İntiqam Qasımzadə və yaxud: sonuncular...

 

İradə MUSAYEVA

 

“Mən bütöv yaşamaq istəyirəm ömrümü -

bir anı belə boş qoymadan...”

 

Yubiley yazılarını sevmirəm. Nə yazmağı, nə də oxumağı... Yubilyar kreslosunda oturub tərif dinləyənlər də həmişə məni təəccübləndirib. Doğrudanmı, insanların, yaradıcı, fədakar, ciddi adamların bu cür səhnələşdirilmiş “yubiley oyunları”na hansısa mənəvi ehtiyacı var? Məncə, 60, 70, 80, 90 yaş hesabatı o salondakı adamlardan bir az hündürdəki səhnəyə  qoyulmuş kresloda mahiyyətini dəyişə bilməz. Yəni insanların həmin adam haqqında bildikləri və səmimi qiymətləndirməsi yetər...

 

İntiqam Qasımzadənin 75 yaşı tamam oldu.  Bu yaşın nə qədəri bizim ədəbiyyata, sənətə, sözə, elmə xidmət etdi? - deyə düşündüm. Hamı kimi mənim də ilk növbədə ağlıma “Azərbaycan” jurnalı gəldi. 90 ildən çox bir müddət ərzində təkcə zamanın ədəbi mənzərəsini deyil,  həm də müxtəlif ictimai-siyasi proseslərin ziddiyyətli məqamlarını öz səhifələrində əks etdirən, ciddi ədəbi meyarlarla nəşr edilən mətbu orqan kimi yaddaşımızda kök salan bu jurnalın ərsəyə gəlməsində 20 ildən çox müddət ərzində xidməti olan İntiqam Qasımzadənin mənim, eləcə də ədəbi camiə üzvlərinin təsəvvüründə maraqlı bir portreti, obrazı formalaşıb. İndi müxtəlif sosial təbəqələr, müxtəlif ədəbi nəsillər, gənclər və qocalar - deyə bölgülər aparılır. Xəyalımda bu çoxsaylı qruplar içərisində “sonuncular” adlandırdığım bir xüsusi və seçilmiş insanlardan ibarət özəl qrupum da var ki, İ.Qasımzadə də orada mötəbər bir mövqe sahibi kimi dayanmaqdadır.

 

Amma həm “Azərbaycan” jurnalı, həm də İntiqam Qasımzadənin bizə, xalqa, ədəbiyyata və elmi mühitə xidmətinin müqabili haqqında hesab-kitab ortaya gətirsək, nisgilli bir durum yaranacaq. Dəyərlərin, ciddi elmi-ədəbi, mədəni-intellektual meyarların dağıdılıb, deqradasiyaya məruz qaldığı bir zamanda balaca bir otağa sığınıb böyük ləyəqat nümunəsi göstərərək, əzmlə,  zəhmətkeşliklə  ədəbiyyata xidmət etmək hər adamın işi deyil. Bu gün ədəbiyyat aləmində ən təmənnasız, kanyukturadan və miyanəlikdən, buqələmunluqdan uzaq redaktor kimi adını çəkəcəyimiz ilk insanlardan biri, bəlkə də birincisi elə İntiqam Qasımzadədir.

 

Onun ədəbiyyatı və ədəbiyyatşünaslıq elmini mükəmməl bilməsi “Azərbaycan” jurnalını dövrümüzün sanballı ədəbi orqanı kimi gündəmdə saxlaya bildi. Mən bu fikri mövcud situasiyanı, heç vaxt razılaşa bilməyəcəyim ədəbi mühiti nəzərə alaraq yazıram. Və “nisbət” nəzəriyyəsini əsas götürərək bu qənaətə gəlmişəm. Sözsüz ki, nə mən, nə İ.Qasımzadə, nə AYB sədri, nə də digər elmli oxucular bu gün Azərbaycanda nəşr olunan ədəbi orqanların ümumi vəziyyəti ilə tam qane ola bilməz. Amma müqayisələr və nisbət ölçüsü  haqq verir ki, “Azərbaycan” jurnalını və real vəziyyətdə onun baş redaktorunun cəsarətini, elmini və ədəbi meyarlarını bu cür qiymətləndirək.

 

Dəfələrlə həmin jurnala təqdim etdiyim böyük həcmli məqalələrin mövzusunu redaksiyada müzakirə edərkən mən bunun şahidi olmuşam. O həm klassik, həm də müasir dövrün ədəbiyyatını, eləcə də ədəbiyyatşünaslığını incəliklə çözə bilir. Dünya ədəbiyyatı nümunələrinin ən mühüm seçmələrini həmin jurnaldan oxumuşuq uzun illər.

 

İntiqam  professor  da  olmadı,   halbuki   ola bilərdi və çox-çox    professorlardan    daha     artıq buna istedadı da, savadı da, ağlı da çatardı.

 

Uzun illər kinostudiyada redaktor işlədi və əminəm ki, redaktə etdiyi ssenarilərin çoxundan daha mükəmməl bədii film ssenariləri yarada bilərdi...

 

Ola bilərdi, edə bilərdi... bütün bu gümanları ifadə edən cümlələrin mənası nədir? Mənası odur ki, İntiqam həyatda bütün bu peşələrdən heç  aşağı  olmayan başqa  mühüm  bir missiyanın daşıyıcısı oldu - ədəbiyyatımızın, kinomuzun   şərəfli fədaisi   kimi.   Onun haçansa kino sahəsində, son onilliklərdə isə ədəbiyyat sahəsində fədakar xidməti neçə-neçə müəllifin yazdığı yaxşı-pis əsərdən daha mühüm, daha qiymətli, daha dəyərlidir. Jurnallarımız, qəzetimiz dövlət büdcəsinə daxil olunmadığı və bu barədə təkliflərimizə qəribə bir etinasızlıqla yanaşıldığı illərdə mən bir çıxışımda demişdim ki, müstəqilliyin əsas göstəricilərindən biri, bəlkə də birincisi - Ana dilidir. Dilin yaşaması üçün isə ədəbiyyat yaşamalıdır, necə ki, sovet dövründə Azərbaycan dilini əsasən ədəbiyyat yaşatdı (indi bəzi nankorlar bunu inkar etsə də)... Ədəbiyyatın yaşaması üçünsə ilk   növbədə   bizim  ədəbi orqanlar və onların sırasında birinci olaraq “Azərbaycan” jurnalı yaşamalıdır” (Anar).

 

İntiqam müəllim həm şair, həm də ssenarist, film redaktoru kimi də fəaliyyət göstərib və göstərir. Lakin onun bütün diqqət və zəhməti, məncə də, daha çox bu jurnala yönəlib. Bir dəfə uzun-uzadı ədəbi müzakirə zamanı həmin jurnalda çap olunan siyasi motivli dünya ədəbiyyatı nümunələrindən, xüsusən də C.Oruelin romanlarından danışdıq. “1984” əsərinin üzərində çox dayandıq və mən əsərin ən xırda detallarını izah edə-edə fikrimi çatdırmağa çalışırdım. İntiqam müəllim diqqətlə qulaq asırdı və sonda maraqlı bir münasibət bildirdi. Dedi ki, İradə xanım, siz o əsərdən bu qədər yanğı ilə danışdıqca mən ürəyimdə bir şeyə sevinirdim, deməli, o cür əsərlərin tərcümə olunması   bizim onları çap etməyimiz boşuna getmir.

 

Onu da qeyd edim ki, bu illər ərzində ədəbiyyata, sözə onun qədər sadiq bir redaktor da görmədim. Yaxşı məqalələri, elmi-ədəbi düşüncəmizə işıq sala biləcək yazıları “müəllifə münasibət” cılızlığı ilə deyil, ədəbiyyata sədaqət meyarları ilə təqdim etdi. Fəqət, redaktorun və jurnalda böyük zəhməti olan insanların layiqincə qiymətləndirilməməsi də bir ağrıdır. Müsahibələrinin birində jurnalın 90 illik yubileyi ilə bağlı oxuyuruq: “Vallah, mən qapıları döyən adam deyiləm. Bu işi bacarsaydım, daha doğrusu, nə isə tələb etsəydim, yəqin nəzərə alardılar. Əlbəttə, istəyərdim dövlət təltifi olsun, jurnalın kollektivinə hansısa şəkildə adlar, yaxud pul mükafatları verilsin. “Azərbaycan” jurnalının ədəbiyyat tariximizdə çox böyük xidmətləri var. Kimsə elə başa düşər ki, təltifi, qiymətləndirməni özüm üçün istəyirəm. Qətiyyən belə deyil.  Bu, jurnalın əməkdaşlarının halal haqqıdır. Açığı, Anar müəllim Mədəniyyət və Turizm Nazirliyinə təqdimat yazıb. Mənə dedilər ki, Əbülfəs Qarayev məktubla tanış olub və Prezident Administrasiyasına göndərib. Hələ ki bir xəbər yoxdur, amma tələsməyək, il qabaqdadır, düşünürəm jurnal üçün nə isə edəcəklər”...

 

Növbəti sitatı oxusanız, görəcəksiniz ki, bu cür fədakarlıqları ancaq və ancaq  “sonuncular” dediyim həmin o adamlar edə bilər, qarışıq, xaos burulğanında hamının ad, pul, rahatlıq, şöhrət axtardığı vaxtda yalnız və yalnız Sözü, həqiqi ədəbiyyatı xilas etməyə çalışan adamlar, İntiqam Qasımzadələr: “Jurnalın əsas yükü beş-altı nəfərin üstünə düşüb. Hamı bilir ki, maaşımız nə qədərdir. Məsələn, baş redaktor kimi mən 482 manat maaş alıram. Şöbə müdirlərinin maaşı  250 manatdan çox deyil. Digər texniki işlərə baxanlar isə 120-150 manat əmək haqqı alırlar. Onlardan ciddi şəkildə nə isə tələb edə bilmirəm. Hətta təzə gələndə özüm təklif etmişdim ki, başqa işlərlə məşğul olun, dolanışığınız çıxsın. Mənim özümün də dolanışığım burdan çıxmır. Ssenarilər yazıram, yazı redaktə edirəm və s. Təsəvvür edin ki, mən 40 ildir “Azərbaycan” jurnalında müxtəlif vəzifələrdə çalışmışam, indi baş redaktoram, kiçik qızımın aldığı maaş mənim maaşımdan üç dəfə çoxdur. Bax, belə...”

 

İntiqam Qasımzadənin simasında ədəbiyyatımıza dəyərli xidmətlər göstərmiş daha bir ədibi - atası (tərcüməçi, şair, redaktor) Böyükağa Qasımzadəni yaxından tanımış kimi oluruq.  “Ədəbiyyat qəzeti”ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri (1953-1957), Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri olmuş, A.S.Puşkin, N.Nekrasov, N.V.Qoqol, T.Şevçenko, İ.Franko, M.Bajan, P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini tərcümə etmiş Böyükağa Qasımzadənin imzasını orta məktəbdə oxuyarkən M.F.Axundovun “Puşkinin ölümünə Şərq poeması”nı farscadan tərcüməsi ilə tanımışdım.  Füzulinin “Yeddi cam” əsərinin də tərcüməçisi olmuş B.Qasımzadə, “Sasunlu David” eposunu ermənicədən tərcümə etmişdir. Cəmi  41 il ömür sürmüş (1957-ci ildə vəfat edib)  zəhmətkeş ədibin işlərini oğlu İntiqam Qasımzadə ləyaqətlə davam etdirməkdədir. O, sanki həm də öz ədəbi taleyini oğluna vəsiyyət edib, ona bu cür bir varislik missiyası tapşırıb-ədəbiyyata layiqincə xidmət...

 

“Sonuncular”ın nisgili,  mənəvi yaddaşla bağlı acı, şirin xatirəsi də bir cür kədərləndirir bizi. Məsələn, hamıdan, hətta sevdiyi binanın (AYB binası) dəhlizlərindən, divarlarından, bəzən adamlarından da gizlənməyə, qaçmağa çalışır onlar. “Cırtdan” fiqurlardan, xəbərçi, yalançı, ədəbi mühitə tarakan kimi darışmış “işbaz”, içiboş adamlardan qaçmaq əzabı da varmış: “Mən bu jurnalda həm də atamın xatirəsini yaşadıram. Mənim atam “Azərbaycan” jurnalının poeziya bölməsinin rəhbəri olub və mən onun görə bilmədiyi işləri burda görməyə çalışıram. Yazıçılar Birliyi mənim üçün müqəddəs yerdir və işə gələndə həmişə sevinmişəm. Amma son vaxtlar bu hissləri yaşaya bilmirəm. Kim nə düşünür, düşünsün. Çalışıram, foyedə, koridorlarda heç kimlə rastlaşmayım, kənar söhbətlər eşitməyim. Ürəyim ağrıyır, belə söhbətlərə qulaq yoldaşı olmaq istəmirəm. Mən burda bilirsən necə gözəl kişilərlə bir yerdə işləmişəm?”

 

İntiqam Qasımzadənin 70 yaşı tamam olanda Anar demişdi: “İntiqam mənim gənclik və qocalıq dostumdur. “Gənclik dostu” söz birləşməsi nə qədər təbii səslənirsə, “qocalıq dostu  ifadəsi bir o qədər qəribə görünür. Axı heç kəs qocalığını etiraf etmək istəmir. Amma nə deyirsiz-deyin, 70 yaş da, 75 yaş da hər halda cavanlıq deyil. Doğrudur, hər yaşda gənclik şövqünü, gənclik həvəsini, gənclik enerjisini saxlamaq mümkündür. Təki “insanın ruhu cavan olsun”. Şablon ifadədir, amma bilirsinizmi nəyə görə bəzi deyimlər şablon sayılır? Həqiqət olduqlarına görə. Həqiqət olduğu üçün belə sözlər  sıx-sıx işlənir və şablona çevrilir, fəqət şablon olmaları heç də onların gerçəkliyini azaltmır. İntiqam hərdən xəstəliklərindən şikayətlənib, necə deyərlər, “nazik əyirsə” də, ruhən cavan adamdır və bu, çox vacibdir.

 

Uzaq gəncliyimizdə İntiqam şeir yazırdı. Bilmirəm sonrakı illərdə də yazdımı. Yazıbsa, hər halda mənim bundan xəbərim yoxdur. Cavanlığında yazdığı şeirlərindən aldığım təəssürat beləydi ki, İntiqamın poeziyası o nəsildən olan ən istedadlı yaşıdı şairlərin yazılarından heç də geri deyil, orijinal ifadələriylə, maraqlı deyim tərziylə”.

 

Məqaləmə İ.Qasımzadənin bu misralarını epiqraf kimi yazmışdım:

 

Mən bütöv yaşamaq istəyirəm ömrümü -

bir anı belə boş qoymadan...

 

Biz özümüzə dünya kontekstində baxanda anlayırıq ki, balaca bir cəmiyyətik, balaca şəhərin balaca ədəbi mühitində dünyanı silkələyə biləcək mütəfəkkirlərin ola biləcəyi ehtimalı bəlkə də bir faizdir. Lakin bu balaca mühitin böyük ədəbi sözü anlayan, onu qoruyub saxlayan, nəsildən-nəsilə ötürə bilən aqil insanları olur. Əlindəki şamla hamıya işıq salan, fəqət, əlindəki işığın şöləsindən üzünə düşməyən bu adamların adı FƏDAKARLAR-dır.  Belə bir ömrü yaşamaq və həmişə o cür xatırlanmaq isə daha gözəldir. Pis olan isə odur ki, bu adamları vaxtında layiqincə qiymətləndirə bilmirik. Bəlkə də onların görünmək istəməmək aristokratiyası da bir az mane olur...

 

Bəli, “sonuncular”ın bir də bir “görünməmək” nisgili də qalacaq... Həm mənim, həm də İntiqam Qasımzadənin çox sevdiyi şair V.Səmədoğlu isə yazırdı:

 

Mən bir gün üfüq olmuşdum,

duman çökdü dənizə...

Görünmədim.

Mən bir gün cığır olmuşdum,

gedib-gələn olmadı, ot basdı üstümü...

Görünmədim.

Mən bir gün təbəssüm olmuşdum,

oldu bilmədim...

Görünmədim.

 

Və sonda İntiqam müəllimə üzümü tutub deyirəm: İntiqam müəllim, Siz o balaca otaqda, o balaca maaşın, o balaca masanın arxasında lap aydınca görünürsünüz! Alnıaçıq, üzüağ! Ad gününüz mübarək!

 

14 avqust 2018

 

525-ci qəzet  2018.- 25 avqust.- S.15.