Göz həkimi”nin nisgilli şöhrəti - Cavid Qədir yazır

 

YAXUD VƏFA FƏTULLAYEVANIN İMTİNALARI VƏ İTKİLƏRİ

 

Cavid QƏDİR

 

Bu gün unudulmaz aktrisa Vəfa Fətullayevanın doğum günüdür. Hamımızın sevimliGöz həkimi”... Hətta baxmayanların da dillər əzbəri olan televiziya tamaşasında əsas rollardan birini oynayan sevimli sənətkarımız... Azərbaycan milli səhnəsində misilsiz dramatik rollar ifaçısı. Tükənməz coşğu, səngiməz temperament, emosiyalar daşıyıcısı...

 

Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanan Vəfa Fətullayeva 1945-ci ilin avqustun 25-də, görkəmli aktrisa Hökümə Qurbanova rəssam Nüsrət Fətullayevin ailəsində doğulub...

 

Anası, o illərdə Rəsul Rzanın eyniadlı pyesində oynadığı obrazın şərəfinə qızının adını Vəfa qoyub. İlk dəfə 8-9 yaşı olanda böyük səhnəylə tanış olur gələcək aktrisa. ŞekspirinQış nağılıtamaşasında elə anasının övladı rolunda, həm oğlan kimi... Kralın oğlu rolunu oynayan balaca Vəfa öz səhnə həyatının konturlarını cızmışdı ilk roluyla. Həmişə ucada, birinci olmaq üçün çıxacaqdı səhnəyə...

 

Bütün ailəsi, qohumları incəsənət fədailərindən ibarət olub qəhrəmanımızın. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, anası sevilən aktrisa, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz Fətullayevdir.

 

***

 

Gənc yaşında ailə quran Vəfa xanımın evlilik həyatı səhnədəki kimi uğurlu alınmır.

 

Zaur Nağıyev adlı idmançıyla bir-birlərini sevərək qısa zamanda ailə həyatı qururlar. Zaur onun sənətə, səhnəyə olan sevgisini anlamaq, tamaşaçılarla paylaşmaq istəmir. Həyat yoldaşını yalnız evinin xanımı, uşaqlarının anası görmək arzusuyla işindən uzaqlaşdırmağa çalışır. Amma Vəfa üçün hər şeydən öncə sənətdi, səhnəsiz yaşaya bilməzdi. Ona görə ayrılmağa qərar verir, atası evində dönür.

 

Hökümə xanım qızını öz davamçısı kimi görmək, yetişdirmək arzusunda olduğu üçün Vəfanın qərarını normal qarşılayır.

 

Vəfa Fətullayeva anasının təkidilə Teatr İnstitutunun (indiki Mədəniyyət İncəsənət Universiteti) Rejissorluq fakültəsinə daxil olur. Rejissor Məhərrəm Haşımovun kursuna düşən gələcək aktrisa xarici görkəminə fikir vermədiyindən sürətlə kökəlir. Bu, kurs rəhbərinin diqqətindən yayınmır. Dərslərin birindəQız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?” - deyir. Yarızarafat-yarıciddi deyilmiş sözlər Vəfanın qərar verməsində təkan olur. Bir müddət dərsə gəlməyən gənc qız bu dəfə heç kimlə məsləhətləşmədən Teatrşünaslıq fakültəsinə keçir.

 

1970-ci ildən etibarən Akademik Milli Dram Teatrında işləməyə başlayır. Qısa zamanda tamaşaçıların rəğbətini qazanır.

 

Vəfa xanımın teatr səhnəsində ilk roluMəhv olmuş gündəliklərtamaşasındakı Fəridə olur. ArdıncaMahnı dağlarda qaldıtamaşasında Gülgəz, “Məhəbbət əfsanəsi”ndə Şirin, “Müsyö Jordan Dərviş Məstəli şah”da Şərəfnisə, “Heç nədən hay-küy”də Beatriç kimi fərqli obrazları ustalıqla canlandırır.

 

Göz həkimiteleviziya tamaşası isə Vəfa Fətullayevanın özünü peşəkar aktrisa kimi təsdiqləməsində önəmli rol oynayır. Geniş tamaşaçı auditoriyasına çıxışını təmin edir.

 

Bu roldan sonra şöhrət Vəfa Fətullayevaya gülümsəməyə başlayır. Müxtəlif səpkili ekran əsərlərinə çəkilir, televiziya tamaşalarında, səhnə əsərlərində yer alır, tamaşaçıların sevimlisinə çevrilir. 1982-ci ildə, 37 yaşında respublikanın Əməkdar artisti adını alır. O vaxt bu yaşda fəxri ad almaq nadir aktyorlara, aktrisalara nəsib olurdu.

 

***

 

Ailə həyatının uğursuz alınması aktrisanı uzunmüddətli depressiyaya salır. Vəfa Fətullayeva günlərlə teatra gəlmir, ünsiyyətdən qaçır. Belə çətin, ağrılı məqamda aktrisanın həmkarı Fuad Poladovla münasibətləri başlayır. Ancaq bu dəfə Hökümə Qurbanova qızının Poladovla ailə həyatı qurmasına qarşı çıxır. Yayılan söz-söhbətlərdə deyilir ki, anası Vəfanın ikinci dəfə “ya səhnə, ya ailə” dilemması qarşısında qalmaması üçün belə edir. Bütün bunlara rəğmən, Fuad Poladovla Vəfa Fətullayeva uzun illər bir-birlərinə sevgi bəsləyiblər. Maraqlıdır ki, hər iki sənətkar, neçə illər arayla, eyni ayda, eyni xəstəlikdən dünyasını dəyişib. Ölüm günləri arasında cəmi 16 gün fərq var. 1987-ci ilin mayın 21-də səhnəmizin unudulmazGöz həkimi” gözlərini əbədi yumdu.

 

Vəfa xanımdan iki ay sonra atası Nüsrət Fətullayev, bir il sonra anası Hökumə Qurbanova dünyasını dəyişib.

 

Deyilənə görə, Hökümə xanım şəxsi həyatını məşhurluğa, şan-şöhrətə qurban verdiyi qızının taleyinin belə acınacaqlı nəticələnməsində özünü günahkar bilirmiş, elə bu günah duyğusu da onu tezliklə məzara aparıb.

 

***

 

Vəfa Fətullayeva həyatla səhnə arasındakı pərdəni götürməyin tərəfdarıydı. Səhnədə də həyatda olduğu kimi sadə, təbii olmağa üstünlük verirdi. Sənətə şöhrət üçün yox, yaşamaq, yaratmaq, tamaşaçını səhnənin reallığına inandırmaq üçün gəlmişdi. Elə sona qədər də belə qaldı: həmişə məlum-müşkül baxan, gülüşündən də kədər tökülən gözəl aktrisa kimi.

 

525-ci qəzeti  2018.- 25 avqust.- S.16.