Mühacirət irsimizdən: Abay
Dağlının - “Sakaryada 22-ci gün” pyesində Atatürk
obrazı
Abid TAHİRLİ
Ən
uzun meydan müharibəsi kimi dünya hərb tarixinə
düşən və 21 gün- 1921-ci il 23 avqust - 12 sentyabr
tarixləri arasında baş verən Sakarya
döyüşü türk xalqının tarixində və
taleyində, Qurtuluş savaşında həlledici rol
oynayıb.
Bu
döyüşün nəticəsində silah-sursat, canlı
qüvvə baxımından qat-qat güclü yunan ordusu
üzərində parlaq qələbə qazanılıb,
işğalçılar Sakarya çayının qərb
hissəsindən qovulub, düşmənin Qurtuluş
savaşının simvolu və dirəniş mərkəzi
hesab edilən Ankara arzusu birdəfəlik puç olub. Təsadüfi deyil ki, Sakarya dastanı uzun illər
boyu türk ədəbiyyatının aparıcı
mövzularından birinə çevrilib.
Mühacirət ədəbiyyatımızda bu qəbildən
olan nümunələr kifayət qədərdir. Tanınmış
mühacir dramaturq Abay Dağlı da (Ağayev Cəmil
İbrahim oğlu, 1906-Şuşa-1975-İstanbul) dəfələrlə
Sakarya zəfərini vəsf edib, bu mövzuda bir neçə
dram əsəri qələmə alıb. O, “Sakaryada
22-ci gün” pyesinədək “Sakarya” (1965), “Sakarya çetəsi”
(1969), “Malazgirtdən Sakaryaya” (1971) pyeslərini
yazmışdır. Eyni ideyaya xidmət edən bu əsərlər
məzmun, mövzu baxımından bir-birinə bənzəsə
də, hətta bəzi obrazlar, ayrı-ayrı epizodlar, səhnələr
bəzən bir-birini təkrarlasa da, pyeslərini hər birinin
ayrıca süjet xətti, özünəməxsus
kompozisiyası, bədii quruluşu vardır. Əsərlərdə
oxşar talelər, hadisələr olsa da, qəhrəmanların
həyəcan və iztirabiarı, onların düşüncə
və əməlləri, həyata, cəmiyyətə, cərəyan
edən ictimai-siyasi, hərbi olaylara münasibətləri
pyeslərin hər birinə ayrı-ayrılıqda
marağı artırır və onların oxucu rəğbətini,
məhəbbətini qazanmasını şərtləndirir.
Bütün bu rəngarənglik, mövzu və
problemlərlə bağlı xarakterik səhnələr
müəllif ideyasının daha qabarıq çatdırılmasına
yardım edir. Adları çəkilən pyeslərdə,
o cümlədən, Abay Dağlının “şanlı Sakarya
savaşlarının 50 illiyində şəhidlərin əziz
ruhlarına və ölməz qazilərə ithaf” etdiyi
“Sakaryada 22-ci gün” pyesində istiqlal və vətən
sevgisini, xalqın azadlıq ruhunu,
şanlı, zəngin tarixinə məhəbbəti,
düşmənə, kölə həyatına, satqınlara
və xəyanətə nifrət hissini, qələbəyə
inamını təsvir və tərənnüm edir.
İki pərdədən,
7 şəkildən ibarət “Sakaryada 22-ci gün” mənzum
pyesinin adından yalnız bir gündə - sentyabrın 12-də
baş verən hadisələrin əks olunacağı təəssüratı
yaranır. Amma əslində belə deyil. Pyesdə cərəyan edən hadisələr həm
tarix, həm də coğrafiya baxımından daha əhatəlidir.
Dramaturq kitaba yazdığı “Ata pyesi konusunda təşəbbüslər”
adlı ön sözündə də bu məsələyə
toxunur: “Şanlı bir zəfər gününün
olayları içində Atanın gəncliyini və
Sakaryadakı Başkomutanlığını da bir neçə
səhnədə canlandırmağa çalışdım.
Yəni bu pyes tam bir Ata pyesi deyildir, böyük Atanın sadəcə
bəzi həyat səhnələrini canlandırır...
Anasının gənc Mustafa Kamal ilə evləndirmək
istədiyi Əminə də pyesin qəhrəmanları
arasındadır.
Pyesin mövzusu istiqlal mücadiləsinin, qurtuluş
savaşının, Sakarya uğrunda döyüşün
baş qəhrəmanı Atatürkün həyat və fəaliyyətinin
müəyyən məqamlarından götürülsə də,
bu obraz yalnız pyesin ortalarında Gənc hərbiyyəli
kimi səhnədə görünür. O, anasının Əminə
ilə evlənmək təklifinə etiraz edir və
Ruhumu
sarmışdır yeni bir həvəs,
İrəli-söylüyor
içimdən bir səs
- deyir, idealsız, ülküsüz insanın nəsibi
olmadığını, yeni həyat uğrunda mücadiləyə
başladığını qətiyyətlə bildirir. İstər anası, istərsə də
Yaşlı Paşa ilə olan dialoqları Gənc hərbiyyəlinin
- gələcək Qazinin xarakterini, əqidəsini, həyata
baxışını sərrast ifadə edir, dəqiq səciyyələndirir.
O, türk milliyətçiliyin ilham qaynağı, türk ədəbiyyatına
yurdsevərlik, hürriyyət, millət
anlayışlarını gətirən Namıq Kamal,
mübariz, azadlıq, humanizm ruhlu şeirləri, zülmü,
fanatizmi, istibdadı qətiyyətlə qamçılayan əsərləri
ilə tanınan Tofiq Fikrət poeziyasının aşiqidir, cəmiyyətin
elmə, mədəniyyətə, təhsilə böyük
ehtiyacı olduğunu dərindən anlayır, cəhalətə,
cahilliyə nifrət edir.
Sakarya döyüşü ərəfəsində hərbi
taktikanı və hərb elmini dərindən bilən
istedadlı sərkərdə kimi yetişən Qazi Paşa “Xətti-müdafiə
yoxdur, vaz keçdim, Səthi-müdafiə yolunu seçdim, O
alan bütün vətəndir” - deyir və bu ifadələrlə
reallaşan taktiki gedişlə hərb tarixinə bir yenilik gətirir.
Qazi
Paşanın Aşıqla, çetecilərlə, dilənçi
cildinə girmiş xəfiyyə ilə görüşləri
də istiqlal qəhrəmanının böyük zəka sahibi,
müdrik, humanist və uzaqgörən insan kimi xüsusiyyətlərini
üzə çıxarır. Əsir düşən Dilənçi
əfv olunması üçün Qazi Paşaya yalvarır:
Əvət, silah almış, para almışam.
Etiraf ediyorum, aldadılmışam.
Beni İstanbulda kiraladılar.
Paşa ölsün deyə qərar aldılar.
Qazi
Paşa “nə ip, nə edam” - deyərək Dilənçini
azad edir, bununla da, həm humanizmini nümayiş etdirir, həm
də digər xainlərə öz əməllərindən
nəticə çıxarmaq, aqibətləri haqqında
düşünməyə şans vermiş olur:
Xainlər bizlərə nifrət edərlər.
Böylə cahilləri alət edərlər.
Başqa
mürşidləri məğlub edərək,
Məsum müridləri əfv etmək gərək.
Pyesdə Aşıq obrazı xalq sözünün, xalq
hərəkatının, xalq iradəsinin ifadəçisi
kimi verilir. İstiqlal arzulu Aşıq-xalq Ərzurumdan Sakaryaya
Qazi Paşanı ziyarət etməyə, bu müqəddəs
savaşa öz töhfəsini verməyə gəlmişdir.
Pyesdə qəzetçilər də diqqət
çəkən obrazlardandır. Abay
Dağlı qəzetçilərin
inadkarlığını, ilkin, mötəbər mənbədən
operativ və obyektiv informasiya toplamaq cəhdini, onların təəssübkeşliyini,
Atatürk və vətən sevgisini məhəbbətlə tərənnüm
edir. Çavuşun və minbaşının müqavimətinə,
bütün cəhdlərinə rəğmən “millət
onu duymaq, bilmək istəyir” - deyən qəzetçilər
Qazi Paşanı görməkdə israrlıdır:
Qazi
hüzurundan kim qovar bizi,
Sizdə silah vardır, bizdə qələm var.
Qəzetçilər qorxmaz və vətənpərvərdirlər. Onlar Sakarya zəfəri
xəbərini işğal altındakı İstanbulda
duymuş, dərhal da hadisə yerinə, Qazi Paşanın qərargahına
gəlmişlər. Qəzetçilər qələbə
sevincini xalqla paylaşmağı məslək və vətəndaşlıq
borcu hesab edirlər:
Qələmlər
hayqırır, gur səsimiz var,
Sakarya coşarkən biz susamazdıq.
İyirmi
iki gündür, çıx xəbər yazdıq,
Şimdi
də görüşüb Paşamızla biz,
Bir mülakat yapıb, yazmaq istəriz.
Əsərdə ziyalı obrazları da eyni sevgi və məhəbbətlə
təsvir olunur. Onların Qazi Paşanı ziyarəti qəzetçilərin
görüş səhnəsinə bənzəsə də,
ziyalıların məramı başqadır. İxtiyar 1-ci Aydının “Yenə cəbhələrə,
savaşa gəldik”, orta yaşlı xanım 2-ci
Aydının “Həm yardım edərəm, həm
savaşaram”, orta yaşlı 3-cü Aydının “Bir əsgərəm,
Paşam, əmrinizdəyəm” - deyə Paşaya müraciətləri
ziyalıların məqsədi, istəyi barədə tam təsəvvür
yaradır. Vətənin işğaldan
azad olunması üçün bütün xalq kimi
ziyalılar da səfərbər olmuş, silaha
sarılmışlar. Yadellilər tərəfindən
ayaqlar altında inləyən İstanbuldan gələn
aydınlar şəhərin intizarla Paşanı gözlədiyini,
özlərinin də istiqlal savaşına hazır
olduqlarını bildirirlər.
Qazi Paşanın qəzetçilərə,
ziyalılara diqqəti və həssas münasibəti onun
aydınlarla görüşündə də qabarıq nəzərə
çarpır. Paşanı ziyarətə gəlmək istəyən
aydınlar haqqında xoş sözlər deyir:
Mühərrirlər,
mühərrirlər...
Aydınlıq yolunda hünərlidirlər.
Aydınlar
millətin düşünən başı,
Aydınlada bilir hər vətəndaşı.
Abay Dağlı pyesin birinci səhnəsində
maraqlı və uğurlu ədəbi priyomla - düşmənin
öz dili ilə türk mücahidlərinin cəsurluğunu,
işğalçı yunanların isə əzazilliyini diqqətə
çatdırır. Sakarya döyüşlərinin sonuncu -
22-ci günüdür. Yunan zabitlər qorxu içində
sağa-sola vurnuxur, çətəcilərin əsgərlərdən
geri qalmadığını etiraf edir, onlar tərəfindən əsir
götürüləcəklərindən ehtiyatlanırlar:
Bizi məğlub
etdi o cəbhəçilər,
Onlardan yamandır bu çətəcilər.
Yunan zabitlər eyni zamanda, türklərə
qarşı törətdikləri cinayətləri sadalamaqla
özlərini ifşa edirlər. Onlar yaxşı bilirlər
ki, əsir düşdükləri zaman türklər
onları sorğu-suala tutacaq, çirkin əməllərinə
görə haqq-hesab çəkəcəklər. Yunan
zabitlərdən biri digərinə deyir:
Niyə
yaxdın, niyə yıxdın diyorlar,
Öldürdün diyorlar silahsızları.
Götürdün diyorlar qadın, qızları.
Yanan
köylərini göstəriyorlar
Bizlərə hər yerdə suç arıyorlar.
Digər
yunan zabiti yuxarının əmrini yetirdiyini deməklə,
guya özünə, öz vəhşi əməllərinə
bəraət qazandırmış olur:
Vur, dedi,
vurduq.
Yax, dedi,
yaxdıq.
Yaxdıq,
yıxdıq...
Pyesdə yunan əsgərlərinin qəddarlığı,
dinc əhaliyə qarşı amansız rəftarı və
lovğalığı ilə yanaşı, onların
qorxaqlığı, xəyanəti də xarakterik cizgilərlə
təqdim olunur. 1-ci yunanlı guya əsir olmaqdansa, ölməyi,
intihar etməyi, əsgərlik şərəfini üstün
tutduğunu hay-küylə dilə gətirir, elə ki, əsir
götürülür, “öldürməyiniz, öldürməyiniz”
- deyə yalvararaq çətəcilərin ayaqlarına
sarılır.
Biz yazının əvvəlində Abay Dağlının Sakarya savaşı mövzusunda bir neçə pyes yazdığını qeyd etmişdik. Bu mövzu nə qədər zəngin, əhatəli olsa da, eyni müəllifin eyni janrda müxtəlif süjetli əsərlər yazması yaradıcılıq prosesinə və onun nəticəsində ərsəyə gələn əsərə təsirsiz ötüşmür. “Sakaryaya 22-ci gün” pyesi də bu baxımdan istisna deyil. Buradakı bəzi obrazlara, onların iştirakı ilə cərəyan edən olaylara dramaturqun əvvəlki pyeslərində də bu və ya digər dərəcədə rast gəlinir. Məsələn, çobanla həmşirənin “məhəbbət” macərası “Sakarya çətəsi” pyesində də təsvir olunur. Doğrudur, “Sakaryaya 22-ci gün” pyesində çoban-həmşirə münasibətləri daha geniş və bir qədər də fərqli verilir, amma hər halda mahiyyət qalır: həmşirə çobana cəbhəyə getməyi, ondan sonra sevgi haqqında düşünməyi tövsiyə edir. Aşıq, Aydın obrazları, onların xarakterik cizgiləri əvvəlki pyeslərdəkinə çox bənzəyir, bəzi hallarda demək olar ki, eyni ilə təkrarlanır. “Sakarya çətəsi” pyesinidə 1-ci Aydının dediyi-
Mülki Osmaniyə pək xarab olub,
Müsəllah eşkiya hər yerə dolub.
Məsum münafıklar gəzir ortada,
Mümtaz münəvvərlər artıq Maltada.
Həyatda
var olmaq, yaşamaq çətin,
Məlalı
dərindir bütün millətin-
misraları “Sakarya çətəsi” pyesində 2-ci Aydının
dili ilə olduğu kimi təkrarlanır. Bütün
bunlar əsərin ədəbi-bədii dəyərinə,
estetik siqlətinə, sənətkarlıq səviyyəsinə
təsir edən amillərdir. Bu kimi
kiçik kəm-kəsirlərə baxmayaraq, pyes bir tərəfdən
ideyasının aktuallığı ilə, digər tərəfdən
mühacirət ədəbi irsi problemlərinin, o cümlədən,
Abay Dağlı yaradıcılığının
araşdırılması baxımından mühüm əhəmiyyət
kəsb edir.
525-ci qəzet 2018.- 25 avqust .- S.20.