Sözdən imarət tikənlər

 

BARAT VÜSALLA İKİ SÖHBƏT

 

Şahnaz ŞAHİN

 

Birinci söhbət

 

Adamlar var ki, onlarla ədəbiyyat haqqında ədəbiyatçı kimi tutur söhbətin. Elə sənin müxtəlif qayğılar burulğanında batdığın, ciyərinə çəkməyə bir udum hava tapmadığın zaman yetirir özünü sənə! Çəkib qolundan atır qırağa deyir ki, get yaşa!

 

Çoxfunksiyalı, imkanlı telefonu götürüb yığdım Barat Vüsalı, elə ilk kəlmədəcə əhvalını yerində görmədim.

 

Soruşanda dedi “ay Şahnaz, səsim satdımı məni?” özünə məxsus gülüşü cingildədi qulağımda...

 

Məlum oldu ki, sağlamlıq problemləri olsa da, artıq adladıb, sevindim. Sözümün ucundan yapışıb çözələdi çözələdi. Mövzular bir-birinə calandı, müzakirələr başladı, amma yenə istinad nöqtəmiz mübarəkqədəm, bəzən başıbəlalı, hərdən şou məkanını xatırladan ədəbiyyat oldu. Milli sərvət səviyyəsinə yüksəlmiş yazarları andıq, yaddaşa köçən sətirlərini xatırladıq, arada hələ xarici yazarlarla da ilgiləndik. Gördük, vallah ədəbiyyatın mənbəyi öz milli yazıçılarımız, şairlərimizdi, şifrəsi əllərində, kodu da dillərindədi! Belə şirinlik, həzinlik harda var ki. Onlardan sağ olanlara can sağlığı, dünyasını dəyişənlərə isə uca Tanrıdan rəhmət dilədik. Şeyx Nizami Gəncəvidən dərs aldıq, dahi Füzuli sevdasıyla sehirləndik, Sabirlə kədərləndik... Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Məmməd Araz, Ismayıl Şıxlını hörmət ehtiramla andıq, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəriman Həsənzadə, Musa Yaqubla xəyali söhbət etdik. Gördük ki. dəryadı bunlar, gözümüzün önündəcə olduğundanmı, ya nədənsə hərdən insafsız davranırıq, öz gözümüzdə tük axtarırıq.

 

Doğudan Batıya yollar uzanır,

İnsandan insana yol gözə dəymir!

 

M. Araza məxsusdur bu sətirlər... Görəsən, ürəyi, ruhu neçənci dərəcə yanıq zədəsi alıb ki, dahi şairin, bu sətirlərlə su səpib yarasına?!.

 

Eyni əhvalla M. Yaqub qələmini  dərd kimi çəkib varağın üstünə:

 

Şeri götürdülər hoydu hoyduya,

Sözü götürdülər hoydu hoyduya,

Dağı götürdülər hoydu hoyduya,

Bağı götürdülər hoydu hoyduya...

Məni qoşdular bu qeybətlərə,

Sonu görünməyən boş söhbətlərə.

Heyif, o əvvəlki könlümə heyif,

Heyif, o əvvəlki gülümə heyif.

 

Bu sətirləri o, hələ 90-cı illərdə yazıb, Eynşteyn isə onu da, başqalarını da qabaqlayıb söyləyib ki: “Bu gündən belə insanlığın taleyi onun elmi-texniki nailiyyətlərindən çox, mənəvi dayaqlarından asılı olacaq!...

 

İkinci söhbət

 

... Aradan xeyli vaxt keçib, hər kəs öz oxu ətrafında fırlanmaqla məşğul, hər şam isə öz dibinə kölgə salmağında. Yenə daş atanlar, yenə daş tutanlar, meydanı qarışıq görüb atını köndələn çapanlar... Hələ gendən baxıb bunlara züy tutanlar da öz köhnə ampulasında.

 

Bəzən elə olur ki, adam özü öz yadından çıxır lap, adını soruşursan, yalançılar sözü, “gözünü döyür”, hamıdan, hər şeydən qaçıb bir gizlin axtarır tökülənini yığmağa, fikirlərinin yüyənini buraxmağa. Hardan, varmı elə bir yer!? Yenədosta zəngdüyməsinin olduğunu  xatırlayıram,  üzünə təbəssüm qonur.

 

Bu dəfə  səsi ümidsiz gəlir mənə, elə salam-kalamdan bir başa keçir söz cəfakeşlərinə atılan daşlara. Gileylənir, sonra yenə öztəsəlliyə tapınaraqkönül adamları hər çətinliyə gülümsəməyi bajarmalıdı, ta neyniyək. onsuz da xalq qananı qanmayana borclu sayıb”, - deyir. Sonra bu el məsəlinə öz şeirlərində yer verən şairləri xatırlayır: N. Həsənzadə Zodlu Abdulladan misal gətirir:

 

Qanmazın qanana hökm eləməsi,

Həyatın əbədi faciəsidir”.

(N.Həsənzadə)

 

Qanmazın yanında qananın canı

Çıxacaqdır, o da mətləb qanınca”.

(Zodlu Abdulla)

 

ən güclüsünü xalq deyib” - söyləyərək sözünü bitirir. Yəni qanan qanmayana borcludur!

Söhbət özü öz axarını tapıb gedir, söz sözə calanır, ədəbiyyatda cəsarəti, bununla yanaşı, mütaliənin olmasını vacib sayır... Həm əmindir ki, bu cəsarəti çoxu sakit qarşılaya bilməyəcək...

 

Mən Nəsimidən misal gətirirəm, deyirəm, dahi haqq şairi ona görəƏnəlhəqqdeyirdi ki, insan Tanrını səhv yerlərdə axtarıb, baxmayaraq ki, o, bizəşah damarımızdan yaxın”dır. İnsan Tanrının şah əsəri adlanırsa ona ruh veribsə, demək, O, bizdən uzaqda ola bilməz! Sözümü alıb incələyir: “Bəli, Allah da istəyir ki, insanlar bir-birini sevsin əgər sevərsə məni sevəcək deyə! Bax elə sənin o mana - qardaşına yazdığın şeirində bu prinsip gözlənilib:

 

Mən səni elə sevmədim,

Mən səni belə sevmədim,

Baratsan deyə sevmədim,

Allahsan deyə sevirəm.

 

Gün olub günə bürünən,

Yüz cürə dona bürünən,

Uzaqdan gözəl görünən,

Günahsan deyə sevirəm.

 

Demə böyüməsən daha.

Səni bir uşaq aldadar.

Könlü sevdadan doymayan,

Sabahsan deyə sevirəm.

 

Bu yerdə dahi Şəhriyardan misralar düşür yadına:

 

Şəhriyar xalqını millətini böyük eşqlə sevib, amma birlik, bir-birinə dəyər vermə məsələsində ondan şikayətlənir:

 

Dünyalar tanıyan məmləkətim var,

Əcaib, qəraib bir millətim var.

İynənin gözündən keçsək ellik,

Açıq darvazadan keçə bilmirik...

 

Sonra da kitabını da oxumuşam, qəzetdə çıxan şeirlərini izləyirəm, deyir, amma düşüncələrimi yazıya çevirməyə mənə zaman gərək olur həmişə...

 

İnsan ömrü boyunca özünü, sözünü axtarır. Sanki Tanrı ona bircə söz söyləməyi tapşırıb həmin  o sözün axtarışıyla da ömrü başa çatır. Bəzəndilimin ucundadı, amma yadıma sala bilmirəmdeyə bax o sözü gəzirik... Bu yerdə elə bu axtarışda yazdığı misralara köklənir:

 

Barat, dediyini tez deməlisən,

Əyri oturmalı, düz deməlisən.

Tanrı dedi, bircə söz deməlisən,

Sözü tapanacan ömür bitdi...

 

Danışa-danışa gəldik yetişdik Şeyx Nizami türbəsinə, dəryadan bir ovuc götürüb yanan ürəyimizə vurduq, sözün kölgəsinə çəkilib andıq onu.

 

Nizamidə belə bir məqama rastladım. “Dul söz”.

 

Nizami, dul sözdən aralı dayan” - söyləyir şair. Sən demə, söz dul qalarmış belə görüncə onun ardınca düşən, söz tullayan çox olurmuş! Çox təəssüf, sözə belə yanaşmalar çoxdur indi...

 

Amma Barat özü sözə bir ayrı cür yanaşır, bir şeirində sözün Tanrı dərgahında yerini belə göstərir:

 

Barat, var, Allah bizə veribdi,

Ürəyə veribdi, gözə veribdi,

Qalxıb öz yerini sözə veribdi,

Özü oturmağa yer yoxdu gördüm...

 

Bəli, Allah bizi sözə bu cür yanaşmağı göstərir, sözü uca tutmağımızı istəyir, bəs biz?!

 

İndi hündür-hündür binalar tikməkdə bir-birilə bəhsə girənlər çoxdur, şairin işi isə sözdən saray ucaltmaq, imarət yapa bilməkdir. Elə imarət ki, zamanın küləyinə, yağışına, tufanına, boranına dayana, sinə gərə bilsin! Uçulmasın, dağılmasın, əzəmətini qoruyub saxlaya bilsin. Şairin missiyası budur: Sözü qaldırıb Allahın yanına qoymaq. Allahın missiyası isə əvvəldən bəllidir, O qalxıb öz yerini sözə vermişdir.

 

... Sözün qüdrəti real mənasından çox yaratdığı obrazlardan asılıdır və bu gün üçün yazmaq başqadır, tarıx üçün, gələcək üçün yazmaq bir başqa. Söhbətimizin sonunda Baratla gəldiyimiz nəticə belə oldu ki, hər şey EŞQin yolunu tapmağa xidmət etməlidir, yolun başlanğıcından baxanda o başında görünən işığa köklənməlidir, bunun biriSÖZdür, budağında oturub hərdən gücümüz yetdi, yetmədi , ağacını silkələməyə çalışdığımız əbədi, əzəli, doğma ƏDƏBİYYATımızdır!

 

Düşünək, dostlar, düşünək!

 

525-ci qəzet  2018.- 25 avqust.- S.17.