Linqvistik
"mozaika"
DİL MÖVZUSUNDA “MOZAİK”
DÜŞÜNCƏLƏR
“Mozaik” dünya
Dünya xəritəsini gözlərimizin önünə
gətirək.
Əgər bu, dünyanın siyasi xəritəsidirsə,
onda fərqli ölçü və formalarda olan,
çeşid-çeşid rənglərlə
seçilmiş ölkələr görəcəyik.
Yox, əgər
bu, adi xəritədirsə, o zaman gözlərimiz
önündə yenə də dağlar-təpələr,
düzənliklər, dəryalar, səhralar, buzluqlar, su
hövzələri və s. ilə zəngin “çoxrəngli”
bir mənzərə açılacaq. Hər ikisi mozaik “səhnə”dir.
Amma bu “mozaik lövhələr” bir nəsnəyə aiddir -
dünyamıza!
Adından
da göründüyü kimi, bu yazı da müxtəlif, yəni
“mozaik” fraqmentlərdən ibarət olacaq, amma hamısı bir
“çətirin” altında birləşəcək - dil!
Yeri gəlmişkən:
bir az da “çətir” haqqında
Maraqlıdır ki, “çadır” və “çətir”
eyniköklü sözlər olsalar da, fəallıq
baxımından Azərbaycan dil istifadəçilərinin bu
vahidlərə münasibəti fərqlidir. Başqa
sözlə, “çətir” sözündən istifadə “çadır”
qədər işlək deyil. Bildiyimiz
kimi, yazılı materiallardan fərqli olaraq danışıq
dilində “çətir” əvəzinə “zontik” işlədilir.
O da məlumdur ki, lüğətdə bu sözü (“çətir”
nəzərdə tutulur) başqa bir nəsnəni ifadə etmək
üçün də görə bilərsiniz. Daha dəqiq desək, qadınlarda alının
açıq hissəsinə buraxılan saç
tutamını ifadə etmək üçün. Amma “çətir” sözünün bu mənada
işləkliyinin yox dərəcəsində olduğunu qətiyyətlə
söyləyə bilərik. Maraqlıdır ki, Anadolu
türkcəsində buna “saçaq” deyirlər, yəni bizim
dilimizdə də fəal olan, amma bir az fərqli
kontekstdə geniş işlədilən söz.
Açığı bu variant maraqlı və məntiqli
görünür - adətən baş örtüklərinə,
süfrə və oxşar əşyalara vurulan saçaqlar
qadınların alınlarına buraxdıqları saç
tutamına çox bənzəyir, üstəlik, sözün
kökündə də “saç” sözü var ki, bu da onu
daha təbii, diləyatımlı və istifadə
üçün rahat edir.
“Mozaik”
texnologiyalar dünyası
Get-gedə
güc toplamaqda və gerçəkliyini daha aydın hiss
etdirməkdə olan qloballaşma prosesi dillər
üçün də təsirsiz ötüşmür. Məhz qloballaşmanın və müasir
texnologiyaların yayım, paylaşım mexanizmlərinin təsiri
ilə bəzi söz və ifadələr tez bir zamanda beynəlxalq
miqyasda fəallaşır və elə həmin sürətlə
də bütün dillərdə eyni formada istifadə olunur.
Bunlar daha çox informasiya-kommunikasiya
texnologiyaları ilə bağlı olan dil vahidləridir.
Texnologiyaların gündəlik həyatımızda
işləkliyi o qədər artıb ki, onları ifadə edən
dil vahidləri ən lazımlı nəsnələr kimi
adlarını tez-tez çəkdiyimiz əşyalar
siyahısına daxil olub. Çətinlik
çəkmədən bu tendensiyanın zamanla daha da güclənəcəyini
indidən təxmin etmək olar. Başqa
sözlə, bundan sonra da dünya dillərinə, o sıradan
da azərbaycancaya beynəlxalq miqyasda fəal işlədilən
dil vahidlərinin sürətlə daxil olacağı və ya
çoxvariantlılıq yaradacağı gözlənilir.
Nə
görür, nə oxuyuruqsa...
Orijinal
dilinin təsiri və tez-tez görülməsi dildə
yazı qaydaları ilə bağlı bir sıra təzadlı
halların yaranmasına səbəb ola bilər.
İnternetdə materialların böyük əksəriyyətinin
qlobal kommunikasiya dili olan ingilis dilində yazılması və
yayılması onun (ingilis dilinin) yazı qaydalarının
daha tez-tez görülməsinə və istifadə edilməsinə
olduqca münbit şərait yaradır. Nəticədə
isə yerli dillərdəki yazı qaydaları yeni
tendensiyaların təsiri ilə üzləşir. Məsələn, World War II kimi yazılan ifadə
bir çox yerli saytlarda II Dünya Müharibəsi kimi (yəni
böyük hərflərlə) verilir.
İngilis dilində iki hissədən ibarət olan
başlıqlarda birinci hissə ikincidən qoşa nöqtə
ilə ayrılırsa, ikinci yarı mütləq böyük
hərflə başlamalıdır. Bu qayda digər hallar
kimi dəqiq müəyyənlədirilib və kimlərin, nə
məqsədlə hazırlamasından (media
üçünmü, elmi nəşrlər
üçünmü və s.) asılı olaraq müxtəlif
üslub adları ilə dərc edilərək yazı ilə
məşğul olan bütün qurumların stolüstü vəsaitinə
çevrilib. Təbii ki, internetdən də
asanlıqla əldə edilə bilər. Bu
və digər yazı qaydalarının yerli dillərdə
tez-tez görülməsi, eləcə də tərcümə
edilməsi onlardan istifadəni stimullaşdırır. Amma dil istifadəçisi bu hallarla üzləşərkən
çətin vəziyyətə düşə bilər.
Məsələn, azərbaycanlı yazar “Ali təhsil: problemlər
və perspektivlər” yazarkən qoşa nöqtədən
sonra gələn sözü böyük hərfləmi
yazmalı, yoxsa rus dilində olduğu kimi kiçikləmi? Burada rus dili ona görə xatırlanır ki, sovet
dönəmində bir çox sahələrdə olduğu
kimi, dil qaydaları da məhz mərkəzdəki -
Moskvadakı mütəxəssislərin müəyyənləşdirdiyi
qaydalara xitab edir, onların əsasında
formalaşdırılırdı. Bu, təbii
haldır, çünki söhbət eyni ölkədən
gedirdi. Bu və oxşar hallarla
bağlı suallar çox xırda görünə bilər,
amma bu, o qədər də kiçik məsələ deyil.
Ədəbi dildə bir dəqiq qayda qəbul
olunmalı və o, hamı üçün bir “rəhbərə”
çevrilməlidir, əks halda bu sahədə xaotiklik
qaçılmazdır. Bu və digər
oxşar məsələlərin həlli zamanın və dil
istifadəçilərinin tələbi olacaq.
Başqa
bir tendensiya - abbreviaturlar
Texnologiyaların, yayım və paylaşım
platformlarını gəlişdirən, istehsal edən,
media-kontent yaradan ölkələrdə yazı və
kommunikasiyada qəbul edilmiş qaydalar sürətlə
yayılır və tez-tez görülməsi, işlənməsi
səbəbindən dünyanın digər bölgələrində
tədricən qəbul edilir, işləklik qazanır. İnkişaf
etmiş ölkələrdə xüsusilə populyar olan
abbreviaturların zamanla dünya miqyasında geniş işləklik
qazanacağını təxmin edə bilərik. Bu populyarlıq bir neçə amillə şərtlənə
bilər - zaman basqısı üzündən nəyi isə
qısa tələffüz etməyə və yazmağa
kömək edir, yenə də yığcamlığı səbəbindən
yaddaqalan, səslənişi isə özəl və cəlbedici
olur. Bütün bu amillər o
abbreviaturların brend yaratma prosesində çəkisini
artırır. Azərbaycan dilində isə
əsas məsələ bu abbreviaturların yazılış
qaydasını müəyyənləşdirməklə
bağlıdır. Hansı abbreviaturlar
olduğu kimi qalsın və niyə? Hansılar
transliterasiya olunmalıdır və yenə də niyə, nəyə
əsasən?
Köhnə
toponimlərə yeni baxış
Dilimizdə bir çox söz və ifadələrin,
toponimlərin yazılış qaydaları məlum səbəblərdən
rus dilindəki qaydalara əsasən formalaşıb. Toponimlərdən
danışmalı olsaq, iki və daha çox sözün
birləşməsindən yaranan vahidləri göstərmək
olar. Məsələn, Sankt-Peterburq,
Frankfurt-Mayn, Rostov-Don, Sen-Jermen-an-Le və s. Şimali Amerika qitəsindən
isə Nyu-York, Los-Anceles, San-Fransisko kimi şəhər
adlarını misal çəkmək olar. Bu şəhər
adlarından bir qismi orijinal dilində defislə yazılsa da
(Sankt-Peterburq, Rostov-Don, Sen-Jermen-an-Le), digər bir qismi (Frankfurt-Mayn,
Nyu-York, Los-Anceles, San-Fransisko) defissiz yazılır, yəni
alman və ingilis dillərində bu toponimlərin adları belə
formalaşıb: Frankfurt am Main, New York, Los Angeles, San Francisco. Azərbaycan və rus dillərindəki variantlarla
müqayisə etdikdə əsas fərqi sezmək o qədər
də çətin deyil - orijinalda ortada defis yoxdur. O
zaman nəyə görə bu toponimləri orijinaldakı kimi
Nyu York, Los Anceles, San Fransisko, Frankfurt Mayn kimi yazmayaq?
“Rəngbərəng”
rəng adları
Azərbaycanda dil istifadəçilərinin bəzi rəng
adlarının ruscadakı qarşılığına
üstünlük verməsi faktı hamımıza məlumdur. Bu qrupdan olan
leksik vahidlər arasında onların rusca
qarşılığının işləkliyi o qədər
fəaldır ki, diqqəti cəlb etməyə bilmir. Dilimizdə mövcud olan rəng adlarının
populyarlaşması və işləklik qazanması
üçün müəyyən addımların
atılması barədə də düşünmək fayda
verərdi. Bu zaman ənənəvi
üsullarla yanaşı, dilin imkanlarından bəhrələnərək
yeni, maraqlı sözlərin yaradılması versiyası da
gözdən qaçırılmamalıdır.
Məsələn,
“bulud ağı”, “duman bozu”, “asfalt bozu”, “zümrüd
yaşılı”, “zeytun yaşılı”, “bibər
yaşılı”, “yaqut qırmızısı”, “heyva (və
ya limon) sarısı”, “buğda sarısı” kimi
çoxçalarlılıq yaradan variantlardan niyə istifadə
etməyək?
Azərbaycan dilində bənövşəyi rəngin
çalarları ilə bağlı geniş
çeşidlilik yoxdur deyə bilərik. Bu qrupa daxil olan rənglərin
bir çoxunu ancaq “bənövşəyi” adlandırmaqla
keçinir, daha tünd çalarları isə adətən
“badımcanı” sözü ilə ifadə edirik. Lakin bu qrupa daxil olan rənglərdə
çoxçalarlılıq nəzərə çarpır.
Məsələ burasındadır ki, dildə o
çalarlılığı bütün tutumu ilə ifadə
edə biləcək vahidlər yetərli sayda deyil. Bunu dil istifadəçilərinin bu rəngləri
ifadə etmək üçün başqa dillərdəki
vahidlərdən tez-tez işlətməsinə əsasən
iddia etmək olar. Burada da Azərbaycan
dilinin imkanlarından faydalanaraq müəyyən yeniliklərə
cəhd etmək olar. Məsələn, əhali
arasında tonunun açıqlığı ilə seçilən
çalar haqqında danışarkən ruscadakı
“sirenevı” sözü çox işlədilir.
Bildiyimiz kimi, “siren” - “yasəmən” deməkdir. O zaman niyə həmin
rəng çalarına “yasəməni” deməyək? Narın rəngi də haqqında
danışdığımız rəng qrupuna aiddir. “Nar rəngi” kimi ifadə olunan ifadənin
populyarlaşması da dilin leksik tərkibinin bu
bölümünə bir artım olardı.
Türkcədə “mor” kimi səciyyələndirilən
rəngin çaları da özündə müxtəlif
tonları ehtiva edir. Maraqlıdır ki, Azərbaycan dilində
“mor” sözü olmasa da, çox yaxın rəngdə olan bir
giləmeyvə - moruq yada düşür. Bu giləmeyvə və rəng arasında “qohumluq əlaqələrinin”
olması da mümkündür deyə ehtimal edə bilərik.
Bu əsnada giləmeyvənin adından istifadə
edərək bir rəng adı olaraq “moruğu”
sözünün istifadəyə daxil edilməsi və
yayqınlaşması da mümkün variantlardan biri sayıla
bilər.
Dildə iştirakçılıq
Dillə bağlı müxtəlif tədbir və
toplantılarda, yazı və paylaşımlarda şikayət
xarakterli çıxışlara, fikirlərə tez-tez rast gəlmək
olar. Bu şikayətlərdən bir qismi “Əhalimiz niyə hələ
də rus sözlərindən çox istifadə edir? Adamlar
niyə “səksən” əvəzinə “həşdat” deyir?”
tipli gileylərdir. Bu cür giley-güzarlar illərdir ki, səslənir
və onlar problemin həllinə kömək etmir. Bəlkə
məsələnin həllinə başqa bir yöndən
yanaşmağı sınamağın vaxtıdır? Məsələn,
vətəndaşlarımızın dildə gedən proseslərdə
iştirakçılığını təmin etməklə.
Başqa sözlə, onların dil bilgisini artırmaqla,
söz yaradıcılığı prosesində iştirak etmələri
üçün şərait yaratmaqla və s. Sözlərin mənşəyi,
dilə keçidi haqqında maraqlı məlumatların
verilməsi dil daşıyıcılarının
marağına səbəb ola bilər. Məsələn,
insanlar bilsələr ki, “çamadan” sözü “cəm”
sözündən yaranıb, yəni əşyaları cəm
edən - cəmləyən, bir yerə toplayan, o zaman həmin
sözə münasibət fərqli olacaq. Eyni rəqəm
üçün niyə iki söz (“səksən” və “həşdat”)
işlətdiyimiz haqqında məlumat da bu mənada
faydalı olardı. Bu tendensiya insanlarda başqa sözlər
haqqında da düşünmək, onların mənşəyi,
kökü haqqında məlumatlı olmaq istəyi yarada bilər.
Təranə
MAHMUDOVA
BDU-nun
Beynəlxalq jurnalistika kafedrasının dosenti
525-ci qəzet.- 2018.- 1 dekabr.- S.23.