Bakı Dövlət
Universiteti Vasili Razumovskinin xatirə
- oçerkində
Bizə-yəni
bütün xalqımıza doğma olan,milli tariximizin
iftixarı Bakı Dövlət Univerisitetinin yüz illik
yubleyinə qısa bir müddət qaldı.Millətimizin və
dövlətçiliyimizin tarixində hadisə kimi qiymətləndirilən
bu universitetin layiqli qiyməti
Bakı Dövlət Universitetinn 100 illik yubleyinin keçirilməsi haqqında Azərbaycan Respubilkası Prezidentinin
14 noyabr 2017-ci il tarixli sərəncamında özünün dəqiq əksini
tapmışdır: “Azərbaycan Xalq
Cumhuriyyətinin
yadigarı Bakı Dövlət Universiteti
müsəlman Şərqində
yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən naliyyətlərlə zəngin
bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik
nümayiş etdirən Universitetin
ölkədə ali təhsil
sisteminin qurulmasında, elmi
tədqiqatların dərin
məzmun kəsb edərək son texnalogiyaların da tətbiqi
ilə müasir standartlara uyğun aparılmasında və
ümumən milli özünüdərk prosesinin surətləndirilməsində təqdirəlayiq xidmətləri
vardır” (“Bakı Dövlət Universitetinin 100 illik yubileyinin
keçirilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı”. “Azərbaycan ” qəzeti, 15
noyabr 2017). Prezidentin Sərəncamında daha sonra bu
Universitetin tarixi xidmətlərinin çağdaş
düşüncəmizə təsiri belə qiymətləndirilir.
“Bakı Dövlət Universiteti tarixən vətənpərvər
ziyalıların fədəkar əməyi sayəsində
yetirdiyi içtimai-siyasi, elm və
mədəniyyət xadimləri
ilə Azərbaycanın mövcud simasının təşəkkülünə
böyük töhfələr vermişdir. Respubilkada
yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında
formalaşdırılması, hazırlıqlı kadr
potensialının
davamlı təkminləşdirilməsi və
elmi-intellektual
mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi –mədəni dəyərlərinin və
mənəvi-əxlaqi sərvətlərinin qorunub
yaşadılması,
Universitetin dünya təhsil
məkanına
inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir”.
Göründüyü
kimi, Prezident Sərəncamının
bu yığcam sətirlərində Universitetimizin həm tarixi xidmətlərinin,
həm də müasir fəaliyyət istiqamətlərinin real qiyməti verilmişdir. 100 illik yubleyini iftixarla
qeyd edəcəyimizə artıq çox az
bir zaman qalmış bu böyük və müqəddəs
Universitet dövrün çətin sınaqları anında
necə yaranmışdır,onun təsis edilməsi hansı
ağ və qara qüvvələrin cəhdlərindən
keçmişdir, xalqımızın gələcək həyatında tale yüklü bir rol oynayacaq bu elm
və təhsil ocağı öz yaranışında nə
kimi çətinliklərlə üzləşmişdir? kimi
suallara obyektiv cavabın
özü də tarixin unudulmaz səhifələrindədir.Bu
tarixi səhifələrdən birini və bəlkə də ən
əsasını Bakı Universitetinin yaradılmasında
misilsiz rol oynamış, universitetin ilk rektoru, professor Vasili
Razumovskinin “Bakı şəhərində
Universitetin yaradılması” adlı tarixi oçerki təşkil
edir. BDU-nun bugünkü rektoru, Azərbaycan və Rusiya Elmlər
Akademiyasının həqiqi üzvü Abel Məhərrəmovun rəhbərliyi ilə
Universitetimizin 95 illik yubileyi ərəfəsində çap
edilmiş “Bakı şəhərində universitetin
yaradılması” adlı kitabda əsas yeri eyni adlı
oçerk tutmuşdur. Kitabın müəllifləri
V.İ.Razumovski və A.O.Makovelskidir. Akademik Abel Məhərrəmovun
layihəsi əsasında və dosent Fikrət Şiriyevin tərtibçiliyi
və məsul redaktorluğu ilə çap olunan bu
kitabdakı xatirələr, xüsusilə V.Razumovskinin xatirələri Universitetimizin
yaranmasının tarixinə bir
güzgü tutur. Kitaba yazdığı ön sözdə
Abel müəllim kitabın meydana gəlməsinin əsas səbəbini
belə izah edir: “Bizim nəslin əlinə XX əsrin əvvəllərində
rus dilində çap edilmiş iki məqalə
çatib.Bunlardan biri BDU-nun ilk
rektoru olmuş professor Vasili Razumovskinin, digəri
tanınmış polyak alimi Aleksandr Makovelskinindir. Maraqlı cəhət
burasındadır ki, A.Makovelski bolşevik hökumətinin
icraçı nümayəndəsi olduğuna görə
yazdığı məqalədə komunist rejiminin tələblərini
yerinə yetirib. O biri məqalədə isə (yəni
Razumovskinin oçerkində - G.M) məsələyə daha
obyektiv yanaşılır. Tarixi həqiqətlərə
işıq salmaq hər iki məqalənin ümumi cəhətidir
və bu baxımdan əhəmiyyəti olan məqalələri
oxuyarkən düşündük ki, görəsən bizdən
sonrakı nəsillər bu məqalələri tapa, yaxud rus
dilində oxuya biləcəklərmi?
Bütün bunları düşünərək, məqalələri
Azərbaycan dilinə tərcümə etdik və həm
orjinalda-yazıldığı dildə, həm də ana dilində
oxuculara təqdim edirik” (A.Məhərrəmov.
V.İ.Razumovski, A.O.Makovelskinin “Bakı şəhərində
Universitetin yaradılması” kitabına ön söz.
Bakı,” Nurlar” nəşriyyat - Poliqrafiya Mərkəzi, 2014,
səh.4.). Akademik Abel Məhərrəmovun bizdən
sonrakı nəsillərə ünvanladığı bu kitab
və onun içindəki xatirə-oçerklər indiki
çağın oxucuları üçün də çox
vacib əhəmiyyət kəsb edir. Çünki Azərbaycan
Prezidentinin Sərəncamında da deyildiyi kimi, müsəlman
Şərqində yeni tipli ilk ali məktəb olan bu Universitetin
yaranma tarixinə onun meydana gəlməsində və ilk
dövrdəki fəaliyyətində mühüm rol
oynamış adamların öz dilindən nəzər salmaq
çox mühüm bir hadisədir. Bizim də əlimizdəki
bu yazının ortaya çıxmasına belə bir fakt səbəb
oldu. “Bakı şəhərində Universitetin yaradilması”
kitabının nəşr olunmasından beş ilə
yaxın bir vaxt ötməsinə baxmayaraq hələ
geniş ictimaiyyət bu kitabla yaxından tanış deyil.
Halbuki min bir tellərlə Azərbaycan xalqının hər
bir ailəsinə bağlı olan bir Universitetin tarixi ilə
bağlı bu kiçik həcmli kitab gərək hər ailənin
stolüstü kitabı olsun.Cəmi 500 nüsxə tirajla nəşr
olunmuş bu kitab, 100 illik yubileyinə
hazırlaşdığımız bir Universitetin ən
azı məzunlarının sayı qədər
olmalıdır. Bu say ən azı minlərlədir. Ümid
edirik ki, Universitetimizin 100 illiyi şərəfinə tərtib
edilən bu kitabı elə onun nəşriyyatlarda
çalışan məzunları böyük tirajla yenidən
millətimizə ərmağan edəcəklər. İndiki
halda isə biz həmin kitabın Universitetin yaranma tarixinə
dair faktları üzərində dayanmaq istərdik.
O, Saratov,
Tiblisi və Baki Universitetlərinin yaradilmasinda əvəzolunmaz
xidmətlər göstərmiş, Saratov və Baki Universitetlərinin
ilk rektoru vəzifəsini tutmuşdur. Həmin qisa bioqrafiyadan
məlum olur ki, V.Razumovski Bakı Universitetinin
yaradılmasında, hətta Azərbaycan Xalq Cumhuriyyətinin
Parlamentində bu barədə qərarın qəbul
olunmasında çox böyük səy göstərmişdir.
Universitetin professor-müəllim heyəti ilə təmin
olunması, tədris prosesinin təşkilində böyük
rol oynamış bu rektor bolşevik Rusiyasının Azərbaycanı
zəbt etməsindən dərhal sonra əvvəllər
işlədiyi Kazan Universitetinə qayidir və 1935-ci ildə
Kazanda vəfat edir.
Professor
V.Razumovskinin əsərləri çoxdur. Lakin haqqında bəhs
etdiyimiz tarixi oçerki Bakı Dövlət Universitetinin
yaradılması ilə bağlı hadisələri ən
obyektiv şəkildə bizə çatdıran misilsiz bir əsərdir.
Müəllif xatirə-oçerkin lap əvvəlində
öz məqsədini bele ifadə edir. “Bakıda
Universitetin açılması
Zaqafqaziya tarixində möhtəşəm hadisə idi; mən
bu prosesdə iştirak etdiyim üçün hələ ki,
buna aid faktlari təfərrüatı ilə
xatirladığıma görə olayları şərh etməyi
özümə borc bilirəm”
V.Razumovski
bu memuar əsərində əvvəlcə Rusiyadan Qafqaza gəlməyinin
bəzi detallarını xatırlayır. O, Qafqaza rus ordusunda
cərrah olaraq gəlib. Rusiyada yenicə baş verən
bolşevik inqilabı zamanı Qafqaza göndərilən
orduda qulluq etməklə, Tiflisdə Travmatalogiya İnistitunun
təşkili ilə də məşğul olur. Burada bir
sıra ali məktəb və kursların formalaşmasında
iştirak edir. Sonra bir sıra danişiqlarla Bakıda
universitet yaradılması layihəsinin hazırlanmasına
nail olur. Bu işdə Fətəli Xan Xoyski, Həmid bəy
Şahtaxtinski, Nəsib bəy Yusifbəyov və
başqalarının həmin təşəbbüsü qiymətləndirdiklərini
və erməni qüvvələrinin təkidinə baxmayaraq,
universitetin Bakıda təşkil olunmasına kömək
göstərdiklərini xüsusi vurğulayır. Müəllif
yazır: O zaman “Zaqafqaziya Universitetinin professoru
seçilmiş A.M.Levin 1919-cu ilin əvvəllərində
Bakıdan Tiflisə gəldi və müşavirədə
müəllimləri universitet üçün Bakıda
açılacaq perspektivlərlə tanış etdi... Məruzədən
aydın oldu ki, universitetin açılması
üçün Bakıda mənbə və vəsait
vardır. Ayrı-ayrı qruplarla və müəllim heyətinin
üzvləri ilə məsləhətləşərək...
mən rəsmi şəkildə universitet şurasında
universitetin Bakıya köçürülməsi təklifini
irəli sürdüm. Əksəriyyət köçməyin
tərəfdarı idi, ancaq ayrı bir qurup (xüsusilə ermənilər)
Tiflisdə qalmağa ümid edirdilər ( bəlkə də
Ermənistana köçmək niyyəti ilə)”. Kiçik
qeydlərlə olsa da, müəllif ermənilərin erməni
xislətini bu yerdə də cəsarətlə ifadə
etmişdir. Bu tarix elə onu da sübut edir ki, ermənilərin
Azərbaycana qarşı təxribatları tarixən hər
yerdə özünü göstərmişdir.
Qeyd edək
ki, burada söhbət Rusiyanın Tiflisdə təşkil
etdiyi Zaqafqaziya Universitetinin Bakıya köçürülməsindən
gedir. Ermənilər bu məqamda da ancaq öz xeyrlərinə
işləməyi üstün tutmuşlar. V.Razumovski uzun
mübahisələrdən və mübarizələrdən
sonra universitetin Bakıya köçürülməsi qərarını
böyük sevgiylə belə xatırlayır: “Bakıda
universitetin təşkili bizim hamımıza məlum oldu. Azərbaycan
hökümətinin... ciddi istəyi olması ... tezliklə
universitetin açılmasına köklənmişdi. Biz
başa düşdük ki, Azərbaycan hökümətinin
öz universitetini yaratmaq qərarı o qədər ciddi idi
ki, Rus Zaqafqaziya Universiteti bura ( Bakıya)
köçürülməsə də Bakıda Universitet
onsuz da açılacaq: dəqiq vaxt da göstərilmişdi-
mayın biri”.
Daha sonra
müəllif bu universitetin İrəvanamı, Bakıyamı
köçürülməsi və ya Tiflisdə qalması ətrafında
3 fikir cərəyanı olduğunu deyir və bu sırada ermənilərin
məkrli təşəbbüsünü, hətta Razumovskini
dilə tutduqlarını qeyd edir. Bu yerdə müəllif
yazır: “Yeri gəlmişkən onlar mənə də
Erivanda universitetin təşkili işini rəsmi şəkildə
deyil, şəxsi təşəbbus kimi öz üzərimə
götürməyimi təklif etdilər. Mənim
üçün toplanmış məlumata əsəsən,müharibə
və aclıqdan dağılmış Erivanda yaxın gələcəkdə
universitetin yaranması üçün şərait yox
idi”.Daha sonra V.Razmoviski yazır ki, rəyini soruşduğumuz
adamların çox hissəsi Erivanda universitetin
yaradılmasının qeyri-mümkün olduğunu bildirmişdilər.
Universitetin Tiflisdə qalması uğrunda gürcülərin
də səyləri boşa çıxır. Lakin Tibb
universitetinin tələbələrinin səyi əsasında
Universitetin Bakıya köçürülməsi prosesinə
başlanılır. Bakıda komissiya universitetin təşkilinə
başlayır. Xüsusilə azərbaycanlı ziyalılar,
yeni hökumətin üzvləri bu işdə çox fəallıq
göstərirlər. Amma yenə də çətinliklər.Müəllif
yazır ki, Universitet üçün, xüsusilə tibb
fakültəsi üçün laboratoriya, avadanlıq problemi
vardı. Bir tərəfdən də “Gürcüstan hökuməti
laborotoriya obyektlərini Bakıya aparmağa icazə vermirdi”.
Oçerkdə daha sonra tarix-filaloji fakultə
üçün kitabxana çətinliyi təsvir olunur.
Universitetin Nizamnaməsinin hazirlanması və.s çətinliklərdən
sonra Parlamentdəki ikitirəlik və süründürənçilik
üzərində dayanan müəllif yazır: “Universitet
işi parlament komissiyalarından keçəndə əsil
süründüməçilik başlandı”.
Xatirədən
məlum olur ki, Razumovski, komissiyanın bir çox üzvləri
və Azərbaycan ictimaiyyəti universitetin
yaradılmasını sürətləndirmək
üçün böyük işlər görmüşlər.
Sürətləndirmə ona görə lazım imiş ki,
“işin ləngiməsi bütün universitet məsələsinin
tam dağılması ilə nəticələnə bilərmiş”.
Xatirə-oçerkdə müəllif acı bir məsələni
də kədərlə yada salır. Məlum olur ki, cəmiyyətdə
və parlamentdə universitetin açılışına əks
qüvvələr də olmuşdur. Müəllif yazır:
“...mətbuatda universitetə düşmən mövqeli məqalələr
göründü, universitet əleyhinə
yığıncaqlar keçirilirdi”.
Məlum
olur ki, hətta tələbələrin təhsil alması
üçün milli universitet yaratmaqdansa, onları Avropaya
göndərmək ideyası formalaşmışdı.
V.Razumovskinin dediyinə əsasən, hətta Müsavat
Partiyasının bir sıra nüfuzlu üzvləri də
universitet əleyhinə olmuşlar. Lakin M.Ə.Rəsulzadə
başda olmaqla, Mehdi bəy Hacinski və başqaları
parlamentdə universitet ideyasini güclü müdafiə
etmişlər. Bu yerdə Parlament Universitetin Nizamnaməsini qəbul
edib və həmin gün- 1919-cu il sentyabrın 1-i Bakı
Universitetinin yaranması günü kimi elan olunub. V.Razumovski
“bu günü Türk xalqının tarixinə yeni, parlaq səhifə
əlavə olunduğu” gün kimi qiymətləndirir. Daha sonra
Universitetin təşkili işi başlanır. V.Razumovski
Bakı Unversitetinin ilk rektoru seçilir. Tələbə qəbulu
elan olunur. Müxtəlif universitetlərin təcrübəsi
öyrənilir, müəllimlər cəlb olunur. Tibb,
tarix-filoloji, şərqşünaslıq fakultələrinə
tələbə qəbulu uğurla həyata keçirilir. Hətta,
Bakı Universitetinin xəbərləri kimi elmi jurnal nəşrə
hazırlanır. V.Razumovski bu yazısında deyir: “Mənə
əziz olan Bakı Universitetinin professorları ilə birgə
işim həyatımın ən yaxşı xatirəsi kimi
qalır. Mən Bakı Universitetinin böyük gələcəyinə
inanıram, onun gənclik həvəsli, mətanətli ilk
xadimlərinə və tələbələrinə
inanıram. Mən onun nurlu gələcəyinin sarsılmaz
uğurlarını görürəm”. Müəllif
yazının son sətrini latın dilində belə bitirir:
“Vivat, floreat, crescat, Universitas, Bacuensis (yaşa, çiçəklən,
var ol, Bakı Universiteti)”.
Bakı Dövlət Universitetinin ilk rektorunun uzaqgörən arzuları bu gün tam reallığa çevrilib. Bakı Dövlət Universiteti Şərq dünyasına öz ışığını saçdı. Bu Universitetin Ümummilli liderimiz Heydər Əliyev kimi məzunu var. Bu Universitet indi dünya universitetləri sırasında uğurla addımlayır. Ümummilli liderimiz “Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti” kimi qiymətləndirir. Universitetimizin azərbaycançılığa, elmi dünyagörüşə, maarif işinə, kadr hazırlığına xidmətləri bu gün yüksək səviyyəyə çatmışdır. Akademik Abel Məhərrəmovun rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Dövlət Universiteti “mənəvi böyüklüyümüzün simvolu, elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədidir” (A.Məhərrəmov “Bakı Dövlət Universiteti” kitabına ön söz. “Bakı Universiteti” nəşriyyatı, Bakı, 2014, Səh.7).
Prezident İlham Əliyev Universitetimizin xalqa, millətə xidmətini belə qiymətləndirir: “Bakı Dövlət Universiteti yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaradılması yolunda boynuna düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Universitet bu gün dövlət idarəçəliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına yeni töhfələr verir”.
Belə bir Universitetin yaranma trixini özünün “Bakı şəhərində Universitetin yaradılması” adlı tarixi öçerkində obyektiv şəkildə işıqlandıran V.Razumovskinin ruhu şad olsun.
Biz Universitetimizin tarixi ilə bağlı bu kitabdakı digər yazılara toxunmadıq. Əlbəttə , o yazılarda da bir çox tarixi həqiqət var. Lakin bizim bu yazıda əsas məqsədimiz Universitetimizin 100 illiyi ərəfəsində həmin kitabı yenidən xatırlatmaqdan ibarət oldu. Biz həmin kitabın yeni nəşrini səbirsizliklə gözləyirik.
Günel Mehdizadə
Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi
kafedrasının II kurs magistrantı
525-ci qəzet.- 2018.- 31 avqust.- S.4.