Şahmar Ələkbərovun 75 illiyi tamam oldu
Şahmar
Ələkbərov cəmi
49 il yaşayıb,
amma bu müddətdə
yaratdığı obrazlarla,
çəkdiyi filmlərlə
adını əbədi
olaraq kino tariximizə yaza bilib.
AZƏRTAC xəbər verir ki, bu
günlərdə görkəmli
kino aktyoru və rejissor Şahmar Ələkbərovun
anadan olmasının
75-ci ildönümü tamam
olub. O, 1943-cü il avqustun 23-də Gəncədə
dünyaya göz açıb. Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda
oxuyarkən Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb.
Teatrda
ilk dəfə Şekspirin
“Lope de Veqa” tamaşasında
çıxış edib.
“Ustalar” tamaşasında
qazandığı uğurdan
sonra böyük tamaşaçı auditoriyasının
rəğbətini qazanıb.
Bundan sonra məşhur sənətkar Adil İsgəndərov onu kinostudiyanın nəzdində
özünün yaratdığı
“Kino aktyorluğu” studiyasına
dəvət edib.
Şahmar Ələkbərov “Azərbaycanfilm” kinostudiyasında
aktyor və rejissor kimi fəaliyyət
göstərib. Təhsilini başa
vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb.
Şahmar Ələkbərov teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə “Ulduz” proqramının aparıcısı
kimi çıxış
edib. Bundan başqa, onlarla
televiziya tamaşasında
yaddaqalan obrazlar yaradıb, “Molla Nəsrəddin” radio verilişinin
aparıcısı olub,
bir çox filmlərin dublyajında iştirak edib.
Şahmar Ələkbərovun yaradıcılıq
bioqrafiyasında elə
filmlər var ki, onlar milli
mənəvi dəyərlərimizin
ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi
isə bu filmlərin milli mənəvi dəyərlərimizə
söykənərək tariximizin
müəyyən dövrünün
real ab-havasını canlı
əks etdirməsidir.
Ümumiyyətlə, 20 illik yaradıcılığı
dövründə müxtəlif
rejissorlarla işləmişdi
Şahmar Ələkbərov. “Dağlarda döyüş”dən
başlamışdı onun
ilk aktyor karyerası.
Şahmar Ələkbərovun
yaratdığı Qəzənfər
(“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”),
Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər
əsir”), Qatır Məmməd (“Gəncəbasarlı
qisasçı”), Feyzi
(“Firəngiz”), Gündüz
Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar...”), Cümşüd
(“Avqust gələndə”),
İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə
müxtəlif insanlardır.
Ancaq onları birləşdirən
Şahmar Ələkbərovun
aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə
olan hədsiz məhəbbətidir.
Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. “Yeddi oğul istərəm” filminə tamaşa edəndə hamımız Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi.
Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi “İmtahan” filmi olub. Sonra “Sahilsiz gecə”ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan “Qəzəlxan” filmi də uğurlu alınıb. Bu film Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.
Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.
525-ci qəzet 2018.- 25 avqust.- S.13.