Müasir Azərbaycan qadınının
parlaq siması
Azərbaycan qadını həmişə öz iradəsi
və mərdliyi, sədaqəti, ailəyə, milli-mənəvi
dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin
həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində,
xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşmasında mühüm rol oynayıb.
Tarixin bütün dövrlərində
qadınlarımız həm sədaqətli, ləyaqətli həyat
yoldaşı, həm görkəmli ictimai xadim, həm də
təmsil olunduğu sahədə özünü peşəkar
mütəxəssis kimi təsdiq edib, kişilərlə
çiyin-çiyinə mübarizə aparıb.
Qədim türklərin qadına nəcib münasibətini
aydın şəkildə ortaya qoyan “Kitabi-Dədə Qorqud”
dastanında da qadının cəmiyyətdə tutduğu
üstün mövqe öz əksini tapıb. Burla Xatun, Banu Çiçək,
Selcan Xatun kimi qəhrəman qadın obrazları, onların
mübariz həyat tərzi, cəsur və mərdanə
davranışları cəmiyyətdə qadınların hələ
yüz illər bundan öncə kişilərlə bərabər
hüquqlara, hətta daha mötəbər statusa malik
olduqlarını göstərir. Bu faktlara sadəcə
folklor yaradıcılığımızdan deyil, real həyatdan
da kifayət qədər misallar gətirmək olar. Atabəylərin
Möminə xatunu və Mehrican xatunu, XII əsr Şərq
İntibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi,
XV əsrdə Ağqoyunluların Sara xatunu, Qarabağ
Xanlığının sonuncu varisi - Xan qızı Natəvan,
XX əsr Azərbaycan qadınının əldə etdiyi
parlaq məziyyətləri özündə əks etdirən
Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində
müstəsna iz buraxmış Aida xanım İmanquliyeva kimi
mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində
cəmiyyətin, dövlətçiliyin təkamülündə
aparıcı qüvvə kimi çıxış etmiş və
özlərindən sonrakı nəsillər üçün
Azərbaycan qadınının mükəmməl örnəyini
yaratmışlar.
ÇAĞDAŞ QADIN
HƏRƏKATINDA YENİ SƏHİFƏ
Tariximizin ən önəmli məqamlarında Azərbaycan
xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz
fədakarlıq, sonsuz vətənpərvərlik
bugünkü dövlət quruculuğumuzda, cəmiyyətimizin
siyasi-iqtisadi, mənəvi-sosial inkişafında yorulmadan
çalışan Azərbaycan qadını üçün
də ilham mənbəyidir. Bu yaradıcı
enerjini xalq və dövlət üçün
çağdaş və gələcək nəsillərın
rifahı üçün hərtərəfli real fəaliyyət
proqramına çevirmək missiyasını böyük əzmkarlıqla
öz üzərinə götürmüş XXI əsrin ən
görkəmli Azərbaycan xanımı isə Mehriban
Əliyevadır. Mehriban xanım Əliyeva
özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi,
böyük humanizmi və hadisələrə
genişmiqyaslı baxış bucağı ilə Azərbaycan
tarixində qadın hərəkatının yeni bir səhifəsini
açıb. O, bu hərəkat tarixində ilk şəxsiyyətdir
ki, fəaliyyəti təhsildən səhiyyəyə, idmandan
mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən
ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət
arealını əhatə edir. Onun
çoxistiqamətli fəaliyyətinin əsasında xalq
sevgisi, vətənpərvərlik, bəşəri ideallara
sadiqlik və zərif humanizm dayanır.
XOŞMƏRAMLI SƏFİR
Mehriban xanım Əliyevanın fəaliyyət dairəsi
çox genişdir. O, ardıcıl olaraq 3 dəfə Milli Məclisin
deputatı seçilib, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və
İSESCO-nun Xoşməramlı Səfiri kimi sistemli,
aydın, bir-birini təkrarlamayan missiyaları uğurla həyata
keçirib.
Mehriban
xanım Əliyeva UNESCO-nun Xoşməramlı Səfiri adına Azərbaycan şifahi xalq ədəbiyyatının
və musiqi irsinin qorunub saxlanılması və inkişaf
etdirilməsi sahəsindəki davamlı səylərinə,
dünya mədəniyyətlərinin mübadiləsi istiqamətində
xidmətlərinə, həmçinin, UNESCO-nun ideyalarına
sadiqliyinə görə layiq görülüb. Beləliklə,
2004-cü il avqustun 13-dən etibarən Azərbaycan
ilə UNESCO arasında əməkdaşlıq yeni eraya daxil
olub. Mehriban xanım Əliyeva sivilizasiyaların
yaxınlaşmasında xidmətlərinə görə
İslam ölkələrinin elm, təhsil və mədəniyyət
təşkilatı - İSESCO-nun Xoşməramlı Səfiri
adına layiq görülüb. O, sözügedən təşkilatın
bu yüksək adına layiq görülmüş ilk
qadındır.
MƏDƏNİ İRSİN VƏ
MUĞAMIN ARDICIL TƏBLİĞİ NAMİNƏ
Hələ 1995-ci ildə Azərbaycan Mədəniyyəti
Fondu təsis edilərkən Mehriban xanım Əliyeva milli-mənəvi
dəyərlərimizin qorunmasını, incəsənətimizin
inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin
ümumbəşəri mədəni dəyərlər
sisteminə inteqrasiyasını fəaliyyətinin
başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin
əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ
etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa
etdiyi zamanlarda Mehriban xanım Əliyevanın belə bir
müqəddəs missiyanı öz üzərinə
götürməsi onun zəngin mənəvi irsimizə
sadiqliyinin bariz göstəricisi idi. Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun dəstəyilə “Azərbaycan-İrs”
jurnalı işıq üzü görmüş, milli
musiqimizin korifeylərinin albomları hazırlanmış, həm
ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan
mədəniyyətini və tarixini təbliğ edən
çoxsaylı təqdimat mərasimləri, sərgilər,
festivallar, mədəniyyət günləri təşkil
edilmişdir. “Bakı Muğam Mərkəzi”nin
yaradılması, “Qarabağ xanəndələri” musiqili
albomun buraxılışı, “Bakı payızı”, Beynəlxalq
Bakı Caz festivallarının təşkili kimi ölkəmizin
incəsənət tarixində xüsusi yer tutan mədəniyyət
hadisələri Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun təşəbbüsü ilə
reallığa çevrilib. Azərbaycanın
“Eurovision” Mahnı Müsabiqəsində iştirak təşəbbüsü
ölkəmizin və onun musiqisinin dünya miqyasında
tanıdılmasına xüsusi töhfədir.
HEYDƏR ƏLİYEV
İRSİNİN YAŞADILMASI YOLUNDA...
2004-cü ildə Mehriban xanım Əliyevanın
prezidenti olduğu Heydər Əliyev Fondunun təsis edilməsi
müasir Azərbaycan tarixinin əlamətdar hadisələrindən
biridir. Heydər Əliyev Fondu Azərbaycanın dövlətçilik
tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə
Azərbaycan xalqının ehtiramını ifadə etmək məramı
ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin
öyrənilməsi, milli dövlətçilik
ideyalarının nəsildən-nəsilə
ötürülməsi zərurətindən yaranıb.
Heydər Əliyev Fondu ölkəmizin və müasir
dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət
edən innovativ təsisatlarından biri olaraq təhsil, mədəniyyət,
səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə
cəmiyyət və dövlətimiz üçün aktual
olan layihələrin həyata keçirilməsində təşəbbüskar
və təşkilatçı qurum kimi çıxış
edir. Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq
nüfuzun artırılmasına yönəlmiş tədbirlərin
həyata keçirilməsi Fondun fəaliyyət dairəsinə
daxil olan prioritet sahələrdir. Heydər Əliyev
Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio
və Pietro katakombalarının, Luvr muzeyinin bir hissəsinin bərpası
Azərbaycanın nadir bir tolerantlıq məkanı kimi
dünya miqyasında mədəniyyətlər və dinlərarası
dialoqda oynadığı tarixi rolun təzahürüdür.
İCTİMAİ-SİYASİ
MÜSTƏVİDƏ YORULMAZ FƏALİYYƏT
Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi də
fəaliyyəti peşəkarlıq və səmərəlilik
baxımından xüsusilə diqqətəlayiqdir. Milli Məclisdəki
fəaliyyəti dövründə Mehriban xanım Əliyeva
humanizm prinsiplərinə sadiqliyini dəfələrlə
nümayiş etdirib. Onun təşəbbüsü
ilə hazırlanan Amnistiya aktları 2007, 2009, 2013 və
2016-cı illərdə Milli Məclis tərəfindən qəbul
olunub, nəticədə, ümumən 30 mindən çox məhkum
müxtəlif növ cəzalardan azad edilib. Mehriban Əliyevanın ictimai-siyasi-mədəni sahələrdə
çoxsaylı təşəbbüslərin müəllifi
kimi önə çıxması Azərbaycan
qadınının inkişafı üçün yeni
üfüqlər açıb.
TƏHSİLƏ VƏ UŞAQLARA
QAYĞI
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində
ölkə səhiyyəsinin inkişafı və təhsil
sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi
də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər
Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif
bölgələrində təhsil və səhiyyə
ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi
müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir.
“Yeniləşən Azərbaycana yeni məktəblər”,
Uşaq evləri və internat məktəblərinin
inkişafına dəstək layihələrinin gerçəkləşməsi,
Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin,
Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox
insana sağlamlığına qovuşması üçün
zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər
Mehriban Əliyevanın ölkəmizdə fiziki və əqli
cəhətdən sağlam nəslin yetişməsinə
verdiyi əhəmiyyətin parlaq təzahürüdür.
İdmana qayğı, ölkəmizdə sağlam nəslin
yetişməsinə dəstək də Mehriban
Əliyevanın fəaliyyətində prioritet sahələrdəndir. O, 2002-ci ildə Azərbaycan
Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli
Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü
seçilmişdir. Müvafiq olaraq, 2005, 2007,
2009 və 2014-cü illərdə gimnastika üzrə
dünya və Avropa çempionatlarının Azərbaycanda
keçirilməsi ölkəmizdə bu idman növünə
marağın artmasında və Azərbaycanın idman ölkəsi
kimi dünyada tanıdılmasında mühüm rol
oynamışdır.
2013-cü ilin yanvarında dövlət
başçısı İlham Əliyevin Birinci Avropa
Oyunlarının yüksək səviyyədə həyata
keçirilməsini təmin etmək məqsədilə
imzaladığı Sərəncama müvafiq olaraq Təşkilat
Komitəsi yaradılıb və Mehriban Əliyeva həmin
Komitənin sədri təyin edilmişdir. Dünyanın
aparıcı şəhərlərində I Avropa
Oyunlarına dair təqdimatların keçirilməsi Azərbaycanın
dünyada tanıdılması üçün tarixi fürsət
olub. Birinci Avropa Oyunlarına
hazırlıq işlərinin mükəmməl şəkildə
tamamlanması və bu mötəbər yarışın
Olimpiya oyunları səviyyəsində təşkili Mehriban
Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin
gərgin əməyi sayəsində mümkün olub.
AZƏRBAYCAN RESPUBLİKASININ
BİRİNCİ VİTSE-PREZİDENTİ
2017-ci ildən
etibarən Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti
kimi ali və son dərəcə məsul
vəzifə daşıyan Mehriban Əliyeva Azərbaycanın
siyasi elitasının aparıcı şəxsiyyətlərindən
birinə çevrilib. Mehriban xanım
Əliyevanın simasında Azərbaycan qadını ilk dəfə
olaraq humanist dəyərləri mənəvi kamilliyin əsas
meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin
bərqərar edilməsinin zəruri şərtlərini
müəyyən edir. Beləliklə, Azərbaycanın
qadın hərəkatında güclü dövlət, ədalətli
cəmiyyət və azad qadın anlayışı bir-birinə
möhkəm tellərlə bağlanaraq, sosial-mədəni
inkişafımızın aparıcı qüvvəsinə
çevrilir.
Azərbaycan xanımına xas olan bütün nəcib
xüsusiyyətləri özündə əks etdirən
Mehriban Əliyevanın səyləri nəticəsində bu
gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə
yeni səviyyəyə yüksəlmiş, ölkəmizin
ictimai-siyasi və mədəni həyatında
qadınların rolu artmışdır. Mehriban Əliyevanın maddi
və qeyri-maddi irsimizin qorunması, Azərbaycan gerçəkliklərinin,
Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik
və humanitar təşəbbüslərin irəli
sürülməsi kimi çoxşaxəli fəaliyyət
dairəsi Azərbaycan xanımının tükənməz
gücünü nümayiş etdirir. Bütün
bunlar müasir Azərbaycan xanımının öz tarixi
missiyasını ləyaqətlə davam etdirdiyini, milli-mənəvi
dəyərlərimizin keşiyində cəsarətlə
durduğunu göstərir.
ƏN VACİB
MİSSİYANIN FƏDAKAR DAŞIYICISI
Çoxşaxəli ictimai-siyasi fəaliyyətini uğurla davam etdirən Mehriban Əliyeva həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan müasir Azərbaycan qadınının parlaq simasıdır.
Mehriban xanım Əliyeva qadının ailədə rolu haqqında belə deyir: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Bu yanaşma ilə, o, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır.
Xalqımız Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək dəyərləndirir, onun şəxsində Azərbaycan xanımına ən yüksək hörmət və ehtiramını ifadə edir.
Sevinc QARAYEVA
525-ci qəzet 2018.-
25 avqust.- S.7.