"Əlibaba" ləqəbi ilə düşmənə qan udduran Günnüt qəhrəmanı
Gənclərə
örnək ömür yolu
SSRİ kimi böyük imperiyanın
dağılmasından, xalqımızın azadlıq
uğrunda mücadiləsindən, 20 Yanvar hadisələrindən,
müharibənin törətdiyi çətinliklərdən
bizi 30 ilə yaxın zaman ayırır. Bu illər ərzində
çox şey dəyişdi. Ölkəmiz,
eləcə də onun ayrılmaz parçası olan
Naxçıvan Muxtar Respublikası müstəqilliyin
işığında böyük bir inkişaf yolu
keçdi. İndi müstəqil, azad bir
ölkənin xoşbəxt vətəndaşlarıyıq.
Həyatımızın axarı, yaşam tərzimiz,
dünyaya baxışımız da dəyişib. Uşaqlarımız
güllə səsindən və hər bir çətinlikdən
uzaq, şən, firavan böyüyür. Gündüzlər
insanlar işə tələsir, gecələr bağları,
parkları istirahətə gələnlərin
gülüşləri bəzəyir. Çıraq
işığında səhəri
açdığımız gecələri indi şəhərin
dörd bir yanında gur işıqlar əvəzləyir.
Bütün çətinliklər arxada
qalıb. Hər şey dəyişib.
Dəyişməyən gerçəklər də var: biz o
gerçəkləri yaşadıq, göz
yaddaşımıza, hafizəmizə yazıldı. 1990-cı illərdə yaşanan ağır hadisələrin
və insanların vətənpərvərliyinin şahidləri
olduq. O vətənpərvərlik idi ki, silahın,
texnikanın çatışmadığı bir dövrdə
Naxçıvanı erməni işğalından qorudu, o vətənpərvərlik
hissi idi ki, insanları yumruq tək öz ətrafında birləşdirdi,
o əqidə idi ki, düşmənə əsir düşməsin
deyə, sonuncu gülləsini özünə sıxan
oğullar adını tarixin qəhrəmanlıq səhifəsinə yazdırdı.
Vahid komandanlığa tabe olan ordunun yoxluğundan istifadə
edən ermənilər Naxçıvana bir neçə
istiqamətdən aramsız hücumlar edirdilər. Sədərək, Havuş,
Günnüt kəndləri 1990-cı il
yanvarın 19-da səhər, təxminən, saat 11-dən
etibarən daha intensiv hücumlara məruz qalmışdı. Həmin vaxt ermənilər əsas qüvvələrini
Sədərək istiqamətinə yönəldərək Kərki
kəndini işğal etdilər.
İnsanlar belə bir məqamda Vətənin dar
günündə Naxçıvana gələn Ümummilli
Liderin ətrafında sıx birləşərək bu qədim
Azərbaycan diyarını mərdliklə qorudular. Keçmiş
SSRİ-nin müxtəlif şəhərlərində məskunlaşmış
həmyerlilərimizdən də geri qayıdanlar oldu. Onlardan biri də Murmanskdan Şərura üz tutan Asəf
Bayram oğlu Rəhimov idi.
Asəf
Bayram oğlu Rəhimov 1960-cı il
yanvarın 24-də Şərur rayon Düdəngə kəndində
anadan olub. 1967-ci ildə Düdəngə kənd
orta məktəbinə gedib. 1977-ci ildə məktəbi
bitirən Asəf Rəhimov Bakıda 2 saylı peşə
məktəbinə daxil olur. 1981-ci ildə hərbi
xidmətini başa vurub doğma yurduna qayıdan Asəf Rəhimov
təhsilini davam etdirmək üçün 1982-ci ildə
Murmanska yollanır. 1983-86-cı illərdə
Murmansk şəhərində yeməklərin
hazırlanması üzrə texnoloq fakültəsində
oxuyub təhsilini başa çatdırır və həmin
şəhərdə əmək fəaliyyətinə
başlayır. Vətənin dar
günündə Asəf Rəhimov doğma elinə
qayıdır və 1990-cı ildə Şərur rayon Polis
şöbəsində işə düzəlir. Polis nəfəri kimi döyüşlərdə
iştirak edən Asəf Rəhimov şücaətlər
göstərir, "Əlibaba" ləqəbi ilə
tanınır.
Həmin dövrdə təkcə Zeyvə-Düdəngə
kəndlərindən 32 polis nəfəri ön cəbhədə
düşmənlə üz-üzə dayanmışdı. Onlardan biri də
Asəf Rəhimov idi. Sədərək
döyüşlərinin iştirakçısı olan Asəfin
müdafiəsində iştirak etdiyi ərazilər
Günnüt kəndi və onun ətrafı oldu. Günnütün alınması düşmən
üçün böyük önəm
daşıyırdı. Bu istiqamətdən
ermənilərin məskunlaşdıqları Çanaxçı
və Cəfərli kəndləri, həmçinin, Xankəndinə
gedən yol əl içi kimi görünürdü. Bu
ərazilər 1992-ci ilə qədər ordumuzun nəzarəti altında olub. Öz müdafiə mövqelərini möhkəmlətmək
baxımından Günnüt ermənilər üçün
mühüm strateji əhəmiyyətə malik idi.
Həmin dönəmdə Günnütün
"Əlibaba" ləqəbi ilə tanınan Asəf Rəhimov
kimi müdafiəçiləri vardı. Qarşı tərəfdən
fərqli olaraq müasir texnikaları, silahları olmasa da,
güclü iradələri, Vətən eşqi,
sarsılmayan əzmləri vardı.
Xarici görünüşünə və rus dilində
mükəmməl danışdığına görə azərbaycanlı
olduğunu təyin edə bilməyən ermənilərə
Asəf dəfələrlə psixoloji zərbə
vurmuşdu. Kəşfiyyat xarakterli məlumatları toplayaraq
geri qayıdan Asəf arxasınca bir iz buraxardı. Ermənilərə
"Alibaba bıl zdes, ("Əlibaba" burada olub)"
mesajını ötürən Asəf, sözün əsl mənasında,
düşmənə od qoyurdu. Mərmi kimi partlayan sözlərin
yazıldığı kağız parçasını
tapanda isə artıq Asəf ərazidən çox uzaqlarda
idi. O dövrdə belə bir ideyayla
döyüşürdülər: "Hər kəs sağ ikən öz qanına qan
almalıdır". Asəf Rəhimov
düşmənin layiqli cavabını verən igidlərdən
idi.
Sonuncu
güllə
1992-ci ildə Sədərəkdə qızğın
döyüşlər gedərkən düşmən
müdafiə qüvvələrimizi parçalamaq məqsədilə
Günnüt kəndini də atəşə tuturdu. Günnütü
asanlıqla ala bilməyəcəyini görən düşmən
qüvvəsini bura yönəldir. İlk
vaxtlarda böyük itki verən ermənilər Günnüt
kəndini vertolyotla hava hücumuna məruz qoyub yerlə-yeksan
edirlər. Qeyri-bərabər
döyüşdə Mərdan Abbasov adlı
döyüşçü ağır yaralanır, polis
işçilərini atəş xəttindən
çıxaran digər döyüşçü isə
mühasirəyə alınır. Bu
"Əlibaba" ləqəbi ilə düşmənin
canına vəlvələ salan Asəf Rəhimov idi. Düşmən üçün
"Əlibaba" uğurlu hədəf idi. Məqsəd onu diri tutmaq, qalib ədasıyla güc
nümayiş etdirmək və "Əlibaba"dan qisas almaq
idi. Lakin "Əlibaba" erməni quldurlarına
yenilmədi. Düşmənin məqsədinin
qurbanı olmadı. "Əlibaba"
elini, obasını sevən bir qəhrəman idi. O, Vətən
naminə etdiyi fədakarlığına görə ad
qazanmışdı. Ölüm qorxusumu güc
gələcəkdi? Heç bir qüvvə
onun qürurunu, Vətənlə qoşa döyünən
ürəyini, sarsılmaz ruhunu əsir edə bilməzdi.
Son ana qədər erməni quldurları ilə təkbaşına
döyüşən "Əlibaba" 17 nəfər
silahdaşını xilas etdi, düşmən tərəfini
itkiyə məruz qoydu. Ayağından güllə yarası alan Asəf artıq çıxış yolu
olmadığını anlayır. Dörd bir tərəfdən
mühasirədə qalan qəhrəman sonuncu gülləni
özünə sıxır. Bundan qəzəblənən
ermənilər Asəfin
ölüsünü belə rahat buraxmırlar. Ermənilərin dəfələrlə dərsini
verən Asəf onlar üçün ölüm kabusu idi.
Erməni vəhşiləri öldüyünə
əmin olmaq üçün meyiti tanınmaz hala salırlar,
bununla da ürəkləri soyumur. Özləri
ilə meyiti də götürüb gedirlər.
Günnütün
ilk şəhidi
"Əlibaba" elə bir ad-san qazanmışdı
ki, onun ölümünə inanmaq çətin idi. Şücaəti
ilə qəlblərdə ölümsüzlük heykəli
ucaltmışdı. Ölümündən
sonra Asəfin axtarışı bir neçə gün davam
edir. Ulu öndər Heydər Əliyevin səyi
ilə Asəf Rəhimovun meyiti geri qaytarılır. Asəf
Günnütün ilk şəhidi və müdafiəçisi
kimi adını tarixə qızıl hərflərlə
yazdırır. Həmin ildə Asəfin
şücaəti ilə bağlı silsilə yazılar qəzet
səhifələrində yer alır, qəhrəmanlığı
örnək göstərilir. Azərbaycan Respublikası
Prezidentinin 30 iyun 2002-ci il tarixli sərəncamı
ilə Asəf Bayram oğlu Rəhimov ölümündən
sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif
olunur. Məzunu olduğu Düdəngə kənd
orta məktəbinə adı verilir və məktəbin həyətində
büstü ucaldılır. Oğlu
Əfqan Rəhimov bu gün atasının yolunu davam etdirərək
Kəngərli rayon Polis şöbəsində öz xidməti
vəzifəsini ləyaqətlə yerinə yetirir.
"Rahat
uyu şəhidim, Günnütdən düşmən
ayağı kəsilib"
Düz 26
il sonra 2018-ci ilin mayında
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun
keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində
Şərur rayonunun Günnüt kəndi və ətrafındakı
11 min hektar ərazi düşməndən azad edilir. 26 kilometr məsafəni əhatə edən əməliyyat
nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli
yüksəkliklər ələ keçirilir. Həm də itkisiz. Günnüt
əməliyyatı son illərdə həyata keçirilən
ən uğurlu hərbi əməliyyat kimi tarixdə öz
yerini aldı.
Qısa müddətdə
dağlıq şəraitdə xidmətin təşkili
üçün lazımi şərait yaradıldı. Mühəndis-istehkam tədbirləri
görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi
yaradıldı, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə
yanaşı, dayaq məntəqələrində də
etibarlı müdafiə sistemi qurulub. Eyni
zamanda, ərazidə yeni yollar çəkilib, postlar
arasında rahat əlaqə təmin edilib.
Asəfin uğrunda canını fəda etdiyi, bu gün
işğaldan azad olunan Günnütdə indi üçrəngli
bayrağımız dalğalanır. Rahat uyu, şəhidim,
Günnütdən düşmən ayağı kəsilib.
Müzəffər ordumuz o murdar ayaqları
Laçınımızdan, Şuşamızdan, Xankəndimizdən,
Kəlbəcərimizdən... də kəsəcək.
Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının
baş redaktoru
525-ci qəzet.- 2018.- 31 avqust.- S.8.