Tahir Salahovun 90 yaşı qeyd edilib

 

 

Müasir Azərbaycan və dünya rəssamlığının görkəmli nümayəndəsi, Xalq rəssamı Tahir Salahovun 90 yaşı tamam olub. Bu münasibətlə noyabrın 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində “Tahir Salahov-90” adlı tədbir təşkil edilib.

Tədbirdə muzeyin direktoru Səadət Mirzəyeva çıxış edərək rəssamın ev-muzeyinin yaradılmasından və nəzərdə tutulan işlərdən danışıb. Bildirib ki, ev-muzeyində Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunur. Muzeyin kolleksiyasında 800-ə yaxın eksponat var. Altı il əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bir sıra ölkələrdən turistlər məhz dahi sənətkarın ev-muzeyini ziyarət etmək üçün İçərişəhərə gəlir.

Belə tədbirlərin ənənəvi olaraq hər il keçirildiyini bildirən Səadət Mirzəyeva deyib ki, Tahir Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açıb. Onun dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev sənətkarın ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açıb. Qeyd edib ki, T.Salahovun həyat və yaradıcılığı doğma Azərbaycana və mədəniyyətinə təmənnasız xidmətindən ibarət olub. “O, böyük istedadı ilə Azərbaycan xalqının milli adət-ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dünya rəssamlıq prosesinə də müsbət təsir göstərib. Onunla hər bir azərbaycanlı fəxr edir. Dünya rəssamlarının arasında öz dəst-xətti, öz nüfuzu ilə seçilən belə bir sənətkarın millətimizin nümayəndəsi olması, sözün əsl mənasında, xoşbəxtlikdir. Uzun müddət Rusiyada yaşamasına baxmayaraq, o, doğma Vətəninə bağlı insandır. Özünəməxsus yaradıcılıq üslubuna malik rəssamın əsərlərinin çoxu Azərbaycan mövzusundadır. Rəssam sənəti şəkil çəkməklə deyil, düşüncəylədi. Tahir Salahovun düşüncələri onun əsərləridir”, - deyə Xalq rəssamı qeyd edib.

Tahir Salahovun həyat və yaradıcılığına həsr olunanYaddaş” sənədli filminin rejissoru Ziya Şıxlinski, Əməkdar rəssam Taryer Bəşirov və başqaları çıxış edərək görkəmli fırça ustasının zəngin yaradıcılığından söhbət açıblar.

Diqqətə çatdırılıb ki, yubiley ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Rusiya Prezidenti Vladimir Putin yubilyarı təbrik edərək onun yaradıcılığını yüksək qiymətləndiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2018.- 1 dekar.- S.13.