Xətti və qeyri-xətti proseslərdə təfəkkürün inkişaf motivasiyası

 

 

Kainatın ən mükəmməl kəşfinə - insan varlığına məxsus olan ağıl - ağlın sürətli inkişaf dinamikası; düşüncə - düşüncənin dərketmə arealının geniş miqyası; dərrakə - dərrakənin anlama həddinin yüksək hüdudu; idrak - idrakın dərin fəlsəfi yük potensialı; intellekt - intellektin dolğun və məzmunlu məntiqi; fikir - fikrin qarşılıqlı mülahizələri, səmərəli polemikası; zəka - zəkanın nurlu ziya kəhkəşanı... və sair bu kimi amillər insan varlığında özünə yer tutan elə bir vacibiyyatdır ki, məhz insan fiziki qabiliyyəti ilə yanaşı, həmin amillərin gücü, imkanı, qüdrəti və hərəkət mexanizmi ilə kainatın və kainatda baş verən bütün hadisələrin, eləcə də kainatın bir parçası olan bütün təbiətin və təbiətdə baş verənlərin anlaşılması üçün onları dərindən öyrənir, bütün sahələr üzrə elmi kəşfləri yoxdan var edir, həmin kəşflər hesabına dünyanın güzərgahını istədiyi səmtə doğru istiqamətləndirir, xətti və qeyri-xətti müstəvidə və ya gedən və dönən aləmin harmonik ahəngdarlığında  öz məntiqli hərəkət potensialını göstərir, eyni zamanda, öz təfəkkür bazasını genişləndirir, zənginləşdirir, dolğun və rəngarəng çoxluqlarla allvan mozaika yaradır.

 

Bu mənzərədə insan nəzərlərinə tuş gələn aləm və aləmdə mövcud olan hər bir varlıq bütün cəhətləri ilə öz həqiqi mahiyyətindən daha mənalı, məzmunlu, əhatəli və əsrarəngiz görünür. Həmin mənzərədə insan özü də çox rəngarəng, zəngin bir idrak xəzinəsinə varid olur ki, bu da təfəkkürün daha da güclənməsinə, yaradıcılıq qabiliyyətinin artmasına, ixtira və kəşf potensialının çoxalmasına, fikir fəlsəfəsinin dərinləşməsinə, əşrəfi mahiyyətlə, durmadan inkişaf etməsinə səbəb olur.

Lakin insanda bu dəyərlərə adekvat olmayan elə naqis cəhətlər də vardır ki, həmin cəhətlər insan təfəkkürünün zədələnməsinə, korşalmasına, bəzən də yaradıcılıq qabiliyyətini tam itirməsinə səbəb olur. Lakin onu da demək lazımdır ki, naqis cəhətlərin özü belə, məhz yuxarıda qeyd olunan bütün dəyərlərlə yanaşı, təfəkkürdə özünə yer tutaraq, insanın bu və ya digər göstəricilərlə formalaşmasına və özünü ifadə etməsinə təkan verir.

Ağıl sahibi olan hər bir insan fərqli düşündüyü kimi, fərqli də göründüyünə görə, ətrafa və ətrafda baş verən bütün məsələlərə müxtəlif baxış bucaqlarından nəzər salır. Həm oxşar xüsusiyyətə malik tələblərlə, həm də qeyri-adekvat yanaşmalarla gərdiş edə bilir, yaradır və cəmiyyəti yararlandırır. Eyni zamanda, yuxarıda sadalanan yüksək dəyərli xüsusiyyətlərə adekvat olmayan cəhətləri ilə cəmiyyəti yanılda bilir.

Bəzən insan təfəkküründən süzülən, cəmiyyətə yararlı görünən elə təmtəraqlı, pafoslu, gurultulu amillər ortaya çıxır ki, ilk baxışdan məzmun çox inandırıcı görünür, öznün illiuzion zər-zibası və bər-bəzəyi ilə kütləni ələ alır və öz arxasınca aparır. Sonu nikbin notlarla bitəcəyi hiss olunan maraqlı teatr tamaşası kimi, gözəl gələcək vəd edir. Lakin kuliminasiyaya doğru yaxınlaşdıqca həqiqət görünmək üzrə olarkən, vəziyyət getdikcə dramatikləşir, katastrofik hala düşür, hər şey tərsinə dönür. Razvyaskada hadisələr daha da gərginləşir. Bütün illiuziaların tilsimi qırılır, sehrin puç olduğu ortaya çıxır, sonu faciə ilə nəticələnən kədərli tamaşalarda olduğu kimi, cəmiyyət özünü geriyə yolu olmayan bir uçurumun qaşında görür. Sonluq... Sonluq, dərk olunması mümkün olmayan bir nəticə ilə yekunlaşır... Necə ki, sonda mat vəziyyətinə düşmüş sosialist inqilabı öz "unikal" pafosu ilə bütün cəmiyyətin düşüncəsinə sirayət etdi, təfəkkürdə inqilabi dəyişiklik yaratdı, az zaman içində iti sürətlə yaxşı nə vardısa hamısını darmadağın etdi, asdı, kəsdi, nəhayət, inkişaf prosesində olan insan təfəkkürünün sağlam şəkildə formalaşmasına ciddi ziyan vurdu.

Təfəkkürü L.Tolstoy, A.P.Çexov, A.S.Puşkin zirvəsindən V.Mayakovski, M.Qorki "düzəngah"ına endirdi. Halbuki M.Qorki də, V.Mayakovski də dərin irudisiyalı, dünya miqyaslı böyük istedad sahibləri idi. Sadəcə "unikal"izmçilərin təfəkkür işğalçıları onları öz qurbanlarına çevirdilər.Və özlərinə bağladıqları bütün ətraf mühiti də eyni hala saldılar. Nəticə isə bütün dünyanın gözləri önündədir. Sonu olmayan sonluq... Sosializm adalanan ictimai quruluş ən nikbin "səhnələri" ilə birgə, ümümən böyük bir faciəvi "tamaşa" kimi tarixdə özünə yer tutdu. İnsan təfəkkürünün məhsulu olan bu "unikal" pafosun - "faciəvi tamaşanın" fəsadları inkişafda olan təfəkkür mexanizmini yarı yolda sındırdı və bir müddət özünə gəlib, yenidən yoluna davam edənə qədər iflic halına saldı. Eynən V.İ.Leninin ömrünün son günlərindəki iflic vəziyyəti, İ.V.Stalinin həyatının kədərli sonluğu  kimi... Və sairləri də demək olar...

Bu "faciəvi tamaşanın" sonunda, dünyanın yüksək təfəkkür sahiblərinin ümumtəsir gücü ilə qidalanan "unikal"izmdən əziyyət çəkən təfəkkür sahibləri çox da uzun sürməyən bu vəziyyətdən, yavaş-yavaş xilas olmağa, sağalmağa və yenidən ayağa durmağa başladılar. İflic təfəkkürlər özlərini topladıqca və yenidən formalaşmağa başladıqca, həqiqətlər üzə çıxdı, lakin inkişaf prosesi xeyli ləngidi. Ancaq dərin təfəkkür sahibi olan insanlar özlərini tez toplaya bildilər, vəziyyətdən qismən asanlıqla çıxdılar. Ancaq ətrafın xəstə əhvalı necə də olmasa, hər bir kəsə təsir etməkdə davam edirdi. Bu vəziyyətə tab gətirməyərək sıradan çıxanlar da oldu, həmin vəziyyətdən yan sürüşüb çıxan Amerikada yaşamış həmyerlimiz Lütfi Zadə kimi "Qeyri-səlis məntiq nəzəriyyəsi" ilə elmdə partlayış edərək, elm müstəvisində dünyanın güzərgahını dəyişənlər də oldu. Lütfi Zadə təfəkkürü mürəkkəb-fəlsəfi dərk labirintindən, sadə, lakin dolğun və məzmunlu idrak səviyyəsinə qədər yüksəltdi. Və yaxud da "unikal"izmçilərin təfəkkür işğalına özünü təslim etməyən, dünya kino sənətinə incilər bəxş edən A.Tarkovski və bu kimi müxtəlif sahələrdə onlarca dahilər də yetişdilər.

Belə ki, cəmiyyətdə insan təfəkkürü göründüyü kimi iki hissəyə parçalandı. Bir hissəsi, (birincilər - praqmatiklər, novatorlar) daima inkişafda oldu, digər hissəsi isə (ikincilər - pafoslu "unukal"izmçilər) öncə manqurdlaşdı, daha sonra özünü toplamağa çalışdı. Lakin birincilər irəlidə, ikincilər isə xeyli geridə qaldı. Bu mənzərə fonunda geridə qalmış təfəkkürlə, inkişaf etmiş təfəkkür arasında ziddiyyətlər başlandı. Geridəkilər (pafoslu "unikal"izmçilər) irəliyə can atdılar, lakin çatmaqda hələ də çətinlik çəkirlər. İrəlidəkilər isə (praqmatiklər, novatorlar) irəliyə doğru inkişaf etməklə yanaşı, həm də geridəkiləri öz səviyyələrinə gətirib çıxarmaq missiyasını həyata keçirirlər, lakin təbii ki, zorlanırlar. İrəlidəkilərin bazasında durmadan  yeni kəşf, ixtira bir-birini əvəz edir, geridəkilər isə, irəlidəkilərin çoxdan yaratdığı ilk "bankomat"dan istifadənin sirlərini hələ yenicə öyrənməkdədirlər. M.Ə.Sabirin təbrincə desək, "Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz".

Bütün bu qarmaqarışıqlıqda, daima inkişafda olan dərin təfəkkür sahibləri heç şübhəsiz ki, çalışırlar elə mexanizm yarada bilsinlər ki, həm öz inkişaflarını səngitməsinlər, həm də geridəkiləri özlərinə çatdıra bilsinlər. Birləşib, bəşəri inkişafı sürətlə irəliyə aparsınlar. Ancaq təəssüf ki, təfəkkür hələ də bu mexanizmi kəşf etməkdə acizdir. Bu, ona bənzəyir ki, yenicə dil açmağa başlayan körpədən sürətlə danışmaq tələb edilir. Və ya sürətlə danışan yetgin insan, yenicə dil açanın onu dərhal anlamasını istəyir. Əlbəttə ki, bütün bu toqquşmalar, xaos və anlaşılmazlıqlar özü də, insanda təfəkkürün daha da sürətlə formalaşması məqsədi ilə, beyini çalışdırmaq üçün, onu məcbur edir.

Televiziya və radio verilişlərində aramla danışan aparıcıları dinləməyə vərdiş edən dərrakə, birdən-birə sürətlə danışanlar qarşısında necə çaş-baş qaldısa, sosializm quruluşu dağıldıqdan sonra da həmin proses baş verdi. İndi bu çaş-baş prosesdən çıxmaq üçün əlləşən, vuruşan beyinlər, çalışdıqca öz inkişaf istiqamətlərində daha da dərin məzmunla formalaşırlar. Demək ki, təfəkkürün inkişaf prosesi, təkcə rəvan, münbit mühitdə deyil, eyni zamanda, yaranmış maneələrdən çıxış yollarını axtarmaqla və çətin mərhələlərdən keçməklə də özünü zənginləşdirir. Tam, A.Tarkovskinin düşdüyü atmosferdə olduğu kimi. Ancaq bu həqiqət danılmazdır ki, çətinlikləri dəf edərək inkişaf etməklə, rəvan mühitdə inkişaf etmək arasında ciddi fərq vardır. Bir var iflic halına düşmüş təfəkkürün yenidən sağalması və inkişaf etməsi, bir də var ki, iflic halına düşmüş təfəkkürlərin sağalma yollarını axtararkən çətinliklərlə çarpışan təfəkkürlər. Görün ikisinin arasındakı fərqi nə ilə ölçmək mümkündür. Və ya ikisini bir-biri ilə bərabərləşdirmək üçün hansı riyazi hesablamalara baş vurmaq doğru nəticə verə bilər.  

"Unikal"izmçilərdən fərqli olaraq, bəzən də təfəkkürün dərin fəlsəfi qatlarından, dövrü üçün elə anlaşılmaz fikirlər süzülür, doğulur ki, ilk baxışdan cəmiyyət həmin fikirləri qəbul etmir və ya edə bilmir. Həmin fikirlərin özünütəsdiqi, dərk olunması üçün uzun zamana ehtiyac duyulur. Bunun üçün günlərin, ayların, hətta illərin, əsrlərin ötməsi lazım olur. Belə vəziyyətdə isə bərabərləşmə mexanizminin kəşfi müşkül məsələdir. Buna ən parlaq misal, Q. Qalileyin, zamanında inkar edilən həqiqətlərini, cəmiyyəti bu həqiqətlərə inandırmaq üstündə çəkdiyi əziyyətləri, haqsız olaraq ağır cəzaya məhkum olunmasını, cəmiyyətlə qarşı-qarşıya tək-tənha qalmasını göstərmək yetərlidir. Qalileylə, həmin dövr cəmiyyətinin bərabərləşməsi üçün hansı tələblərə ehtiyac duyulurdusa, indiki mərhələdə də iflic təfəkkürlə sağlam təfəkkürün bərabərləşməsinə eyni tələblər cavab verə bilər.

Və yaxud dövrü üçün ağıllı kimi tanınan, xətti müstəvidə yer alan və bir istiqamət üzrə çıxış edən, cəmiyyəti konkret qəlidə saxlamağa çalışan və dilindən çıxan hər kəlməsi müqəddəs hesab olunan hikmətli kəlamlar kimi təsir bağışlayan, lakin zaman keçdikcə həmin kəlamların paslı təfəkkür məhsulu olduğu aşkarlanan, onun üçün də cəmiyyəti tərs səmtə salan "hikmət" sahiblərindən fərqli olaraq qeyri-xətti müstəvidə dayanmış Danəndə Bəhlul, cəmiyyət üçün müvəqqəti olaraq "yararsız" görünür, qeyri-adekvat təsiri bağışlayır, lakin nəticədə rəqiblərini öz mütərəqqi fikirləri ilə sona qədər puça çevirir.

Hər-halda bircə onu demək mümkündür ki, toplu şəkildə bütün bu ziddiyyətlər insan təfəkkürünün dərketmə imkanlarına və inkişaf dinamikasına, bu dinamikada formalaşma prosesinə mütləq şəkildə köməklik göstərir.

Min illər boyu yerin cazibə qüvvəsini dərk edə bilməyən insan idrakı və təfəkkürü sadə bir təsadüflə, İ.Nyutonun "alma əhvalatı" ilə kəşf olundu. Həmin ana qədər Nyutonun təfəkkürü nə qədər inkişaf edə bilmişdisə, həmin andan sonra, birdən-birə işıq sürəti ilə yeni mərhələyə yüksəldi. Naməlum məkana daxil olmadan orada hansı sürprizlərlə qarşılaşacağını anlamaq nə qədər çətindirsə, məlum məkanlara bənzər məkanlarda qarşıya çıxacaq hadisələri ən azından təxmin etmək bir o qədər asandır.

A.Eynşteyn nüvə silahını yaratmaqla öz dövrünü birdən-birə yüz illər irəliyə atdı. Bu kəşf daha geniş areala meydan açdı. Məhz cəmiyyət də bu yüksəlişin arxasınca istiqamət alaraq öz təfəkkür areallarını genişləndirməyə nail oldu.

Bu formalaşma, inkişafa doğru irəliləmə insan təfəkküründə ümumi hal alsa da, hər bir insanda fərdi şəkildə, profilə uyğun olaraq daha yaxşı formalaşa və inkişaf edə bilir. Texniki sahə üzrə ixtisaslaşmış insanlarda bir başqa zənginliklə, humanitar sahədə isə bir başqa dolğunluqla təfəkkürlər özlərini formalaşdırırlar. Ümumən isə, dünyada gedən proseslər nəticəsində hər sahə üzrə yetişən və inkişaf edən insan təfəkküründə qarşılıqlı dərketmə mahiyyəti ilə paralel şəkildə dərin fəlsəfi qatlarda üzən və həmin qatlardan bəhrələnən sıçrayış baş verir. İ.Nyuton, A.Eynşteyn fizikanın dəryasında necə rahat üzə bilirlərsə, V.Şekspir, A.P.Çexov və digərləri də humanitar sahəyə aid olan dramaturgiyanın və ya teatr sənətinin sehrli kaleydoskopunda öz möcüzələrini o cür, çox rahat şəkildə yarada bilirlər.

Nüvə elementləri necə doğulursa, səhnə əsəri də eləcə yaranır. Nüvənin püskürmə və partlayış gücü hansı dərəcədə dağıdıcılıq qabiliyyəti əldə edə bilirsə, dramaturji materialın təsiretmə qüdrəti və tamaşaya çevrilərək, insan idrakına sirayət etmə imkanları da məhz eyni dinamika ilə yaranır, inkişaf edir və özünü göstərir. Beləliklə, insan təfəkküründə yer tutan hər iki sahə, ayrı-ayrılıqda oxşar proseslərdə özünü formalaşdırır və ardıcıl olaraq zənginləşir. Ancaq hər iki sahədə baş verən dağıdıcı papulizm və qurucu realizm nə qədər ziddiyyətlidirsə, bir o qədər də təfəkkürün zənginləşməsi üçün məzmunludur.

Təfəkkür elə bir xəzinədir ki, çalışdıqca zənginləşir. Qurur, yaradır, istehsal edir. Hər yaratdıqlarından aldığı qida ilə anbaan yenilənir.

Təfəkkürün ən məhsuldar kəşflərindən biri olan dramaturgiya min illərdir öz bəhrəsi ilə insan idrakına ciddi təsir göstərir, onun əhvalında müxtəlif cəhətlərin oyanmasını təmin edir. Cəmiyyəti mənəvi, psixoloji və fəlsəfi cəhətdən formalaşdırır, zənginləşdirir, hisslərinin qidalanmasını təmin edir. Bu mənada təfəkkürün inkişaf motivasiyası məhz dramaturgiyada və teatr sənəti sahəsində çox səmərəvericidir. İntellektin oyanmasında, dərinləşməsində, geniş miqyas almasında, səviyyəsinin artmasında mühüm rol oynayır.

Dramaturgiyada qoyulmuş problem mütaliə vasitəsi ilə nə qədər anlaşıqlı olursa, teatr səhnəsində canlı təqdimatla dəfələrcə artıq səviyyədə aydınlaşır və təsir qüvvəsi çoxalır.Təfəkkürə daha dolğun və məzmunlu şəkildə sirayət edir. Sehləmə, tilsimləmə imkanları güclənir.

Tamaşanın yaranma prosesinin özü də təfəkkürün inkişafı üçün ayrıca bir motivasiyadır. Öncə əsər oxunur, onun məzmunu ətrafında düşüncədə fikirləşmək üçün yer ayrılır, daha sonra oxunmuş material təfəkkürün gücü ilə fikirlər kəhkəşanında mülahizə olunur, hətta polemika baş verir. Bu anda təfəkkürün açdığı pəncərədən təxəyyülün səhifələrində tamaşanın konturları görünməyə başlayır. Beləcə, bir rejissor, ətrafına topladığı yaradıcı qüvvələr hesabına əsəri ərsəyə gətirir. Premyera günü aktyorların təzim etməsinə qədərki prosesin özü və sonra tamaşaçı alqışı, bu zaman yaranan ecazkar məqam, ən sonda, geyimini və qrimini hələ dəyişməmiş aktyorlarla ünsiyyət, bütün bu proses sözlə ifadə edilməsi mümkün olmayan və mənəvi zənginlik yaradan bir səhnədir. Ərsəyə gələn mükəmməl bir tamaşa ilə yanaşı, ortaya çıxan belə bir dolğun mənzərə öz ecazkar sehri ilə idraka birbaşa təsir edir.

Sonralar həmin əsərə müraciət edən başqa bir rejissor, əsərə bir başqa nöqtədən yanaşır və tamamilə fərqli bir sənət nümunəsi yaradır. Daha başqa bir rejissor isə eyni əsərə bir başqa can verir. Hər biri bir-birindən fərqli, yeni və daha modern formada əsərə don geyindirir. Beləcə, tamaşadan-tamaşaya bir-birinin ardınca müşahidə aparan və izləyən təfəkkürlər bir-birinin yenilənmə prosesindən bəhrələnir və bu bəhrə də özünü mütləq inkişafda tapır. 

İflic təfəkkürün inkişaf etmiş təfəkkürə yetişməsi, mistik düşüncədə çox asan və aydın şəkildə ərsəyə gələ bilir. Lakin belə mövzular mistik əsərlərdə deyil, real həyatı təcəssüm etdirən və real həyat içində mistikanı yaradan əsərlərdə daha canlı təsvir olunur.

Əlbəttə ki, bunun üçün dünya dramaturgiyasından bir çox əsərləri nümunə göstərmək olar. Lakin heç uzağa getmədən, görkəmli Azərbaycan dramaturqu, xalq yazıçısı Elçinin yaradıcılığına nəzər salsaq görərik ki, ədibin "Teleskop" əsəri bu baxımdan orijinaldır. Yüksək bədii keyfiyyəti və mistik palitrası ilə seçilən bir sənət nümunəsidir. Əsərdə müəllifin zəngin qələminin mistik ruhla dolu yaradıcılıq xəzinəsi çox əfsunlu, sehirli bir aləm yaradır. Hadisələr müasir və real həyatı əks etdirir. Ancaq maraqlı burasıdır ki, klinik ölüm keçirən insanın, əsərin baş qəhrəmanının yaşadığı hadisələr, mistik əsərlərdən daha dolğun mistika yaradan səhnələrlə tamaşaçının diqqətini çəkir, onu öz ecazkar, sehirli ağuşuna alır... Tamaşaçını həqiqi mistikaya qovuşdurur.

Əsərin baş qəhrəmanının düşdüyü vəziyyət qeyri-adidir. Klinik ölüm zamanı onun ruhu göylərdə bərqərar olur. Göylərdən teleskop vasitəsi ilə yerdəki bütün mənzərəni müşahidə edir, həqiqətləri olduğu kimi görür. Doğmalarının, öz mənafeləri üçün ona qarşı göstərdikləri riyakar münasibət, onu heyrətə salır, dəhşətə gətirir. O, geri dönməkdən, yenidən öz riyakar əzizlərinin arasında olmaqdan imtina edir...

Elçin, insan amilini bu cür gözlənilməz və orijinal hadisələr əhatəsində təhlil müstəvisinə çıxararaq, riyakarlıqla səmimiyyət arasındakı fərqin mahiyyətini çox şəffaf şəkildə aydınladır və insanın təfəkkür xəzinəsinə daxil olmuş kirli düşüncənin süpürülüb atılmasına, onun təmizlənməsinə, saflaşdırmasına səsləyir. Bununla da müəllif bildirir ki, yalnız o halda geridə qalmış təfəkkürlə irəliyə getmiş təfəkkür arasındakı boşluğu doldurmaq və onları sürətlə bir-birinə qovuşdurmaq mümkündür. Çünki sıfırdan vahidə qədərki məsafədə olan çoxluqlar yalnız saf, sağlam və düzgün hesablarla doğru nəticəni əldə edə bilirlər. Eyni zamanda, həmin məsafədəki rənglər çoxluğunun qarışığında yalnız harmoniya düz olduğu halda yaradılmış tablo yüksək dəyərə malik olduğu kimi, insan təfəkküründəki fəlsəfi mahiyyət də öz harmoniyasına qovuşarkən, paslı düşüncənin parlaq düşüncə ilə fərqinin ortadan götürülməsi baş verə bilir. Parlaq rəng paslı rəngi dərhal udur və hər ikisinin birləşməsində əriyən pas, parlaq rənglə qarışaraq yox olur, ortada yalnız əsrarəngiz parlaqlıq bərq vurur. Elçin öz təfəkkür arealında cərəyan edən düşüncələri ilə bizi inandıra bilir ki, cəmiyyət Qalileyə, Bəhlul Danəndəyə daha çox inanmalıdır, nəinki "unikal"izmlərə. Elçin təklif edir ki, Qaliley və Qaliley kimi düşünənləri anlamaq üçün təfəkkürü saflaşdırmaq mütləqdir. Elçin tamaşaçıya çox aydın şəkildə diktə edir ki, qeyri-xətti variasiyalar, qeyri-səlis mülahizələr, fikirləri ələdikcə şəffaflar bir tərəfə seçilir və yerin cazibə qüvvəsi kimi onlar bir-birini cəzb etməklə təfəkkürü təmizləyə bilirlər.

İstənilən nəticəni almaq üçün hər bir ədəbiyyatçı özünü, uydurduğu minlərlə situasiyalara, hadisələrə, konfliktlərə, xaosa, bəzən də çıxılmaz labirintlərə atır. Müxtəlif personajların xarakterlərini müxtəlif variantlarda düşünür və düşündükcə də hər birinin xasiyyətini yaşayır, özünü min cür möcüzələrlə qarşılaşdırır, müxtəlif cür hisslər  keçirir və sair... Hə nə olsa da, sonda mükəmməl bir əsər ortaya çıxarır. Həmin əsərin məzmun mahiyyətini, bədii səviyyəsini yüksək estetik zövq və dərin intellektual, fəlsəfi qayə ilə ərsəyə gətirmək, əsərdəki personajların hər birinin ayrı-ayrılıqda zəngin koloritini, personajların xarakterlərinə uyğun olaraq canlı və inandırıcı şəkildə təqdim etmək üçün, rejissorlar sanki dünyaya yeni canlı gətirirmişlər kimi, ümumən tamaşanı əsl mənada doğurlar. Bu yaradıcı prosesdə həm tamaşa yaradanlar, həm də onu seyr edənlər tamaşanın istər yaradıcılıq prosesindən, istərsə də hazır materialı seyr etdikdən sonra mütləq ki, yenilənirlər. Bu proses onu göstərir ki, təfəkkürün daha sürətlə və dolğun şəkildə formalaşması və inkişaf etməsi üçün ən sağlam məkan teatr sənəti aləmidir.     

Dramaturqun qüdrəti təkcə maraqlı mövzunu şirin və oxunaqlı etməklə əsər yaratmaqda deyil, dramaturqun qüdrəti əsərin dramatizmini səhnənin bütün tələbləri çərçivəsində dinamik inkişafla qurmaqda, mövzunun mahiyyətini orijinal dialoqlarla ifadə etməkdə, monoloqları son dərəcədə lokanik və məzmunlu cümlələrlə dolğunlaşdırmaqda və sözün çevik şəkildə hərəkətə çevrilmə imkanlarını geniş konturlarla yarada bilməkdədir.

Rejissorun qüdrəti isə həmin bədii əsəri dərin təfəkkür süzgəcindən keçirmək, geniş və dolğun təxəyyüllə yozmaq, ecazkar sehrlə uzun ömürlü və son dərəcə maraqlı səhnə həyatı verməkdədir. 

Belə əsərlərdən yaranan tamaşalar, cəmiyyətin təfəkkürünün inkişaf etməsi üçün geniş meydan yaradır.

Təfəkkürdə yaranan naqis cəhətlərə gəldikdə isə vəziyyət belə göstərir ki, həmin cəhətlərin sağalması və ya aradan qaldırılması üçün daha böyük mübarizələr  aparmağa ehtiyac duyulur. Çünki təfəkkürdə kök salmış, sağalması mümkün olmayan həmin naqis cəhətlərin sağalması mümkün olmadıqda, katakliz baş verir. Bu kataklizmdən qurtarmağın yollarını da Elçin "ağıllılar və dəlilər" fəlsəfəsinin harmoniyasında axtarmağı tövsiyyə edir. "Dəlixanadan dəli qaçıb", "Mənim ərim dəlidir", "Şekspir" kimi əsərlərindəki personajların düşdüyü vəziyyətləri göstərməklə müəllif fikrə tam aydınlıq gətirir. Həmin vəziyyətlərlə müəllif göstərir ki, elmin "xəstəlik" kimi tanıdığı "dəlilik" fəlsəfəsi, ən sağlam düşüncə predmeti kimi yararlı ola bilir. Və yaxud tərsinə, "ağıllılıq" fəlsəfəsi daha dəhşətli fəsadlar yarada bilir... Bütün bu gözlənilməzliklər həyatda mövcuddur və həmin mövcudiyyət səhnə sənəti dili ilə daha canlı və dolğun şəkildə izahlandırılır. Sənətkarlar ən çox da tamaşaçını özünüdərk fəlsəfəsi qarşına çıxarmaqla, hər şeyi onun öz ixtiyarına buraxır, həyat fəlsəfəsini dərindən öyrənməsi üçün ona geniş arena yaradırlar.

Ona görə də nəzəriyyə və praktika - təcrübə göstərir ki, teatr sənətinə təkcə əyləncə predmeti kimi baxmaq doğru deyildir. Teatr salonu məkanında əsl idrak və təfəkkür qidası yetişdirilir və qidalandırma ilə təmin edillir. Bu qida insan təfəkkürünün, idrakının, zəkasının daima dərinləşməsi üçün ona güc verir.  

Elmi-nəzəri axtarışlar da, praktiki reallıq da sübut edir ki, teatr sənəti həm də təfəkkürün inkişaf qaynağıdır. İnkişaf motivasiyası məhz bu məkanda daha məntiqlidir və burada inkişaf daha güclü cərəyan edir. Bu ecazkar və sehirli sənət, təfəkkürün formalaşması üçün əsas mənbədir. Həmin mənbədən bəhrələnmək, ən çətin həll olunacaq məsələnin belə, asanlıqla cavablandırılmasında ensiklopedik lüğət rolu oynayır. Yazının bünövrəsi əlifba, musiqinin bazası səs və avazdırsa, təfəkkürün zənginləşməsi də ecaz içində durmadan çalışmaqdadır. Bütün möcüzələr yalnız və yalnız zəngin təfəkkürün sehrindən doğulur. Bu sehr isə teatr sənətinin özüdür.

11-16 avqust 2018

İftixar PİRİYEV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

iftihar-piriyev@mail.ru

 

525-ci qəzet.- 2018.- 31 sentyabr.- S.7.