"Muğam
mühiti dövlətimizin böyük diqqət və
qayğısı ilə əhatə olunub"
XAN
ŞUŞİNSKİ FONDUNUN RƏHBƏRİ, FƏAL
MƏDƏNİYYƏT TƏƏSSÜBKEŞİ
BƏYİMXANIM CAVANŞİROVA-VERDİYEVA İLƏ
HƏYAT VƏ SƏNƏT SÖHBƏTİ
Avqustun
20-si dahi sənətkar, Azərbaycan muğam sənətinin
nadir incisi, Xalq artisti Xan Şuşinskinin 117 yaşı tamam
oldu.
Ondan cəmi
bir neçə gün öncə, avqustun 5-də isə xanəndənin
qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım
Cavanşirova 60 illik yubileyini qeyd etdi. Cəmi bir neçə
gün sonra - sentyabrın 2-də isə həmin ailənin
növbəti üzvü, Bəyimxanım Cavanşirovanın
həyat yoldaşı, Xalq artisti, tarzən Fikrət Verdiyevin
doğum günü qeyd olunacaq. Bu üç əlamətdar
hadisə münasibətilə hər iki Xalq artistinin soyadını
özündə daşıyan, layiqli övlad, gözəl həyat
yoldaşı, Azərbaycan mədəniyyətinin təəssübkeşi
Bəyimxanım Cavanşirova-Verdiyeva ilə atası,
uşaqlıq xatirələri, ailəsi, Azərbaycan milli
musiqi sənəti haqqında söhbət etdik.
"Havalansın
Xanın səsi"
"Atam
Xan Şuşinski (əsl adı İsfəndiyar
Cavanşirovdur) 1901-ci il avqustun 20-də Şuşa şəhərində,
Qarabağ xanlığının təməlini qoymuş Pənahəli
xan Cavanşirin nəslindən olan Aslan ağanın ailəsində
dünyaya göz açıb. Atam, Pənahəli xanın
kötücəsidir. Şuşa şəhəri bir zamanlar
Qafqazın konservatoriyası adlandırılırdı. Ancaq mən
ona Şərqin konservatoriyası deyərdim. Çünki bu
qədim şəhər bir əsrdə dünya mədəniyyətinə,
tarixinə, elminə yüzlərlə dahi şəxsiyyətlər
bəxş edib.
Xan nəslindən
olmağı həm babam Aslan ağaya, həm də atama
heç də asan həyat yaşatmadı. Sovet hökuməti
qurulanda babama məxsus bütün kəndlər, sahələr,
var-dövləti müsadirə olundu. Hətta səsi də əlindən
alındı. Səsi əlindən alınmaq o demək idi ki,
hardasa işləmək hüququ yox idi. Nənəm Bəyimxanım
da bir müddət sonra dünyasını dəyişdi.
Üç uşaq qaldılar atalarının ümidinə.
Mənim atam da evin böyük uşağı idi və onu
İtaliyaya vokal sənətinin sirlərini öyrənməyə
göndərirdilər. Ancaq atası deyir ki, oğul, sən
görürsən ki, bütün var-dövlətim əlimdən
çıxıb, heç yerdə işləyə bilmirəm,
sən də çıxıb getsən bəs biz nə edəcəyik?
Ona görə də atam öz arzularının üstündən
xətt çəkməli olur.
O vaxt
atamın ustadı dövrünün çox
tanınmış xanəndəsi olan İslam Abdullayev olub.
Bir gün toy məclislərinin birində o vaxtın çox
tanınmış muğam ustadı Əbdülhəsən
xan Azər İqbal Soltan "Kürdü-Şahnaz"
muğamını ifa edir. Bu o Əbdülhəsən xan idi
ki, ustad Şəhriyar onun şagirdi olmuşdu. Bu ifadan sonra
İslam Abdullayev üzünü tutur atama ki, İsfəndiyar
sən də belə ifa edə bilərsənmi? Atam deyir bir də
oxusun, dinləyim, sonra oxuyum. İkinci dəfə qulaq asandan
sonra atam elə oxuyub ki, bütün məclis əhli deyib, o,
İranın Əbdülhəsən xanıdırsa, sən də
buranın. O məclisdəki hər kəs, əlbəttə,
yaxın adamlar idi və bilirdilər ki, atam xanın
kötücəsidir. Bəlkə də bilərəkdən
ona bu adı qoyurlar ki, bu nəsildən ona bir nişanə
qalsın. Onda hələ atamın 16 yaşı vardı. Və
təbii ki, xan, bəy, ağa adının qadağan edildiyi
dövrdə bu adı daşımaq hər adamın işi
deyildi. Sovet dövründə "xan", "bəy",
"ağa" sözlərinə qadağa qoyulduğu
zamanda özü əslən xan nəslindən olmasına
baxmayaraq, böyük ustadları tərəfindən ona verilən
Xan adını Xan Şuşinski həm səsi, həm sənəti,
həm də şəxsiyyəti ilə doğrultdu.
Mənim
yadımdadır ki, atam məni məktəbə yazdırmaq
üçün aparanda adımdakı "xanım" hissəsini
yazmaq istəmədilər. Dedilər, təkcə Bəyim
Cavanşirova getməlidir. Atam isə razılaşmadı,
dedi, mən anamın adını vermişəm, Bəyimxanım
yazılmalıdır. Əsl familyası Cavanşirov idi, amma
Şuşadan olduğundan Şuşinski təxəllüsünü
də verirlər. Bəlkə də atam Xan Şuşinski
adı ilə özünün əsl kimliyini gizlədə
bilmişdi.
Dahi Səməd
Vurğunla çox yaxın dost idilər, qardaş kimiydilər.
1920-ci illərin sonunda Gəncədə Xan bağında
atamın konsertlərinin birində tanış olmuşdular. Səməd
Vəkilov (onda Vurğun ləqəbini götürməmişdi)
özünün şeirlərini, qəzəllərini
oxumağı üçün atama təqdim etmişdi. O
vaxtdan dostluqları başlamışdı. Sonra Səməd
Vurğun özünün məşhur "Azərbaycan"
şeirini yazanda atama deyir ki, Xan, sənin adını tarixə
yazdım, özü də Qarabağla birgə:
Könlüm
keçir Qarabağdan,
Gah bu
dağdan, gah o dağdan.
Axşamüstü
qoy uzaqdan
Havalansın
Xanın səsi,
"Qarabağın
şikəstəsi".
Cəlil Məmmədquluzadənin
xanımı Həmidə xanım Cavanşir babamın əmisi
qızı idi. Atamın xeyli şair dostları vardı. Məsələn,
Məmməd Rahimlə çox yaxın dost idilər. Onun
sözlərinə xeyli mahnılar yazmışdı.
Atamın
yazdığı bir sıra mahnılar var ki, hazırda xalq
mahnısı kimi tanınır. Onların bir hissəsini
hazırlayıb 2004-cü ildə Müəllif
Hüquqları Agentliyində təsdiq etdirdik, bir hissəsini
də hazırlayıram, onları da təsdiq etdirəcəyəm.
Məsələn,
"Apardı sellər Saranı", "Əlində
sazın qurbanı", "Ceyran balam" kimi mahnılar var
ki, onlar əvvəl aşıq mahnıları olublar. Atam isə
xatirələrində söyləyirdi ki, həmin
mahnıları eşidib, çox sevib, amma
aşıqların oxuduğu formada bəyənməyib,
sonradan özü o mahnıları xalq mahnısı
formasına gətirib.
Atam çox
gözəl insan idi. Sənətdə nə qədər
böyük zirvələr qət etmişdisə də, xasiyyətcə
həlim, sakit, hər kəsi öz dilində
danışdırmağı bacaran insan idi, hər kəsə
bacardığı qədər kömək etməyə
çalışar, işindən, vəzifəsindən
asılı olmayaraq, hamıya eyni gözlə baxardı,
hörmətini saxlayardı".
"Atamın
57 yaşında doğulmuşam"
"Mən
isə 1958-ci il avqustun 5-də Bakı şəhərində
Xan Şuşinskinin ailəsində dünyaya göz
açmışam. Atamın ilk övladı olmuşam. Mənə
anası Bəyimxanımın adını qoyub.
Özümü hər zaman xoşbəxt bir insan hesab
etmişəm ki, belə bir məşhur soyadı
daşıyıram, belə bir dahi şəxsin
övladıyam və onunla bərabər dövrün ən
tanınmış, dahi insanlarının ətrafında
böyüyüb boya-başa çatmışam.
Gözümü açandan evimizdə hər zaman musiqi səsi
eşitmişəm. İndi adlarını Azərbaycan və
dünya tarixinə yazdırmış dahilərin ətrafında
böyümüş, onlarla təmasda olmuşam, söhbətlərini
eşidib, canlı ifalarını dinləmişəm. Təbii
ki, bu xoşbəxtlik hər kəsə nəsib olmur.
Ailədə
dörd uşaq olmuşuq. Atamın 57 yaşında
doğulmuşam. Uzun illər övlad həsrəti çəkib.
Özünün bir mahnısında da bu həsrətini
bildirir:
Süsən,
sünbül bitirmişəm,
Ömrü
başa yetirmişəm.
Balam
hanı?
Mən anadan
olanda dünyanın müxtəlif yerlərindən teleqramlar
göndərilib, adıma nə qədər qurbanlar kəsilib
ki, Xanın da övladı oldu.
Məni hədsiz
çox sevirdi. Mən ata laylası ilə
böyümüşəm. Hər zaman başımı
qoyardı dizinin üstünə, indiyə qədər
heç yerdə eşitmədiyim qədim türk
mahnılarını başımı sığallaya-sığallaya
oxuyardı. Hara getsə, məni özüylə aparardı.
Mənimlə söhbət etməyi çox sevərdi.
Evimizdə
atama məxsus böyük kitabxana vardı. Orda Şərqin ən
tanınmış şairlərinin cild-cild kitabları yer
almışdı. Mən uşaqlıqdan kitab oxumağı
sevərdim. Onun kitabxanasını başdan-axıra oxuyub
bitirmişdim. Şeir kitablarını oxuyurdum, uşaq təfəkkürümlə
mənasını anlamadığım sözlər, misralar
olardı ki, atam onları mənə səbrlə başa
salırdı.
Onu da qeyd
edim ki, atam Şuşada realni məktəbi bitirmişdi. Fars, ərəb,
kiril, latın əlifbalarında rahatlıqla
yazıb-oxuyardı. Ona görə də qəzəllərdə
çox çətin, qəliz sözlər vardı ki,
onların mənasını açmaq onun üçün
çox asan idi.
Bizdən bir
küçə aşağıda tarzən Qurban Pirimov
yaşayırdı, onların evlərinin yanında
böyük kitabxana vardı. Evdəki kitabları oxuyub
bitirmişdim deyə, atam hər həftə məni həmin
kitabxanaya aparardı".
"Bizim
konservatoriyamız evdə idi"
"Musiqiyə
marağım böyük idi. Ad günlərimin birində
atam mənə pianino almışdı. O vaxtı da Qənbər
Hüseynlinin "Cücələrim" mahnısı təzə-təzə
məşhurlaşırdı. Mən başladım həmin
mahnını çalmağa. Beş yaşlı bir
uşağın birdən-birə fortepianoda ifası təbii
ki, hamını heyrətləndirdi. Oxumağı,
çalmağı çox sevirdim. Təvazökarlıqdan
uzaq da olsa, bizim konservatoriyamız evdə idi. Atam Xan
Şuşinski başda olmaqla Seyid Şuşinski, Yavər Kələntərli,
Həqiqət Rzayeva, Sara Qədimova, Şövkət Ələkbərova,
Fikrət Əmirov, Tofiq Quliyev, Bəhram Mansurov, Qurban Pirimov,
Əbülfət Əliyev və başqa bu kimi dahi sənətkarlar
hər zaman o evin ən əziz qonaqları idilər. Ona
görə də mənim musiqi təhsilim öz evimizdən
idi. İndiyə qədər də elə mahnılar bilirəm
ki, o mahnıları hələ heç yerdə eşitməmişəm.
İlk dəfə
1959-cu ildə atam Moskvada səfərdə olarkən mən
onun ifasını televizorda görmüşəm və ekrana
barmağımı yaxınlaşdırıb "dədə"-
deyə göstərmişəm. Moskvaya xəbər gedir ki, bəs
qızın Bəyimxanımın dili açılıb,
"dədə" dedi. O da Moskvadan qayıdan kimi mənim
şərəfimə "Qəşəng ceyran"
mahnısını bəstələyir. Nəqarətda
deyilir:
Danış
dilinə qurban, bala,
Başda
telinə qurban, bala.
Bu cür o
mahnı ilə məni əzizləyərdi.
Orta məktəb
təhsilimi o dövrdə SSRİ-nin ən tanınmış
və yeganə Qırmızı Əmək ordenli 190 nömrəli
məktəbdə almışam. Sinif nümayəndəsi
olmuşam, əlaçı oxumuşam və hər zaman
ictimai işlərdə fəal iştirak etmişəm. Məktəbin
tədbirlərində çox böyük həvəslə
iştirak edərdim.
Bizim tərbiyəmizdə,
təhsilimizdə təbii ki, anamın da çox böyük
zəhməti vardı".
"Sənin
baban Qurban Pirimovdur"
Söhbətimiz
boyunca hiss edirdim ki, müsahibim təkcə atası ilə
deyil, o dövrün ən tanınmış, sevilən sənətkarları
ilə eyni mühiti bölüşməyin haqlı
qürurunu yaşayır. Bunu özü də ara-sıra dilə
gətirirdi:
"Atam həm
də uşaqlığından gözəl tar
çalırmış. Əmim Allahyar Cavanşirov da atamdan
tarın sirlərini öyrənib və uşaqlıqdan bir
yerdə konsertlərdə iştirak ediblər. 1938-ci ildən
ömrünün sonuna kimi əmim Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasının solisti
olmuş, tək atamı deyil, bütün ustad sənətkarları
tar ifaçısı olaraq müşayiət etmişdir.
O dövrdə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının nəzdində Xan Şuşinski adına
muğam studiyası açılmışdı ki, atam orda
dövrünün tanınmış sənətkarları
başda olmaqla, gənc istedadlara da muğamın sirlərini
öyrədərdi.
Hər
gün məni özüylə Filarmoniyaya aparardı. Orda məşqlər
edər, konsertlərə hazırlaşardılar. Mən
balaca qız idim, Filarmoniyanın həyətindəki
uşaqlarla oynayardım. Bir dəfə gördüm ki,
uşaqlardan biri yaşlı bir kişiyə "baba" deyə
müraciət elədi. Mən də özlüyümdə
fikirləşdim ki, bəs mənim babam kimdir?
Yaxınlaşdım atama, ondan soruşdum. O, bircə an belə
düşünmədən, tərəddüd etmədən
üzünü çevirdi və Qurban Pirimovu göstərdi
ki, sənin baban Qurban babadır. Mən həqiqətən də
inandım. Çünki Qurban Pirimovdan sözün əsl mənasında
babalıq nəvazişi, qayğısı görərdim.
Filarmoniyaya atamla birgə getdiklərindən hər səhər
bizə gələrdi. Hər ikisinin əlindən tutub
Filarmoniyaya gedərkən yol boyunca insanların necə pərəstişlə,
hörmətlə, sevgiylə onlara baxdığını
görərdim. Sanki insanlar onların qarşısında səcdə
edərdilər. Mən də çox sevinərdim, qürurlanardım
ki, mənim belə babam, belə atam var".
"Xan
Şuşinski zirvəsinə çata bilməyəcəkdiksə,
oxumağın mənası yox idi"
Onun həyatında
bir çoxları kimi mənim də diqqətimi çəkən
əsas məqam təhsilini musiqi, incəsənət üzrə
deyil, tamam başqa sahə üzrə alması oldu. Sən demə,
bunun da çox kövrək bir səbəbi varmış:
"Orta məktəbi
bitirəndən sonra İqtisad Universitetinə, o vaxtkı Xalq
Təsərrüfatı İnstitutuna daxil oldum. Hər kəs
məndən incəsənət sahəsinə getməyimi
gözləyirdi. Çox gözəl səsim vardı.
Şövkət xanım həmişə deyərdi, sən
oxuyanda elə bilirəm özüməm oxuyan. Hətta bir dəfə
televiziyaya da çıxmışdım, oxumuşdum.
Qayıdanda gördüm ki, atam da bəyənib, mənə
dedi xanəndə olmaq istəyirsənmi? Dedim
yox.
Musiqişünas olmağıma gərək yox
idi. Çünki gündə altı saat atamın dərslərini
dinləyirdim. Musiqi ilə bağlı hər şeyi bilirdim.
Xanəndə olmağı da ağlıma gətirmirdim. Təkcə
mən yox, biz dörd uşağın və onun nəvələrinin
də gözəl səsləri vardı. Ancaq bizim
üçün Xan Şuşinski sənətin elə bir
zirvəsində dayanıb ki, o zirvə əlçatmazdır.
Biz də o zirvəyə, o səviyyəyə çata bilməyəcəyiksə,
onun övladı olaraq, ondan az da olsa aşağı səviyyədə
oxumağın heç bir mənası yoxdur”.
Qəfil gələn məhəbbət
Onun qismətinə bir Xalq artistinin
övladı, başqa bir Xalq artistinin isə həyat
yoldaşı olmaq yazılıbmış. Tanınmış
tarzən Fikrət Verdiyevlə tanışlığı və
evlilik əhvalatı isə olduqca maraqlı və bir o qədər
də özü demiş, qəribədir:
"Universitetə təzə daxil olmuşdum.
Oktyabr ayı idi, atamla birgə Hökumət evinə
getmişdim. Orda təsadüfən o vaxtı Gəncə
şəhər Göygöl Dövlət Mahnı və Rəqs
ansamblı bədii rəhbəri olan tarzən Fikrət
Verdiyevlə qarşılaşdıq. Onda mən onu artıq
efirdən tanıyırdım. Öz sənətində
püxtələşmiş, sözünü demiş sənətkar
idi. Yanında da səhv etmirəmsə, o vaxtkı Gəncə
Mədəniyyət İdarəsinin rəisi vardı. Fikrət
bizə yaxınlaşdı, atamla görüşdü. Dedi
ki, mən Gəncə şəhər Göygöl Dövlət
Mahnı və Rəqs Ansamblının bədii rəhbəriyəm.
Atam da çox şad olduğunu dedi: "Gəncəni
çox sevirəm. Təəssüf ki, bütün
regionlardan tarzənlər, musiqiçilər gəlib Bakıda
təhsil alır və burda da qalırlar. Amma sən Gəncədə
bu cür ansambl yaratmaqla çox adamların görmədiyi
böyük bir iş görmüsən".
Müsahibin dilindən kiçik haşiyə:
"Fikrət Verdiyev ilk dəfə 1969-cu ildə
konservatoriyada Aqil Gərayın sinfində təhsil alaraq Gəncədə
Göygül ansamblını yaradır və 7-8 il ictimai əsaslarla
inkişaf etdirir. Həmin ərəfədə
Çexoslovakiyada, Rusiyanın müxtəlif şəhərlərində,
dövlət tədbirlərində, Filarmoniyada konsert
proqramları ilə çıxışlar etmiş,
dövrünün tanınmış sənətkarları
Fikrət Verdiyevin zəhmətini çox yüksək dəyərləndirərək
bu ansamblın müşayiəti ilə böyük konsertlər
vermişlər. Ansambl əyalət ansamblı olmasına
baxmayaraq, ilk dəfə indiki Heydər Əliyev adına
sarayın açılışında da
çıxış edib. Dahi Niyazi Filarmoniyada tez-tez bu
ansamblın konsertlərini təşkil etmiş, onları
Bakıya dəvət etmişdir. Həmçinin, tez-tez
televiziya efirlərində maraqlı konsert proqramları ilə
çıxışlar etmişlər. 1977-ci ildə Ulu
Öndərimiz Heydər Əliyev Fikrət Verdiyevin zəhmətini
yüksək dəyərləndirərək onun
yaratdığı ansambla Göygöl Dövlət Mahnı
və Rəqs Ansamblı statusu verir. 1990-cı ildə həmin
ansamblın bazasında Gəncə Dövlət
Filarmoniyası yaranır ki, orda da xalq çalğı alətləri
orkestri, kamera orkestri həmin filarmoniyanın nəzdində
çalışmağa başlayırlar. Həyat
yoldaşım Fikrət Verdiyev də uzun illər Gəncə
Dövlət Filarmoniyasının bədii rəhbəri kimi
çalışıb".
"Fikrət bizi maşınla evə
ötürməyini təklif elədi. Atam isə evimizin çox yaxın
olduğunu dedi. O vaxt Ulu Öndərimiz Heydər Əliyev
atama ev vermişdi, mərtəbəsini də
özünün seçməyini istəmişdi. Atam da
üçüncü mərtəbəni seçmişdi. Həmin
evimiz Hökumət evi ilə üz-üzə yerləşirdi.
Beləcə, biz Fikrətlə sağollaşıb evimizə
getdik. Ordan çıxıb evə gəlməyimiz ən
çoxu 10-15 dəqiqə çəkdi. Elə evə təzəcə
çatıb qapıdan girirdim ki, gördüm telefon zəng
çalır. Şövkət xanım Ələkbərova
idi. Şövkət xanım və Sara xanımla çox
yaxın idik. Mən onları doğma bibilərim kimi hiss
edirdim. Evimizin ən əziz qonaqları idilər. Çox
möhkəm dostluqları vardı. Hətta atam
danışırdı ki, bibimin cavan övladları rəhmətə
gedəndə Şövkət xanım 40 gün
işini-gücünü atıb gəlib bibimə doğma
bacı kimi dizinin dibində oturub, məclisi onunla bərabər
yola verib.
Atamı xəbər
aldı, evdə olduğunu dedim. Soruşdu ki, bu gün harasa
getmişdi? Dedim bəli, Hökumət evinə getmişdi.
Dedi, tək, yoxsa kiminləsə? Dedim mənlə. Amma səsindən
həyəcanlı olduğunu hiss edirdim, mənalandıra bilmədim.
Dedi heç yerə çıxmasın, bu saat sizə gəlirəm.
Üstündən
azca keçdi, Şövkət xanım gəldi. Hər
zamankından fərqli olaraq, bu dəfə içəri
keçən kimi Şövkət xanım qapını
bağladı. Mənə də çox maraqlı gəldi. Təsadüfən
qapının yanından keçəndə bircə
Şövkət xanımın bu sözlərini eşitdim ki,
dedi, Xan, mən Fikrətə başımla cavabdehəm, onun
üzərində on mərtəbəli ev tikmək olar.
Yenə də
bir şey anlamadım ki, axı, niyə tərifləyir Fikrəti.
Şövkət xanım getdi, atam mənlə söhbət
elədi, sonradan Şövkət xanımla da
danışdıq, Fikrətin niyyətini bildirdilər.
Bir müddət
sonra böyüklərin xeyir-duası ilə ailə qurduq. Ailə
qurandan sonra Gəncəyə köçdüm. Orada
yaşadığımız üçün təhsilimi Gəncə
Texnologiya İnstitutunda davam etdirdim. Oxudum, təhsilimi başa
vurdum".
"Respublikada
yeganə bizim ailədir ki, üç nəfər Xalq artisti
var"
"Evliliyimizdən
üç övladımız oldu. Böyük qızım
Nigar xanım hüquqşünasdır, iki övladı var.
İkinci övladım Süleymandır. O da hüquq
fakültəsini bitirib. Universitetdə oxuyarkən qəzetə
gözəl məqalələr yazırdı. Hər ikisi hələ
uşaq ikən ingilis dilində sərrast
danışırdılar. Həyat yoldaşım Fikrət
müəllim onların təhsilinə çox böyük
önəm verirdi. Hətta o vaxt bir evin puluna kitabxana
almışdı onlar üçün. Uşaqlar rus dilində
oxuyurdular, 6 yaşlarında ingilis dili müəlliminin
yanına gedirdilər. Evdə isə öz ana dilimizdə
danışırdıq. Onlar hər üç dili mükəmməl
bilirdilər.
Sonradan
oğlum Londonda turizm üzrə magistraturanı bitirdi.
Fransada, İspaniyada, İsveçdə təhsil alıb.
İngilis, fransız, ispan, alman, italyan, rus, türk dillərində
sərbəst danışır. Təbii ki, öz ana dili
başda olmaqla. O, 12 il Avropada yaşadı, İspaniyanın
Barselona şəhərində işləyirdi, dünyanın
62 ölkəsində olub. Gəzdiyi ölkələr
haqqında Barselonada böyük bir kataloq nəşr etdirib.
Kataloqda həmin ölkələrin tarixi, coğrafiyası, mədəniyyəti,
ədəbiyyatı, mətbəxi haqqında geniş məlumatlar
əksini tapıb. Təbii ki, ondan ayrılmaq mənimçün
çətin idi. Amma onun arzuları qarşısında sədd
çəkmək də istəmirdim. Bir tərəfdən də
düşünürdüm ki, onu mən vətənpərvər
şəxsiyyət kimi yetişdirə bilmişəmsə, nə
zamansa geri qayıdacaq. Həqiqətən də o, öz
arzusuyla vətənə döndü. Dedi ki, mən axşam
evə dönəndə bir nəfər tapmırdım ki, ona
öz dilimdə "salam" verim.
Üçüncü
övladım Məryəm isə Bülbül adına orta
ixtisas məktəbini fortepiano ixtisası üzrə bitirdi.
Sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasında oxudu və paralel olaraq, SSRİ Xalq Artisti,
gözəl vokal ustası Fidan Qasımovanın vokal sinfini də
bitirdi. Çox gözəl səsi, musiqi duyumu var. Ailəlidir,
iki övladı var. Həyat yoldaşı Xalq artisti,
pianoçu Murad Hüseynovdur.
Musiqi ilə
dolu ailəyik. Təvazökarlıqdan uzaq da olsa, respublikada
yeganə ailəyik ki, üç nəfər Xalq artisti var.
Bununla təbii ki, çox böyük qürur duyuram".
"Dövlətimiz
hər zaman sənətə, sənətkara dəstək
olub"
"Ağlım
kəsəndən Xan Şuşinskinin qızı
olmağımla çox böyük şərəf
duymuşam və üstümdə həmişə
böyük bir məsuliyyət hiss etmişəm. Hər
sözümdə, hər hərəkətimdə özümə
xatırlatmışam ki, mən Xanın qızıyam.
Əgər
bu gün mən küçədə gedərkən
tanımadığım insanlar məndən Xan əminin
qızı olub-olmamağımı xəbər alır və
"Allah o gözəl atanıza rəhmət eləsin"-
deyirlərsə və yaxud hara da getsək, biləndə ki,
biz Xan Şuşinskinin övladlarıyıq, hər zaman
hörmətlə, sevgiylə qarşılanırıqsa deməli
xoşbəxtik. Dövlətimiz, xalqımız tərəfindən
Xan Şuşinski hər zaman sevilir, yad edilir. Bu gün mən
hiss edirəm ki, atam yaşayır. Elə bir gün yoxdur ki,
onun səsi radio dalğalarında eşidilməsin. Bundan
böyük fəxr varmı?! Tək mən deyil, onun dörd
övladı hamımız bu məsuliyyəti hiss edib, fəxr
eləmişik, bu ada layiq olmağa
çalışmışıq.
Atam deyərdi
ki, mən uzun və şərəfli ömür
yaşadım, bu illər ərzində çox rəhbərlər
gördüm, ancaq Heydər Əliyev qədər sənətə,
sənətkara dəyər verən ikinci rəhbər
görmədim.
1971-ci ildə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında, Qurban Pirimovun sözü ilə desək,
55-60 il Azərbaycan musiqisində Fərhad kimi külüng
çalan atamın 70 illik yubiley tədbiri keçirilirdi. Bu tədbir
ərəfəsində Ulu Öndərimiz Heydər Əliyev
Moskvaya, Mərkəzi Komitəyə belə bir məktubla
müraciət edib ki, Azərbaycan xalqının dahi muğam
ustadı Xan Şuşinskinin anadan olmasının 70 illiyi ilə
əlaqədar ona SSRİ-nin ən böyük
mükafatlarından olan Qırmızı Əmək
Bayrağı Ordeninin təqdim olunması məqsədəuyğundur.
Biz bu məktubu bu yaxınlarda əldə etdik.
Atam tədbirin
sonunda möhtəşəm "Qarabağ şikəstəsi"ni
ifa edib üzünü tamaşaçılara tutaraq demişdi:
"Əzizlərim, muğamlarımızı, xalq musiqimizi
uzun illər yad əllərdən, yad nəfəslərdən
qoruyaraq bu gün də estafeti verirəm gənclərə.
Sizdən bir ricam var: qoruyun muğamatı!"
2001-ci ildə
Ulu Öndərimizin sərəncamı ilə atamın
yüz illik yubileyi ölkənin hər guşəsində
keçirildi. Bu, sənətə verilən böyük dəyərdi.
Onu da deyim
ki, atam Azərbaycan musiqi mədəniyyəti tarixində yeganə
sənətkardır ki, Əməkdar artist adını
almadan, birbaşa 1943-cü ildə Xalq artisti fəxri adı və
Şərəf ordeni ilə təltif olunmuşdu.
Bu gün isə
mən, böyük ustad sənətkarın övladı
olaraq deyirəm, ruhun şad olsun, ata! Bu gün bizim zəngin mədəniyyətimiz,
sənət xadimlərimiz eyni qayğını Azərbaycan
Prezidenti cənab İlham Əliyevdən görürlər.
Milli sərvətimiz olan muğamlarımızın, xalq
musiqimizin keşiyində Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva çox böyük dəyanətlə,
mətanətlə duraraq, muğamlarımızı
tanıdır, onların yaşamasına dəstək verir.
Bütövlükdə muğam mühiti bu gün dövlətimizin
güclü diqqət və qayğısı ilə əhatə
olunub.
Dünyada
analoqu olmayan, Bakının yaraşığına, mədəniyyət
ünvanına çevrilmiş Beynəlxalq Muğam Mərkəzinin
yaradılması, fəaliyyət göstərilməsi, Azərbaycanda
beynəlxalq muğam müsabiqələrinin,
festivallarının keçirilməsi də bu şəfqət
və qayğının nəticəsidir".
Xan
Şuşinski fondu
Qeyd etdiyimiz
kimi, Bəyimxanım Cavanşirova həm də 2011-ci ildə
dahi sənərkarın 110 illik yubileyi münasibətilə
yaradılmış Xan Şuşinski Fondunun rəhbəridir.
Onun sözlərinə görə, fondun əsas məqsədi
dahi muğam ustadı Xan Şuşinskinin həyat və
yaradıcılığını yaşatmaq, gənc nəslə
çatdırmaq, Azərbaycan musiqisini, muğamını
xarici ölkələrdə təbliğ etmək, bölgələrdəki
istedadlı gənclərimizi tapıb üzə
çıxartmaq, böyük ustadlarımızın xatirə
tədbirlərini, gecələrini keçirməkdir. Fond
yarandığı gündən etibarən bu amalına sədaqətlə
xidmət etməkdədir. Bu günə qədər ölkə
daxilində və xaricdə keçirdikləri tədbirlər
buna əsl nümunədir.
"2011-ci
ildə də atamın 110 illik yubileyi dövlətimiz tərəfindən
Beynəlxalq Muğam Mərkəzində çox böyük
təmtəraqla qeyd olundu və bu əsnada biz ailə üzvləri
olaraq, atamın adını daşıyan fondu yaratdıq. Fond
həmin il noyabrın 29-da Ədliyyə Nazirliyində
qeydiyyatdan keçərək şəhadətnamə
aldı, 2012-ci ildən isə fəaliyyətə
başladıq.
Fondumuz
yarandığı ilk gündən Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə fəaliyyət göstərir.
2012-ci ildə
İctimai Televiziyada "Milli musiqimizin dünəni, bu
günü, sabahı" adlı gözəl bir tədbir
keçirdik. Bu tədbirdə Azərbaycanın ən
böyük tanınmış incəsənət xadimləri
iştirak etdilər, bizə dəstək oldular.
2013-cü
ildə Şuranın maliyyə dəstəyi ilə məktəbli
gənclər arasında milli musiqiyə marağın
artırılması məqsədi ilə keçirdiyimiz layihədə
Respublika üzrə Fikrət Verdiyevin rəhbərliyi ilə
istedadlı gəncləri üzə çıxardıq.
Seçim tədbirimiz Gəncəbasar zonası üzrə
oldu. Gəncə Şəhər İcra Hakimiyyətinin
keçmiş başçısı Elmar Vəliyev Gəncə
Dövlət Dram Teatrında ilk seçim turunun keçirilməsi
üçün layiqli şərait yaratmışdı.
İkinci seçim turumuz Asəf Zeynallı adına Musiqi
kollecində Bakıda, sonra Xan Şuşinski adına muğam
məktəbində keçirildi. Hesabat konserti isə Beynəlxalq
Muğam Mərkəzində keçirildi. Çox
istedadlı gənclərimiz üzə
çıxarıldı, qaliblər pul mükafatları, fəxri
fərmanlarla təltif olundular.
Üçüncü
tədbirimiz Fransanın Lion şəhərində
keçirildi. "Milli musiqimizin və musiqi alətlərimizin
qorunması" adlı çox möhtəşəm bir
layihə idi. Bu tədbirdə Fransa-Azərbaycan evinin rəhbəri
Mirvari xanım Fətəliyeva bizə yaxından dəstək
oldu. Tədbir həmin şəhərdəki qədim bir kilsədə
keçirildi. Biz orada Azərbaycan milli musiqi alətləri
haqqında geniş məlumat verdik, milli musiqimizdən
danışdıq, o cümlədən tədbirdə
iştirak edən sənətkarlarımız "Sarı gəlin,
"Qarabağ şikəstəsi", "İrəvanda xal
qalmadı", "Şuşanın dağları"
mahnılarını ifa etdilər. Tədbirimiz çox
böyük maraqla qarşılandı.
Növbəti
tədbirimiz İtaliyanın Milan şəhərində
keçirildi. O da şuranın maliyyə dəstəyi, Xan
Şuşinski fondunun təşkilatçılığı
ilə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin dünya ictimaiyyətinə
çatdırılması" layihəsi idi. Çox
yüksək səviyyədə tədbir keçirildi.
Bir zamanlar
Fikrət Verdiyevin bədii rəhbəri olduğu
Göygöl ansamblında baletmeyster kimi
çalışmış, hazırda isə Milanda yaşayan
Mais Nuriyev orada çox gözəl rəqs qrupu yaradıb.
İtalyan qızlar dünya xalqlarının rəqslərini
ifa edirlər. Xanəndə Ehtiram Hüseynovun ifasında
"Sarı gəlin" mahnısının müşayiəti
ilə həmin qrup Xocalı faciəsini çox möhtəşəm
şəkildə nümayiş etdirdilər. Deməli,
musiqinin dili yoxdur. Qonaqlar da heyrətə gəlmişdilər.
Bizim xarici
ölkələrdə keçirilən bütün tədbirlərimizdə
Fikrət müəllimin tapıntısı, əslən
Ağcabədi rayonundan olan Anar Quliyev, Kamilə Nəbiyeva,
Əməkdar artistlər Ehtiram Hüseynov və Sevinc
Sarıyeva da iştirak edirlər.
Biz hər tədbirə
gedəndə Qarabağ həqiqətlərini əks etdirən,
xarici dillərə tərcümə olunmuş kitablar,
broşürlər aparırıq, orada böyük bir sərgi
yaradırıq.
Sonra
Macarıstanın Budapeşt şəhərində "Xaricdə
yaşayan azərbaycanlılar arasında vətənpərvərlik"
mövzusunda tədbir keçirmişik. Azərbaycanın
Macarıstandakı səfiri Vilayət Quliyev bizə çox
yaxından dəstək oldu, tədbirimizdə iştirak
etdi.
Keçən
il Avstriyanın Vyana şəhərində "Könlüm
keçir Qarabağdan" adlı çox uğurlu bir layihəni
gerçəkləşdirdik. Tədbirimiz Vyana şəhərində
yerləşən Azərbaycan Mədəniyyət mərkəzində
keçirildi. Onu da qeyd etməliyəm ki, mərkəzin rəhbəri
Leyla xanım Qasımova bizə yaxından dəstək oldu. Tədbirdə
200-dən çox qonağımız vardı.
Oktyabrın 30-da Çexiyanın Praqa şəhərində
"Könlüm keçir Qarabağdan" adlı tədbirimiz
gerçəkləşəcək. Bu tədbir də Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
və Xan Şuşinski fondunun təşkilatçılığı
ilə baş tutacaq.
Bundan başqa keçən il biz Xaçmazda,
Lənkəranda əslən həmin rayonlardan olan, vətən
uğrunda şəhid olmuş qəhrəmanlarımızın
xatirələrini yad edib, onlar haqqında tədbirlər
keçirmişik. Belə bir tədbirin bu il də Quba şəhərində
keçirilməsini nəzərdə tutmuşuq.
Digər tərəfdən Mədəniyyət
Nazirliyinin tədbirlərində iştirak edirik, bir sıra sənətkarlarımızın
xatirə gecələrini, yubiley tədbirlərini
keçiririk. Bir sənətkar övladı və sənətkar
xanımı olaraq bütün bu işlərdə yaxından
iştirakımdan, əlimdən gəldiyi qədər edə
bildiklərimizdən qürur duyuram.
Fürsətdən istifadə edərək
bizim fondumuzun fəaliyyətinə hər zaman dəstək
göstərən Mədəniyyət Nazirliyinə, şəxsən
nazir Əbülfəs Qarayevə, Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədri, millət
vəkili Azay Quliyevə, icraçı direktor Fərasət
Qurbanova, hər zaman bizim fəaliyyətimizi
işıqlandıraraq, bizi daha da həvəsləndirən
mediamıza, xüsusən "525-ci qəzet"ə öz təşəkkürümü
və minnətdarlığımı bildirirəm".
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.- 31 avqust.- S.6;8.