Almaniyada böyüyən "Uşaqlıq"

 

Ülviyyə HEYDƏROVA

 

Dualar içində

 

Birinci dəfə idi ki, yazım məni xəyallarıma, yaxın-uzaq keçmişimə, səmanın hansısa qatına yox, əlimdən tutub Avropaya apardı.

 

Özü də irihəcmli, illərin yazısı deyil, bir yaşını bu ilin mart ayında qeyd etdiyim, cəmi on dörd səhifədən ibarət "Uşaqlıq" adlı monopyesim. O lap böyüklər kimi viza məsələmi, gediş-gəliş biletimi, otelimi həll etdi. Sevindim. "Adamın adamı" zamanında yazın səni götürüb Avropanın mərkəzinə pulsuz aparırsa, demək ki, əsərə düzdüyün hərflər əziyyətinə dəyər verir. Heç ağlıma gəlməzdi ki, "Uşaqlıq"ım Almaniyanın Höte İnstitutuna ayaq açacaq, təşkilat tərəfindən yaradılan münsiflər heyəti nəinki pyesi kənara qoymayacaq, üstəlik, məni Postdam şəhərində keçiriləcək "Next Stage Europe 2018" Beynəlxalq Teatr Festivalına dəvət edəcək.

 

Nə gizlədim, işdəki süjetlər, evdəki yazılar, beynimdəki ideyalar, ətrafımdakı qayğılar, bir yandan da yol çantamın olmamağı çamadan əhvalının dadını çıxarmağa imkan vermədi. Bir də onda ayıldım ki, yola düşməyimə cəmi iki gün qalıb. Həmin günü işdən evə yox, birbaşa "Aydınlığa doğru"ya üz tutdum. Çünki İctimai Birlik iftar süfrəsi açacaqdı və ən əsası İmadəddin Nəsiminin qəzəlləri boğanaq gecənin nəsimi olacaqdı. Belə ruh məclisindən kim imtina edər? O unudulmaz gecədə yalnız oruc tutan ruhum sevinmədi, həm də görkəmli dramaturqumuz Əli Əmirli başda olmaqla məclisdə iştirak edən bütün söz, sənət adamları mənə xeyir-dua verdi. O məclisdəki dualar elə bil səmadan gəlirdi.

 

Özümü dualar içində o qədər rahat, qayğısız hiss etdim ki, xoş sözlərin bitməsini istəmədim. Ona görə də səhəri günü mənə əziz olan Xalq artisti Şükufə Yusupovaya zəng etdim. Şükufə xanım sözlərini geniş qəlbindən sevə-sevə çıxardıb ürəyimə yolladı. Gecəyarısı yola düşəcəyimə görə  vaxtıma qənaət etmədim, axşamçağı Xalq artisti Mehriban Zəkiylə görüşdüm. Onun da gözəl avazından dualar eşitdim.

 

İçimdə qəribə arxayınlıq vardı, evə getməyə tələsmədim. Xalq şairi Vaqif Səmədoğlunun ocağına üz tutdum. Şairin xanımı Nüşabə Babayeva-Vəkilova mənə sevimli şairimin ingilis dilinə tərcümə olunmuş şeirlər kitabını verdi. Deyirlər, şeir də şairlərin duasıdır. Vaqif Səmədoğlunun "duaları" yoluma su çilədi.

 

Ədiblərdən, teatr xadimlərindən eşitdiyim sözlər mənə qanad verdi, ayaqlarımı yerdən götürdü. Evə necə çatdığımdan xəbərim olmadı. Qapını açan kimi əllərim otaq yoldaşım, dramaturq Jalə İsmayılın çamadanına uzandı. Çamadan "getmirəm" deyib özünü naza qoymadı. Sakitcə qoynunu açıb əşyalarımı gözlədi. Çamadanı yerbəyer eləyən kimi taksi çağırdım. Evimdəki dramaturq da xeyir-dua verdi, arxamca su atıb birinci pərdəni bağladı.   

 

Tənha yollar

 

Çamadan məndən qabaq taksiyə cumdu. O tələsirdi, elə bil səkkiz saatdan sonra otel otağının küncünü məşğul edən o olmayacaqdı. Taksi şoferi naviqatoru quraşdırıb yola düzəldi. Yollar Heydər Əliyev prospektinin gözqamaşdıran işıqları altında qayğısız görünürdü. Hətta sağa-sola şütüyən yaraşıqlı avtomobilləri belə vecinə almadı. Gecə romantikasına qapılıb yolu düşündüm. Fikirləşdim ki, hərə öz yolunu axtaran kimi, görəsən, yollar da insan sorağına çıxırmı? Bəlkə yol, adamını yox, qurbanını tapmaq istəyir? Yollar beynimdə o qədər gəzişdi ki, bilmədim romantika hansı labirintdə azdı. Elə bu an qəfildən içimə səssizlik çökdü, üstümə təklik hissi cumdu. Özümü qaranlıqda yolunu tapa bilməyən yolçu kimi hiss etdim. Tezliklə hava limanına çatmaq istədim. Sürücü öz aləmində idi. Başını yelləyə-yelləyə tanımadığım müğənninin ifasını dinləyirdi. Əlacım smartfonuma qaldı. Telefonum nə qədər ağıllı olsa da, məni təklikdən xilas edə bilmədi. Saatıma baxdım, əqrəblər ikinin ətrafında var-gəl edirdi. Gecənin bu saatında kimə zəng edəsən? Nə yol qurtarırdı, nə darıxmaq. Elə bu məqamda telefonumun zəngi maşını bürüdü. Mehriban Zəki idi. O, narahat olduğunu, hava limanına çatıb-çatmadığımı soruşdu. Aktrisanın səsi məni quyunun dibindən çıxartdı. 

 

Yerlə göy arasında   

 

Uzaqdan hava limanının işıqları göründü. Taksi sürətlə işığa doğru irəlilədi. Səma aydın idi. Yanıb-sönən işıqlar ulduzların arasında elə bil gizlənpaç oynayırdı. Mənə bir anlıq elə gəldi ki, Almaniyaya yox, hansısa kosmik stansiyaya yola düşürəm. Taksi işığa yaxınlaşdıqca hiss etdim ki, Bakı məndən uzaqlaşır.

 

Çamadan özünü qabağa atdı. Birinci onu, sonra məni yoxladılar. Təyyarəyə də elə ilk onu yolladılar, mənsə əl çantamla iki saat gözlədim. Nəhayət, Bakı-Kiyev reysinə minik başlandı. Hamı yarıyuxulu idi. Mənim də yuxum gözlərimin önündə səhnələr göstərmək üçün məqam axtarırdı. Sərnişinlər yerini tutandan sonra stüardessalar sanki pəsdən lay-lay oxudular. Sağımdakı kişi fısıldamağa, solumdakı oğlan xoruldamağa başladı. Müxtəlif tonallıqda olan xorultular ürəyimi dinləməyə mane olmadı. Neçə vaxt idi ki, ona qulaq asmağa imkan tapmırdım. Yarıqaranlıq təyyarədə Tanrımla kəlmə kəsməyə cəhd etdim. Gözlərimi yumdum. Qəribədir, Onu yox, yazılarımı düşündüm. Özü də yarımçıq yazılarımı. Fikirləşdim ki, yarımçıq yazılar doğulmamış körpə kimidir. Sonra o yarımcan "uşaqların" sayını hesabladım. Sayı o qədər çox olmasa da həcmi böyük idi... SÖZ də Göy üzündə Tanrıya mane olur.

 

Şərqdən Qərbə

 

Kiyevdən Berlinə getmək üçün növbəti təyyarəni gözlədim. Skamyada oturub vaxtımı telefonumun öhdəsinə buraxdım. Telefonum təcrübəli qatil kimi əvvəlcə bir neçə dəqiqə vaxtı incitdi, sonra onu bir saniyədə öldürdü. Bununla belə vaxtım telefona təslim olmadı. Əksinə, onun canını aldı, enerjisini içdi. Görəndə ki, vaxtla bacara bilmirəm başımı yuxarı qaldırdım, eynəyimin şüşələrini təmizləyib Berlinə uçacaq sərnişinlərə baxdım. Dəqiq bilirdim ki, həmin reysdə mənlə bərabər Ukraynadan üç, Gürcüstan və Ermənistandan bir dramaturq uçur. Səfər öncəsi təşkilatçılar iştirakçıların adlarını belə göndərmişdi. Skamyada yanaşı oturan insanlar bir-birindən o qədər xəbərsiz, yad idi, bəlkə də özləri-özlərini tanımırdı. Əmin idim ki, mənlə bərabər uçan həmin iştirakçılar da varlığımdan bixəbərdilər. Bununla belə, təyyarədə sərnişinlərə müştəri gözüylə baxdım. O biri sırada mənlə paralel oğlan əyləşmişdi. O, yerini rahatlayandan sonra çantasından fotokamerasını çıxardıb silah kimi sərnişinlərin üstünə tuşladı. Ürəyimdə "məni profildən çək" kəlməsi ildırım sürəti ilə keçsə də, dilim arzumu ifadə etmədi. Oğlan kameranı illüminatora yaxınlaşdırıb buludları çəkməyə başladı. Buludlar yan-yana düzülüb ona poz verdi.

 

Mən də həvəslənib ağıllı telefonumu illüminatora tutdum. Göy üzü o qədər təmiz idi ona tamaşa etmək üçün eynəyimin şüşələrini təmizləməyə ehtiyac yox idi. Pambıq tayasına oxşayan topa-topa buludlar səma da rəqsi edirdi. Buludlar eynən səmazənlər kimi Tanrıdan güc alıb, onu yerə ötürürdü. Günəş də buludların nazıyla oynayırdı. Təyyarə Qərbə doğru irəlilədikcə bulud parkı rəngarəng nömrələri ilə məni uşaq kimi əyləndirdi. Özümü Qərb buludlarının qoynuna atmaq istəyəndə stüardessalar yemək paylamağa başladı. Mədəm başımı qarışdırdı. İçi suyla dolu plastmas badəmi qaldırıb, buludların şərəfinə içdim. 

 

Terminal lövhələri

 

Berlində pasport nəzarətindən keçəndən sonra çamadan yenə özünü qabağa atdı. Tələsdiyindənmi, həyəcandanmı bilmədim, çamadan büdrədi. Onu ayağa qaldırdım, üst-başını təmizlədim, əlindən bərk-bərk tutub, qapıya doğru irəlilədim. Dörd gözümü işə salıb mənlə bərabər iməkləyən sərnişinlərə bir daha baxdım. Hündür, sarıbəniz insanların içində hansının gürcü, erməni, ukraynalı təmsilçi olduğunu bilmədim.

 

Qapıya yaxınlaşanda ilk gördüyüm gənc sarışın qızın əlində tutduğu, qara markerlə səliqəsiz yazılmış "Next Stage Europe 2018" plakatı oldu. Yorğun ayaqlarım sarışın qıza doğru irəliləyəndə əlimdəki çamadan sola burulmaq istədi. Çamadanın əsl sahibi söz adamı olsa da görünür, o, hərfləri tanımırdı, yoxsa çoxdan təşkilatçıların üstünə atılardı.

 

Təşkilatçılar adımı soruşmadan məni tanıdılar. Beş dəqiqə keçmədi ki, Ukrayna, Gürcüstan və Ermənistan təmsilçiləri də plakatın ətrafına  yığışdılar. Höte İnstitutunun Ukrayna nümayəndəsi İlona Demçenko festival iştirakçılarını bir-biriylə tanış etdi. Əlində plakat tutan sarışın qız Damaris bizi səfərboyu müşayiət edəcəkdi deyə, əvvəlcə çamadanlarımız, sonrasa özümüz onun arxasınca düşdük. Ayaqlarımız qızın addımlarını güdürdü. Çamadan yorulduğundan qızın sürətinə çata bilmirdi, hətta körpünün altında yıxılmaqdan özünü güclə saxladı.

 

Körpüdən keçəndə rus marketi eynəklərimin içinə girdi. Hissələrə bölünən qarpız, yemiş, tanıdığım-tanımadığım sitrus meyvələri iştahımı dilimin ucuna gətirdi. Özümü lap Piterin bazarında hiss etdim. Amma keçmişə qayıtmaq vaxtı deyildi. Damarisin sarı saçları Günəş şüası kimi yolumuzu işıqlandırdı. Dayanacağa çatanda hamı dərindən nəfəs aldı. Damaris cibindən kartları çıxardıb avtobusda yerləşdirilən aparata yaxınlaşdırandan sonra onu bizə təqdim etdi. Bu, müxtəlif nəqliyyatlar üçün həftəlik gediş kartımız idi. 

 

Təkərsayağı

 

Avtobusdan düşüb Potsdam şəhərinə gedən qatara əyləşdik. Hamı üz-üzə oturub sualdolu baxışlarını bir-birinə zillədi. Bircə Damaris susmurdu. O, ingilis dilini yumru, mavi gözlərinə qatıb iştirakçıların buzunu əritdi. Hərə işindən, gücündən, yazısından danışmağa başladı. Bu məqamda Gürcüstan təmçilçisi Quram Meqrevişvili çantasını eşələdi, dərinlikdən bir neçə sucuq çıxardıb uşaqlar arasında böldü. Sucuğu görən gözlərimiz iriləndi, mədələrimiz sevindi. Elə Damaris də söhbətinə ara verib sucuqa təəccüblə baxdı.

 

Berlindən Potsdama gedən yol, sürətli kinolent kimi dayanmadan səhnələr göstərdi. Qutu-qutu binaların qarşısında peyzajla küçə sənəti bir-birinə qarışmışdı. Postdama çatanda Damaris ucu-bucağı görünməyən vağzalın restoranlarını göstərib bura qayıdacağımızı söylədi. Çamadan yorulmuşdu. Onu qucağıma alıb aparmaq istəyəndə ukraynalı təmsilçi Oleksi Doruçevski mənə kömək etdi. Çamadandan daha çox özüm sevindim. 

 

Otel dekoru

 

Otel stansiyanın yaxınlığında yerləşirdi. Bizi resepşnda təmtəraqla qarşıladılar. Orada işləyən gülərüz cənab hər birimizə üstündə adımız yazılan qovluq verdi. Qovluqda festivalın proqramı, gedəcəyimiz marşrutlar, Postdam, Berlinə aid cürbəcür bukletlər, xəritələr vardı.

 

Kartı taxıb, kodu yazandan sonra otelin qəhvəyi qapısı taybatay açıldı. Çamadan özünü çarpayının üstünə atdı. Yorğunluğum yuxuma qarışıb göz qapaqlarıma çöksə də, aşağı düşdüm. Çünki yemək vaxtı idi. Damaris hamımıza diqqətlə baxandan sonra yenidən bizi vağzala gətirdi. Damaris restoranlar arasında on iki yerə bölündü. Yeməklərə çox baxsam da, iştahım alman sosislərinə qondu. Sosislər məni əməlli-başlı göyün hansısa qatına apardı.

 

Yəqin elə ona görə də Reitholl Teatrına yola düşəndə yorğunluğum tamamilə məni tərk etmişdi. Teatr qədim qapılarını üzümüzə açanda elə bildim hansısa tərəfdən Bertolt Brext çıxacaq. Deyəsən, hər yerdə teatrlar insanı keçmişə aparır.

 

Birinci akt 

 

Bizi Reitholl Teatrında Höte İnstitutu tərəfindən yaradılan bədii heyət - Kristofer Hanf, Cons Lüşer, Cuanna Kaptein qarşıladı. Teatrın iki mərtəbəli foyesi səhnə dekoruna oxşayırdı. Qara rəng dominant olsa da foye işıqdan korluq çəkmirdi. Sol tərəfdə bar, sağ tərəfdə oturacaqlar foyeni dolu göstərirdi. Bizə görə mərkəzə uzun masa qoyulmuşdu. Şam süfrəsi lap köhnə tanışların ziyafətinə bənzəyirdi.

 

Söhbətin şirin yerində "tamaşanın" şəkli dəyişdi. Masalar kənara çəkildi, stullardan dairə düzəldildi. Altı ölkənin (Azərbaycan, Ukrayna, Rusiya, Belarus, Gürcüstan, Ermənistan) təmsilçiləri, hətta Hans Otto adına Teatrın bir neçə aktrisası əlinə badə alıb yerini tutdu. Hans Otto adına Teatrın redaktoru Kristofer Hanf görüşün moderatoru idi. O, ölkələrimizdəki teatrların vəziyyəti ilə maraqlandı. Hamı danışdı, arada müzakirə oldu. Növbə mənə çatdı. Söylədim ki, ölkəmiz müharibə şəraitində yaşasa da, teatr dövlətimizin diqqətindədir, hətta xüsusi Dövlət Proqramı da təsis edilib.

 

Yanımda belaruslu gənc dramaturq Vitaliy Korolev əyləşmişdi. Vitaliy Minskdə o qədər içmişdi ki, Potsdamda ayıla bilmirdi. Bununla belə o, gözlərini açmadan əminliklə teatrlardan danışdı. O, elə bil teatr haqqında sayıqlayırdı. 

 

Potsdam səhnəsi

 

Səhər yeməyindən sonra Damaris və Höte İnstitutunun nümayəndələri bizi Postdamda yerləşən Hans Otto adına Teatra apardılar. Hans Otto adına Teatr qısaca HOT adlanır. HOT isə ingilis dilində isti mənasını verir. Deyim ki, HOT tək səhnəsini yox, elə teatın ətrafını da qızdırırdı. Teatra gedən yol isə elə bil dekor idi. Yolun kənarları rəngarəng afişalarla bəzədilib. Alman dilini bilmədiyimə görə yalnız sevdiyim kinorejissor Lars fon Triyerin "Doqvil" filminin afişası diqqətimi çəkdi. Film teatr estetikası ilə çəkildiyinə görə, görünür, HOT ona səhnə həyatı verib.

 

Əvvəlcə teatrla üzbəüz yerləşən Tifer gölünü seyr etdik, təmiz hava aldıq, şəkil çəkdirdik. Sonra adını unutduğum xanım rejissorun yanına getdik. O, elə həyətdəcə teatrları haqqında geniş məlumat verdi. Teatrın tarixindən, indiki vəziyyətindən danışdı. Söylədi ki, teatrları heç də böyük maliyyə ilə bəslənmir. Aktyorlar da özlərini güclə dolandırırlar. Qazanclarının bir hissəsi kirayə haqqına gedir. Xanım rejissor bunu söyləyəndə ürəyim titrədi. Bilmədim öz halıma yanım, yoxsa kirayələrdə sürünən alman aktyorların. Mənə elə gəldi ki, o, yalnız HOT-dan deyil, bütün teatrlar haqqında danışır. Daha sonra rejissor alman soyuqqanlılığı ilə əlavə etdi ki, o, bu yaxınlarda teatrdan gedəcəyinə görə Postdamı da tərk edəcək. Səbəbi çox sadə idi: teatra yeni direktor gəlir və oyuna uyğun olaraq o, öz komandasını gətirir. Ona görə yaradıcı heyət teatrda qalmaq uğrunda mübarizə aparmır.

 

Rejissor qol saatına baxdı, məşqinin başlamasına beş dəqiqə qaldığını söylədi. O, bizi köməkçisinə tapşırıb başqa səhnəyə getdi. Köməkçisi isə bizi teatrın kulisi, yay səhnəsi ilə tanış etdi. Emalatxanalar, dərzi sexləri, əlbisə, qrim, dekor otaqları elə bil başqa planet idi. Bir otaq diqqətimi daha çox çəkdi. Burada cürbəcür insan, heyvan maskaları, heykəlləri vardı. Başımı yuxarı qaldıranda İsa Məsihin çarmıxa çəkilmiş formada heykəlini, onunla üzbəüz pəncərənin önündə Vladimir İliç Leninin büstünü gördüm. Leninin üzünə qırmızı kloun burnu yapışdırılmışdı. Dərhal fantaziyam işə düşdü. Təsəvvürümə gətirdim ki, teatr yuxuya gedəndən sonra Lenin İsa peyğəmbərin qarşısında klounluq edir.  

 

Küçə tamaşası      

 

Hans Otto adına Teatrının açıq kafesində nahar edəndən sonra şəhər turuna çıxdıq. Damaris bizi bələdçi ilə tanış etdi. O, yaşı əllini ötmüş, çəlimsiz, ortaboylu, dombagöz rus idi. O da bütün bələdçilər kimi tələsirdi. Buna baxmayaraq, çıxışından öncə qısa pauza verdi, səsinin ən gözəl tonunu seçdi. O, danışdıqca nazik, uzun barmaqlarını dirijorlar kimi havada oynadır, bəzən əlini ürəyinə aparırdı. Sanki sözləri qəlbindən bir-bir çıxardırdı. Bələdçinin cingiltili səsi Potsdamın daşlarına sığal çəkdi. Şəhərin qədim villalarından gözümüzü çəkib onun özüylə maraqlandıq. Məlum oldu ki, əslində, o, Sankt-Peterburqdandır. Orada aktyorluq fakültəsini bitirib, bir neçə il səhnəyə çıxsa da, daha yaxşı yaşamaq üçün Almaniyaya sığınıb.

 

Amma aktyor sənətini dəyişsə də, o, həmişə oynayır. Biz tamaşaçılar nəfəsimizi dərmədən bələdçinin Postdam haqqında monoloqunu dinlədik. Məlum oldu ki, Postdam bütünlükdə UNESCO-nun mədəni irs siyahısına salınıb. II Dünya Müharibəsində Almaniyanın az zərərçəkmiş şəhərlərindəndir. Aristokratların istirahət mərkəzi olan şəhər indi də kübar əhalisi ilə seçilir. Hətta bura gələn turistlər vücudlarını əyləndirməyə yox, ruhlarını dincəltməyə gətirir.

 

Bələdçi həvəslə danışdıqca gənc qız da dayanmadan onun şəkillərini çəkirdi. Qız peşəkar fotoqraflar kimi onu müxtəlif rakurslarda çəkəndə bələdçi daha da ilhamlandı. San-Susi sarayında kollektiv şəkil çəkdirəndən sonra bələdçi fotoqrafı bizə təqdim etdi. Bu gənc, gözəl qız... onun arvadı idi. O, ərinə heyranlıqla baxanda gözüm gürcü dramaturqun turşumuş üzünə sataşdı.

 

Çıxışının sonunda bələdçini ürəkdən alqışladıq. O, sağ əlini ürəyinin üstünə qoyub təzim etdi. Bizimlə dayanacaqda vidalaşdı. Arvadıyla bərabər tranvayın pəncərəsindən əl edib gözdən itdi. Hamı xoşbəxt idi, hətta dayanacağın yanından velosipedlə ötən yaşlı qadın da.

 

Marlen Ditrix xiyabanı

 

Postdam küçələrində yorulub əldən düşsək də, gözlər yenə Damarisə dikildi. Proqramımıza Film və Televiziya Universitetinin professoru Torsten Şlyüzla görüş daxil olduğuna görə o, bizi Postdamın Babelsberq rayonuna apardı. Babelsberq Almaniyanın Hollivudu sayılır. Orada nəinki Almaniya Demokratik Respublikası dönəmində məşhur olan DEFA, indiki UFA adlanan kino şirkəti fəaliyyət göstərir, hətta rayonun adını daşıyan kino parkı da filmsevərlərin ixtiyarındadır. Təəssüf ki, proqram sıx idi. Yoxsa kiçik qatarla "Alçaldılmış it uşaqları", "Pianoçu", "Rozenştrass" və digər filmlərdən bizə tanış olan küçələrin modellərinə baxar, bir neçə dəqiqə də olsa özümü həmin ekran əsərlərində kütləvi səhnələrin iştirakçısı kimi hiss edərdim.

 

Ayaqlarım məni universitetə aparsa da, yolun üstündə yerləşən körpələr evini görəndə dayandım. Kiçik çəkiliş meydançasını xatırladan baxçanın dəmir hasarına içinə güllər əkilmiş rəngli uşaq botları bərkidilmişdi. Uşaqlar ora-bura qaçışır, qumluqda öz dünyalarını qururdular. Mənə elə gəlir ki, o uşaqlar böyüyüb təhsil üçün heç də uzağa getməyəcəklər. Çünki rəngli botlar insanı ancaq böyük ekrana gətirə bilər. 

 

Universitetin şüşələri eynəyimdən təmiz idi. Dörd bir tərəfdə əksimi görəndə özümü susuz akvariumda hiss etdim. Bununla belə, havada can verən balıq deyildim. Universitetin əzəmətinə baxıb bülbül kimi cəh-cəh vurmaq istəyirdim. Orada hamı elə bil kinolentə bürünüb gəzirdi. Tələbələrin beyinlərini görməsəm də, əmin idim ki, ideyalar ekrana çıxmağın bir addımlığındadır. Çünki ucsuz-bucaqsız, işıqlı foye çəkiliş meydançası kimi tələbələrin öhdəsində idi.

 

Əsas girişin sol tərəfində kitabxana yerləşir. Marağım məni ora apardı. Burada bircə quş südünün tərkib hissəsi haqqında elmi məqalələr toplusu çatmırdı. Kitabların içində bir az eşələnəndən sonra festival iştirakçılarının toplaşdığı "akvariuma" getdim. Professor Torsten Şlyüz bizi qarşılayıb universitetin həyətindəki sakit baxçaya apardı. Bura Marlen Ditrix xiyabanı idi. Otluğun üstünə səpələnmiş rəngli avtomobil şinlərinin üstündə oturub professoru dinləməyə başladıq.  Festival proqramında "dramaturgiya təcrübəsi" yazılsa da, professor yalnız təmsil etdiyi universitetin qəbul qaydalarından danışdı. Elə bil dramaturqu yox, universitetin qəbul komissiyasının əməkdaşını dinlədik. Hamımız ona sonadək qulaq asdıq. Sual-cavab hissəsində professora kinolent üzünə həsrət qalan ssenarilərimdən danışdım və alman kino şirkətləri ilə əlaqələr qurmaq istədiyimi dilə gətirdim. Professor məni diqqətlə dinləyəndən sonra söylədi ki, biz bu cür şəraiti yalnız öz tələbələrimizə yaradırıq. Onun cavabı nəinki məni, digər festival iştirakçılarını susdurdu. Bircə ağacın başındakı quşun cəh-cəhi aləmi bürümüşdü. Mən elə gəldi ki, o quş Marlen Ditrixin ruhuna nəğmə oxuyurdu. 

 

Səhnə oxunuşu

 

Elə həmin günü axşam yenidən Reitholl Teatrına gəldik. Bədənlər yorğun olsa da, ruhlar bayram əhvalında idi. Teatrın tavanından üzərində ölkələr və iştirakçıların adları yazılmış plakat asılmışdı. Almanca "Azərbaycan" adını birinci gördüm. Nisbətən kiçik hərflə yazıldığına görə adımı güclə tapdım. Plakata baxıb sevindim. Ətrafa göz gəzdirdim. Digər təmsilçilər də sevinməkdə məndən geri qalmadılar. Çantamı açdım. Festival iştirakçılarına, eləcə də teatrın yaradıcı heyətinə Bakıdan gətirdiyim CD-ləri, Vaqif Səmədoğlunun ingilis dilinə tərcümə olunmuş kitablarını payladım. Sevdiyim SÖZ və musiqini onlarla bölüşmək istədim. Deyəsən, əlidolu gələn bir mən, bir də Gürcüstan təmçilçisi Quram Meqrelişvili idi. O da iştirakçıları sucuq və gürcü şərabları ilə qonaq edirdi.

 

Hamı tədbirin başlamısını gözləyirdi. Vaxt yaxınlaşdıqca həyəcanım artırdı. İlk dəfə idi ki, yad ölkədə, özgə dildə tamaşaçı qarşısında dramaturq kimi çıxış edəcəkdim. Zalın qapıları açılanda ən axırda biz daxil olduq. Səhnə yarıqaranlıq idi. Eynəyimi təmizlədim. Hər şeyi və hər kəsi yaxşı görüb yaddaşıma ötürmək istəyirdim. Əvvəlcə tamaşaçılara baxdım. Daha çox orta və yaşlı nəslin nümayəndələri üstünlük təşkil edirdi. Onlar danışmırdılar, telefonla vaxt öldürmürdülər, gözlərini səhnəyə dikib tədbirin başlamasını gözləyirdilər.

 

Kristofer Hanf səhnəyə çıxdı, qısaca tədbirin məramından söz açdı. Söylədi ki, layihənin məqsədi gənc dramaturqları Avropa səhnəsinə yaxın etməkdi. Sonra pyes oxunuşu və dramaturqlarla tamaşaçı qarşısında müsahibə oldu. Alman yazıçısı Mişel Dekar alman tələffüzüncə "Azərbaycan" deyib məni səhnəyə dəvət etdi. Ölkəm, onun teatrı və özüm haqqında müxtəlif suallar verdi. Qısa da olsa teatr tariximizdən, son dövrlərdə yaranan müstəqil teatrlardan, YUĞ Teatrından, onun banisi Vaqif İbrahimoğludan məlumat verdim. Sonda teatr haqqında fikirlərimi bölüşdüm. Söylədim ki, səhnə müqəddəsdir. Elə ona görə də teatr həmişə yaşayacaq. Çünki o insan ruhu ilə qidalanır.

 

Berlin nəğməsi

 

Berlin vağzalında Damarisi itirməmək üçün addımlarımızı sürətləndirdik. Orada tək biz yox, hamı sürətlə gedirdi. İnsanların səsi çıxmasa da gərginlikəri gendən sezilirdi. Hamı iş barəsində düşünürdü. Mənə elə gəldi ki, Berlində qəlb yox, daha çox beyin işə yarayır. Şəhərdən sevgi ətri gəlmirdi.

 

Berlin İncəsənət Universitetinə gəldik. Hamı dram texnologiyası üzrə professor, dramaturq Paul Brodovski ilə görüşü səbirsizliklə gözləyirdi. Çünki iki saat da olsa dramaturqdan ustad dərsi alacaqdıq. Cənab Brodovski gözlədiyimizin əksinə olaraq dram fakültəsinə qəbul qaydasından uzun-uzadı danışdı. Məlum oldu ki, fakültə iki ildən bir qəbul keçirir. Əsərlər ciddi yoxlanılır.  Özü də 30 yaşdan aşağı tələbənin işlərinə baxılmır və s. İştirakçılar ağır və yorucu söhbəti yumşatmaq üçün Brodovskiyə şəxsi suallar verdilər. O, rahat-rahat özündən, ailəsindən danışdı. Onun da üzündən-gözündən yorğunluq tökülürdü. Brodovski elə bil arıq çiyinlərində alman teatrlarının yükünü daşıyırdı.

 

Görüşdən sonra ukraynalı həmkarım Yelena Roman görüşdən son dərəcə məmnun qaldığını söyləyəndə təəccübləndim. Soruşdum ki, səni valeh edən nə oldu? Xanım rejissor dedi ki, mənə xoş gələn onun özü haqqında danışmağı idi. İnsan özündən danışırsa, demək ki, qorxmur. Ruhu azaddır. Yol boyu "azadlıq" kəlməsi Yelenanın dilindən düşmədi.

 

Yenə metroda tələsən insanlara qarışdıq. Bu dəfə Höte İnstitutunun Berlin ofisinə getdik. Orada çox vaxt keçirmədik. Ofisin rəhbərliyi ilə nahar edib yola düzəldik. Özümü sürətli montajda qaçan insanlar kimi hiss edirdim. İşıq sürəti ilə Teatr agentliyinə gəldik. Köhnə afişalarla bəzədilən ofisin rəflərində saysız-hesabsız pyeslər vardı. Agentlik teatrla dramaturq arasında bir növ vasitəçi rolunu oynayır, üstəlik, əsərlərin müəlliflik hüququ qoruyur.

 

Bir-birinin ardınca görüşlər, üstəlik, Berlinin gərginliyi hamını, eləcə də məni əldən saldı. Bununla belə, Damaris bizi Berlin divarlarını görmək üçün darvazaya gətirdi. Orada insanların otlaqda oturub boz səmanı seyr etdiklərini görəndə dörd gözüm səkkiz oldu. Elə bilirdim Berlində hamı işləyir.  

 

"Paytaxt" tamaşası 

 

Berlinin mərkəzində yerləşən Alman Teatrına yollandıq. Zalda yerimizi tutan kimi "Paytaxt" tamaşası başladı. Səhnə uzun enli dəhlizə oxşayırdı. Dəhlizin sağ və sol tərəfində tamaşaçılar üçün oturacaqlar qoyulmuşdu. Aktyorlar bir növ podiuma çıxıb bir-biriləri ilə aqressiv danışırdı. Tamaşa alman dilində olduğuna görə bir kəlmə anlamadıq. Bununla belə, uzun-uzun dialoqları dinlədik. Alman soyuqqanlılığı səhnədə də bizi üşütdü. Aktyorların gözlərində bir ifadə duya bilmədim. Bəlkə dili anlamadığımıza görə belə idi. Amma kompyüter effekti tamaşaya xüsusi rəng qatmışdı. Aktyorların ayaqları altında gah dəniz dalğalanırdı, gah yağış yağırdı, gah da sallaqxanada donuz doğranılırdı. Antraktda yerimizdən qalxdıq və bir daha ora qayıtmadıq.

 

Tamaşadan çıxıb metroya doğru üz tutanda qarşımıza Ukrayna Səfirliyi çıxdı. Təbii olaraq Ukrayna təmsilçiləri ayaq saxladı. Onlarla bərabər mən də dayandım. Rejissor-dramaturq Yelena Roman darvazadan boylanıb həyətə baxdı. İş vaxtı bitdiyinə görə heç kim yox idi. Rejissor Andriy Malahov və gənc aktyor Oleksi Doruçevski bir-birilərindən kənarda dayansalar da hər ikisi fəxrlə bayrağa baxdılar. Yelena sağ əlini bayrağa sarı uzadıb sonra ürəyinin üstünə qoydu. Bircə dramaturq Yevqeni Makrovski kənarda dayanıb dostlarına laqeydlikdə tamaşa etdi. Andriy əlini ürəyinin üstünə qoyub Ukrayna himnini ucadan oxumağa başladı. Yelena da ona qoşuldu. Oleksi ürəyini tutub susdu. O, bayrağa baxsa da, əslində, gözləri yol çəkirdi. Andriylə Yelena himndə yer alan "svoboda", yəni azadlıq sözünü elə ürəkdən söylədilər ki, sanki səslərini, ruhlarını azadlığa buraxdılar. "Svoboda" sözü boş küçədə əks-səda verdi.

 

Yolumuza davam edəndə Yevqenidən niyə himni oxumadığını soruşdum. O, uşaq kimi çiyinlərini oynadıb "bilmirəm" dedi. 

 

Epik nahar

 

Bertolt Brext meydanına gələndə Damaris bizi velosipedi ilə gözləyirdi. Mavi gözlərindən yorğunluq tökülsə də, şəffaf pomada ilə boyanmış dodaqları yumru üzünü təravətli göstərirdi. O, hamımızla salamlaşandan sonra yenə önə keçdi. Bizə meydanın sol tərəfində məşhur alman dramaturqu, şairi, nasiri  Bertolt Brextin əsasını qoyduğu "Berliner Ansambl" Dram Teatrını göstərəndən sonra oranın restoranına apardı. Açıq havada oturub festival iştirakçıları ilə yemək yeyəndə özümü səhnədəki ziyafət oyununda hiss etdim. Masada nimçələr, butulkalar, çəngəllər, bıçaqlar, salatlar bir-birinə üsyan edirdi. Gözlərimi yeməkdən çəkib sağ tərəfdə "Berliner Ansambl" Dram Teatrının digər korpusuna baxdım. Günorta, iş saatı olmasına baxmayaraq teatrın pilləkənlərinin yanında qələbəlik vardı. Müxtəlif yaşlarda olan tamaşaçılar növbəyə düzülüb biletlərini gənc qıza təqdim edirdilər. Qara mayka, qısa cins şort geyinmiş gənc qız gah biletlərin başını kəsib tamaşaçılara qaytarır, gah da yanındakı masanın üstünə qoyulmuş bukletlərə, teatra dair suvenirlərə nəzarət edirdi.

 

Sola çevrilib kənardan Bertolt Brextin heykəlinə baxdım. Dramaturqun tuncdan heykəli də özü kimi əzəmətli idi. Heykəllə şəkil çəkdirənlər daha çox yaşlı nəslin nümayəndələri idi. Hər kəsin üzündə təbəssüm vardı. Berlində ilk dəfə idi ki, gülərüzlü, gümrah insanları Bertolt Brext meydanında gördüm. Çayımı içəndən sonra vaxtımın çoxluğundan istifadə edib dramaturqun yaratdığı teatra daxil oldum. Orada çalışan qızlara yaxınlaşıb Brextin vaxtilə hansı otaqda işlədiyini soruşdum. Onlar üzümə baxıb cavab vermədilər. Heç mən də cavab almaq üçün onları boz boyalı divara dirəmədim. Düşündüm ki, onlar susmağı oynayırlar. Teatrdan çıxıb heykələ sarı gəldim. Brextin yanına qalxdım. Heykəli bağrıma basdım, Kuraj ananın nəvələri adından ona təşəkkür etdim. 

 

"Səkkizinci həyat"

 

Qara saatımın əqrəblərinin uçmağından xəbərim olmadı. Özümü güclə Alman Teatrına çatdırdım. Gürcü yazıçısı Nino Haratişvilinin "Səkkizinci həyat" pyesi oynanılırdı. Tamaşaya gecikmişdim. Nəzarətçi zalın qapısını necə açdısa özüm belə hiss etmədim. Zalın arxa oturacağında cəmi bir yer qalmışdı. Nəfəsimi dərib sakitcə yerimə əyləşdim. Tamaşa Alman dilində olsa da subtitr ingilis dilində idi. Eynəyimin şüşələrinin təmiz olmasına baxmayaraq, subtitrda cəmi iki söz oxuya bildim: Tbilisi 1924 və Bakı. Bakı sözü mənə rahatlıq vermədi. Yanımda əyləşən qıza pıçıltıyla Bakı haqqında olan hissəni ingilis dilinə tərcümə etməsini xahiş etdim. Qız nə dediyimi anlayınca qabaqda əyləşən yaşlı kişi daz başını çevirdi, tərs-tərs mənə baxdı.

 

Zal o qədər böyük idi aktyorları güclə seçdim. Bəlkə elə ona görə tamaşanın enerjisini ala bilmədim. Səkkizinci həyatımdan üzr istəyib zalı tərk etdim. Təkbaşına Berlin küçələrini dolaşdım. Qarşıma çıxan mağazalara baxdım. İstədiyim şeyləri almağa pulum çatmasa da, qayğısız və xoşbəxt idim. Anlaya bilmədim o hisslər haradan gəlmişdi, məni necə tapmışdı? 

 

Postdama getmək üçün qatara əyləşdim. Orada ərəblər əlindən tərpənmək olmasa da, yer tapdım. Hərə bir dildə danışırdı. Mənsə öz dilimdə susub pəncərədən qaçan mənzələrəri seyr etdim. Düşündüm ki, tarix təkrarlansa da, həyat geri dönmür...        

 

... Nömrəmin qapısını açanda çamadan uşaq kimi üstümə atıldı. Beş gün idi ki, ondan xəbərsiz idim. O qollarını açıb asılqandan çıxatdığım geyimlərimi bağrına basdı. Çamadanın cibinə "Uşaqlıq" pyesimi qoyanda gözümə qəhrəmanımın son sözləri sataşdı: "Söz verirəm, sənə Günəş bağışlayacam."

 

Postdam-Bakı

iyul-avqust, 2018

 

525-ci qəzet 2018.- 29 avqust.- S.4;8.