Bir daha Ağaoğlu Məhəmməd haqqında

 

Görkəmli tədqiqatçı-alim, hörmətli səfir Vilayət Quliyevin “525-ci qəzet”in şənbə buraxılışlarında dərc olunmuş, həqiqətən, dünya şöhrətli azərbaycanlı sənətşünas Məhəmməd Ağaoğlunun həyat yaradıcılığından bəhs edən, böyük zəhmətin bəhrəsi olduğu aydın sezilən nəhayət, vətən, xalq sevgisi ilə qələmə alınmış məqaləsini böyük maraqla müəllifə dərin minnətdarlıq hissi ilə oxudum.

 

Eyni zamanda, bu məqalə məni xəyalən ötən əsrin 70-ci illərinə, artıq çoxdan arxada qalmış gənclik dövrünə qaytardı. O vaxt ilk Azərbaycan Ensiklopediyasının Baş redaksiyasında sahə redaksiyalarından birinin müdiri, həm partiya bürosunun katibi idim. Ensiklopediyanın beş il əvvəl, 1970-ci ildə Rəsul Rzanın baş redaktorluğu ilə hazırlanmış ilk cildinin tirajının bir hissəsi çap olunsa da, buraxılışına icazə verilmirdi. Bir tərəfdən ermənilər, digər tərəfdən sapı özümüzdən olan baltalarcilddəki bəzi məqalələrin millətçilik ruhunda olduğu barədə ittihamlarla doludonoslaryazmışdılar. Azərbaycandan yazılmış ittiham 50 səhifə (!) idi. Bu saxta ittihamların körüklənməsində bədnam Stepan Şaumyanın çolaq oğlu, MoskvadaBolşaya Sovetskaya Ensiklopediya”nın baş redaktor müavini işləyən Levonun da böyükxidmətiolmuşdu.

 

Nəhayət, o yerə gəlib çatdı ki, Moskvadan Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin SSRİ Maliyyə Nazirliyinin nümayəndələri Bakıya göndərildi.

 

Partiya Nəzarəti Komitəsinin nümayəndəsi Sokolov ASE Baş redaksiyasının rəhbər işçilərini təklikdə Azərbaycan KP MK-nın binasına çağıraraq, sanki istintaq aparırdı. Bir gün partiya bürosunun katibi kimi mənə növbə çatdı. İstintaqımxeyli çəkdi, ancaq Sokolov ürəyincə olan, “partiyalıcavablar ala bilmədi. Ona görə ki, ittihamlarda göstərilənlərin əksinə olaraq, cildin məqalələrindəproletar beynəlmiləlçiliyinəzidd, millətçilik ruhlu faktlar yox idi. Çünki adını çəkdiyim 50 səhifəlik ittihama o vaxt Baş redaktorun elmi işlər üzrə müavini işləyən, hazırda Tarix İnstitutunun direktoru olan akademik Yaqub Mahmudovla birlikdə Bakının qızmar yay günlərində cavab yazanlardan biri kimi buna tam əmin idim.

 

Nəhayət, söhbətdən narazılığı açıq-aşkar sezilən Sokolov yəqin ki, qaneedici cavab alacağına ümid bəslədiyi sonuncu sualını verdi: “Sizin cilddə sovet hökumətinin pulu ilə xaricə gedərək geri qayıtmayan, vətənə xəyanət edən Ağaoğlu Məhəmməd haqqında məqalə verilib. Buna deyirsiniz?”

 

Ancaq partiya funksioneri bilmirdi ki, biz ittihamlara cavab hazırlayarkən Ağaoğlu Məhəmmədlə bağlı hətta Dövlət Təlükəsizliyi Komitəsinə məktub yazaraq, onun xaricdə hansısa antisovet fəaliyyətinin olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdik. Komitədən bildirmişdilər ki, Ağaoğlu haqqında belə bir məlumat yoxdur. Mən bunu Sokolova deyəndən sonra soruşdum ki, Leninin Rusiyanın xalq artisti adı verdiyi, müvəqqəti getmək adı ilə ölkəni birdəfəlik tərk edən Fyodor Şalyapin haqqında Moskva ensiklopediyaları niyə məqalə verir? Yaxud, sovet hakimiyyəti illərində Rusiyadan gedən, haqqında ensiklopediyalarda geniş məqalələr verilən Sergey Raxmaninov Amerikada zənci gettolarında çıxış edirdi, yoxsa milyonçuların ziyafət məclislərində?

 

Mənimistintaqımbununla bitdi. Ertəsi gün MK-nın Təbliğat təşviqat şöbəsinin müdiri, vaxtilə Qlavlitdə rəisim olan Cahangir İldırımzadə zəng edib Sokolovla söhbətimiz barədə soruşdu bildirdi ki, səndən narazıdır, deyir, ensiklopediyanın partkomunun mövqeyi xoşuna gəlmir.

 

Ensiklopediyada Ağaoğlu haqqında verilmiş “millətçilik ruhlu” məqalə isə belə idi: “AĞAOĞLU Məhəmməd (24.8,1896 - 4.6.1949) - azərbaycanlı sənətşunas. 1916-cı ildə Moskva un-tinin Şərq şöbəsini bitirdikdən sonra Bakıda işləmişdir. Şərq xalqlarının incəsənətini öyrənmək məqsədi ilə xarici ölkələrə getmiş və vətənə qayıtmamışdır. İran, İraq, Türkiyə, Almaniya və İngiltərə muzeylərində çalışaraq, ixtisasını təkmilləşdirmişdir. 1929-cu ildən ABŞ-da - əvvəllər Detroyt incəsənət institutunun, sonra Miçiqan un-tinin professoru, 1933-cü ildən isə “Art İslamica” (“İslam incəsənəti”) məcmuəsinin redaktoru olmuşdur. Azərbaycan, Türkiyə, İranbaşqa Şərq ölkələrinin incəsənət tarixini tədqiqi etmiş, Şərq miniatürü, xalça, bədii metalparça sənətinə dair qiymətli əsərlər yazmışdır. Ağaoğlunun Azərbaycan, rus, türk, fars, ərəb, alman, ingilis, qədim yunan və latın dillərini mükəmməl bilməsi Şərq xalqlarının incəsənətinin tədqiqində ona böyük kömək etmişdir. Ağaoğlu orta əsr Şərq xalqlarının incəsənətinə dair üç kitabın - “İslam sənəti tarixi” (1928), “XV əsr İran kitab cildləri” (1935), “Səfəvi xalçaları və parçaları” (1941), habelə “The Art Bulletin” (1954) və “Həyat” (1927) məcmuələrində dərc edilmişİslam incəsənətinin xarakteri haqqında qeydlər”, “Türk incəsənəti tarixi” və s. elmi məqalələrin müəllifidir”.

 

Lakin ilk ensiklopediyamızın birinci cildin ilə bağlı ittihamlar nə qədər əsassız olsa da, onun buraxılmasına mane oldular. Nəticədə, ASE-nin ilk cildi 1976-cı ildə çıxdı və təəssüf ki, bir neçə başqa məqalə ilə yanaşı, Ağaoğlu Məhəmməd haqqındakı məlumat da bu cildə daxil edilmədi.

 

Ancaq Azərbaycan Milli Ensiklopediyasının ilk cildində Ağaoğlu haqqında bir qədər geniş məqalə verilmişdir.

 

Vaqif MUSAYEV

Əməkdar jurnalist

7.7.2018

 

525-ci qəzet  2018.- 25 avqust.- S.23.