hər ailədə, hər evdə dənizdə
batan, həyatını faciə ilə sona yetirən bir adam
olub. Və bu faciələrin özü də
insanları yaxınlaşdırıb, birləşdirib.
Şübhəsiz ki, yalnız faciələr
yox. Təkcə elə İçəri
şəhərin arxitekturasına, darısqal küçələrinə
nəzər salmaq yetər ki, Bakının əsl xarakterini,
simasını görəsən. Bir-biriylə qol-boyun
evlərdə yaşayan qonşuların hər işi, hər
sözü, hər hissi paylaşılırmış;müasir hissiz, duyğusuz, robot sosial şəbəkələr
səviyyəsində yox, insani səviyyədə...
Bu qaynar həyatın, təzadlı məişətin
içərisində, paytaxtın mərkəzində də
yazılmamış ibtidai qaydalar, halal-haram gözləmələri
ilə yaşayan yerlilərin təhsilə də münasibəti
birmənalı olmayıb. Bu adamların içərisində
xurafata uyub elmdən uzaq düşənləri də,
“ana-bacı söhbəti” edib qızlarını məktəbə
qoymayanları da, sadəcə sürücülüyü
özünə peşə edib aerodrom papağını yan
qoyub gəzənləri də az
olmayıb. Hələ “zərərli vərdişlər”dən
danışmıram. Bütün bu məqamlar
zaman-zaman sənətin mövzusu olub, ona görə indi niyyətim
bunları təhlil etmək deyil. Sadəcə təhsildən
danışmışkən bir incəliyi diqqətə
çəkmək istəyirəm - bakılıların
maksimalistliyini... Ya ümumiyyətlə oxumamaq,
özünə peşə tapmaq (yeri gəlmişkən
avara, bivec adama “özünə peşə tap” demələri
də burdan gəlir...), ya da hərtərəfli təhsil
almaq. Multikultural şəhərdə rus,
yəhudi qonşuların bu mənada yaxşı təsiri
olub yerlilərə, uşaqlarına hərtərəfli savad
verməyə, həm dəqiq elmləri, həm də incəsənəti,
musiqini öyrətməyə çalışıblar.
Amma mühafizəkar ailələr heç vəchlə
övladlarının incəsənət, musiqi arxasınca
getməsini istəməyiblər. Bu, sadəcə ruhun tərbiyəsi
üçün imiş... Amma məgər
böyük istedadın qarşısını almaq
mümkündümü? Deyil! Sübut - Qara Qarayev!
MƏKTƏB... MƏKTƏB...
Əbülfəs Qarayev Azərbaycanın
tanınmış pediatrı, tibb elmləri doktoru, professor,
onun həyat yoldaşı Sona xanım Axundova-Qarayeva hərtərəfli
təhsil almış, poeziya və musiqiyə həvəs
göstərən istedadlı Azərbaycan xanımı idi. Bu ziyalı
ailənin uşaqları ortabab təhsil ala bilməzdilər
şübhəsiz. Ona görə
övladının həkim olacağını
düşünən Əbülfəz Qarayev balaca Qaranın
hərtərəfli bilik alması üçün Azərbaycan
Dövlət Konservatoriyası yanında musiqi məktəbinə
də qoyur. O böyük yol da elə burdan
başlayır. Musiqiyə “yoluxmuş”, onunla nəfəs alan
yeniyetmə burdan sonra
musiqi texnikumunda da təhsil alır və həkimlik
ixtisasını seçməkdən imtina edir. Qara Qarayevin bəstəkar
kimi yetişməsində Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq və Azərbaycan
xalq musiqisinin əsasları siniflərində, həmçinin
Moskva Dövlət Konservatoriyasının bəstəkarlıq
sinfində aldığı təhsil, Azərbaycan professional bəstəkarlıq
məktəbinin yaradıcısı Üzeyir bəy Hacıbəylinin
və XX əsrin böyük rus bəstəkarı Dmitriy
Şostakoviçinböyük rolu olur. İki
böyük məktəb hər şeydən əvvəl Qara
Qarayevin varlığında, xarakterində, şəxsiyyətində,
daha sonralar isə sənətində, yaratdığı
ölməz musiqi əsərlərində özünü
göstərir. Bir də şübhəsiz ki,
doğulduğu ailədə, yaşadığı mühitdə,
daha öncə təsvir etdiyim Bakı ab-havasında
aldığı tərbiyə... Əsərlərindəki professionallıq, Avropa və Şərqin
sintezi, həmçinin milli musiqimizdən qaynaqlanan dərinlik,
doğmalıq, coşqu - bütün bunlar
sadaladığım 3 böyük məktəbin - xalq,
Üzeyir bəy və Şostakoviç məktəbinin birləşməsidir.
Bir də
şübhəsiz ki, fitri istedad... Amma axı Füzuli də
deyirdi ki, “Zira ki, elmsiz şeir əsası yox divar olur və əsassız
divar qayətdə bietibar olur...” Qara Qarayev sənətinin
isə əsasları-təməlləri çox möhkəm
idi. Və yazımın əvvəlki
bölümündə sənətkarı yetişdirən
“şifahi mühit”dən söz açdığım
üçün indi Üzeyir bəy və Şostakoviç
məktəblərini birləşdirən bir məqamı
xüsusi vurğulamaq istərdim. Axı bəstəkar
özü də müsahibələrində deyirdi:”...mən
təhsilə Bakıda Hacıbəyovdan başlamışam,
Moskvada Şostakoviçdə isə təhsilimi
tamamlamışam. Ona görə Şərq və
Qərb ilk əvvəldən məndə bir vəhdət təşkil
ediblər. Mən sanki iki ananın oğluyam...”
Musiqişünas
deyiləm və bu böyük peşənin çətinliklərini
təxmin edirəm, ona görə də bu iki böyük
müəllimin musiqi dünyaları arasındakı oxşar
və fərqli cəhətləri incələmək
düşüncəsindən uzağam... Sadəcə dinləyici
kimi Üzeyir bəy musiqisi ilə Şostakoviçin əsərləri
arasındakı bir ortaq cəhəti deməliyəm... Əsas ortaq cəhət İŞIQdır. Bəli, işıq, o işıq ki, hər iki
müəllim həmin işığı tələbələrinə
ötürüblər. İkicə tarixi
fakt dediyim fikrin təsdiqidir. Üzeyir bəyin
ağır repressiya illərində “Koroğlu”
operasını və Dmitriy Şostakoviçin Leninqrad
blokadası zamanı “Leninqrad simfoniyasını” (7-ci simfoniya)
yazması. Bir anlıq bu iki faktın mahiyyətinə
varanda hər iki sənətkarın sənətin
gücünə inamını görürsən. Deməli o zaman ki, millilik, özünü dərk -
vətən xainliyi sayılırdı, pantürkizm
damğası ilə gedər-gəlməzə göndərilirdi,
Üzeyir bəy ilk notundan sonuna kimi millilikdən
yoğrulmuş, milli qəhrəmanlıq dastanımızın
əsasında opera yazır və bu operanı hətta Stalin
özü belə qəbul edir, bəyənir. Özünə, kimliyinə, sadəcə
atasına-babasına sevgisini ürəyində saxlamalı,
gizlətməli olan adamların zəmanəsində nə qədər
böyük təsəllidir?!
Bəs İkinci Dünya Müharibəsi zamanı illərlə
blokadaya alınmış, ac-susuz, dünya ilə əlaqəsiz,
ümidsiz Leninqradda Şostakoviçin qələbə
marşına bənzəyən simfoniyasının
çalınması?! İlk dəfə bu simfoniyanı dinləyəndə
dilim tutulmuşdu, yaranma, yazılma tarixçəsini dönə-dönə
oxumuşdum, bəlkə şəhər mühasirədən
çıxandan, azad olandan sonra yazılıb?! Yox, elə
deyildi, hətta Şostakoviç daha əvvəl
başladığı mövzunun bir hissəsini elə blokada
içərisində olan şəhərdə yazıb, sonra
ailəsi ilə birgə şəhərdən
çıxarılsa da, bu simfoniya ilə yenidən
“qayıdıb” Leninqradlıların yanına... O zamanlar qazax
şairi Cambul Cabayevin “Leninqradlılar, balalarım mənim”
şeiri, bir də bu simfoniya Leninqrad faciəsinin simvoluna
çevrilmişdi. Aclıqda, əsarətdə, hər an
bombardman olub yer üzündən silinmək qorxusu ilə
üz-üzə duran leninqradlılar öz
azadlıqlarını iki il tez, 9 avqust
1942-ci ildə qeyd edirdilər. Orkestrin üzvlərinin
bəziləri aclıqdan ölmüşdülər, kimlərsə
xəstəydilər, amma bu elə böyük hadisə idi
ki, hətta ordudan belə ifa qabiliyyəti olan adamları cəlb
edib konsertə hazırlaşmışdılar. Düşmən hər tərəfdən izləsə
belə böyük Filarmoniyanın işıqları
zül-zül yanırdı, konsert salonu ağzınacan dolu
idi, radio ilə birbaşa translyasiya olunurdu musiqi, üstəgəl
reproduktorla bütün şəhərə yayılırdı.
Ordu tətikdə durub Filarmoniyanı qoruyurdu,
bilirdilər ki, bu böyük təntənə qarşı tərəfin
ürəyincə olmayacaq, hər an atəş aça bilərlər.
Amma almanlar sadəcə mat qalmışdılar. Müharibə
bitəndən sonra alman ordusunun zabitləri həmin gün
keçirdikləri hissləri etiraf ediblər: onda başa
düşdük ki, biz müharibəni uduzacağıq. Axı o böyük ruh yüksəkliyinin
qarşısında hansı ordu, hansı düşmən tab
gətirə bilərdi?! Bax bunu edən
Şostakoviç musiqisi idi... Qara Qarayevin bəstəkar kimi
yetişməsinə, əslində sadəcə bəstəkar
yox, mütəfəkkir, alim, filosof səviyyəsində bir
şəxsiyyət olmasına bu faktlar - Üzeyir bəy və
Şostakoviç işığı birbaşa təsir
edib... Bəlkə ən qəmli mövzularda
belə Qara Qarayevin işıqla, nurla dopdolu musiqilər
yazmasına səbəb həm də budur. Orduları,
qadağaları susduran sənətin gücünə inam!
LEYLİ VƏ MƏCNUN... SARİ
VƏ LENNİ...
Qara Qarayev şəxsiyyətindən, musiqisindən
söz açanda ilk vurğulanmalı məqam sənətkarın
dünyanı bütöv görməsidir. Bir tərəfdən ən
müxtəlif
xalqların bəlalarını yazmaqla əslində
öz millətinin problemlərini nota
köçürürdü (bu, Sovet reallığında Ezop
dili kimi bir üsul idi), amma digər tərəfdən də sənətkar
insana, insanlığa daha geniş baxış
bucağından yanaşırdı.
Şekspir “Romeo və Culyetta” əhvalatını
dünyanın ən qəmli rəvayəti adlandırır. Amma dərinə
varanda Leyli və Məcnun sevgisi daha qəmlidir.
Çünki Romeo ilə Culyettanın nəyisə dəyişəcəklərinə
azacıq ümidləri, müqavimətə gücləri
vardısa, Leyli və Məcnun hər tərəfdən
“köməksiz”dilər, hisslərinə
sığınıb yaşamalıydılar. Amma
bu çarəsiz eşqi belə Qara Qarayev dərd kimi yox, incə
və səadət gətirən duyğu kimi, lirik-romantik
çalarlarla ifadə edib. Nizami Gəncəvinin anadan
olmasının 800 illiyi münasibətiylə
yazdığı “Leyli və Məcnun” simfonik poemasını
dinləyərkən aşiq və məşuqun çarəsizliyindən
daha çox sadəcə çıxılmazlıq, amma
hardasa sonda, lap o dünyada olsa belə görüşmək,
birləşmək ümidi duyulur. Şübhəsiz
ki, poemanın özündə də bu ideya var. Amma etiraf etməliyəm
ki, məhz Qarayev musiqisi bu sevginin ölməzliyinə, zamana və
qadağalara qalib gələcəyinə inam yaradır.
Filosof-bəstəkar bütün hallarda mühitin,
mövcud şəraitin sevgiyə qənim kəsilməsini
istisna etmir. Və
“Leyli və Məcnun” simfonik poemasında mühit daha çox
fon kimi göstərilirsə, ondan daha öncə
yazdığı “İldırımlı yollarla” baletində
qəddar bir “düşmən” kimi - maneə kimi önə
çəkilir. XX əsrin 40-cı illərində Cənubi
Afrikadakı “Aparteid” zamanı, irqi ayrıseçkiliyin
hökmran olduğu dönəmdə iki gəncin - ağ irqdən olan Sarinin, qaradərili Lenniyə
vurulmasından və gənc sevgililərin
yaşadığı faciədən bəhs edir bu əsər. Balet Piter Henri Abrahamsın
romanı əsasında Yuri Solominskinin yazdığı
librettoya bəstələnib. Hadisələr Cənubi
Afrikada cərəyan edir, qəhrəmanlar azərbaycanlı,
şərqli deyillər. Amma baletin
bütün ruhundan milli musiqimizin incəlikləri duyulur,
xüsusən də qızların və sevgililərin rəqslərindən.
Bunun da səbəbi bəstəkarın
özünün də etiraf etdiyi kimi milli köklərə
bağlılığıdır.
Xatırlayıram ki, 2012-ci ildə Cənubi Afrikadan olan,
dünyaca məşhur aktrisa Tembi Mtşali “Qadın
intizarı” adlı monotamaşası ilə Bakı Beynəlxalq
Teatr Konfransına qatılmışdı. Təxminən
iki saat ailəsi aparteiddən əziyyət çəkmiş
bu qaradərili xanım səhnədən öz millətinin
faciəsini danışırdı, oynayırdı, oxuyurdu,
çığırırdı, üsyan edirdi, həzin-həzin
ağlayırdı və eyni ardıcıllıqla bizlərə
də, tamaşaçılara da yaşadırdı bu hissləri.
Tamaşadan sonra qrim otağına keçib
aktrisa ilə söhbət etmək imkanım oldu. “Bilirsiz ki, Azərbaycanlı bəstəkar sizin
xalqın faciəsinə balet yazıb?!” - deyəndə
Tembi çox təəccüblənmişdi və bu haqda ətraflı
danışmağımı istəmişdi, telefonumdan
kiçik bir parçaya bərabər qulaq asanda necə həyəcanlanması
da yadımdan çıxmır. Axşam banketdə
Tembi bizim xalq mahnılarını elə ürəkdən
oynayırdı ki, hamı sadəcə mat qalmışdı.
Ona tamaşa etdikcə
düşünürdüm ki, yalnız böyük sənətkarlar
üçün heç bir fərqi yoxdur, insan, hər yerdə
İNSANdır və onun hissləri də, əzabları da
çox oxşardır. Bu mənada Qara
Qarayev süni bir dünya adamı obrazını
yaratmırdı, həqiqətən belə görürdü
insanı və öz xalqının bu böyük millətlər
arasındakı yerini dəqiq bilirdi, musiqisi ilə ifadə
edirdi. Bir də axı nə fərqi?
Sevginin yolu hər zaman, hər yerdə İLDIRIMLIDI... Ərəbistan
səhrasında da, Bakıda da, Afrikada da...
BİR QADIN... YEDDİsinə və
bütün DÜNYAya qarşı...
Bəstəkarın oğlu Fərəc Qarayev atası
ilə bağlı xatirələrini bölüşəndə
nənəsinin, babasının Qara Qarayevin sənətinə
münasibətini də xüsusi vurğulayır. Yalnız
“Yeddi gözəl” baletindən sonra ona ciddi yanaşdılar -
deyir. O zamana kimi Əbülfəs Qarayev elə hey bu
yoldan çəkindirmək istəyirmiş oğlunu, normal təhsil
al, həkim ol - deyirmiş. Daha öncəki illərdə
fortepiano üçün yazdığı “üçsəsli
fuqa”, simfonik orkestr üçün “Passakaliya və
üçmövzulu fuqa”, nəfəsli alətlər
üçün “İdman” süitası, “Ömər Xəyyamın
sözlərinə 6 rübai” romanslar məcmuəsi ilə bəstəkar
uğur qazansa da, ailəsi məhz “Yeddi gözəl” seviləndə,
ümumittifaq səviyyəsində, dünya səviyyəsində
qəbul olunanda, afişləri şəhəri bəzəyəndə
ürəkdən sevinirlər və Əbülfəs Qarayev həyat
yoldaşına - “onu daha rahat buraxaq” - deyir.
Ailəsində Qara Qarayevin sənətinə çox
böyük hörmət olub. Səməd Vurğun
küçəsindəki ikiotaqlı mənzildə
otağın biri bəstəkarın ixtiyarında imiş,
ikinci otaq isə dolablarla bölünürmüş ki,
uşaqlar dərs hazırlaya bilsinlər. Fərəc
Qarayev xatirələrini bölüşəndə
anasının, Qara Qarayevlə hələ məktəb illərindən
sevgili olan, sonra onunla ailə quran xanımın ərinin
işinə necə sayğıyla
yanaşdığını xüsusi qeyd edir. Bəstəkar işləyəndə hamı
barmaqlarının ucunda gəzirmiş, telefon kəsilirmiş,
“Ata işləyir” - sözü bütün söhbətlərin,
səsin, küyün kökündən kəsilməsi
komandası sayılırmış. Qara
Qarayev isə hətta köməkçi ilə belə,
sutkada 8-10 saat işləsə də, çatdırıb hər
şeyi köçürə bilmirmiş nota. Pirşağı bağında, 40 dərəcə
istidə bəstəkar yaş mələfəyə
bürünüb yazır, yazır, yazırmış. Bu faktlar insanı sadəcə riqqətləndirir.
Eşitmə problemi olan Bethovenin başına bumbuz suyu əndərib
oturub yazması yada düşür... Sənətini həyatının
mənası bilən adam dahi ola bilər. Qarayev isə sənətinin xəstəsi idi. Ona görə də ən qəliz mövzulardan, ən
riskli eksperimentlərdən çəkinmirdi. Və heç şübhəsiz ki, bu eksperimentlərin
də, mövzuların da zirvəsi “Yeddi gözəl” hesab
oluna bilər. Nədənsə ilk
oxunuşda Nizaminin “Yeddi gözəl” poeması tamam ayrı
cür qavranılır. Eyş-işrət içində
olan Bəhram şah, ona qarşı qoyulmuş xalq və Nizaminin əbədi
mövzusu sayılan paklaşma, mənəvi kamilliyə
yetişmə. Qara Qarayevin baleti isə tamam
ayrı ideyanı qabardır. Bəhramın
7 gözəllə əyləncəsi sadəcə süjet
üçündür burda. Nizaminin digər
əsərlərinin də ideyalarından istifadə edən sənətkar
daha böyük, bəşəri problemi göstərib.
Bəhram, onun paxıllığını çəkən vəzir,
7 gözəl və indiki dillə desək “bahalı həyatın”
göz qamaşdıran tərəfləri və bütün
bunlara qarşı olan Aişə... Məhz Aişənin rəqsi,
Aişənin Bəhramı mənəvi saflığa
çağırması, “Aişənin variasiyası”,
“Aişə təkdir” hissələri və sonda Bəhramın
Aişəni öldürüb qaranlığa çəkilməsi.
Qarayevin irəli sürdüyü ən
böyük ideya budur. Yeddi qadının işvəsi,
nazı yox, o yeddi qadınla kef edən şah obrazı yox,
bütün bunlara qarşı çıxan BİR QADIN...
Bütün bunlardan xilas etməyə çalışan
Aişə və onun ölümü... “Ürək
kardioqramması” kimi səslənən adajio, insanın
yüz-yüz illərin o tayında qalmış əcdadlarının
ruhunu sevindirən məşhur vals bu əsərin
ölməzliyinin sığortasıdır. Amma
eyni zamanda peşəkarlıq cəhətdən də bir məqamı
xüsusi qeyd etməyə ehtiyac var. Qara Qarayev müxtəlif
millətlərdən olan qızların rəqslərini o
xalqların milli musiqilərinin əsasında yazıb, bu da bəstəkarın
fenomenal biliyinin daha bir təsdiqidir. Düzdür, “Vyetnam
suitası”, “Alban rapsodiyası”, “İldırımlı
yollarla” baleti, “Don Kixot” qravürləri də bu faktı təsdiq
edir və bəstəkarın hərtərəfli biliyini
göstərir, amma məhz “Yeddi gözəl”də bu məqam
daha qabarıq, bütöv şəkildə nəzərə
çarpır. Hətta buna görə, dünyaviliyini
qüsur sayıb bəstəkarı ittiham edənlər də
az deyilmiş. Qarayev özü “”Yeddi
gözəl”i döyürdülər” - deyirdi, “qeyri-milli”
olmasında ittiham edirdilər. Amma əsərin ən məşhur
parçası, Çahargah üstündə
yazılmış vals millilikdən xəbər
vermirmi?! Bu sualı verirəm, amma onu da
düşünürəm ki, məgər paxıllara səbəb
lazımdı?
BAKI HƏSRƏTİ...
İstər
tələbələrinin, istər dostlarının, həmkarlarının,
bəstəkarla bircə dəfə ünsiyyətdə olan
adamların hər birinin dediyi odur ki, bütün məşhurluğu,
vəzifələri, böyük istedadı və dünya səviyyəsində
qəbul olunması ilə bərabər Qara Qarayev hədsiz təvazökar
adam idi. Bəstəkarın
sağlığında, özüylə müsahibə şəklində
çəkilən bir televiziya filmində bunu
açıq-aydın hiss etmək olur. Qarayev
dünyanın müxtəlif yerlərində, məşhur
adamlarla şəkillərini tez-tez çevirib “bunlar sizə
maraqlı olmayacaq” - deyir, amma özünün fotoya
aldığı əncir ağacını kadrda saxlayıb
ağacın gözəlliyi, qeyri-adiliyi haqqında
danışır. Bütün
varlığı ilə Bakıya, Azərbaycana bağlı
olan bəstəkar vətənə sevgisini heç vaxt gizlətmirdi.
Və maraqlıdır ki, böyük ürəyində
başqa duyğulara da, ağrılara da yer vardı. Bu mənada
Azərbaycanda ilk dəfə dodekafoniya üslubunda qələmə
alınmış III Simfoniyası Qarayev qəlbinin
kardioqramması kimi səslənir... Fikrət Sadıq “III
simfoniya” şeirində bunu dəqiq sözə çevirir:
Bir
ağız Osvensim fəryadı,
Bir tutam yaslı bulud.
Sonra
günəşin addım səsləri,
Sonra tufanqabağı sükut.
Dalğaların
parçalanması,
Qayaların
ovulması,
Bir də Dədə Qorqud.
Sonra Kərəm
yanğısı,
Sonra
çilik-çilik sınan su,
Tanış-çiçək
qoxusu,
Doğma yurd.
Sonra da
sual;
Saçları
qarışmış dünyamızı
Raket ucları
darayacaqmı,
Yoxsa kotanın dişləri?
Sonra
Rodenin fikirli insanı,
Nigarançılıq.
Sonra da
sonuncu akkord - Ümid!
Qarayevin qəlb bioqrafiyası kimi səslənir III simfoniya da, buna həsr olunmuş şeir də... Təəssüflər olsun ki, Qarayevin istedadını, uğurlarını həzm edə bilməyənlər az deyildi və son dərəcə kübar olan sənətkar sadəcə getməklə üsyan etdi, Bəstəkarlar İttifaqından ərizə verib getdi, Bakıdan da getdi. İşşemiya, infarkt keçirmiş ürək üçün həm emosional ağrılara, həm mənəvi əzablara, həm də mənasız dedi-qodulara dözmək çətin idi. Fərəc Qarayev müsahibələrindən birində deyir: “Xəstə olduğu üçün işləyə bilmirdi və işləyə bilmədiyi üçün xəstələnirdi, qapalı bir dairə yaranmışdı...” Sənətkar üçün bunun necə bir dəhşət olmasını təsəvvür etmək çətin deyil... Məhz belə dönəmdə Heydər Əliyev mənəvi dayaq olur ona. Vətən həsrətini heç nə ovuda bilmir. Qarayev müsahibəsində Bakıya sevgisini belə ifadə edir: “Harda oluramsa olum, ən gözəl yerlərdə, ən abad şəhərlərdə, ən təkrarsız məkanlarda... Bundan asılı olmayaraq, zəngin torpaqla - Bakıyla, Azərbaycanla əlaqəm üzülmür. Bu yer məni daim özünə çəkir. Bu ürəyimin içindəki simdir elə bil. Həm də bir az kədərli simdir, çünki indi o yerlərdən uzaqdayam.Amma həm də qəlbin dərinliyində pərdələnmiş, gizlədilmiş duyğudur. İçimi heç zaman tərk etməyən, tükənməyən nostalji hissidir.”
Qara Qarayev Bakı həsrətiylə dəyişdi dünyasını, sevimli, doğma şəhərinə çiyinlərdə qayıtdı və çox böyük ehtiramla son mənzilə yola salındı. O zamanın kadrlarına baxanda böyük Heydər Əliyevin Qara Qarayevin tabutunu çiynində aparmasını görəndə sadəcə fəxarət hissi keçirirsən... Bu insanlar sənin xalqına verilib.
Ölümündən xeyli əvvəl Qara Qarayev gündəliyində yazırdı: “İnsan həyatında ən ali an ölümdür... Həmin anda insan həyatda qalmışlardan yüksəklərə qalxmış bir nəhəng olur...Əsl böyük o adamdır ki, həmin anda baş verənləri dərk edərək ölümlə ləyaqətlə birləşir...” Yalnız ölməzliyi qazanmasına əmin olan insan ölüm haqqında, o qaçılmaz son haqqında belə təmkinlə düşünə bilər. O isə yaxşı bilirdi, əmin idi ki, hələ çox-çox illər, bu xalq var olduqca, dünya durduqca əsərləri, deməli özü yaşayacaq!
P.S. SİZİ
SEVİRDİM...
Qara Qarayev yaradıcılığında diqqət çəkən məqamlardan biri də odur ki, bəstəkar kino, teatr musiqisi çox yazsa da, romansları azdır. Amma elə Fidan Qasımovanın ifasında Puşkinin sözlərinə bəstələdiyi romansı dinləmək yetər ki, bəstəkarın bu janra da, bu mövzuya da münasibətini anlayasan. Puşkinin “Sizi sevirdim” şeirinə bəstələnmiş romans bütün fəlsəfələr, həmçinin Qara Qarayev fəlsəfəsi haqqında düşündürür. Qarayev “ya mənim, ya qara torpağın” - deyə bilməzdi, o cür sevə bilməzdi, buna kübarlığı, intellekti, böyüklüyü yol verməzdi sadəcə... Qarayev məhz belə sevməli idi:
Ümidsiz sevirdim sizi sakitcə,
Didirdi ruhumu qısqanclıq, təlaş.
Mən
sizi sevirdim səmimi, incə,
Beləcə sevəydi başqası da kaş.
(tərcümə:N.Rəfibəyli)
Ümidsiz də olsa, ruhunu qısqanclıq didsə də, yenə də səmimi, incə, yenə də xoşbəxtlik arzulayaraq... Aişənin, Leylinin, Sarinin sevgisi kimi!
525-ci qəzet 2018.- 25 avqust.- S. 10-11.