Mədəniyyət naziri Cəlilabadda vətəndaşlarla görüşüb

 

 

Mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Cəlilabad, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu, tapşırıq və tövsiyələrini verib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Lənkəran şəhərindən qəbula yazılan sakinlər Bəlləbur kəndində yerləşən “Bəlləbur” qalasında arxeoloji işlərin aparılması, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Cəlilabad sakinlərinin müraciətləri Göytəpə şəhərində yerləşən kilsənin təmir-bərpa olunması, Təzəkənd klubunun mədəniyyət evinə çevrilməsi, işlə təmin olunma barədə idi.

Astaradan qəbula gələn vətəndaşlar rayonun Tarix-Diyarşünaslıq Muzeyinin bəzi eksponatlarının bərpa olunması, Mərkəzləşdirilmiş kitabxana sisteminin 80 illik yubileyinin qeyd olunmasına köməklik edilməsi barədə müraciət ediblər.

Lerik və Masallı rayonlarından qəbula gələnlər ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin əməkdaşlarının təcrübəsinin qarşılıqlı şəkildə öyrənilməsi məqsədilə mübadilə səfərlərinin təşkili, bölgələr üzrə milli geyim festivalının keçirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

Bundan əlavə, Yardımlı rayonunun kənd kitabxanalarının yerli yazarların əsərləri və diyarşünaslıq materialları ilə təmin olunması, respublika kitabxanalarının fəaliyyətini əks etdirən illik məlumat bülletenlərinin nəşr olunması barədə də nazirə müraciət edilib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 1 dekar.- S.13.