“Əhlət ağacı”ndan nə dərə
bilərik?
Ədəbiyyat başda olmaqla digər bütün incəsənət növlərində
nəsillərarası müxtəliflik
bəzən mübahisələrə,
birinin sənət meydanından sıxışdırılıb
çıxarılmasına qədər gətirib çıxarır.
Məşhur “atalar və oğullar” dilemması özündən əvvəlkini
qismən və ya tamamilə dəyişmək, yenilikçi
ruh qatmaqla sənət əcdadlarına təsir
etmək mövzusunu aktual edir. Bütün zamanlarda
bu mübahisə müzakirəyə açıq
qalır. Modernizmin keçmişi
köklü surətdə
dəyişmək iddiası
İkinci Dünya Müharibəsindən bir
qədər sonra
postmodern eranın başlanması
ilə yavaş-yavaş
tənəzzül etdi.
Artıq sənət öz əcdadını günahlandırmır, onu
öz statusundan salmaqda maraqlı olmur, əksinə, ona yeni ruh
qatır, zamanın axarına uyğunlaşdırır,
bəzən onunla “zarafatlaşır”, özündə
özündən əvvəl
yaradılmışların hər birinə ironiya etmək cəsarəti tapır. Bəzən bu alınmır və yeni nəsil
keçmişə uduzur.
Sənət haqqında düşüncələri,
ümidləri susuz quyunun lap dibinə düşür. Yəni, “atalar”
“oğullarını” özlərinə
bənzətməkdə israrlı
qalır. Ya da “oğul” özü “ataya” təslim olur. Nuri Bilgə Ceylanın
son çəkdiyi “Əhlət
ağacı” filmində
olduğu kimi.
Dünyaca məşhur türk
rejissoru, Anadolunun insanını özünəməxsus
şəkildə dünya
tamaşaçısına göstərən Nuri Bilgə Ceylanın sonuncu ekran işi
olan “Əhlət ağacı” filmsevərlərə
təqdim olunduğu andan həmişə olduğu
kimi yenə də böyük maraqla qarşılandı.
Filmləri mədəniyyət hadisəsinə çevrilən
rejissor bu dəfə gənc yazıçının ilk kitabını
nəşr etdirmək
üçün göstərdiyi
hər cür səyləri və uğursuzluğunu ana xətt edib yenə də bir çox göndərmələrlə, detallarla
zəngin kino ərsəyə gətirib.
Filmin baş qəhrəmanı
Sinan universiteti bitirib öz məmləkətinə qayıdır.
Sinan bu kəndi sevmir,
öz içində doğulduğu kəndlə
anlaşılmazlığı var, “yola gedə
bilmir”. Aid olduğu
toplum Sinanı yorur. Bu kənddə
onu təəccübləndirəcək,
ona qeyri-adi gələcək heç
nə yoxdu. Sinan qəzəblidi. Bu kəndin adamlarını,
mühitini içindən
keçirə bilməyib.
Bir yazıçı kimi ilk burada uğursuzdu. Parçası olduğu cəmiyyətin
əksiklərini tam mənada
görə bilmir.
Bu da onun
başqaları ilə
münasibətini soyuqlaşdırır,
kobudlaşdırır. Obraz bizə rejissorun digər filmlərindən tanış deyil. Ceylanın kameralarında bu cür xarakter bir ilkdi. Amma soyuqluğu, mübarizəyə
qarşı gücsüzlüyü,
ümidsizliyi digər
filmlərində də
rastımıza çıxan
xüsusiyyətlərdir. Türkiyədəki uğursuz gənc
yazıçıların ümumiləşdirilmiş
obrazı olan Sinan tələbəlik illərindəki müşahidələri
əsasında bir
roman yazıb. Roman insanın
iç səsi ilə bağlı monoloqlardan ibarət “Əhlət ağacı” adlı bir mətndir.
Əhlət ağacı zahirən
çox qoca görünən, Anadoluda
tez-tez rast gəlinən, meyvələri
görkəmsiz, yabanı
armud ağacıdır.
Kitabın adı onun gələcək taleyinə
işarədir. Yabanı bir
ağac nə qədər gərəksizdirsə,
Sinanın yazdığı
kitab da oxucu rəğbəti qazana bilməyəcək.
Filmin bir səhnəsində Sinan kitabxanaya gəlir və kitablarının satışı
ilə maraqlanır.
Aldığı cavab isə
“heç bir kitabınız satılmayıb”
olur.
Öz həyatını
nə qədər atasından fərqli yaşamağa çalışsa
da, Sinan bunu bacarmır. Kinonun ikinci
baş qəhrəmanı,
Murat Cemcirin bütün
ustalığıyla canlndırdığı
İdris obrazıdır.
İdris
arzularına məğlub
olmuş, bu məğlubiyyətlə barışmış
və hər şeyin əvvəlki kimi olmadığına özünü inandırmış
vecsiz bir obrazdır. İdrisin ən böyük
fərqliliyi vecsizliyidir.
Hər kəsin qınağına
gələn İdris özü də gənclik illərində axından fərqlənən
biri olmağa çalışsa da, bunu bacarmayıb. Oğlunun insanlara öz səsini duyurmaq arzusu İdrisə gülməli gəlir, çünki özü də bir zamanlar
bunu istəyib. İndi isə sadə bir müəllim, qayğısız atadır.
Atasından qalma bağında quyudan su çıxarmağa çalışan İdris
daha bir ümidsiz mövhumla bizi tanış
edir – quyu. Pamukun “Qırmızı saçlı
qadın”ında olduğu
kimi Nuri Bilgə Ceylanın bu filmində də quyu bədbəxtliyin
işarəsi kimi göstərilib. Sinan kəndə
gələn gündən
atası ilə o quyudakı daşları təmizləyir ki, su çıxsın.
Ancaq Pamukun baş qəhrəmanını öldürən
quyu, bu filmdə Sinanın arzularını, gənclik
ehtirasını öz
içindəki daşlara
bağlayır. Sinan sonda
elə quyunun içərisində atasının
taleyinə şərik
olur. Nəsillərarası savaş ata
tərəfin, yəni
keçmişin qalibiyyəti
ilə bitir. “Bir zamanlar Anadolu” filmi əgər yeni nəslin köhnə nəslin qayda-qanunlarına
daş atmaqla, etiraz etməklə bitmişdisə, burada Ceylan sanki özü
də heç nəyin dəyişməyəcəyinə
inanır və keçmiş yola təslim olur. Görünür, ötən yeddi
ildə məşhur rejissor özü üçün bəzi həqiqətləri yenidən
düşünüb, ya
da əksinə, onun bu finalı
verməsi özlüyündə
yeni bir səhərin açılacağına
işarədir.
“Bircə bu it məni mühakimə etmir”. İdrisin filmdəki ən kədərli cümləsi ola bilər bu məsum ifadə tərzi. Kənddə daim qınanılan atanın bir iti var. Kameralar tez-tez o itin tənha evin həyətində dolaşdığını göstərir. Köpək öz sahibindən narahatdı. İdrisə deyilən kobud sözləri sanki başa düşür və bu, o itə əzab verir. O öz sahibinin uduzmağını, bu kütləyə qarışmağını istəmir. İt bizə məşhur rejissor Tarkovskinin “Stalker” filmini xatırladır. Ümumiyyətlə, Nuri Bilgə Ceylanın əksər filmlərində Tarkovskidən nəsə tapmaq olur. Tarkovski türk rejissoruna güclü təsir edib və hətta Ceylanın öz xəttini müəyyən etməsində Tarkovskinin böyük rolu var deyə bilərik.
Hərbi xidmətdən qayıdan sonra Sinanın artıq kəndi, onun sakinlərini, cəmiyyəti və atasını yavaş-yavaş qəbul etdiyini görürük. Kinonun daha bir təsirli səhnəsi isə atasının onun kitabını göstərib “Bu kitab mənim ən yaxın dostum olub” deməsidi. Sonda yenə də atasına qayıtmağa məcburdu Sinan. Çünki bu kənddə onu elə atası anlayır. Gələcəyi nə qədər uğursuz olsa belə İdris öz oğlunu hamıdan yaxşı tanıya bilir və onun yanında olur. Sinan atasının kölgəsinə sığınmaq məcburiyyətindədir.
“Əhlət ağacı” filmində Sinanın anası öz həyatını olduğu kimi qəbul edən və ona tutunan obrazdı. Bu obraz xoşbəxt deyil, amma sevir və sevgisi onu həyatda saxlaya bilir. İdris kimi bir vecsiz insanla həyatını paylaşan qadın İdrisi sevdiyi üçün onun qayğılarına dözməlidir.
Türkiyə ədəbi mühitindəki “atalar və oğullar” məsələsinə isə rejissor yazıçı olmaq istəyən Sinanla artıq özünü təsdiq etmiş məşhur yazıçı Süleymanı kitabxanada görüşdürməklə işıq tutur. Məşhur aktyor Sərxan Kəskinin oynadığı Süleyman obrazı kitabları yaxşı satılan, yazıçı kimi uğur qazanan, eyni zamanda gənc nəsilə bir qədər kənardan baxmağı sevən, tənqidləri qəbul etməyən, öz həyat təcrübəsini daha üstün tutan bir xarakterdi. Onun yazıçı keçmişi ilə bağlı bir məlumatımız yoxdu. Sinan Süleymanı ilk dəfə tələbəlik illərində simpoziumların birində görüb. Həmin simpoziumda başqa bir yazıçının Süleymana göndərdiyi məktub haqqında iki obraz arasındakı dialoqdan Süleymanın içində gizlənən eqosunun şahidi oluruq. Sinan da çox müxalifdi. Hər halda Süleymanın onu sonadək dinləməsi, ən azından çıxış yolu tapmağına kömək etməsi vacib idi. Ailəsi, dostları, cəmiyyətlə yola gedə bilməyən Sinan kitabının nəşrindəki problemləri ona danışır, ailəsi ilə arasındakı ziddiyəti deyir. “Ya onlar istədiyi kimi olacaqsan, ya da ailənlə arandakı mübahisələri vicdanında həll etməlisən” deyən Süleyman böyük bir həqiqətə toxunur. Yazıçı olmağın Türkiyə cəmiyyətində nə qədər ağrılı, çətin yol olduğunu və bu yolda qarşısına çıxacaq problem və əngəlləri elə bu yol uğruna keçməli olduğunu vurğulayır. Süleyman Sinana məlum doğrunu demişdi – imtina. Əgər atası, ailəsi, kəndi ona mane olurdusa, o da bunlardan imtina etməli idi. Sinan isə bu vacib həqiqəti eşidə bilmədi.
Kitabxana səhnəsində bir neçə yazıçıyla bərabər Markesin şəklini görürük. İdrisin doğum zamanı üzündəki qarışqalar, sonra ağacın altında yatarkən üzündə yenidən gördüyümüz qarışqalar bizə Markesi və məşhur romanı “Yüz ilin tənhalığı”nı xatırladır. Bundia nəslinin də bədbəxtliyi bu filmlə başqa bir ortaq yönünü göstərir. Həmin romanda da ana obrazı nəslin əzabına qatlanır, həyatını qəbul edir, necə ki Sinan anası filmdə öz taleyi ilə razılaşdı.
Başqa bir səhnədə isə Sinan kitablarının taleyi ilə maraqlananda və posterin bir müddət asıldığına baxmayaraq heç bir kitabının satılmadığını öyrənəndən sonra qapıda Süleymanın yeni kitabının posterini görməsi keçmiş nəslin hələ də yeni nəsil üzərindəki üstünlüyünə işarədir.
Nuri Bilgə Ceylan iki dəfə ölüm səhnəsi qurur. Birinci, İdrisin yerdə uzandığını və üzündə qarışqaların olduğunu görən Sinan onun öldüyünü zənn edir. İkinci, Sinan quyuya düşərkən atası onu kəndirdən asılan vəziyyətdə görür. Ancaq hər iki səhnədə sadəcə yalnış müşahidə hadisəsi olduğu bildirilir. Bu isə ata və oğulun öz talelərindən həyatın icazəsi olmadan qaça bilməyəcəkləri deməkdir.
Filmdə adət-ənənələrə uduzan, öz gələcəyini valideynlərinin istəklərinə qurban verən, özündən yaşca çox böyük kişiylə evlənən, ancaq bu evlilikdən razı olmayan Xədicə obrazı da var. Sinanın kəndə gələndən sonra təsadüfən Xədicəylə görüşmə səhnəsi filmin ən baxımlı nöqtələrindən biridir. Mənzərə çox üzücüdü. Toy günü Xədicənin keçmiş sevgilisi ilə Sinanın davası, Xədicənin siqaret yandırması və digər kiçik səhnələr də kinoya ayrıca rəng qatır.
Sinan və kəndin iki axundu arasında keçən dialoqda Anadolu düşüncəsində dinin reallıqlarını görürük. İki ayrı axund əslində iki fərqli dini baxışı göstərir. Axundlardan biri mütləq inanclıdır. Onun üçün bütün sualların cavabı itaət etmək və inanmaqdır. Digəri isə dinin fərqli yönlərini, coğrafiyaya, düşüncəyə, zamana görə dəyişdiyini, bəzi həqiqətlərin inkar olunmadan fərqli şəkil almasını öz dostuna demək istəyir. Sinan isə inanc mövzusunda tərəfsizdi. Bu, onu maraqlandırmır.
Filmdə səslənən “Anadolu insanının əhlət
ağacı” (el məsəli) Nuri Bilgə Ceylanın öz
filmlərinə tərəf yandırdığı
işıqdı. Yuxarıda qeyd etdiyim göndərmələrlə (Pamuka, Tarkovskiyə, Markesə) bərabər bu cür postmodern
gediş filmi
çoxqatlı edir. “Əhlət
ağacı” haqqında istənilən yöndə
danışmaq olar. Rejissorun
ustalığı ondadır ki, üç saatlıq ekran
işində onlarla detal
tapıb yoza bilirsən. Film
bəşəridi. Digər kinolarında olduğu
ki Anadolu, onun adamları və mənzərəsi
kameraların obyektivindədir. Filmin digər
Nuri Bilgə Ceylan
işləri kimi uğurlu
olacağına şübhə qalmır.
Rəvan
CAVİD
525-ci qəzet.- 2018.- 1 dekabr.- S.17.