Anar müəllimin heyrəti

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar avqustun 6-da Özbəkistan Yazıçılar İttifaqının dəvətilə beynəlxalq konfransda iştirak etməkçün Daşkənddə səfərdə olub. Özbəkistan Respublikası Prezident Aparatı Mədəniyyət şöbəsinin müdiri, yazıçı və tərcüməçi Məmmədqul Həzrətqulovun bununla bağlı "Özbəkiston adabiyotı va sanati" qəzetində yayımlanmış məqaləsini təqdim edirik.

 

"Əfrasiyab" qatarı sürətlə qaçır. Daşkənddə keçirilən "Özbək klassik ədəbiyyatının beynəlxalq miqyasda öyrənilməsi və təbliğ olunması" mövzusunda beynəlxalq konfrans iştirakçıları Səmərqəndə gedir. Mən Azərbaycan yazıçısı Anarı müşayiət edirəm. Bəli, yalnız Azərbaycan və MDB məkanında deyil, həmçinin, bütün dünyada məşhur yazıçı, dramaturq, kinorejissor, publisist, Anar. Siması çox sakit və rahatdır. Qatarın pəncərəsindən baxır, düşünür. Görəsən, nəyi düşünür? Bəlkə yeni bir əsərin süjeti barədə fikirləşir? Onu fikirlərindən ayırmaq istəmirəm. Əksinə, mən Anar müəllimlə tanış olduğum o uzaq illəri xatırlayıram.

 

İyun 1979. Azərbaycanda Özbəkistan ədəbiyyatı və sənətinin dekadası. Tədbirdə Özbəkistan ədəbiyyatı və incəsənətinin 100-dən çox nümayəndəsi iştirak edir. Qonaqlar beş qrupa bölündü və Azərbaycanın rayonlarına getdik. Qrupumuzda Halima Nosirova, Turob Tola, Mirmuhsin, Laziz Qayumov, Səyfi Cəlil, Azərbaycandan Anar müəllim, Bayram Bayramov və başqaları vardı (Tədbirdə müxbir kimi iştirak edirdim). Bizə qədim Gəncə şəhərini görmək, böyük Azərbaycan şairi Nizami Gəncəvinin məzarını ziyarət etmək qismət oldu. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdəki əfsanəvi Göygül sahili boyunca gəzdik. Göl çox gözəl və heyrətamiz idi. Orada Azərbaycan hökumət binası vardı. Burada bir gecə qaldıq. Sahil sərin idi, hətta gecə əksər yoldaşlar üşümüşdü.

 

Ətraf müxtəlif ağaclarla örtülmüşdü. İstirahət evinin yaxınlığında qoruq vardı. Orada ceyran və bayquşlar rahat gəzir, insandan qaçmırdı. Onda bizə bir əfsanə danışıldı. Nizaminin doğum gecəsində güclü bir zəlzələ olub. Kəpəz dağının bir hissəsinin uçması ilə yeddi göl yaranıb. Onların ən böyüyü Göygöl olub. Buna görə də ona göllərin şahı deyirlər.

 

Üç gün boyunca Anar müəllimlə xeyli söhbət etdik. O, çox sadə, sakit, həmişə düşüncəli gəzirdi, suallara qısa və aydın cavab verirdi.

 

Sonradan mən Azərbaycana bir neçə dəfə getdim və hər dəfə Anar müəllimlə görüşməyə çalışdım.

 

Bir dəfə 1988-ci ildə onun iş yerinə getdim (1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin rəhbəridir). Qəbul otağında bir çox insan vardı. Onların əksəriyyəti yazıçıya bənzəmirdi. Bunu Anar müəllimə deyəndə: "İndi təkcə yazıçıların problemi ilə məşğul deyiləm. Müxtəlif insanlar yardım istəyirlər. Kimsə xəstəxanaya yerləşdirilməlidir, bəzilərinin evə ehtiyacı var, birisi hansısa ölkəyə qohumlarının yanına gedəcək" - dedi kədərli bir səslə.

 

"Belə məsələlərlə məşğul olan təşkilatlar var" - dedim. Anar müəllim siqaret yandırdı: "...Var...belə təşkilatlar var. Amma insanlar Yazıçılar Birliyinə gəlirlər... Mən kömək eləməliyəm axı".

 

Telefon zəng çaldı. Salamlayandan sonra, o dedi: "İndi fılankəs yanına gələcək (adı unutmuşam - M.H.), xahiş edirəm problemini həll edəsən. Mümkünsə, nəticəsi haqda məlumat verərsən".

 

Həmin illərdə, keçmiş Sovet respublikalarında olduğu kimi, Azərbaycanda da vəziyyət çox gərgin və ağır idi.

 

... Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Özbək klassik ədəbiyyatının beynəlxalq miqyasda öyrənilməsi və təbliğ olunması" mövzusunda beynəlxalq konfransda iştirak edəcəyini öyrənəndə çox məmnun oldum. Konfrans bəhanəsilə Anarla görüşmək və danışmaq mümkün olacaqdı axı.

 

"Anar müəllimi qarşılayacaq, müşayiət edəcəksiniz"-dediklərində çox sevindim. Bu məşhur yazıçı ilə tanış olmağımızdan düz otuz il keçib. Bu müddətdə Özbəkistanda və Azərbaycanda görünməmiş dəyişikliklər baş verdi. Ona görə da Anar müəllimlə görüşmək, onunla ədəbiyyat, Azərbaycandakı dəyişikliklər, Azərbaycan yazıçıları (orada bir çox dostlarım var), onların həyat və yaradıcılığı haqqında danışmağa tələsirdim.

 

6 Avqust 2018. İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Bakı - Daşkənd təyyarəsinin gəlib çıxdığı elan olundu. Mən keçid tərəfə baxıram. Görəsən, Anar müəllim çox dəyişib? Əvvəllər uca qamətini qabağa verib, əzəmətlə yeriyirdi. Həmişə gözündə böyük gözlük, əlində müştük olurdu.

 

Nəhayət, Bakı yolçuları görünməyə başladı. Məşhur yazıçını axtarıram... Nəhayət, o da göründü. Həmin görkəm, həmin gözlük. Yalnız saçları ağarıb, lakin yenə də gurdu. Gömrükdən keçir, yanına gedirəm.

 

- Salam, Anar müəllim! Özbəkistana xoş gəlmisiniz! - bir qədər Azərbaycan tələffüzündə danışdım.

 

- Salam, salam! Çox sağ olun!

 

Sonra Özbəkistan Yazıçılar Birliyinin sədri Sirojiddin Sayyid və digər qonaqlarla görüşdü. Anar müəllimə tanınmış Azərbaycan dramaturqu Firuz Mustafa də yoldaşlıq edirdi.

 

Anar müəllim otelə yerləşənə qədər artıq telefonlara zənglər gəlməyə başladı. Televiziyadan, qəzetlərin müxbirləri məşhur yazıçıdan müsahibə almağa çalışırdılar. Həmin gün "Özbəkistan-24" telekanalına və bir neçə qəzet müxbirinə müsahibə verildi. O, Özbək-Azərbaycan ədəbi əlaqələri, iki xalqın dostluğunun tarixi kökləri və beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirdi.

 

Axşam Anar müəllimlə uzun söhbətimiz oldu. Müstəqillik öncəsi və müstəqilliyin ilk illərindəki çətinliklər, onun yazıçıların həyatına təsiri, Anarın əsərlərinin tərcümə və nəşri barədə söhbət elədik. Ona "Dantenin yubileyi", "Beşmərtəbəli evin altıncı mərtəbəsi"  kimi əsərlərinin, çoxlu hekayələrinin özbək dilinə tərcümə olunduğunu, beş kitabının nəşr edildiyini, teatr və televiziyada tamaşaları qoyulduğunu dedim.

 

Özbəkistan Prezidenti Şavkat Mirziyayevin ədəbiyyat və incəsənətə çox böyük diqqət ve etibarı, bu mövzuda onlarla qərarların qəbul olunduğu barədə danışdım. Yenə danışdım ki, Yazarlar Birliyi üçün xüsusi bina tikilib, onun yanında 100-dən çox  mənzili olan iki bina tikilir. Müharibə illərində Yazarlar İttifaqının sabiq rəhbəri Həmid Olimconun təşəbbüsü ilə "Durman" yaradıcılıq evi fəaliyyət göstərib. Dövlət başçısının qərarı ilə Zaamin və Parkənd rayonlarında iki yaradıcılıq evi də bərpa olunur. "İcad" fondu yalnız yazıçılara, "İlham" fondu digər sənət sahələrində çalışanlara xidmət edir. Anar müəllim məmnunluğunu gizlətmədi.

 

"Yalnız bu misallar göstərir ki, prezidentiniz uzaq gələcəyi görə bilən və öz xalqının ağrılarını hiss edə bilən liderdir" - dedi. - Çünki ölkənin gələcəyini, xalqın xoşbəxtliyini fikirləşən ölkə başçısı ən əvvəl ziyalıları, yazıçılar, şairlər, rəssamlar və musiqiçiləri dəstəkləməlidir.

 

- Namanganda İshaqxan İbrat, Margilanda Erkin Vahidov, Əndicanda Məhəmməd Yusuf, Qarşıda Abdullah Aripov, Nukusda Ibrohim Yusupov məktəbləri açılıb. Bu məktəblərdə gələcəyin şair və yazıçıları oxuyur. Jurnalistika universiteti açıldı və bu il ilk tələbələr qəbul edildi. Kitab oxumaq barədə oxu qərarı qəbul edildi. Gənc oxucular arasında müsabiqə keçirilir. Qaliblərə ölkəmizdə istehsal olunan avtomobil verilir-dedim.

 

- Doğrudan? - Anar müəllim gülür. - Cavan olsaydım, mən də bu yarışmada iştirak edərdim.

 

Növbəti gün beynəlxalq konfransın başlamasından əvvəl, iştirakçılar Yazıçılar Birliyinə gedib binanı seyr etdilər.

 

"Bu Ədəbiyyat Sarayı siz bəhs etdiyinizdən və mən təsəvvür etdiyimdən daha gözəldir, - deyə Anar müəllim bildirdi -. Bunlar böyük işlərdir. Əcdadlarımız bir-birini öyrənmiş, Nəvai Nizaminin, Füzuli isə Nəvainin yolundan gediblər. Bu ənənənin bu gün də davam etməsi nə yaxşıdır.

 

Beynəlxalq konfransın Əlişir Nəvai adına Özbəkistan Dövlət dil və ədəbiyyatı Universitetində keçirilən açılış mərasimindəki çıxışında Anar müəllim özbək-Azərbaycan klassik ədəbiyyatı məsələləri, xüsusilə Nəvai, Nizami və Füzulinin yazdığı "Üç Leyli və üç Məcnun" haqqında ətraflı danışdı.

 

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən görüşdən, tələbələr və tərcüməçilərlə söhbətindən məmnun oldu. Xüsusən tələbələr Nizami qəzəllərindən nümunələr oxuduqda qonaqlar həyəcanlandılar. Burada Özbəkistan Yazıçılar Birliyi və Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalandı.

 

Yüksək sürətli Əfrasiyab qatarı qədim Səmərqənd şəhərinə çatmışdı.

 

Mən qonağa gizli-gizli baxıram. O isə həyəcanla izləyir.

 

Əslində, yer üzünün zinəti olaraq bu sirli, sehrli şəhər hər kəsi həyəcanlandıra bilər. Eləcə də dünyanın bir çox məşhur qədim şəhərlərini gəzmiş, kitabları dünyanın onlarla dilinə tərcümə edilmiş, iki yüz kitabı müxtəlif dillərdə nəşr olunmış, Azərbaycan Respublikasının yüksək mükafatı - "İstiqlal ordeni" sahibi, 80 yaşlı yazıçı Anar Rəsul oğlu Rzayev heyrət və həyəcan içərisində idi. O deyirdi: "Təəssüf ki, bizim vaxtımız çox qısadır. Səmərqəndi görmək üçün, şəhəri ən azı bir həftə gəzmək lazımdır".

 

İlk Prezident İslam Kərimovun məqbərəsinə səfəri zamanı Anar burada yaşananlarla maraqlandı. Mərkəzi Asiyada ilk məscid - Xızır Peyğəmbər məscidi də burdadır. Özbəkistan Prezidenti Şavkat Mirziyayevin təşəbbüsü ilə türbə və eyvanların tikildiyini, Daşkənddə ilk Prezident İslam Kərimovun işlədiyi Ağsaray qərargahının indi muzey olduğunu söylədim. Anar müəllim bir sözlə "Eşq olsun!" - dedi.

 

Mirzə Uluqbəy Rəsədxanası, Xacə Daniyar və Əmir Teymurun Məzarı, Reqistan Kompleksini ziyarət etdik.

 

Gecə Əfrasiyab qatarı ilə Daşkəndə qayıtdıq. Mən ölkədə genişmiqyaslı islahatların gedişindən, Prezidentin virtual qəbul otağından, aztəminatlı ailələrə ayrılan diqqətdən, insanların rifahı uğrunda aparılan siyasətdən danışdım.

 

"Mən Özbəkistandakı inkişafı izləmək üçün çalışıram, - Anar müəllim dedi, - Amma hamısını izləmək çətindir. 100 dəfə eşitməkdəm bir dəfə görmək yaxşıdır. Üç gündə gördüklərim, xalqla söhbətlərim bu fikri bir daha təsdiqlədi. Mən müstəqil Özbəkistanı - yeni Özbəkistanı tapdım. Buna görə də, beynəlxalq konfransın təşkilatçılarına təşəkkür edirəm. İzlədiyim dəyişiklilklərdən, heyrət və həyəcandan yazacağam.

 

Mən elə düşünürəm ki, geniş dünyagörüşlü, tanınmış yazıçı Anar müəllimin bu sözləri beynəlxalq konfrans iştirakçılarının əksəriyyətinin ortaq təəssüratlarıdır.

 

Məmmədqul HƏZRƏTQULOV

 

525-ci qəzet  2018.- 18 avqust.- S.7.