Azərbaycan-Polşa münasibətlərinin
tarixinə qısa ekskurs və Qarabağ
Azərbaycan və Polşanın müasir diplomatik
münasibətlərinin tarixi nisbətən qısa bir
dövrü əhatə edir. Lakin iki xalq
arasındakı dostluq və əməkdaşlıq ənənələri
bir neçə əsr öncədən mövcud olmuşdur.
Hələ XV əsrdə, xüsusən Ağqoyunlu
dövlətinin hökmdarı Uzun Həsənin
dövründə Azərbaycanla Polşa arasında dövlət
başçıları səviyyəsində əlaqələr
saxlanırdı. Tarixi faktlardan bəllidir ki, XV əsrin
70-ci illərində Azərbaycanla Polşa arasında ticarət
əlaqələri aparılır və bu əlaqələr
getdikcə möhkəmlənirdi. Polşadan
gətirilən silah və kəhrəba əvəzinə
buraya xalça, Şərq silahları, Qarabağ atları gətirilirdi.
Burada qeyd etmək lazımdır ki, Qarabağ atları hələ
o dövrdə Şərq at cinslərinin ən
yaxşılarından sayılırdı. Onlar Cənubi
Rusiyanın və Qərbi Avropanın bəzi ölkələrində,
o cümlədən, Polşada minik
atçılığının inkişafına təsir
göstərmişdir. Polşanın zadəgan
nəslindən olan tarixçi S.M.Bronevski XVIII əsrin sonunda
yazırdı ki, “Qarabağ ilk növbədə öz at
zavodları ilə məşhur idi, Persiyada ən yaxşı
atlar Qarabağ atları sayılır”. Deyilənlərə
əlavə edək ki, bu gün də Azərbaycanın
Qarabağ bölgəsinin atları dünyanın ən nadir
növlərindən biri və eyni zamanda, Asiya və Qafqazda ən
qədim at cinsidir, Şərq tipli at cinslərinin isə ən
yaxşılarındandır.
Azərbaycan və Polşa arasındakı əlaqələr
sonrakı dövrlərdə də yüksələn xətlə
inkişaf etmişdir. Bu, xüsusən XIX əsrdə və XX əsrin
əvvəllərində aydın nəzərə
çarpırdı. Bakı şəhərinin
mərkəzində bir çox memarlıq tikililərinin
müəllifləri olan mühəndislər Qoslavski və
Ploşko Azərbaycanda yaxşı tanınan şəxslərdir.
Mühəndis Pototcki isə Xəzər dənizi
şelfində neft hasilatı üzrə layihə
hazırlamış və onun həyata keçirilməsini təşkil
etmişdi.
Polyaklar 1918-ci ildə yaradılmış Azərbaycan
Xalq Cümhuriyyətinin həyatında da fəal iştirak
etmişlər. Əhalinin siyahıya alınmasına
görə, XX əsrin əvvəllərində Bakıda
2000-dən çox polyak yaşayırdı, hazırda isə
burada yaşayan polyakların sayı təxminən 1000 nəfərdir.
İkinci dünya müharibəsi illərində
Polşanın beynəlmiləl partizan dəstələrinin
sıralarında faşist düşərgələrindən
qaçmış çoxlu azərbaycanlı hərbi əsirlər
döyüşürdü. Bayandur Hacıyev, Zeynal Zeynalov, Həsən
Novruzov, bir çox digər azərbaycanlıların
adları Polşanın partizan hərəkatı ilə
sıx bağlıdır.
1991-ci ilin dekabr ayında Polşa Azərbaycanın
dövlət müstəqilliyini tanımışdır. Bundan bir neçə il sonra isə xalqımızın Ümummilli
lideri Heydər Əliyev Polşada rəsmi səfərdə
olmuş, sonra Polşa Prezidenti Aleksandr Kvasnevski Azərbaycana
cavab səfərinə gəlmişdir.
Cənab İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsindən sonra da
Polşa ilə münasibətlərin inkişafı
uğurla davam etdirilmişdir. Bu gün Polşa
şirkətləri və təşkilatları energetika, sənaye,
kənd təsərrüfatı, təhsil və turizm sahələrində
Azərbaycan şirkətləri və təşkilatları
ilə əməkdaşlıq edirlər.
Polşa Qarabağ probleminə də həssaslıqla
yanaşır.
Avropa Şurasının 324 nömrəli Bəyanatında
Avropa Parlament Assambleyasının Albaniya, Azərbaycan, Bolqarıstan,
Böyük Britaniya, Lüksemburq, Makedoniya, Norveç və
Türkiyədən olan üzvləri ilə yanaşı,
Polşadan olan nümayəndələr də “26 fevral 1992-ci
ildə ermənilər Xocalının əhalisinə
münasibətdə qətliam törətmiş və şəhəri
tamamilə məhv etmişlər” fikrinin yer aldığı
bəyanatı imzalamış və Xocalı qətliamını
“azərbaycanlı əhaliyə qarşı ermənilər tərəfindən
törədilən genosidin” bir hissəsi kimi tanınması
çağırışı ilə Assambleyaya müraciət
etmişlər. (Recognition of the genocide perpetrated against the Azeri
population by the Armenians. Written Declaration No. 324, 2nd edition,
originally tabled on 26 April 2001).
Ən başlıcası isə Polşa Dağlıq
Qarabağ probleminin beynəlxalq hüququn normaları və Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
tənzimlənməsi mövqeyindən çıxış
edir.
Bütün
bunlar cəsarətlə deməyə əsas verir ki, məhz
bu iki xalq arasında tarixən formalaşmış dostluq və
əməkdaşlıq əlaqələri, onların
nümayəndələrinin, xüsusən XIX əsrdə və
XX əsrin əvvəllərində, Azərbaycan - Polşa əlaqələrinin
möhkəmlənməsində fəal iştirakı
Dağlıq Qarabağ probleminin həllinə münasibətdə
Polşanın belə bir qərar qəbul etməsinə
müəyyən dərəcədə təsir etmişdir.
Fikrimizcə, Polşanın belə mövqe tutmasına
təsir göstərən amillərdən biri də odur ki,
göstərilən tarixi dövrdə Azərbaycanda, o cümlədən,
Qarabağda çoxsaylı polyak diasporu yaşamış və
onun həyatında fəal iştirak etmişdir. Qarabağdan
olan bir sıra ziyalılar isə o zaman Polşada
yaşayır və işləyirdilər. Onların çoxu ölkələrimiz arasında
ictimai-siyasi və mədəni əlaqələrin
qurulmasında fəal iştirak edirdilər.
O
dövrün nəşrlərində Azərbaycan - Polşa əlaqələrinə
aidiyyəti olan bir sıra məlumatlara rast gəlmək
mümkündür. Şuşa şəhərinin polyak əsilli
sakini Konstantinoviç tərəfindən
hazırlanmış və 1852-ci ildə Qafqaz canişininin dəftərxanasında
nəşr edilmiş “Qafqaz təqvimi” kitabında (səh:
430-435) statistik məlumatlar təsvir edilmişdir. Burada 19-cu əsrin
ortalarında Şuşa şəhərinin
əsasının qoyulması, coğrafiyası, idarəçiliyi,
sakinləri və iqtisadiyyatı barədə məlumatlar
toplanılmışdır.
Şuşanın əsasının qoyulması məsələsinə
toxunan Konstantinoviç qeyd etmişdir ki, “Şuşa əyalət
şəhəridir. Keçmiş Qarabağ
xanlığının paytaxtı və qala şəhəridir.
Zaqafqaziya diyarının müsəlman hissəsinin
ən zəngin əyalətidir və Cavanşir
mahalının Sarıcalı cəmiyyətinin sakini olan Pənahəli
bəy tərəfindən 1752-ci ildə əsası
qoyulmuşdur”.
1852-ci ildə “Qafqaz təqvimi” kitabı nəşr
olunduğu dövrdə Şuşada Azərbaycan əhalisi
buraya köçürülən erməni əhalisindən
qat-qat çox idi. Şəhərdə 480-dən çox sənətkar
emalatxanaları və 11 fabrik fəaliyyət göstərirdi.
Təqvimdə qeyd olunurdu ki, Şuşada fəaliyyətdə
olan 9 məscid var və həmin məscidlərin nəzdində
olan mədrəsələrdə 400 şagird oxuyur. Bundan başqa, 110 azərbaycanlı şagird 1830-cu
ildə burada açılmış rus-Azərbaycan qəza məktəbində
təhsil alırdı və həmin məktəbin müəllimləri
arasında polyaklar da var idi.
Qarabağda yaşamış Kiyev universitetinin tələbəsi,
kiçik zadəgan ailəsindən olan Vladislav
Stşelnitskini (1820-1846) də qeyd etmək lazımdır. O, Polşanın müstəqilliyi
üçün mübarizə aparan gizli təşkilatla əlaqəsinə
görə Qafqaza sürgün edilmişdi. Qarabağda
o, Azərbaycan dilini öyrənmiş və bu dili bilməsi
ona Azərbaycan xalqının adət-ənənələrini
və mədəniyyətini başa düşməkdə
köməklik etmişdi.
Qulluq
etdiyi ordudakı ağır hərbi xidmət Azərbaycanın
təbii gözəlliklərini dərk etməkdə və
başa düşməkdə ona mane ola
bilməmişdi. V.Stşelnitski Qafqazın
dağ silsiləsinin ətəyində, Kür
ovalığının cənubunda, Xocalıda
yaşamışdır. Onu daha çox
köhnə məbədlərin xarabalıqları narahat
edirdi. Bununla əlaqədar o, belə yazırdı: “Bu
xarabalıqlar öz təəssüratlarını təsvir
etməyə qərar verən səyyahlar üçün bir
xəzinədir. Bu xarabalıqlar Mitridatı, hətta
Makedoniyalı İsgəndəri xatırladır”.
Uzun müddət Qarabağda yaşayan V.Stşelnitski bu
gözəl məkan haqqında fikirlərini özünün
“Qafqaz oçerkləri” əsərində geniş təsvir
etmişdir. Bu əsərdə yazıçının bu
diyarın tarixinə, onun gözəl təbiətinin təsvirinə,
eləcə də hüquqsuzluq və yoxsulluq şəraitində
yaşayan xalqına baxışı çox əhəmiyyətlidir.
Vladislav Stşelnitski kitabında bu yerlərin tarixi haqqında
da müəyyən məlumat vermişdir: “Qarabağ müsəlman
əyalətidir. 1812-ci ildə
bağlanmış müqavilə əsasında Padşah tərəfindən
Rusiyaya verilmişdir. Bu diyar möhtəşəm
atları ilə məşhur olmuşdur”.
Onun
oçerklərində Azərbaycanın müxtəlif
rayonlarının - Şuşa, Ağcabədi,
Kürdəmir, Şamaxı və Zərdabın təbiəti,
topoqrafik xüsusiyyətləri haqqında maraqlı məlumatlar
öz əksini tapmışdır. “Mənim
qarşımdakı tənha bir yerin mənzərəsidir:
hamar düzənliklər uzanıb gedir, onun ortasında
yaşıl məxmər üzərində
gümüşü ip kimi axan çaylar, ətrafında
boş çəmənliklər, dərələr,
dağlar, ən yüksək dağda isə uzaqdan
Şuşanın - xəyallara bənzər şəhərin
ağ divarı parlayırdı”, -
Stşelnitski yazırdı. “Şuşa, Əsgəran
xarabalıqları, Ağdam və nəhayət,
Qarabağın bu hissəsinin digər yerlərinə bənzəri
olan kəndlərdən biri - Hindarx, ayın
işığının verdiyi imkan qədər onlara baxa
bildim. Evləri qamışdandır, insan
yaşayışı üçün olmaqdan daha çox pəyəyə
oxşayır, onların arasında tut və üzüm
bağları vardır. Hər yerdə bir səliqəsizlik
hökm sürür: küçənin lap ortasında zibil
yığını yüksəlir”.
Yazıçı
tərəfindən təsvir olunan başqa bir Qarabağ kəndinin
vəziyyəti də bundan çox da fərqlənmir:
“Böyük kənd Ağcabədi yastı, meşəsiz bir
düzənlikdə yerləşir. Sahilləri
bitki örtüyü ilə zəngin olan Kür çayının
qonşuluğu digər qonşu kəndlər kimi ona su,
kanallar və tikinti üçün taxta verir”.
Polşalı yazıçı yaşayış evlərinin
köhnəliyini və səliqəsizliyini təkcə onun
sakinlərinin yoxsulluğu ilə deyil, eləcə də bu
yerlərdə çox yumşaq keçən qışla
izah edir. “Ağcabədidə çoxlu bağlar vardır,
onların da çoxu tut və üzüm
bağlarıdır. Üzüm
satışa gedir, tut bağları isə ipəkqurdlarını
qidalandırmaq üçün istifadə olunur, ipək
parçalardan Qarabağda məşhur olan cimcimə və
şalvar tikirlər ki, bunlar da ilk növbədə təəccüb
doğuracaq dərəcədə tükənməz
uzunömürlülüyü ilə fərqlənirdilər”.
V.Stşelnitski Qarabağ xanlarının
sonuncusu olan Pənahəli xanın Ağdamdakı qəbrinin
də maraqlı təsvirini vermişdir.
“Qafqaz oçerkləri” demək olar ki, polşalı
romantiklərin Azərbaycana həsr etdikləri ən əhəmiyyətli
əsərlərdən biridir. Janrına görə
sənədli xarakter daşıyan və həqiqi təsvir
elementləri ilə reallığı əks etdirən bu əsər
yazıçının istedadını təsdiqləyən
yüksək bədii səviyyəsi ilə fərqlənir.
Əsərdə çoxlu sayda Azərbaycan
sözlərini, ifadələrini, toponimlərini, şəxs
adlarını görmək mümkündür. Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti,
ənənləri haqqında zəngin məlumatların əksini
tapdığı bu oçerklər bu gün də
tarixçilər, filoloqlar, etnoqraflar üçün ölkəmizin,
onun ayrılmaz hissəsi olan Qarabağın öyrənilməsi
üçün qiymətli materiallardır.
İstedadlı şair Tadeuş Lada-Zablotski (1813 -1847) də
1837-ci ildə Qafqaza sürgün edilən və Azərbaycanda
yaşayan polyakların arasında olmuşdur. O, Qafqazdakı
istehkamçılar batalyonunda sıravi kimi qulluq etmiş,
burada V. Stşelnitski ilə tanış
olmuşdur. Məhz T.Zablotskinin sayəsində
V.Stşelnitskinin poetik əsərləri Polşa qəzetlərinin
redaktorlarına çatdırıla bilmişdir.
Tadeuş
Lada-Zablotski Qafqazda görkəmli Azərbaycan tarixçisi və
şairi Abbasqulu ağa Bakıxanovla da tanış
olmuşdur. Abbasqulu ağa polşalı şairi XVIII əsrin
tanınmış Azərbaycan şairi və dövlət
xadimi - Qarabağ xanlığının birinci vəziri Molla
Pənah Vaqifin (1717 - 1797) yaradıcılığı ilə
tanış etmişdir. Vaqifin
monarxiya əleyhinə yönəlmiş əsərləri
bütün inqilabi və yaradıcılıq fəaliyyətini
hüquqsuz və zəhmətkeş insanlar üzərində
edilən özbaşınalıq və zorakılıqla
mübarizəyə həsr edən Zablotski üçün də
çox maraqlı idi.
Polşalı şairin fikirləri özünün təbii
davamını Vaqifin 1797-ci ildə Qarabağda, Şuşada
öldürülmüş İran şahının
ölümünə həsr etdiyi qəzəlinin “Ağa Məhəmməd
xanın ölümünə mahnı” adlı tərcüməsində
də tapmışdır. Qəzəlin tərcüməsi
1849-cu ildə “Rubon” jurnalında dərc olunmuşdur.
Bununla yanaşı, Vaqifin yaradıcılığı
ötən əsrdə polşalı şairlər Y.Quş və
L. Levinin tərcümələri sayəsində Polşada məşhur
olmuşdur. Onlar Vaqifin şeirlərini polyak dilinə tərcümə
edərək, burada buraxılmış antologiyaya daxil
etmişlər. Oxucular azərbaycanlı
şairin antologiyaya daxil edilmiş şeirlərini yüksək
dəyərləndirmişlər. Bu da onun
göstəricidir ki, tərcüməçilər Vaqifin
poeziyasının incə lirizmini, həyati notlarını
oxuculara çatdıra bilmişdilər. Bu,
orijinal əsərin dilini, şairi ərsəyə gətirən
ölkənin tarix və mədəniyyətini dərindən
bilmək sayəsində mümkün olmuşdu.
Burada qeyd etmək yerinə düşər ki, klassik Azərbaycan
poeziyasından antologiyaya həmçinin, Azərbaycan ədəbiyyatında
tənqidi realizmin banilərindən olan Qasım bəy Zakirin
lirik şeirləri də daxil edilmişdir.
Vaqifin yaradıcılığı da Polşa şərqşünaslarının
diqqətini cəlb etmişdir. “Dziennik odzk Dziennik
odzki” (1968, Nr.295, s. 4) jurnalında dərc olunan geniş məqalədə
onun yaradıcılığına yüksək qiymət
verilmişdir.
O
dövrün Azərbaycan yazıçı və şairləri
də Polşaya xüsusi maraq göstərmişlər. Yusif Vəzir Çəmənzəminli (1887-1943)
öz yaradıcılığında Polşa mövzusuna yer
verən ilk Azərbaycan yazıçılarından
olmuşdur. Yeri gəlmişkən qeyd edək ki,
Y.V.Çəmənzəminli Şuşa
şəhərində anadan olmuşdur. Vəzirov
familiyası İbrahim Xəlil xan və Mehdiqulu xanın
hakimiyyəti dövrlərində Qarabağ
xanlığının ən nüfuzlu vəzirlərindən
olan Mirzə Camal Cavanşirlə bağlıdır. Bu familiya nəsildən nəslə
keçmişdir.
Y.V.Çəmənzəminli
1910-cu ildə Kiyevin Müqəddəs Vladimir adına
İmperator Universitetinin hüquq fakültəsinə daxil
olmuşdu. Fevral inqilabı dövründə
Yusif Vəzir Qalisiyada idi. O, həmin dövrlərin hadisələrini
özünün “Studentlər” (Y.V.Çəmənzəminli.
Studentlər. Azərbaycan SSR
Elmlər Akademiyası. Bakı, 1968)
avtobioqrafik əsərində təsvir etmişdir. Yazıçı müxtəlif millətləri təmsil
edən tələbə - gənclərin inqilaba qədərki
fəaliyyətini, onların Ukraynada təhsil aldıqları
müddətdə necə mənəvi ünsiyyət
qurduqlarını, zamanın ciddi sosial-siyasi problemlərini təhlil
etdiklərini göstərirdi. Romanın bədii
təsvirlər olan səhifələrində polyakların
xarakterinin, onların milli psixologiyasının xüsusiyyətləri,
mənəvi - emosional dünyası da öz əksini
tapmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən Yusif Vəzir Çəmənzəminlinin
diplomatik nümayəndə təyin olunduğu Polşa
ölkəmizin diplomatik münasibət qurduğu ilk ölkələrdən
biri olmuşdur.
Bütövlükdə XX əsrdə iki ölkənin ədəbiyyat
və mədəniyyət xadimlərinin əlaqələri
yüksələn xətlə davam etmişdir. Polşalı
yazıçılar, jurnalistlər tez-tez “Odlar ölkəsi”nə
səfər edir, respublikada müxtəlif sahələrdə
baş verən tərəqqinin şahidi olur, Azərbaycan
haqqında, burada baş verən dəyişikliklər
haqqında öz oçerklərində, reportajlarında
geniş məlumat verirdilər. Oçerklərin
bir çoxunda nəzərə çarpan əsas xüsusiyyət
ondan ibarətdir ki, bu əsərlər müəlliflərin
Azərbaycanın regionlarına, o cümlədən,
Qarabağa səfərlərindən alınmış təəssüratların
nəticəsi olaraq yazılmışdır. Buraya
Qarabağın zəhmətkeş insanlarının müasir
həyatından bəhs edən məqaləni (Karabachskie
wesele Przyjazn, 1978, Nr.1,s. 9) və bir
çox digər yazıları da daxil etmək
lazımdır.
Məşhur
Azərbaycan şairi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın
qızı Xurşid Banu Natəvanın “Bənövşə”,
“Tale mənə ürəyi qəm və kədər
üçün verdi” kimi incə ruhlu, lirik
qəzəlləri polyak dilinə yazıçı
T.Xruşşelevski tərəfindən tərcümə
edilmişdir.
Azərbaycan və Polşa xalqları arasındakı əlaqələrdən
danışarkən qeyd etmək lazımdır ki, bu
xalqları təkcə ədəbi körpülər birləşdirmir,
onlar arasındakı münasibətlərdə bu iki xalqın
zəngin və təkrarsız musiqisi də əhəmiyyətli
yer tutur. Xüsusən XX əsr azərbaycanlı və
polşalı musiqiçi və musiqisevərlərin bir
sıra yaradıcılıq görüşləri ilə əlamətdar
olmuşdur.
1912-ci ildə görkəmli Azərbaycan xanəndəsi
Cabbar Qaryağdıoğlu tarçalan Qurban Pirimov və
kamançaçalan Saşa Oqanezaşvili ilə birlikdə
Varşavaya səfər edir.
Qaryağdıoğlu Varşavada bir sıra muğam və
təsnifləri yazdırmışdır. Xanəndənin
səsi qrammofon vallarına “Sport Record”, “Extrafon” və
“Qrammofon” Səhmdar Cəmiyyətləri tərəfindən
yazılmışdı. “Sport Record” firması tərəfindən
Cabbar Qaryağdıoğlunun səsi yazılmış val qısa müddət ərzində
satılıb qurtarmışdı. Bundan
başqa, firmanın buraxdığı nəfis kataloqda xanəndələrin
şəkilləri verilmiş və ifa etdikləri təsnif və
muğamların adları göstərilmişdi. Kataloqun
ilk səhifələrində böyük sənətkarın
aşağısında belə bir qeyd olan şəkli də
yerləşdirilmişdi: “Görkəmli xanəndə Cabbar
Qaryağdıoğlu - Şuşalı”.
Düz
qırx ildən sonra Sovet İttifaqının və Azərbaycanın
parlaq estrada və opera müğənnisi,
aktyor, SSRİ Xalq artisti Rəşid Behbudov (1915-1989)
Polşada qastrol səfərində olmuşdur. Rəşid
Behbudovun atası Şuşada doğulmuş Məcid Behbudov
da tanınmış xalq müğənnisi idi. Polşalı dramaturq Sergey Povolotski öz xatirələrində
yazırdı ki, o, Əsgərin ariyasını ilk dəfə
görkəmli müğənni Rəşid Behbudovun
ifasında dinləmişdir. Sonra o, Rəşid Behbudovun
baş rolu oynadığı “Arşın mal alan”
filminə baxmışdır. Bəlli olduğu
kimi, bu film dahi Üzeyir Hacıbəyovun eyni adlı
operettası əsasında çəkilmişdir. Bir müddət keçəndən sonra görkəmli
müğənni növbəti dəfə Polşaya qastrol səfərinə
gəlir. Konsertlərinin birindən sonra
dramaturq Rəşid Behbudova yaxınlaşır və
operettanı polyak dilinə tərcümə etmək arzusunu
ona bildirir. Böyük sənətkar onun
bu istəyini bəyənir. 1954-cü ildə Belostoksk
dövlət teatrında “Arşın mal alan”
operettası polyak dilində tamaşaya qoyulur və
böyük uğur qazanır. Sonralar bu komediya
Polşanın 17 şəhərində tamaşaya
qoyulmuşdu.
Maraqlıdır
ki, Sovet və Azərbaycan pianoçusu, bəstəkar,
Bakı Musiqi Akademiyasının rektoru, professor, SSRI və Azərbaycan
Respublikasının Xalq artisti, Dağlıq Qarabağın Azərbaycan
İcmasının üzvü Fərhad Bədəlbəyli
1969-cu ildən başlayaraq görkəmli polyak bəstəkarı
və pianoçusu Frederik Şopenin bir çox əsərlərini
ifa etmiş və bu gün də ifa etməkdə davam edir.
Məşhur
tar ifaçısı, Ağdamda dünyaya göz
açmış professor Ramiz Quliyev də dəfələlərlə
Polşanın bir çox orkestrləri ilə birlikdə
çıxış etmişdir. Onların
sırasında Lüblin, Podlyask filarmoniyalarının orkestrləri
də vardır. Ramiz Quliyev öz təkrarolunmaz
ifaları ilə saysız-hesabsız musiqisevərlərin qəlbini
fəth etmişdir.
Azərbaycan-Polşa münasibətlərinə aidiyyəti
olan şəxslərdən danışarkən daha bir
ziyalını da qeyd etmək lazımdır. Azərbaycan
Xalq Cümhuriyyətinin görkəmli hərbi xadimi Səməd
bəy Mehmandarov (1855-1931) XIX əsrdə Rusiya İmperator
Ordusunun artilleriya generalı kimi Polşada olmuş və qulluq
etmişdir. O, 1894-1898-ci illərdə Varşava Hərbi
dairəsində xidmət keçmiş, briqada məhkəməsinin
üzvü və sədri, sonra isə Varşava hərbi-dairə
məhkəməsinin müvəqqəti üzvü
olmuşdur.
Mehmandarov Qarabağda tanınmış nəsildəndir. O, 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin hərbi naziri təyin olunmuş və
28 aprel 1920-ci ilə qədər həmin vəzifəni
tutmuşdur. Azərbaycanın milli ordusu bilavasitə
onun rəhbərliyi altında
formalaşdırılmışdır. Milli
ordunun Baş ştabının ilk rəisi isə Mehmandarovun
zəmanəti ilə polşalı tatar general-leytenant
Süleyman bəy Sulkeviç təyin olunmuşdur. Təəssüf doğurucu faktdır ki, general
Sulkeviç 1920-ci ildə bolşeviklər tərəfindən
güllələnmişdir.
Bir neçə kəlmə də görkəmli filosof,
şərqşünas-ərəbşünas, Quranın rus
dilinə ilk poetik tərcüməsinin müəllifi Teodar
Şumovski (1913-2012) haqqında. Milliyyətcə polyak
olan T.Şumovski Ukraynada anadan olmuşdur. Onun
körpəliyi və gənclik illəri Azərbaycanda, əvvəl
Şuşada, sonra isə Şamaxıda keçmişdir.
T.Şumovski üçün Azərbaycan sirlərlə
dolu Şərq diyarı olmuş, onu bütün həyatı
boyu sevmişdir. O bu ölkəni özünün həqiqi
vətəni saymış, onu öz qoynunda böyüdən
bu diyarı hər zaman isti xatirələrlə
xatırlamışdır. Sankt-Peterburqda təhsil
alarkən də yay tətillərini Azərbaycanda
keçirmiş, öz uşaqlıq illərinə
qayıtmışdır.
Daha bir polşalı jurnalisti də burada qeyd etmək
yerinə düşər. Söhbət Adam Kulikdən
gedir. O, 1989-cu ildə Azərbaycanda olmuş, öz təəssüratlarını
qələmə alaraq onları Azərbaycan mətbuatında
bölüşmüşdür. Ermənilərin ərazi
iddialarına münasibət bildirən müəllif
yazır: “... ermənilər yalnız 100-150 il bundan əvvəl
kütləvi şəkildə Qarabağda məskunlaşmışlar,
onlar əvvəl yaşadıqları başqa xalqa məxsus
torpaqlardan buraya gəlmişlər. Onlar indi
hansı əsasla bu torpaqları tamhüquqlu sahiblərinin əlindən
almaq və dövlətlərinə birləşdirmək istəyirlər?
Bu nə arqumentdir?”
Onun müasir Azərbaycan həyatının ən kəskin
dövrünə həsr olunmuş reportajlar seriyası
özünün obyektivliyi, respublikada baş verən hadisələrə
ayıq baxışı ilə diqqəti cəlb edir. Bu
yazıların əsas dəyəri ondadır ki, bunlar Azərbaycanda,
onun müxtəlif bölgələrində, o cümlədən,
Qarabağda olmuş, Azərbaycan xalqının qəlbini
duyan, xarakterini başa düşən bir insan tərəfindən
qələmə alınmışdır.
Ölkələrimiz arasında ictimai-siyasi, mədəni
əlaqələrin qurulmasında emiqrasiyada yaşayan polyaklar
da fəal iştirak etmişlər. Qarabağ haqqında fikirlərə
polyak əsilli amerikalı tədqiqatçı Monmutski
Universitetinin, Bakı Dövlət Universitetinin və Xəzər
Universitetinin tarix üzrə Fəxri doktoru, Azərbaycanın
yeni tarixi üzrə aparıcı mütəxəssis
Tadeuş Sventoxovskinin (1932-2017) elmi məqalələrində
də geniş yer ayrılmışdır. Professorun ən məşhur
əsərlərindən biri olan 1985-ci ildə
yazılmış “Azərbaycan Rusiyanın tərkibində,
1905-1920: müsəlman cəmiyyətində milli kimliyin
qurulması” adlı monoqrafiyasını qeyd etmək
lazımdır. Bunun ardınca onun 1995-ci ildə
“Rusiya və Azərbaycan. Sərhəd
ölkəsi inkişaf prosesində” kitabı nəşr edildi.
Polşalı alim həmçinin, Varşava
Universitetində dərs demiş, 1999-cu ildə işıq
üzü görən “Azərbaycan tarixinin lüğəti”
kitabının həmmüəllifi olmuşdur. Daha sonra 2006-cı ildə Sventoxovskinin “XX əsrdə
dünya dövlətlərinin tarixi” seriyasından Azərbaycan
haqqında kitabı çıxmışdır. Bu kitablarda Azərbaycan tarixi, onun füsunkar bölgəsi
olan Qarabağ haqqında obyektiv və zəngin informasiya tapmaq
mümkündür.
Bundan başqa, Sventoxovski öz
çıxışlarında, çoxsaylı intervyülərində
dəfələrlə qeyd etmişdir ki, öz respublikalarının
hüdudlarından kənarda kompakt şəkildə
yaşayan ermənilərin, eləcə də digər
xalqların başqa respublikadan sərhədlərinə yenidən
baxılması tələbi irəli sürməsinin heç
bir hüquqi əsası yoxdur, belə tələblərin
qarşısı alınmalıdır.
Deyilənlərə onu da əlavə edək ki,
T.Sventoxovski 2009-cu ildə yaradılmış “Qarabağ
Fondu”nun (Karabakh Foundation) Beynəlxalq Məsləhətçilər
Şurasının sədri seçilmişdi. Fondun
başlıca məqsədi Azərbaycan mədəniyyətinin
təbliğidir.
Amerikalı
dirijor, polyak əsilli Leopald Stokovski (1882-1977) və görkəmli
Azərbaycan bəstəkarı, pedaqoq, professor, SSRİ Xalq
artisti, Dövlət mükafatları laureatı Fikrət
Əmirov (1922-1984) arasındakı səmərəli əməkdaşlıq
əlaqələrini də xüsusi qeyd etmək
lazımdır. Bəstəkarın atası
Şuşada anadan olan Məşədi Cəmil də
tanınmış xalq müğənnisi, məşhur
tarçalan və bəstəkar omuşdur.
1960-cı ildə Stokovskinin dirijorluğu ilə
Filadelfiya orkestri Fikrət Əmirovun “Kürd ovşarı”
simfonik muğamını ifa etmişdir. Həmin İfadan sonra
Stokovski Fikrət Əmirova yazmışdı: “Əziz cənab
Əmirov! Sizin simfonik muğamları
Hyüstonda və Texasda ifa edərkən həm orkestr, həm
də tamaşaçılar heyrətə gəlmişdilər.
Bizə belə böyük zövq bəxş
etdiyiniz üçün Sizə minnətdarıq”. Əlavə edək ki, 1948-ci ildə
yazılmış “Kürd ovşarı” simfonik muğamı
Polşanın iri konsert salonlarında dəfələrlə
ifa olunmuşdur.
Burada daha bir faktı qeyd etmək vacibdir ki, Leopold
Stokovskinin dirijorluğu ilə simfonik orkestr Amerikada Fikrət
Əmirovun daha bir musiqi əsərini - “Azərbaycan
kapriççiosu” əsərini böyük uğurla ifa
etmişdir. Konsertdə iştirak edən 30 mindən artıq
dinləyici bu musiqi əsərini böyük coşqu ilə
qarşılamışlar.
Həm Azərbaycanda,
onun ayrılmaz hissəsi olan Qarabağda, həm də
Polşada baş verən ictimai-siyasi, iqtisadi və mədəni
proseslərə öz töhfələrini vermiş bir
sıra polyakların və azərbaycanlıların
bioqrafiyasından təqdim etdiyimiz bəzi epizodlar
düşünürük ki, Azərbaycan-Polşa əlaqələrinin
möhkəmlənməsinə xidmət edəcək.
Şübhəsiz, bu informasiyalar toxunulan mövzu üzrə
tam məlumat vermək iddiasında deyildir. Buna görə
də, fikrimizcə, bu istiqamətdə yeni, daha tam məlumatların
axtarışı davam etdirmək vacibdir. Biz bu iki dost
xalqın nümayəndələri, o cümlədən,
Qarabağ bölgəsində yaşamış azərbaycanlılar
və polyaklar arasındakı dostluq münasibətlər barədə
çox az bilirik. Təkcə
onu deyək ki, o dövrün polisinin verdiyi məlumata görə,
yalnız Şuşada 124 polyak və 22 alman
yaşayırdı. Onların həyat və
fəaliyyətləri haqqında araşdırmalar
aparılması öz növbəsini gözləyir. Qarabağdan çıxan və sonralar Polşada və
digər ölkələrdə yaşamış insanlar
haqqında araşdırmalar aparılması da diqqət mərkəzində
saxlanılmalıdır. Ümumiyyətlə,
xalqlarımız arasında dostluq əlaqələrinin
möhkəmlənməsinə xidmət etmiş insanlar
haqqında məlumatların işıq üzünə
çıxarılması Azərbaycan - Polşa əlaqələrinin
möhkəmlənməsinə töhfə olardı.
Rövşən
AĞAYEV
Natiq İSAYEV
525-ci qəzet 2018.- 25 avqust.- S.18-19.