Özbəkistanda gördüklərimiz -
Daşkənddən reportaj
Özbəkistan son illər turizm sahəsini inkişaf etdirməyə başlayıb. Yaxın
illərdə turist sayının daha da artacağını nəzərə alan
hökumət, yeni islahatlar keçirir, bu sahəyə xarici investisiyaların cəlbi üçün yeni addımlar atılır.
Xarici investorlar
müasir otellərin tikintisinə sərmayə
qoymağa başlayıb. Ölkədə əsasən Avropadan gələn turistlərə
rast gəlinir. Türkün canlı tarixinin yaşadığı, Şərqin
ən parlaq və təkrarsız nümunələrinin mövcud
olduğu ölkəyə
bir həftəlik səfər zamanı paytaxt Daşkənd, Fərqanə vadisi, Səmərqənd, Buxarada
olub, bu tarixlə mümkün qədər tanış olmaq imkanı qazandıq.
Məlumat üçün bildirim ki, Bakıdan paytaxt Daşkəndə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamları
Özbəkistan Hava Yolları reyslər təşkil edir. Onu da vurğulamaq lazımdır
ki, Özbəkistan Hava Yolları ilə uçmaq həm çox rahatdır, həm təhlükəsizdir, xidmət
isə yüksək səviyyədədir. Həm gedəndə,
həm də Bakıya qayıdanda sərnişinlərin çoxluğu
iki qardaş ölkə arasında gediş-gəlişin sıx
olduğunun göstəricisi
idi.
Özbəkistanla tanışlığa ölkənin
baş şəhəri
Daşkənddən başlayırıq. Daşkənddə
vaxtın azlığını
nəzərə alaraq
şəhərin ən
gəzməli və görməli yerləri ilə tanış
oluruq. İlk təəssüratım isə şəhərin təmizliyi, səliqəsi,
yaşıllığa bürünməsidir.
Baxmayaraq
ki, paytaxtda 3 milyondan artıq əhali
yaşayır, şəhərdə
insan sıxlığı
hiss olunmur. Əhali daha çox
şəxsi avtomobillərə
və metroya üstünlük verir.
Sərnişin avtobusları
az sayda
gözə dəyir. Özbəkistanda avtomobil istehsal
olunduğundan və nisbətən ucuz başa gəldiyindən, demək olar ki, hər bir
ailə maşın
ala bilir.
Küçələrdə kiçik bir zibil qırıntısına
belə rast gəlmək mümkün
deyil. Səbəbi ilə maraqlanıram,
buna görə hər hansı bir cərimənin olub-olmadığını soruşuram,
bəlli olur ki, sadəcə insanlarda artıq belə bir vərdiş
formalaşıb. Bununla bağlı
maarifləndirmə işləri
aparılıb. Bütün məhəllələrdə
ağsaqqallar insanları
belə hallara yol verməməyə çağırıb. Üstəlik, həftənin müəyyən
günlərində hər
məhəllədə yerli
sakinlər təmizlik
günü elan edir və səliqə-səhman
yaradırlar.
Əgər yolunuz Daşkəndə
düşübsə, mütləq
baş çəkməli
olduğunuz yerlərdən
biri dörd su mənasını verən qədim
Çorsu bazarı
-dır.
Çorsu Daşkəndin qədim hissəsinə yaxın yerləşir, təkcə
şəhərin deyil,
Orta Asiyanın ən iri və
qədim bazarıdır. Bura ilk növbədə
mavi rəngli nəhəng göy qübbəsi ilə diqqəti çəkir.
İki mərtəbəli, dairəvi
formada tikilib.
Burada demək
olar ki, hər şey satılır. Qarpız, yemiş, pomidor,
xiyar, göy-göyərti,
ət məhsulları,
Özbəkistanın dünyada
məşhur quru meyvələri, hər biri də ölkənin
öz istehsalıdır.
Qiymətləri də münasibdir.
Ümumiyyətlə, Özbəkistanda qiymətlər ucuzdur.
Eyni zamanda, məhsullar çox keyfiyyətlidir.
Burda kənd təsərrüfatı məhsulları
15-20-50 sent arasındadır.
"Qədim Daşkənd"də
Paytaxt Daşkənddə
baş çəkilməli
əsas məkanlardan biri "Qədim Daşkənd"dir. Paytaxtda
1966-cı ildə baş
vermiş güclü
zəlzələ Daşkəndi
dağıtsa da, şəhərdə mövcud
olan bənzərsiz memarlıq abidələrinin
çox hissəsini məhv etsə də, şəhərin arxitekturasını yenidən
bərpa etmək mümkün olub. Adına uyğun
olaraq qədim Daşkəndin küçələrinə
daş döşənib.
Daşkəndin qədim
hissəsində özünü
müasir şəhərdə
qədim dövrdə
hiss edirsən. Paytaxt sakinləri
əsasən axşamlar
bu ərazidə istirahətə çıxır,
parklarda dincəlirlər.
"Qədim Daşkənd"də
hündür və müasir binaların tikilməsi qadağan edilib. Əks halda, şəhərin
bu hissəsinin görünüşünə xələl gələ bilər.
Mərkəzdəki kəsmə daşlar döşənmiş böyük
meydanda üç tarixi abidənin olduğu kompleks yerləşir. Bunların biri sol hissəsədəki
Həzrət İmam məscididir (bura Xəst İmam da deyirlər). Burada X əsrdə Bizans imperatoruna şeir formasında məktub yazmaqla məşhurlaşan,
əsl adı Əbubəkr Məhəmməd
Kafali Şaşi
(903-976-cı illər) olan
Həzrət İmamın
türbəsi yerləşir.
Şafi məzhəbinin Orta Asiyada yayılmasında böyük rol oynayan İslam liderlərindən olub.
Qəbri
üzərində türbə
isə 1541-1542-ci illərdə
Şeybanilər tərəfindən
tikilib.
Sağda Barak Xan mədrəsəsi, mərkəzdə isə hazırda Özbəkistan
Müsəlmanlar İdarəsinin
balansında olan kitabxana-muzeydir (keçmişdə
Muyi-Mübarək Cümə
camesi).
Dünyanın ilk ən qədim
Quranı
Dünyanın ilk və ən qədim Quran kitablarından
biri Daşkənddə
- Muyi-Mübarək mədərəsində
saxlanılır. XVI əsrdə
tikilmiş bu kompleksdəki 30 min qiymətli
əlyazmanın yer aldığı kitabxanada
ən dəyərli və qiymətli əşya dünyanın
ilk və ən qədim Quranlarından biri saxlanılır.
Həmin
Quranın üzərində
isə üçüncü
xəlifə Osmanın
qanının damcıları
hələ də qalır. Rəvayətə görə, Quran oxuyarkən sui-qəsdçi
onu xəncərlə
vurub və axan qan müqəddəs
kitabın ceyran dərisindən hazırlanmış
vərəqlərinə hopub.
Sonradan Əmir Teymur Kufəni zəbt edəndə həmin kitabı Səmərqəndə
gətirib, burada bir neçə yüz il
saxlandıqdan sonra ruslar işğal zamanı, 1869-cu ildə onu aparıblar. Həmin Quran
kitabı sovet illərində Özbəkistana
qaytarılsa da, açıq sərgilənməyib,
zirzəmidə saxlanılıb.
Özbəkistan müstəqillik əldə etdikdən sonra isə Quran kitabı muzeydə yerləşdirilib. Daşkəndə gələn turistlər mütləq şəkildə
bu kitabı görürlər. Bura giriş
10 min sum, 1 dollardan bir
qədər artıqdır.
Xatırladım ki, xəlifə
Osmanın adı ilə bağlı dörd orijinal Quran kitabı var. Onlardan biri haqqında söz açdığımız
bu kitabxanada, ikincisi İstanbulda, üçüncüsü Qahirədə,
dördüncüsü isə
Londonda saxlanılır
1529-1563-cü illər arasında Şeybanilər tərəfindən tikilmiş Barak Xan (Barak Xan və ya əsl adıyla Novruz Əhməd Daşkəndin hakimi olub) mədrəsəsinin həyətinin divarların dibində sıralanmış qədim hücrələrdə əl işləri satış sərgisi nümayiş olunur. Sənətkarlar burda müxtəlif əl işləri hazırlayıb həm satırlar həm də nümayiş etdirirlər. Əraziyə baş çəkən turistlər mütləq yadigar olaraq həmin suvenerlərdən, əl işlərindən alırlar.
İnsanlıq simvolu
"Xalqlar dostluğu" parkı da Daşkənddə ən çox baş çəkilən ərazilərdəndir. Ərazidə eyniadlı Mədəniyyət Sarayı da yerləşir. Parkın ortasında isə böyük bir ailənin təsvir olunduğu abidə-kompleksi yaradılıb. Əsərin tarixi də maraqlıdır. Belə ki, II Dünya müharibəsi zamanı ölkədə aclıq hökm sürürmüş. Bu zaman abidədə əks olunan bir ailə müharibədə yaxınlarını itirmiş, kimsəsiz uşaqlara sahib çıxır, onları övladlığa götürüb və böyüdürlər. Həmin uşaqların arasında müxtəlif millətlər olub. Dövlət bu mərhəmətli ailənin şərəfinə abidə kompleksi ucaldıb.
Müstəqillik meydanı
Müstəqillik meydanı adından da göründüyü kimi, özbək xalqı üçün xüsusi əhəmiyyət kəsb edir və şəhərin simvolu sayılır. Ölkənin milli bayramları bu meydanda keçirilir, insanların əsas gəzinti, istirahət yerlərindən biridir.
Meydanda Özbəkistanın müstəqillik abidəsi (1991) ucaldılıb. Qranit obelisk (dikili daş) üzərindəki kürə ölkənin inkişafını və müstəqil dövlət kimi dünya ictimaiyyətinin tam hüquqlu üzvü olmasını simvolizə edir.
Müstəqillik meydanı Daşkəndin əsas ziyarət edilən ərazilərindən biridir. Burada Prezident sarayı, Nazirlər Kabineti, parlament binası və digər dövlət qurumlarının binaları yerləşir. Özbəklər axşam işdən sonra ailəvi olaraq parklarda gəzir, istirahət edirlər. Ona görə, Daşkənddə gecələr daha qələbəlik olur.
Daşkəndlə tanışlığımız başa çatır, qarşıda Fərqanə vadisi var. O Fərqanə vadisi ki, təkcə Özbəkistan üçün deyil, qonşu ölkələr, ümumilikdə, Mərkəzi Asiya üçün böyük əhəmiyyət daşıyır...
Pərvanə
SULTANOVA
525-ci qəzet.- 2018.- 31 avqust.- S.4.