Cahana sığmayan şairin
həyatı haqqında düşüncələr
“Bu möhtəşəm ədəbi-elmi abidənin gözəl, dəqiq, maraqlı və uzunömürlü yaranmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir”.
Rəsul
Rza
Bu tarixi sözlər
Nəsiminin qəbrini
Hələbdə aşkar
edən, çağdaşlarımız
arasında onu ilk ziyarət edən, haqqında tədqiqat aparan Xalq şairimiz
Rəsul Rzaya məxsusdur. Bu kəlam,
əslində, bütün
tarixi şəxsiyyətlərimizin
yaradıcılığı ilə məşğul olan tədqiqatçılara
şairin xeyir-duasıdır.
Mən Hacı Firudin Qurbansoyun “Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi Şirvani” adlı çox maraqlı və yeni faktlarla zəngin məqaləsinə
(Bax: “Ədəbiyyat qəzeti”, 22.09.2018) bu müstəvidən baxır
və qiymətləndirirəm.
Tədqiqatçı inandırıcı
dil faktları əsasında Nəsiminin
Şamaxıda anadan olduğunu sübuta çalışmış və
müəyyən mənada
istəyinə nail olmuşdur.
Alimin Nəsimi ilə bağlı Orta Asiyada türkmənlərin
apardığı tədqiqatlar
barədə araşdırmaları
yenidir. Hacı Firudin bu araşdırmada türkmənlərin
dili ilə Azərbaycan dili və İraqda yaşayan soydaşlarımızın
dialekti arasında fonetik, leksik, sintaktik cəhətdən
böyük fərq olduğunu göstərsəydi,
türkmənlərin yanlış
fikirlərinə qarşı
dəlilləri daha inandırıcı olardı.
Maraqlıdır ki, heç bir tədqiqatçı Nəsiminin Türkmənistanda
anadan olduğunu göstərməmişdir. Bundan başqa,
Nəsiminin Türkmənistanda
Divan nüsxəsi üzə
çıxarılmamışdır.
İllərdir ki, tədqiqatçılar
Nəsiminin doğum yeri barədə qızğın mübahisə
aparırlar. Nəsiminin əsasən Şamaxıda,
Təbrizdə, Şirazda,
Bakıda, Diyarbəkirdə
və İraqda Bayat qəbiləsi (əşirəti) ərazisində,
Nəsim kəndində
anadan olduğunu göstərirlər.
Kərküklü tədqiqatçı, görkəmli alim Əta Tərzibaşı
bu münasibətlə
yazmışdır: “Rəsul
Rza “Cahana sığmayan şairin qərib məzarı” yazısında İraq türkmanlarından olan məşhur şair Nəsiminin Hələbdəki
məzarı haqqında
görüşlərini ədəbi
bir dillə vəsf etməkdədir”.
Mən də Nəsiminin Nəsim kəndində anadan olduğunu göstərmişəm.
Hacı Firudin yalnız Şamaxıda işlənən
sözlərə arxalanaraq
Nəsiminin şirvanlı
olduğunu, Şamaxıda
dünyaya gəldiyini
xüsusi vurğulayır.
Nəsiminin yaradıcılığında yalnız Kərkük ellərində işlənən
sözlər də çoxdur. Məsələn:
tütün (tüstü),
kəpənək (yapıncı)
və s.
Nəsimidən sonra İraqda -
Bayat qəbiləsində
dünyaya gələn,
heç vaxt İraq sərhədlərindən
kənara çıxmayan
Füzuli kimi dahinin hansı zəmin üzərində
bir şair kimi pərvazlanması da bizi düşündürüb
ki, bu quru
yerə ola
bilməzdi. Bu da mənə imkan verib deyim
ki, Nəsimi İraqda, Nəsim kəndində anadan olub.
Bir də ona əsaslanmışam ki, Nəsimi şairin nisbəsidir. Görkəmli ədəbiyyatşünas alim
Ə.Mirəhmədovun göstərdiyi
kimi, nisbə şairin adı, təxəllüsü və
ya ləqəbi ilə yanaşı işlənən sözdür
ki, qələm sahibinin haralı olduğunu (yəni doğma yurdunu) bildirir. Bir çox şairlər
nisbəni şeirdə
təxəllüs məqamında
işlətmişlər, o cümlədən də Nəsimi.
Nəsiminin doğum yeri barədə mübahisələr,
göründüyü kimi,
hələ də davam edir. Hacı Firudin
Qurbansoyun yazısı
deyilənləri təsdiqləyir.
Hərə məsələyə bir yandan yanaşır və fikrini təsdiqə çalışır.
Bu yazımızda tədqiqatçının
Nəsiminin 1417-ci ildə
Hələb şəhərində
xüsusi fətva ilə amansızcasına qətlə yetirildiyi barədə qənaətlərinə
də fikrimizi bildirməyi münasib bildik.
Bəri başdan deyim ki, Nəsimi ruhanilərin fətvası
ilə qətlə yetirilməyib. Sovet dönəmində din xadimlərini xalqın gözündən salmaq üçün hər cür vasitəyə əl atırdılar.
Hətta Azərbaycan Sovet Ensiklopediyasında Nəsiminin ruhanilərin xüsusi fətvası ilə diri-diri dərisinin soyulduğu göstərilir (bax: VII cild, s.229).
Doğrudur, “ağalar və
qullar dünyası”nın əksliklərini
bədii sözün qüdrəti ilə aşkarlayan, məslək
mücahidi Nəsiminin
aqibəti, qismət payı işgəncəli
ölüm olmuşdur.
Lakin bu, din xadimərinin fətvası əsasında
olmamışdır. Şairi siyasi
baxışlarına görə
məhv etmişdilər.
Bunu akademik Ziya Bünyadovun,
professor Əlyar Səfərlinin,
suriyalı tədqiqatçı
Bəkir ən-Nasirin,
Abbas Əzzavinin, Ət-Təbbahın və
başqalarının tədqiqatlarından
da görmək olur.
Şairin məhkəməsi Hələbin
Şeyxi, naibi, qazılar qazısının
və rəsmi qəbul olunmuş məzhəblərin (hənəfilik,
malikilik, şafilik, hənbəlilik) dördünün
də nümayəndələrinin
iştirakı ilə
keçirilib. İttiham ilə hənəfilərin
qazılar qazısı
İbn əş-Şənqaşi
çıxış edib.
Hələbin naibi Yəşbək üzünü
Nəsimiyə tutaraq:
“Deyilənləri inkar
edə bilməsən,
səni öldürəcəm”
- deyəndə İbn
əş-Şənqaşi Yəşbəkin məkrli
niyyətini anlayır
və ittihamdan imtina edir.
Hənbəlilər şeyxi Sihabəddin ibn Hilal məhkəmənin
pozulduğunu görərək
malikilərin qazısı
Fətxəddindən yuxarı
başa keçir. Nəsiminin öldürülməsi
barədə yazılı
fətva verir. Nəsimi “kəlmeyi-şəhadət” alıb
deyilənləri rədd
edir. Məclisdə
əyləşən din xadimləri
- qazı və üləmalar fətva ilə tanış
olduqdan sonra onun əsassız olduğunu və güman ki, şairin dini şeirlərini (şairin
təkcə İraq
Divan nüsxəsində yüzdən
artıq dini şeirləri vardır) nəzərə alaraq fətvanı qəbul etməyiblər. Qazılar
qazısı Fətxəddin
Şihabəddinə deyib:
“Qazı və üləmalar səninlə
razı olmadıqları
halda, mən sənin sözünlə
durub ona necə ölüm kəsə bilərəm...”
(bax: Ziya
Bünyadov. Nəsiminin məhkəməsi və qətli. “Ədəbiyyat və
incəsənət”, 19.09.1980).
Vəziyyətin gözlənilməz məcraya döndüyünü
görən Hələb
canişini Yəşbək
tez işə qarışır: “Sultan nəticəni
ona bildirməyi, Nəsimi haqqında veriləcək göstərişi
gözləməyi əmr
etdi” (bax: Ə. Səfərli, X.Yusifov. Qədim və Orta əsrlər
Azərbaycan ədəbiyyatı.
1982, s.193).
Suriyalı tədqiqatçı Bəkir
ən-Nasir göstərir
ki, Şeyx Şamil əl-İzzinin Hələbin tarixindən
bəhs edən çox böyük həcmli “Nəhr əz-zəhəb” (“Qızıl
çayı”) əsərində
də Nəsimin həyatı və məhkəməsi barədə
qiymətli məlumatlar
vardır.
Baş qazı: “Nəsimi Əmirin istəyinə əsasən mühakimə
olunur” - desə də, qazılar və üləmalar şairin küfrdə təqsirləndirilməsi barədə
qərara gələ bilməyiblər (bax: Bəkir ən-Nasir. İmadəddin Nəsimi. “Azərbaycan” jurnalı,
¹9, 1987, s.170).
Beləliklə, məclis dağılıb. Misirdən - Sultan Müəyyəddən cavab
gələnə qədər
şairi zindanda saxlayıblar.
Çox keçmir ki, Sultan Müəyyəddən əmr
gəlir. Əmrə əsasən, şairin
başını kəsib
dərisini soyaraq cəsədini çarmıxa
çəkirlər. Əmrdə
xüsusi vurğulanırdı:
Carçı car çəksin.
Hələbdə yeddi gün
göstərilsin. Sonra da əl-ayağı kəsilsin,
bir parçası Zülqədər oğlu
Əlibəyə, qardaşı
Nəsirəddin və
Osmanyölükə göndərilsin;
çünki Nəsimi
onların inanclarını
(etiqadlarını) pozmuşdur.
Bunun üzərinə
Nəsimi öldürülür
(bax: Ə.Səfərli,
X.Yusifov. Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı. 1982,
s.193).
Demək lazımdır ki, Zülqədər oğlu
Əlibəy və qardaşı Nəsirəddin
Qaraqoyunlu türkman tayfalarının, Osman Qarayölük isə Ağqoyunlu türkman tayfa ittifaqının başçısı idi. Onlar Osmanlı
imperiyasına tabe olan Misir sultanı
Müəyyədin siyasi
düşmənləri idilər.
Qaraqoyunlu Qara Yusif Nəsiminin qətlindən cəmi 7 il əvvəl,
1410-cu ildə Bağdadı
tutmuşdu. Osman Qarayölük isə
1399-cu ildə Osmanlılara
qarşı müharibədə
Teymurun tərəfinə
keçmiş və hətta Sivası istila etmişdi.
Guya onları
Nəsimi yoldan çıxarmışdı.
Sultan Müəyyədin əmrindən göründüyü
kimi, Nəsimi dinə qarşı təqsirli bilinərək
öldürülməyib. Sultan Müəyyəd Hələb
şeyxi, qazılar və din xadimlərinin rəyini qulaqardına vura bilməzdi. Onlar Nəsimini dinə qarşı çıxmaqda
təqsirli bilməmişdilər.
Belə olan halda, Sultan Müəyyəd əsl həqiqəti açmalı
olmuşdu.
Nəsimi dini əqidəsinə görə edam edilsəydi, islamın ilk illərindən üzərində bərqərar olduğu dayaqlarından birində - Suriyada məsciddə dəfn olunmazdı. Burada Nəsimiyə məqbərə tikilməzdi, adına bu günə qədər mövcud təkyə olmazdı. Hələbdə adına küçə qoyulmazdı. Bütün bunları 2007-ci ildə akademik Bəkir Nəbiyev, professor Teymur Kərimli, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxsləri ilə Hələb şəhərinə Beynəlxlaq Nəsimi konfransına gedəndə şəxsən görüb qürur duymuşam. Qürur duymuşam ki, 600 il bundan əvvəl siyasi görüşlərinə görə işgəncə ilə qətlə yetirilən Nəsiminin soykökü-şəcərəsi Hələbdə zəmanəmizə qədər davam edir.
Məscid və təkyənin qoruyucusu Məhəmməd Nəsimi adlı ortayaşlı bir şəxs idi. Bütün bunlar çox mətləblərdən söz açır, şairin mühiti, həyat və yaradıcılığına yeni dəyərlər prizmasından baxmaq zərurəti qoyur.
Burada kimin nə qədər iş görəcəyi fərq etməz. Nəsimi elə bir zirvə, elə bir abidədir ki, Xalq şairi Rəsul Rza demiş, onun daha gözəl, daha dəqiq, uzunömürlü yaranmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir.
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2018.- 1 dekar.- S.18.