Elçinin "Baş"
romanı Türkiyədə nəşr edildi
Xalq yazıçısı
Elçinin "Baş"
romanı Türkiyənin
"İş Bankası
Kültür Yayınları"
nəşriyyatında nəfis
tərtibatda çap olunub.
Nəşriyyat əsərlə bağlı
geniş şərhlər
verməklə, müəllifi
oxuculara "Modern ədəbiyyatın
ən önəmli təmsilçilərindən" biri kimi təqdim
edib. Türk dilinə Azad Ağaoğlu
tərəfindən çevrilən
roman Elçinin qardaş
ölkədə nəşr
edilmiş 26-cı kitabıdır.
"Baş" romanı
xarici ölkələrdə
böyük maraqla qarşılanmaqdadır. Belə ki,
əsər rus dilində Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında çap
olunub, "Yunost" jurnalında və məşhur "Roman-qazeta"da
təkrar dərc edilib. Əsər Qahirədə ərəb
dilində, Berlində
alman dilində, Kişinyovda moldav dilində yerli oxuculara təqdim olunub, London və Romada isə ingilis və italyan dillərində nəşrə hazırlanır.
İki il öncə
roman çapdan çıxarkən
mövzusu, orijinallığı
və yüksək bədii xüsusiyyətlərinə
görə oxucuların
dərin marağına
səbəb olmuşdu.
Ədəbi ictimaiyyət əsəri
ədəbiyyatımızın yeni uğuru kimi qiymətləndirmişdi.
Qeyd edək
ki, "Baş" romanında Azərbaycan xanlıqlarının idarə
olunması, əhalinin
yaşayışı və
üzləşdiyi çətinliklər,
eləcə də həmin dövrdə xalqımızın mədəni-məişət
həyatı zəngin
bədii koloritlə, obrazların dili ilə oxucuya çatdırılır. Əsər oxucunu
XIX əsrin əvvəllərinə
aparır. Bakıda və
Qarabağda cərəyan
edən, Sankt-Peterburqda,
İranda baş vermiş hadisələr romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini
yaradır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 31 avqust.- S.7.