Ələkbər Əminin
işıqlı uşaq təbəssümü
Şahanə MÜŞFİQ
O bu
dünyanı tərk edəndə 15 yaşım hələ
tamam olmamışdı. Gəncliklə
uşaqlıq arasında anlaşılmaz bir keçidin üzərində
“yol gedirdim”.
İlk dəfə onda elə bilmişdim
uşaqlığım işıq sürətilə məndən
uzaqlaşdı, bütün gözəl xatirələrim bu
sürətin yaratdığı bircə anlıq təkanla
başıma uçdu. Asan deyildi gülüş dolu,
qayğısız uşaqlığının önəmli
hissəsini itirmək. Özü də
böyüməyə hələ vaxt tapmamışkən qəfil
yaxalamışdı bizi bu itki.
Biz 90-ların uşaqlarının ən gözəl
xatirəsi, ən qayğısız gülüşü idi
Ələkbər əmimiz. Müharibədən
yenicə çıxmış, təzəcə müstəqilliyini
bərpa etmiş, ağır, çətin dövrdən
keçən ölkənin ilk fidanları idik biz. Bu birincilik özüylə bərabər yoxsulluq, kədər
dolu üzlər, yaşamaq uğrunda çarpışan
yorğun valideynlər yazmışdı taleyimizə. O
yorğunluğun, o yoxluğun içərisindən bir
xilaskar kimi doğulmuşdu, bizə
uşaqlığımızı yaşatmağa gəlmişdi
sanki.
O,
tamaşaları, verilişləri, saf sevgisi, təbəssümü
ilə hər birimizin bir çiçək olduğuna
inandırmışdı bizi.
Qısa
bioqrafiya
Ələkbər Adıgözəl oğlu Hüseynov
1961-ci ildə Bakıda anadan olub. Ə. Hüseynov 1978-1982-ci illərdə
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində
təhsil alıb.
Bir
müddət təyinatla Şəki Dövlət Dram
Teatrında işlədikdən sonra, o, 1988-ci ildə
A.Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrında aktyor vəzifəsində
çalışmağa başlayır. Teatrın səhnəsində
Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərində
Qurban, H.X. Andersenin “Bülbül” nağılında
Nağılçı və Çin imperatoru, N. Bədəlovun
“Qara rəngin nağılı”nda Aydın, R. Əlizadənin
“Tıq-tıq xanım”ında dirijor, Qoca və Müğənni,
A. Ostrovskinin “Qar qız”da Lel, R. Əlizadənin “Keçəlin
toyu”nda Keçəl rollarını oynayıb.
Ə.Hüseynovun səhnələşdirdiyi “Səadət
quşu” və “Möcüzəli tamaşa” pyeslərini Azərbaycan
Dövlət Kukla Teatrının rus bölməsində
özü də tamaşaya hazırlayıb. Aktyor
“Keçəlin toyu” tamaşasındakı Keçəl rolu
ilə İstanbulda, “Bülbül” tamaşası ilə
İranda, Türkmənistanda keçirilən beynəlxalq
festivalların laureatı olub.
Mərhum
aktyorun həyat yoldaşı Afaq xanım Hüseynova həmin
illəri belə xatırlayır: “İnstitutu bitirəndən
sonra 5 il Şəki Dram Teatrında işləyib. 1988-ci ildə Bakıya qayıdıb və Gənc
Tamaşaçılar Teatrında çalışıb.
Bundan sonra isə Namiq Ağayevin dəvətilə
Kukla Teatrına getdi və bu sahəni çox sevdi. Bilirsiniz də, Kukla Teatrı yeni sənət idi.
Heç İncəsənət Universitetində
belə ixtisas yoxdur. Aktyor tamaşalarda
oynadıqca təcrübə qazanır. Ələkbər
isə nə edirdisə, birinci olmaq istəyirdi. Hətta məşhur “Humay” mükafatı 1993-cü
ildə ilk dəfə təqdim ediləndə, ən
yaxşı aktyor nominasiyası üzrə qalib oldu. Kukla Teatrının repertuarına bir çox yeniliklər
gətirdi. Ən əsası
monotamaşalar etməyə başladı. Səhnəyə çıxırdı. Ona qədər
aktyorlar pərdə arxasında olurdular axı... Rejissor kimi yeni tamaşalar səhnələşdirirdi.
Hətta monotamaşaların birində düz 9
alətdə ifa edirdi. Nəlbəki, saz,
tütək, qarmon, qoşa nağara və s. Bunların
hamısının müəllim yanına gedib ifasını
öyrənirdi. İnadkarcasına sənətində
ilk olmağa doğru gedirdi. Çox
gözəl rəqs edirdi, mahnılar oxuyurdu. Müxtəlif obrazların hamısını öz
səsi ilə canlandırırdı.
Azərbaycan Dövlət Televiziyasının əməkdaşı
Səyyarə Tağıyeva Kukla Teatrının
tamaşasına gəlmişdi. Orada Ələkbərə dedi ki, səni
televiziya verilişinə aparıcı kimi dəvət etmək
istəyirəm. Bir neçə ay “Göydən
3 alma düşdü” verilişində
çalışdılar. Sonra isə “Hər
birimiz bir çiçək” verilişini yaratdılar. Bu proqram düz 13 il fasiləsiz hər ay efirə
getdi”.
2006-cı ildə Ələkbər Hüseynov Dövlət
Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin
olunub.
2000-ci ildə
Ə.Hüseynov Əməkdar artist fəxri adına
layiq görülüb. Bir sıra
festivalların da iştirakçısı və
mükafatçısıdır. Sənətdə
qazandığı nailiyyətlərə görə “Humay” və
“Qızıl Dərviş” mükafatları laureatıdır.
Beynəlxalq Festivallarda iştirak edib. Polşanın “Təbəssüm Ordeni”
mükafatına (2007) layiq görülüb.
Ələkbər Hüseynov həm də dram əsərlərində,
yetəri qədər ciddi filmlərdə də rol alıb,
bunun da öhdəsindən yüksək şəkildə gəlib. Biz onu adətən
“Bala başa bəla” televiziya tamaşasındakı o məşhur
rolu ilə xatırlasaq da, onun qısa ömründə Azərbaycan
kino və teatr sahəsində bir-birindən fərqli,
maraqlı rolları bu gün də danışılmaqda,
xatırlanmaqdadır.
Baxmayaraq ki, ətrafına təbəssüm
saçırdı, şən insanidi, amma dram teatrı aktyoru
ixtisasında təhsil almışdı, ciddi, dramatik
rolların ifası da onun üçün heç də
çətin deyildi.
Ələkbər əmi doğuluşundan unikal istedada və
sənət sevgisinə sahib idi. Bu cür insanların
öz sahələrində peşəkarlaşması, sevilməsi
heç də təsadüfi hal deyil.
Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun
sürən xəstəlikdən sonra vəfat edib.
Bir şəklin
tarixçəsi
Ələkbər əmi ekranların, tamaşaların
sevimli üzü olmaqla bərabər, bayram şənliklərimizin
də ən özəl qonağı idi. Yadımdadır
ki, onun iştirak etdiyi bayram şənliklərinə getmək
üçün hələ günlər öncədən həyəcan
keçirir, həvəslə gözləyərdik.
Xüsusən yeni il şənliklərini
onsuz keçirmək heç birimiz üçün xoş
deyildi. Sanki o bayram heç yaşanmamış
kimi.
Ələkbər əmi bir balaca ekrandan ölkənin, hətta
dünyanın bütün uşaqlarını oxşayacaq,
sevəcək, qucaqlayacaq qədər böyük və saf
ürəyə sahib idi. Ona “əmi” deyirdik, maraqlıdır ki, biz
onun həqiqətən də əmimiz olduğuna, ən
yaxın, ən doğma kəsimiz olduğuna cani-könüldən
inanmışdıq. Elə buna görə də Təbəssüm
Ordeninə layiq görülən yeganə azərbaycanlının
məhz mərhum Ələkbər əmi olmağı
heç kim üçün təəccüblü
olmamışdı.
Xoşbəxtəm
ki, Ələkbər əmimizlə bağlı mənim də
xatirəm var. Dediyim kimi, onun Yeni il şənlikləri
biz uşaqlar da, valideynlərimiz arasında da çox məşhur
idi. İlk dəfə dörd yaşım olanda
onun şənliyində iştirak etmişəm. Köhnə, ağ-qara yuxu lenti kimi
xatırladığım o şənliklə bağlı
xatirələrimi unudulmağa qoymayan, hələ də diri
saxlayan isə onunla çəkdirdiyimiz şəkildir. Yadımdadır ki, bu şəkil (həm də məşhur
simayla çəkdirdiyim ilk şəklimdir) ən əziz, ən
doğma şəkillərim arasında idi. Hətta onu divardan da asmışdıq. Uşaq sadəlövhlüyü ilə evimizə gəlib-gedən
hər kəsə göstərir, “mənim Ələkbər əmiylə
şəklim var” - deyib öyünürdüm.
Xatirələrimi keçmiş zamanda
danışmağıma baxmayın, elə indi də o şəkil
ən əziz şəkillər sırasındadır.
Onun bütün uşaqları bağrına basacaq qədər
geniş ürəyi, uşaqlarla sanki onların
yaşıdı imiş kimi məhrəm münasibəti illər,
əsrlər belə keçsə unudulmayacaq. Ən
azından həmin dövrün uşaqları kimi biz onu hər
zaman yad edəcəyik.
“Ölüm
sevinməsin qoy...”
Nə
yazıq ki, balaca fidanların doğma insanı,
uşaqların mənəvi dünyalarını zənginləşdirən,
öz qayğısı, diqqəti ilə həyatımızı
rəngləndirən adamın həyatı yarıda
qırıldı. Oynayacaq rolları, həyata
keçirəcək proyektləri, sevindirəcək
fidanları, öz ailəsində böyüdəcək
uşaqları varkən acı ölümün qurbanına
çevrildi. Hələ gənc
yaşında, ömrünün baharında yaxaladı onu qəddar
xəstəlik. Nə biz sevənlərinin,
nə də ailəsinin sevgisi xilas edə bildi onu.
Onun
ölüm səbəbini isə ilk dəfə Afaq xanım
illər sonra nə qədər çətin olsa da bir
müsahibəsində danışmışdı:
“Bu barədə danışmaq o qədər
ağırdır ki, mənə... 2002-ci ildə Fransaya getməli
idi. Artıq bileti də alınmışdı. Səfərə bir neçə gün
qalmış dişi şişib, ağrımağa
başladı. Bir dostu da diş həkimi idi, dedi, gəl,
mənim yanıma. Elə öz kabinetində də dişini çəkdi.
Fransaya getdi, qayıtdı. 1 ildən sonra isə
narahatçılığı başladı. Müxtəlif
xəstəxanalarda qan analizi verdi.
Hamısı da dedi ki, dişini çəkdirəndə
infeksiya keçib, Hepatit C virusuna yoluxub. Həkimlər
bildirdilər ki, müalicə olunsan, ömrün 8 il uzana bilər. Əks təqdirdə, 3 il yaşayacaqsan. Onun da orqanizmi
allergik idi. Pəhrizlə, qulluqla 3 il
yaşada bildik...
İnternetdə xəstəliyi haqda çox oxuyurdu, amma
bu barədə heç vaxt danışmırdı. Ölümə boyun əymək
istəmirdi sanki... Hər birimiz
acımızı ürəyimizdə yaşayırdıq.
Anası səhəri yaşlı gözlə
açırdı. Mən qəlbimdə
daş boyda ağırlıqla gəzirdim, amma büruzə
vermirdik. 2007-ci ilin 2 avqustunda dünyadan
köçdü... Ölümündən bir
neçə gün sonra qeyd dəftərçəsini vərəqlədik.
Hətta oktyabr ayınadək planlarını
yazmışdı. Nikbin insan idi. Həmin
il oğlum da sənədlərini İncəsənət
Universitetinə vermişdi. Elə o xəstəxanada yatanda
Cavidan gəlib dedi ki, ata mən ali məktəbə
qəbul oldum. Gözü ilə sevincək
işarə elədi”.
Ələkbər
əmi ona ən çox yaraşan mükafatına -
Polşanın təsis etdiyi Təbəssüm Ordeninə
ölümündən bir il əvvəl
layiq görülmüşdü. Özü də
bu elə bir mükafatdır ki, uşaqlar böyüklərə
təqdim edirlər. Demək ki, artıq Ələkbər
əmi çoxdan, lap çoxdan sevdiyi uşaqların qəlbində
özü boyda bir sevgi dünyası yarada bilmişdi.
Deyirlər ki, uşaqların sevgisi daha saf, daha təmiz
olur.
Uşaqlar həyat təcrübələrinin
olmamağına, insanları tanımamaqlarına rəğmən,
əslində, qarşısındakının kim
olduğunu daha asan seçə bilirlər. Çünki
onlar qarşılarındakı insana təmənnasız, saf
və məhrəm nəzərlərlə baxırlar. Bu zaman isə onların məsum baxışları
həmin insanın qəlbini görə bilir. Yəni uşaqlar təcrübələri ilə
deyil, qəlbləri ilə yaxşını pisdən
ayırmağı bacarırlar. Ona görə
də onların sevgisini, güvənini qazanmaq heç də
asan məsələ deyil.
Biz də
içində olmaqla minlərlə körpəyə
dövrünün çətinliyini, müharibənin
açdığı yaraların acısını,
aclığı, susuzluğu, oyuncaqsızlığı, ərzaq
qıtlığını, geyim yoxluğunu öz sevgisi, nəvazişi
ilə unutduran, onlara həyatda həqiqətən önəmli
olduqlarını, uşaq da olsalar danışmaq, fikir bildirmək
haqları olduğunu, bu cəmiyyətdə bir yerə,
özü də önəmli bir yerə sahib
olduqlarını hiss etdirən, bircə toxunuşu ilə
ömrümüzdə çiçək bağçası
yaradan sehrbaz idi Ələkbər əmimiz.
Təəssüf ki, onun kimi insan tək idi, tək də
getdi bu dünyadan. Amma nə yaxşı ki, köhnə
lentlər var. Onun bir zamanlar sevgiylə bağrına
basdığı, təbəssümünə isitdiyi bizlər
bacardığımız qədər o doğma insanı
özümüzdən sonrakı nəslə tanıtmağa,
onun xatirəsini əbədiyyən yaşatmağa
çalışacağıq. Bu, bizim ona mənəvi
borcumuzdur! Böyük Səməd Vurğunun da dediyi kimi:
Ölüm
sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək
ölənlər...
525-ci qəzet 2018.- 25 avqust.- S.14.