Maarifçiliyin klassiki   

 

HENRİFİLDİNQ HAQQINDA BİR NEÇƏ SÖZ

 

 

 

 

Mən Fildinqin “Gizlincə atılmış məktublar və yaxud arvadı evdə saxlamağın yeni üsulu” fars-komediyasını tərcümə etmək istəyəndə, maraqlandım və məlum oldu ki, onun, yəni Henri Fildinqin heç bir əsəri Azərbaycan dilinə tərcümə edilməyib, halbuki bu yazıçı nəinki XVIII əsr ingilis ədəbiyyatının, ümumiyyətlə, XVIII əsr Avropa ədəbiyyatının (maarifçiliyinin) böyük nümayəndələrindən biridir.

Məlumdur ki, XVII əsrin sonlarından etibarən feodalizm Avropanın inkişafında bir mərhələ kimi öz missiyasını bitirməyə başladı və maarifçilik sürətlə inkişaf etdi, yayıldı. Fransada Didro, Volter, Russo, Bomarşe, Monteskye, Lesaj, Abbat Prevo, İngiltərədə Svift, Defo, Smollett, Stern, Almaniyada Lessinq, Şiller, gənc Höte, İtaliyada Qaldoni, Qotsi kimi yazıçılar Avropa ədəbiyyatına daha artıq bir mövzu zənginliyi və janr müxtəlifliyi gətirərək, maarifçi ədəbiyyatın bədii-estetik və ictimai-fəlsəfi baxımdan güclü özülünü yaratdılar. Bu dövrdə “Robinzon Kruzo”, “Qulliver”, “Fars məktubları”, “Manon Lesko” və digər bəşəri səviyyəli və əhəmiyyətli əsərlər yarandı və bu əsərlərdən biri də Fildinqin mənəvi-fəlsəfi dərinliyi ilə seçilən, maarifçilik ənənələrini təcəssüm və inkişaf etdirən “Tom Cons” (tam adı: “Çağa ikən atılmış Tom Consun tarixçəsi”) romanı idi.

“Tom Cons” Avropa realist roman janrının təməlini qoymuş əsərlərdən biri idi və yadıma gəlir, 1960-cı illərin ikinci yarısında, aspirant olduğum vaxtlar Şuşanın açıq yay kinoteatrında İlyas Əfəndiyevlə birlikdə ingilislərin çəkdiyi “Tom Cons” filminə baxmışdıq. Film İlyas Əfəndiyevin xoşuna gəlməmişdi, çünki Tomun səmimiyyəti, rəhmdilliyi, onun daxili aləmini səciyyələndirən mərhəmət hissi filmdə üzdən, birbaşa (müstəqim) verilmişdi, rejissor - adı yadımdan çıxıb - romandakı bədii-psixoloji dərinliyə vara bilməmişdi, halbuki elə həmin dərinliyə görə də bu əsər “Robinzon Kruzo” kimi başqa əsərlərlə birlikdə, yuxarıda dediyim kimi, realist roman janrının əsasını qoymuşdu.

Olduqca məhsuldar bir qələm sahibi olan - yalnız elə 1728 və 1743-cü illər arasında - 15 ildə - 26 pyes (!) yazmış Henri Fildinqin yaradıcılığı çoxcəhətli və çoxsahəlidir: romanlar, komediyalar, traktatlar, pamfletlər, parodiyalar, jurnalistika və bura onu da əlavə etsək ki, o, nüfuzlu bir hüquqşünas, vəkil, hakim və nəhayət Londonun Baş hakimi idi, məhkəmə sistemində “böyük humanist” kimi məşhurlaşmışdı, İngiltərədə polis sisteminin yaradılması onun adı ilə bağlıdır, general rütbəsi almışdı - o zaman cəmi 47 il (1707-1754) yaşamış bu yazıçının yaradıcılığının və həyatının nə dərəcədə zəngin olduğu barədə, güman edirəm ki, təsəvvür yaranır.

Düzdür, Fildinqin komediyalarını Şekspirin, Molyerin, de Veqanın komediyaları ilə müqayisə etmək hissə qapılmaq olar, o, bir dramaturq kimi bəlkə, öz müasirləri Bomarşe, Şiller, Qaldoni, Qotsi sırasında da deyil, ancaq Fildinq satirası, gülüşü, yaradıcılığında sosial ifşa motivləri, cəmiyyətin naqisliklərinə qarşı mübarizədə Fildinq cəsarəti bu günün özündə də ciddi bədii-emossinal təsir gücünə malikdir və təsəvvür edin ki, hələ otuz yaşına çatmamış Fildinqin farslarında puritan maskası taxmış kübar burjua cəmiyyətindəki riyakarlığı, ikiüzlüyü, dövlətin idarəçiliyindəki qüsurları konkret ünvanlı satirası ilə açıb-göstərdiyinə görə, bu farslar bir müddət qadağan edilmiş, sonra isə hökuməti “Teatr senzurası haqqında qanun” qəbul etməyə məcbur etmişdi.

Fildinq dramaturgiyasının qəhrəmanları gənc qadınlardan tutmuş qoca kişilərəcən, zadəganlardan tutmuş nökərlərəcən, kübar xanımlardan tutmuş fahişələrəcən, yüksək rütbəli hakimlərdən tutmuş əsgərlərəcən müxtəlif sosial sinif nümayəndələri idi və bu ona imkan verirdi ki, bir-birindən seçilən xarakterlər qalereyası yaratsın.

Bütün bunlara görə də əsrlər bir-birini əvəz edir, Fildinq dramaturgiyası isə aktuallığını itirmir, ancaq bu yazıçının romanlarından, ilk növbədə isə əlbəttə, “Tom Cons”dan fərqli olaraq, dramaturgiyası unudulmaqdadır və bu unutqanlığı (o cümlədən, komediyalarının, ümumiyyətlə, heç bir əsərinin Azərbaycan dilinə çevrilməməsini) mən, əgər belə demək olarsa, “ədəbi bəxtin” gətirməməsi kimi qəbul edirəm.

Dünya ədəbiyyatı tarixində (ümumiyyətlə, sənət tarixində) bu tipli hadisələr (“ədəbi bəxtsizlik”!) az olmayıb, ancaq orası da var ki, bəzən bu unudulanlar zaman keçdikcə, yenidən kəşf olunur və onların yaradıcılığı ikinci (və şərəfli!) sənət ömrü yaşayır.

Mən tərcümə üçün “Gizlincə atılmış məktublar və yaxud arvadı evdə saxlamağın yeni üsulu” komediyasını ona görə seçdim ki, bu əsəri Fildinq dramaturgiyasının səciyyəvi nümunələrindən biri hesab edirəm və buradakı satira ümumilikdə konkret ünvanlı Fildinq satirası haqqında yəqin ki, ümumiləşdirilmiş bir bilgi verə bilir.

Baxın, kübar burjua cəmiyyətində əxlaq pozğunluğu baş alıb getdiyi bir vaxtda - 1726-cı ildə Londonda “İnsanın əxlaqi borcu” adlı anonim traktat nəşr olunur və elə əxlaqsız cəmiyyətin özü bu kitabı üzdə yüksək qiymətləndirir. Fildinqin bu komediyadakı qəhrəmanı və əxlaq baxımından gözükölgəli olan Reykl qəflətən əri evə qayıdan aşnasının yataq otağında gizlənərək, darıxmasın deyə, “İnsanın əxlaqi borcu”nu oxuyur - bu, məncə, həmin pozğun cəmiyyətin riyakar ikiüzlüyünü bədii-estetik baxımdan yaxşı ifadə edən kiçik bir epizoddur.

Cəmiyyət o dərəcədə pozulub, sevgi ilə xəyanət o qədər bir-birinə qarışıb ki, aşna öz sevgilisindən digər məhəbbət macəralarını nəinki gizlətmir, əksinə, ərli qadın olan sevgilisi ilə gizli görüşə gələrkən o macəralarla qürurlanır. Elə həmin Reykin missis Uizdomla bu dialoquna fikir verin: aşnasının qorxmadan bu gizli görüşə gəldiyi üçün qadının: “Belə görürəm ki, siz qorxaq adam deyilsiz, təhlükələr sizi qorxutmur”. - sözlərinə aşnanın cavabı: “-Bu cür təhlükələrə elə öyrəşmişəm ki, heç fikir də vermirəm. Yeniyetməliyimdən sonra mən bu dünyadakı bütün ərlərə müharibə elan etmişəm.

MİSSİS UİZDOM. Daha doğrusu, onların xanımlarına.

REYKL. Nə danışırsız xanım? Mənim təsəvvürümdə qadın bir qaladır, əri isə - bu qalanı zəbt etmiş qəsbkar! Mən çalışıram onu o qaladan çıxarım, ancaq ona görə yox ki, orada qan tökmək, qırğın törətmək, ya da içəri qırmızı xoruz buraxıb, hamını qorxutmaq istəyirəm. O qəsbkarı qaladan çıxarıb, sülhlə, əmin-amanlıqla həmin qalaya daxil oluram. Beləliklə də, xanım, əgər etiraz etmirsizsə, yataq otağına keçək.

MİSSİS UİZDOM (bərkdən gülərək). Nə üçün? “İnsanın əxlaqi borcu”nu oxumaq üçün? Ha-ha-ha!..”

Bu isə, Fildinqin birbaşa vurduğu siyasi-ictimai şapalaqdır: pyesin başqa bir qəhrəmanı Kommons London fahişələri ilə ünsiyyət yaradanda: “Lordlar belə tanışlıqdan iyrənmir” - deyir və bu, o zaman idi ki, ən varlı, adlı-sanlı zümrə nümayəndələri olan lordlar, əslində, ölkəni idarə edirdilər.

Yaxud da, nökər Con həmkarına tövsiyə edir: “Centlmen kimi oğurluq etmək istəyirsənsə, dostları satmağı öyrən!” və hakimiyyətin nümayəndəsi olan məhkəmə məmuru da: “Satqınlığa görə mükafat da alarsan!” - deyə onu şirnikləndirir.

Hakim nökər Riski məhkəmədə ağasının üzünə durmağa və yalandan and içməyə təhrik edir və Risk də razı olaraq hakimə deyir: “Cənabınız məni bağışlasın, ancaq indi birdin-birə vicdan əzabı çəkməyə başladım. Eşitmişəm ki, siz cürbəcür dələduzları, avaraları tapıb, adamların üzünə durquzursuz, ancaq sonra onların pulunu ödəməyi o qədər də xoşlamırsız. Ona görə də istərdim ki, mənim hesabımı bəri başdan verəsiniz, çünki bu iş də həmin işlərdən biridir”.

Və pyesdə yazıçı və cəmiyyət münasibətləri baxımından bu tipli atmacalarla, ikibaşlı sözlərlə, rişxəndlə, parodiyalarla tez-tez rastlaşırsan.

Bir cəhəti də qeyd etmək istəyirəm ki, Fildinqin qəhrəmanları o dövrün etiketinə görə pafosla, təmtəraqla danışırlar və əlbəttə, tərcümə zamanı, bu nitqi sadələşdirsən, yəni həmin pafosu, təmtəraqı götürsən, dövrün koloritini xeyli dərəcədə azaltmış olacaqsan.

Ümumiyyətlə, deməliyəm ki, xarici ədəbiyyatı rus dilindən tərcümə etdikdə, diqqətli olmaq lazımdır, çünki bu - tərcümənin tərcüməsidir və birinci tərcüməçi (orijinaldan rus dilinə çevirən) harda səhv edibsə, onu hiss etmək, orijinaldakı məqamı öyrənmək lazım olur ki, o səhvi təkrar etməyəsən.

Bu kiçik yazının sonunda oxucuları Henri Fildinqin bəzi məşhur fikirləri (kəlamları) ilə də tanış etmək istəyirəm:

“Böhtan - şapalqadan daha dəhşətli bir silahdır”.

“Qəlbimizi məhv edən öldürücü zəhər - paxıllıqdır, qibtədir, həsəddir”.

“Əgər “mənimki”, “səninki” anlayışları olmasaydı, indi dünyada ümumbəşəri sülh hökmranlıq edirdi”.

“Bütün bədbəxtliklər zamanı ən böyük təsəlli odur ki, heç bir düşmən sənin vicdanını əlindən almaq iqtidarında deyil”.

“Dövlət qanunları ilə bərabər, vicdan qanunları da var və bu vicdan qanunları dövlət qanunlarındakı çatışmazlıqları əvəz edir”.

“Xoşbəxt o insandır ki, özünü xoşbəxt hesab edir”.

“Riyakar dost ən qorxulu düşməndir”.

“Hər bir həkimin sevimli xəstəliyi var”.

“Məhəbbət və mərəkə ən dadlı çay dəsgahıdır”.

“O təriflər həmişə xoşumuza gəlir ki, bizdə olmayan cəhətlər təriflənsin”.

“Sizin məramınızın, hətta əməllərinizin öz-özlüyündə nəcib olması hələ kifayət deyil - gərək onların məhz nəcib olduğunu göstərmək üçün də çalışasınız”.

“Gizlincə atılmış məktublar və yaxud arvadı evdə saxlamağın yeni üsulu” komediyasından bir şəkili oxuculara təqdim edirəm və orasını da deyim ki, bu şəkildə özünü lord kimi qələmə verən əyyaş Kommons əslində, ilkin dini xidmətinin son mərhələsində - artıq keşiş olmaq ərəfəsindədir.

21 avqust 2018.

Bodrum. 

İKİNCİ PƏRDƏDƏN İKİNCİ ŞƏKİL

Kommons, şortu qadınlar, skripkaçılar, Risk.

KOMMONS (hər iki tərəfində oturmuş şortu qadınları qucaqlayaraq oxuyur).     

Dəm-də-də-dəm!

Başqası yox,

İsgəndərəm!

Zülqərneyn

İsgəndər!

Dəm-də-də-dəm!

İsgəndərəm

mən!

(Şortu qadınlardan birini özünə sıxır.)

Statira - sən,

(Şortu qadınlardan o birini də özünə sıxır.)

Roksana* da

Ay totuş, sən!

Dəm-də-də-dəm!..

(Çalğıçılara.) Ey, çalğıçılar, İsgəndərin marşını çalın! Zülqərneyn İsgəndərin!

BİRİNCİ SKRİPKAÇI. Üzr istəyirik, cənab! Ancaq biz o havanı bilmirik.

KOMMONS. Bilmirsiz? Onda “Qara Cok”u çalın!

İKİNCİ ŞORTU QADIN. “Ağ Cok” daha yaxşıdı. Ancaq mən “Ağ Cok”u çox sevirəm.

KOMMONS. Yaxşı! Ağ olsun, qara olsun - mənim üçün fərqi yoxdur.

Skripkaçılar çalır.

İKİNCİ ŞORTU QADIN. Yaxşı olar ki, meyxanəyə gedək, qəşəng oğlan! Bizim o balaca hakimlər ki, var e, adama elə çəp-çəp baxırlar… Bir də gördün ki, bizi tutub, Brayduellə göndərdilər!

KOMMONS. O hakimciklər kimdi ki!?. Mənim kimi mühüm bir adamın yanında onlar heç cıqqırıq da çəkə bilməzlər! Elə ki, bildilər mən lordam, qurtardı getdi, bizə toxuna bilməzlər!

BİRİNCİ ŞORTU QADIN. Oy, bağışla, mənim əzizim, mən heç bilmirdim ki, sən lordsan!

KOMMONS. Bəli, gözəlim, İrlandiya krallığında* mən - zat-aliləri lord Kilfobam!

Risk onlara yaxınlaşır.

RİSK. Milord Kilfob sizi Londonda görməyimə çox şadam!

KOMMONS. A-a-a, Nad Risk, əlini ver görüm, dostum! Bura bax, vicdanı təmiz Risk, mənimlə meyxanəyə gedək! Orda sənin sərəncamında bir şüşə əla şərab, bir nəfər də gözəlçə olacaq! Bilirsən...

Kommons Riskin qulağına nəsə pıçıldayır.

BİRİNCİ ŞORTU QADIN (rəfiqəsinə). Lord olasan, özün də (Riskə işarə edərək.) fırıldaqçıya oxşayan belə biriylə cici-bacı olasan? Yox, burda nəsə var! (Kommonsa işarə edərək.) Kim bilir, bəlkə bu, hansı bir zadəganınsa şpaqasını belinə taxıb, küçədə veyillənən, usta şəyirdidi, kimdi?

İKİNCİ ŞORTU QADIN. Mənə elə gəlir ki, Saki, bu fırıldaqçının biridir, bizim haqqımızı verməyib, aradan çıxacaq.

BİRİNCİ ŞORTU QADIN. Beləsi adamın axırına çıxar! Az qalacaq ki, lap alt paltarımızı da çıxarıb, onun əvəzinə meyxanada hesab ödəyək! Bununla bizimki tutmaz!

KOMMONS (yavaşdan Riskə). Mənə yarım kron borc verməzsən? Tanrıya and olsun ki, sabah qaytaracağam!

RİSK. Məmnuniyyətlə verərdim, amma cibimdə bir qara qəpik də yoxdu. Ağa məni iş dalınca göndərib, tələsirəm.

KOMMONS. Onda xoş gəldin, xeyrə-şərə yaramazın biri! (Şortu qadınlara.) Gedək, gedək meyxanaya! Özü də musiqi ilə!

İKİNCİ ŞORTU QADIN. Siz nə deyirsiz, cənab? Axı biz sizə layiq deyilik!

KOMMONS. Əlbəttə, siz lorda layiq deyilsiz, ancaq cəhənnəmə ki!.. Lordların çoxu belə tanışlıqdan iyrənmir. Bir halda ki, mən sizin səviyyənizə enirəm…

BİRİNCİ ŞORTU QADIN (onun sözünü yarımçıq kəsərək). Bizim səviyyəmizə enirsən, ay bambılı?!

İKİNCİ ŞORTU QADIN. Lorda bir bax! Kim bilir, hansı bir mirzəninsə yanında şəyirddi, ya da hansı köşkdəsə əski-üskü satır!..

BİRİNCİ ŞORTU QADIN. Boynuna al, hansıyla məşğulsan? Hə?

İKİNCİ ŞORTU QADIN. Biz sən deyən axmaqlardan deyilik, oğlan!.. Gərək bunu başa düşəydin! Dərrakən var, sənin?

KOMMONS. İndi görərsiz, mən başa düşənəm, ya yox! Bu saat sizə göstərərəm, küçə şortuları!..

Şortu qadınlar qışqırmağa başlayırlar.

- Ay aman!

- Öldürürlər!

- Bizi soyurlar!

- Bizi döyürlər!

KOMMONS. Bu saat sizin axırınıza çıxacağam!

Kommons şortu qadınları döyür, onlar güclə qaçıb, canlarını qurtarırlar.

Kommons da onların ardınca qaçır.

İKİNCİ SKRİPKAÇI. Bunun əlindən salamat qurtara bilsək böyük işdi! Başqa heç nə lazım deyil!

BİRİNCİ SKRİPKAÇI. Bizim dərimizi soymasa, skripkamızı sındırmasa - elə buna görə sağ olsun!

Kommons qayıdıb gəlir.

KOMMONS. Onlarla haqq-hesabı çürütdüm!

BİRİNCİ SKRİPKAÇI. Yaxşı olardı ki, bizim də haqqımızı verəydiz, cənab. Gedib kontrdans* çalmaq vaxtımızdır.

KOMMONS. Siz nə həyassız adamlarsız! O cür çaldığınız musiqidən ötrü, hələ cürət edib, pul da istəyirsiz?! Bir qara qəpik də almayacaqsız! Siz milad axşamı şagirdlərin çaldığından da on dəfə pis çalırsız. Əməyinizin haqqı kimi, o skripkaları sizin başınıza çırpıb, çilik-çilik eləmək yaxşı olardı!

BİRİNCİ SKRİPKAÇI. Belə sözlər centelmenə layiq deyil, cənab…

KOMMONS. Hə?! Onda mən sizinlə centelmenə layiq şəkildə danışaram!

Kommons şpaqasını siyirir.

İndi baxın, it uşağı, görün ağalar sizin kimilərin haqqını necə ödəyir! Bu saat sizin bağırsaqlarınızı yerə tökəcəyəm, qoy, skripka düzəldənlər onlardan istifadə etsinlər.

Skripkaçılar qaçır.

Qorxaq küçüklər - mənim kimi bircə adam bəsdi ki, onlar qaçıb, canlarını qurtarsın! Sısqa şeytan balaları! Mən bir ordunu məhv etmişəm. Mənim qabağımda Hannibal* kimdir? Hayıf ki, mənim kimi cəsur bir cavan keşiş cübbəsi geyməyə məcbur olacaq!

Küçə fanarlarını yandıran məşəlçi gəlir.

Ey, küçüyün biri, bura gəl! Sən kimsən, günəşsən, aysan, bəlkə yeddi səma ulduzundan birisən, hə?

MƏŞƏLÇİ. Bəlkə cənabınız istəyir ki, mən işığı yandırım, ser?

KOMMONS (istehza ilə). Bəli, ser! Bəlkə sən, dələduzun biri, məni dissenter* hesab edirsən? Lənət şeytana, elə bilirsən ki, mənim ruhumun işığı bütün ətrafın zülmətinə aydınlıq gətirəcək?! Xeyr, məncə, hamısından yaxşısı sənin məşəlindir! Apar, apar məni, alçağın biri, qoy, gecənin qaranlığı aralanıb, mənə yol versin!

Sərxoş şəyird,

çürüməyəcək heç vaxt -

gücü, zoru

qalacaq dostlar üçün.

Bax, bir nəfər

salırsa aləmi lərzəyə -

necə çürüyüb

                     heç ola bilər?!

Qeyd* Statira və Roksana - Soqdian knyazı Oksiartanın qızı Roksana makedoniyalılara əsir düşmüşdü və çox gözəl olduğu üçün Makedoniyalı İsgəndər onunla evlənmişdi. Onların oğlu vəliəhd olmalı idi, ancaq bizim eradan əvvəl 311-ci ildə Roksana İsgəndərin digər dul arvadı Statiranın təhriki ilə öldürülmüşdü.

* İrlandiya krallığı - İrlandiya əslində, İngiltərənin müstəmləkəsi idi, ancaq formal olaraq Birləşmiş Krallığın eyni hüquqlu hissəsi hesab olunurdu.

* Kontrdans - ingilis xalq oyun havası.

* Hannibal - bizim eradan əvvəl təxminən 247-183-cü illər arası yaşamış Karfagen sərkərdəsi.

* Dissenter - puritan sektalarından (təriqətlərindən) birinin üzvü.      

 

ELÇİN

 

525-ci qəzet.- 2018.- 1 dekabr.- S.16-17.