AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

 

 

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək.

(Əvvəli ötən şənbə sayımızda)

Azərbaycan Məclisi-Məbusanı təsisi həqqində qanun

1- Azərbaycan parlamanı (Məclisi-Məbusanı) 120 əzadan ibarətdir.

2- Azərbaycan parlamanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş əzadan təşəkkül edər:

a- Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mövcibincə Mavərayi-Qafqas əhali-islamiyyəsi tərəfin-dən intixab olunub da sonra Mavərayi-Qafqas “Seym”ində əza sifətilə və bədə Azərbaycan Şurayi-Millisini təşkil eləmiş 44 zatdan;

b- Azərbaycan bələdiyyələri müsəlman əzası ilə əskidən mövcud bulunan milli müsəlman komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan;

p- Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan;

t- Bakı Həmkarlar Şurası ilə Sovet Syezd, tüccar və ərbabi-sənaye ittifaqından cəlb olunacaq zəvatdan;

3- Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:

a- Əhali-islamiyyə tərəfindən Bakı - 5, Göyçay uyezdi - 2 (biri şəhər, biri uyezd), Cavad - 2 (biri şəhər, biri uyezd), Quba - 3 (biri şəhər, ikisi uyezd), Lənkəran - 2 (biri şəhər, biri uyezd), Şamaxı - 2, Gəncə - 3 (biri şəhər, ikisi uyezd), Ərəş - 2, Cavanşir - 1, Zəngəzur - 2, Qazax - 1, Cəbrayıl - 1, Nuxa - 2 (biri şəhər, biri uyezd), Şuşa - 2 (biri şəhər, biri uyezd), Zaqatala - 2 (biri şəhər, biri mahal).

İrəvan vilayətinin Azərbaycana keçən hissəsi - 3, Tiflis vilayətinin Azərbaycana keçən hissəsi - 1.

Qeyd:

a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman əzası tərəfindən seçiləcəkdir. Digər şəhərlərdə dəxi şəhər hissəsinə düşən nümayəndəyi ümumi intixabla seçilmiş müsəlman qlasnıları seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab olunacaqlardır.

b) Seçkilər gizli olacaq.

p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21 - 8-i Gəncə erməni əhali komitəsindən, 8-i Şuşa erməni əhali komitəsindən, 5-i də Bakı erməni komitəsindən.

Rus əhalisindən Bakıdakı rus Milli Şurasından - 10.

Alman əhalisi təşkilati-milliyyəsindən - 1.

Yəhudi Şurayi-Millisindən - 1.

Gürcü komitəsindən - 1.

Polyak komitəsindən - 1.

t) Bakı həmkarlar cəmiyyəti şurasından 3, Bakı Sovet syezd və ticarət sənaye cəmiyyətlərindən müştərəkən - 2

Qeyd: 1- Bələdiyyəsi və milli komitəsi olmayan qəzalar nümayəndələrini köy obşestvo nümayəndələrinin ictimaində təyin edə bilərlər. Bu ictima hər obşestvodan birər nümayəndə göndərilmək surətilə hasil olur.

Qeyd: 2- Əhvali-fövqəladəyə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.

Qeyd: 3- Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur və yaxud başqa bir səbəblə məclisdən çıxarsa onun əvəzinə mənsub bulunduğu siyahının mürəttibi bulunan firqə müəssisatı tərəfindən başqa birisi təyin olunur.

Qeyd: 4- Cəlb olunacaq əşxasın intixabən şəhərlərdə bələ-diyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar və ya onların müavini və əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs və nəzarətilə icra olunur və intixab olunacaq zəvatə kəndi imzaları ilə keyfiyyəti intixabı müvəzzəh və müsəddiq etimadnamələr verilir.

Şurayi-Milli rəisi: Məhəmməd Əmin Rəsulzadə

Şurayi-Milli katibi: Rəhim Vəkilov

Surəti əslilə mütabiqdir.

Şurayi-Milli idarə müdiri: Məhəmməd Seyid

“Azərbaycan”, 28 noyabr 1918, ¹51

Bütün Azərbaycan əhalisinə!

Vətəndaşlar!

Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iqtizayi-zaman ilə təkrar Azərbaycan paytaxtı Bakıda toplandı. Şurayi-Millinin ən əvvəl qəbul elədigi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul elədigi qanunnaməyə görə Şurayi-Milli, dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (parlaman) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kibi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan iləridə ümumi intixab üsuli ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini mühafizə edəcəkdir.

Vətəndaşlar! Hərbi-ümumi axıra çatıyor. Millətlərin dörd-gözlə gözlədikləri sülhi-ümumi bayramının axşamındayız. Böylə səadətli bir günün ərəfəsində cahan tarixi hərbi-ümumi qədər böyük və mənidar inqilabların şahidi olmaqda, məhkum millətlər kəndi həqlərini qaytarmaq, istiqlal və hürriyyət naminə qiyam etməkdədirlər.

Beşinci sənəyə varan o şeytani qitali-əqvam nəhayət, “Cəmiyyəti-Əqvam” kibi rəhmani bir nəticəyə gəliyor.

Bu gün yalnız məğlubların degil, qaliblərin də şüarı - millətlər öz müqəddəratlarını təyin eləmək həqqinə malikdirlər - düsturundan ibarətdir. Vicdani-bəşərin milyonlarca insan qanı bahasına qazanmış olduğu Cəmiyyəti-Əqvam fikri boş bir söz olmayıb, şübhəsiz ki, bir mənayə malik olacaqdır.

Bizi təxribkar qüvvətlərdən, məhvedici anarşidən, hərc-mərcdən qurtarmaq üçün öz dəvətimizlə gələn türklər vəzifəyi-xilaskaranələrini ifa edərək bu gün mövqelərini müttəfiq əskərlərə təslim etmişlərdir. Qafqasiya ərazisi üzərində asayişi təmin eləmək üçün gələn bu yeni qüvvət millətlərin müqəddəratını təyin edib də istədik-ləri kibi yaşamaq əzminə mane bir qüvvət degildir. “Cəmiyyəti-Əqvam” fikrinin ələmdarı bulunan Rəisi-Cümhur Vilson bu zümrəyə mənsubdur. Paytaxtımızda müsafir bulunan müttəfiq əskərlərinin komandanı müsyo Tomson Qafqasiyaya aid məsələlərin sülhi-ümumi konfransında həll olunacağını rəsmən bəyan etmişlərdir.

Əvət, vətəndaşlar, Azərbaycanın müqəddəs həqqi-istiqlalı heç bir millət tərəfindən inkar edilmiyor. Biləks hüsni-təvəccöh və qəbul görməkdədir. İnanalım millətimizin istiqlalına, inanalım Azərbaycanın səadətinə!

Dünya müharibəsinin sükut bulmaqda olan təlatümlü əmani-mavərasından millətlərin hürriyyət və səadət günəşi möhtəşəm bir surətdə tülu ediyor. Millətlər üzərlərindəki əski həyat və istibdad qüyud və zəncirlərini ataraq yeni bir həyat və istiqlala hazırlanıyorlar.

Vətəndaşlar! Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı tərk edəlim, müqəddərati-tarixiyyə həpimizi bir yerdə yaşamaq məcburiyyətində bulunduruyor. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək və müşkül mənzillərini rahatlıqla keçmək və yeni həyata ləyaqət qazanmaq üçün yaşayışımızı məqul və insani əsaslar üzərinə quralım, yekdigərimizi sevəlim, biri-birimizə ehtiram edəlim!

Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb bir vətənin övladıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı və yardım etməlidirlər.

Bu xüsusda ən böyük məsuliyyət və ən ağır vəzifə bittəbii Azərbaycanın türklərinə, müsəlman cəmaətinə düşəcəkdir. Onlar bu topraq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən daha ziyadə fədakar və daha ziyadə mütəhəmmil bulunmalıdırlar.

Əvət, vətəndaşlar, zamanın  əhəmiyyətini dərk edəlim, hər millətin həqqini təslim edəcək sülhi-ümumi konfransı uzaq degildir. O zamana qədər vətənimizi iğtişaşdan qoruyalım. Azərbaycan Məclisi-Məbusanını təsis, hökumətini yenidən təşkil edəlim və var qüvvət və mücahidəmizlə sülhi-ümumi məclisinə hazırlaşalım.

Yaşasın Azərbaycan Məclisi-Məbusanı!

Yaşasın Azərbaycan Cümhuriyyəti!

Yaşasın Cəmiyyəti-Əqvam!

Şurayi-Milli naminə rəis

Məhəmməd Əmin Rəsulzadə

”Azərbaycan”, 29 noyabr 1918, ¹52

Əma - karlıq, məcazi mən. nadanlıq

Mütəhəmmil - dözən, davam gətirən

Qüyud - əsarət

Azərbaycan parlamanı

Bugünlərdə milli parlamanımız açılasıdır. Bu işdə biz bir qədər gecikdik, parlamanımızı gec açdıq. Lakin bunun səbəblərindən sərf-nəzər edib də “gec olması heç olmamasından yaxşıdır” zərbi-məsəli ilə mütəsəlli olaraq bugünki gündən danışaq.

Bu ilk parlamanımız əzaları seçki üsulilə degil, “kovpitasiya” yəni kənardan səlahiyyətli şəxsləri cəlb etmək təriqi ilə yığıldı. Əgər bu iş keçirdigimiz xarüqəladə bir zamanda icra olunmayıb da sülh və asayiş vəqtində olsa idi böyük bir qüsur, hətta günah ədd edilərək hər bir tərəfdən şiddətli etiraza səbəb olardı. Necə ola bilər ki, Millət Məclisi hesab edilən böyük bir şuranın əzalərini millət əfradi seç-məyib də “kovpitasiya” təriqilə çağırsınlar. Lakin təkrar söyliyorıq ki, keçirdigimiz günlərin xarüqəladə olması bir çox işləri də xarüqəladə bir surətdə icrayə məcburiyyət hasil etdirir. Onsuz da gecikmişik, bir də vəqtimızı seçki əməliyyatı ilə keçirmək istəsəydik, parlamanımızı bu günlərdə degil, bəlkə bir neçə ay bundan sonra görərdik. Halbuki bugünki günləri parlamansız keçirmək, istiqlaliyyətimizin təyid və bəqasi nöqteyinəzərindən heç bir vəchlə caiz degildir, hətta bir dərəcəyə qədər qorxuludur da.

Pəs bir tərəfdən zəmanəmizin xarüqəladəligini, digər tərəfdən əhalimizin parlaman əzası seçməkdə bir o qədər də hazır olmamasını və bu tərəfdən də cümhuriyyətimizin bugün parlamana son dərəcə möhtac qaldığını nəzəri-əhəmiyyətə alıb və bir də qonşu cümhuriyyətimizin də həmin bu təriq ilə parlaman açdıqlarını yada salıb, bu gün iclası olan parlamanımızı həqiqətən səlahiyyətdar və sahibi-ixtiyar bir millət məclisi deyə tələqqi etməgi özümüzə fərz bilməliyik.

Eşitdigimizə görə, paytəxtimizdə mövcud olan bir taqım qeyri-müsəlman cəmiyyətləri, yəni hökumət içində hökumət düzəltmək niyyətində olanları parlamanımızda iştirak etmək istəməmişdilər. Bu hərəkət Azərbaycan Cümhuriyyətinin təbəəsi, vətən övladı olmaq istəməməkdir, daha artıq Azərbaycan Cümhuriyyətinin mövcud olduğunu inkar etməkdir. Ondan da artıq Azərbaycan türklərinin azad və asudəliginə qarşı böyük bir etirazdır...

Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəmir.

Qulaqlar var ki, lal edilmiş bir dilək, bir millət dilənən bu gün açılıb da söz söyləməsəni eşitmək istəmiyor.

Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün  hakim degil, yalnız müstəqil və azad olmasını qəbul etmək istəmiyor.

Varəsin olsun! Nə edək? Azərbaycan türklərini müstəqil və azad görmək istəməyənlər ya gərək bizi zor ilə təkrar qul və əsir etsinlər, ya buna gücləri çatmazsa “tən qəzayə verib” əmr vaqe qarşısında ixtiyari-sükut etsinlər və ya buna da vicdanlarını razı edə bilməsələr, vətən deyib, Azərbaycan toprağından çıxıb getsinlər. Bu üç təklifdən  hanki birini qəbul etmək istəsələr sahibi-ixtiyardırlar. Ancaq bunu dürüst bilməlidirlər ki, biz Azərbaycan türkləri zor ilə də olsa, güc ilə də əsarət zəncirini təkrar boynumuza salmaq istəməyəcəyik. Bu fəqərəni həmişə nəzərdə tutub işlərinin səlahına baxsınlar.

O ki qaldı bizə - biz bu cürə hərəkətlərdən mütəəssir olmamalıyıq, biz oz işimizdə olmalıyıq, milli parlamanımızı, milli şuramızı açaq, Allahdan mədəd, bizdən hərəkət degib, kəmali-ciddiyyət ilə işə başlayaq. Artıq-əksik sözlərə qulaq asmıyaq.

Bəli, bu günlərdə milli parlamanımız açılasıdır, deməli, Azərbaycan  istiqlalı  təmin edilmiş olmasa da, təkmil ediləcək və cümhuriyyətimiz siyasi bir vahid olmaq üzrə mükəmməl bir surətə girəcəkdir.

Bunun özü də böyük bir ürək təskinligidir. Siyasətcə əzim bir əhəmiyyəti haiz olan və mənəviyyətcə də həm bizlərə və həm sairlərinə dərin bir təsir bəxş edən böyük bir əmrdir.

Nə tövr olur-olsun, parlamanımızın vücudi-ehtiyacatımıza müvafiq  gələn qanunlar düzməkdən əlavəl - cümhuriyyətimizin həm daxilən və həm xaricən  ciddi  bir  surətdə görünməginə səbəb olacağdır.

Böylə ki, bugün bizi vücud hesab etmək istəmiyənlər dəxi vücudumuzun var olmadığını milli şuramızdan çıxan səslərlə iqrar və etirafa məcbur qalacağdılar. Kar qulaqlar da bu səsi eşidəcək, kor gözlər də bizi görəcəklər ki:

Filhəqiqə milli şuramızın ən ilk vəzifəsi bu olmalıdır.

Qışqırsın! Fəryad etsin!

Və öylə qışqırsın ki, bu fəryadın əks-sədası Yevropanı da keçib Atlantikin  dəryayi-ümmanından da atlayıb, vilsonların guş və huşini fəryad gələn yerə cəlb etsin! Bu fəryad nədən ibarət olmalıdır?

Yalnız bəla gəlmədən.

Yaşamaq istiyoruq!

Bu fəryad kifayətdir ki, milli parlamanımız ən əvvəl bununla məşğul olub da bu yoldakı vəzifəsini həqiqilə ifa edərsə, yəni yaşamaq həqqna istiqlal qabiliyyətinə malik bir millət olduğumuzı isbat edərsə, əminəm ki, bunun nəticəsi ətrafımızı çevirmiş, həyat və azadlığımıza qarşı diş qıcamış olan düşmənlərimiz üzərində təsirsiz qalmaz, bəlkə onlara çəkil geri, - deyib də acıqlananlar da olar. O halda daxili işlərimizi düzəltmək, lazımi islahat yeritmək, millətin zəif bədəninə qüvvət verən dərmanlara təvəssül etmək işləri asan vəchlə icra oluna bilər. Cəmaətimiz ənva müsibətlərdən darıxmaz. Hökumətımız öz işlərində karıxmaz, parlamanımızın özü də bu böyük və müqəddəs vəzifəsini bir növ asudəlik ilə ifayə qadir olub, millətlər  müqəddəratı həll olunacağ gündən bir çox lazım əmrləri və vacib işləri pişəzvəqt yerinə yetirməklə böyük bir vəzifəmizi ifa etmiş olarıq.

Allah müvəffəq buyursun.

Hacıbəyli Üzeyir

“Azərbaycan”, 5 dekabr 1918, ¹56

 

Azərbaycan Parlamanı dəvəti münasibətilə

Bu gün Azərbaycanın həqiqi sahibləri - xəlq öz nümayəndələri lisanilə parlaman kürsi-xitabətindən öz arzu və amallarını aləmi-bəşəriyyət hüzurunda nümayiş etdirəcəklərdir.

Azərbaycan türkləri məhkum ikən hüquqi-milliyyə və istiqlal mübarizəsi düsturu  olaraq meydanə atmış olduğu “yaşa və özgələrə yaşamaq imkanı ver” şüarına sadiq qalaraq məhkum ikən tələb etdigi mütənasib nümayəndəlik əsasını müstəqil olduqda da unutmayaraq Azərbaycanda əqəliyyət təşkil edən millətlərin də mütənasib nümayəndəlik həqqinə riayətlə bu əsas üzərinə parlaman çağırmağı lazım bildilər.

Azərbaycan türkləri həmişə ağalıq, hakimlik üçün degil, hüquqi-milliyyə və bəşəriyyənin təmini üçün çalışdıqlarını bir daha isbat edərək cümhuriyyətimiz daxilində yaşayan ümum və-təndaşlarımızı həyatımızın quruluşunda iştirakə dəvət etdilər, Azərbaycanda heç millət, heç sinif, heç silk hakim, ya məhkum ola bilməz, hamı vətənin həm ağasıdır, həm nökəri. Hər bir vətəndaş gərək ümumi vətənin səadətilə məsud, ələmilə mövləm olsun.

Hamı özünü müsavülhüquq vətəndaş hiss etsin. Bu isə məmləkət daxilində yaşayan bütün vətəndaşların gərək nəşriyyə və gərək icraiyyə müəssisələrində miqdarına mütənasib nümayəndəliklə iştirak etməsilə hasil ola bilər. Bu mülahizə ilədir ki, Azərbaycan parlamanına da hər millətin miqdarına görə nümayəndəlik dəvət edilmişdir.

Parlamanın bugünki iclasında bütün millətlərin nümayən-dəligi üz-üzə gələrək məmləkətimizin gələcək müqəddəratını təyinə şüru ediləcəkdir.

Fəqət bu iclasda milli nümayəndəlik əsasına riayətlə bərabər vətənimizin mənafei və bütün istiqlalımızın bu heyət əlində olduğu nəzərə alınaraq burasına diqqət verməlidir ki, parlamana milli nümayəndəlik bayrağı altında hər təsadüfi gəldi-keçər nümayəndələr daxil olmuyub, ancaq Azərbaycan vətəndaşları iştirak etsinlər. Buraya gələcək nümayəndələr və onları göndərən təşkilat özlərini Azərbaycan vətəndaşı hiss edərək gəlməli və göndərilməlidirlər. Bu gün parlaman açılmasilə hökumət təşkili məsələsinin də növbəti gəldigi və həllinin tamamilə parlamandan asılı olduğu nəzərə alınarsa, bu məsələnin əhəmiyyəti bir qat daha artır. Həftələrdən bəri mövzuyi-bəhs olan hökumət təşkili məsələsində millətlər, firqələr və siyasi cərəyanlar arasında hələ bu vəqtədək ümumi bir dil tapılmamış və uzlaşma hasil olmamışdır.

Müştərək hökumət təşkili məsələsi hal-hazırda ən ixtilaflı bir məsələdir. Bunun ətrafında bu gün hirs və təmələr qaynaşaraq min dürlü qeydlər, şərtlər qoyulur. Bəziləri müştərək  Azərbaycan hökuməti təşkilinə iştirak etmək üçün Ümumrusiya Məclisi-Müəssisanının Azərbaycan hökuməti tərəfindən qəbul və təsdiqini şərt qoyurlar.

Digərləri bizə müttəhid Rusiyanın qəbul və təsdiqini təklif ediyorlar. Fəqət hankı Rusiyayı tanımalıyız - bilmiyoruz. Biz müttəhid Rusiya prinsipini əsas etibarilə danmıyoruz. Fəqət hal-hazırda Rusiyanı yoxdan var etmək azərbaycanlıların əlində degildir. Hətta Ümumrusiya hökuməti adında bir neçə hökumət var ki, bu da müttəhid Rusiya şüarından uzaqdır. Bu məsələnin qövldən felə gətirilməsi və surəti-həllində bütün dünya mənfəətdar olduğundan beynəlmiləl mühüm bir məsələ təşkil ediyor ki, həlli də beynəlmiləl bir məclisə bağlıdır: bu da hamının gözlədigi beynəlmiləl sülh konfransından ibarətdir. Fəqət biz nə yapalım. O məclis çağrılaraq Rusiya məsələsini həll edənədək (hələ surəti-həllindən sərfi-nəzər) ayağımızı ayağımız üstündən aşıraraq laqeyd oturub da məmləkəti hökumətsiz, başsız buraxalımmı? Bu suala cavab vermək üçün darısqal firqə proqramı, yaxud mənsəb həvəsini buraxıb da xəlqin mənafei, cəmaətin arzusuna riayətlə məsələyə bu nöqteyi-nəzərdən yaklaşmalıdır.

Onların mənafei isə Rusiyanın təcdidi millətlərin münasibat və müqəddəratını daha səlahiyyətli cahan konqresinə buraxıb da bu gün məhəlli dərdlərimizə çarə tapmağı tələb ediyor. Ona görədir ki, bu gün parlamana cəmləşəcək olan Azərbaycan vətəndaşları ancaq səlahiyyətdar olduqları məsələlərin müzakirə və həllilə iştiğal edib min dürlü müsibət və məşəqqət çəkmiş oan fəqir əhalinin yaralarına mərhəm qoymalı, onların sükut və asayişlə yaşamalarını təmin etməlidirlər.

Niza və ixtilafı kənara ataraq cəmaətin mənafeini hər şeydən uca tutmaq və onun təmini üçün çalışmaq lazımdır.

Ümidvar oluyoruz ki, keçirdigimiz ağır və məsuliyyətli tarixi günlərdə xəlq nümayəndələri ümumi bir lisan taparaq öhdələrinə düşən vəzifəyi şərəflə ifa edərlər.

Xəlil İbrahim

“Azərbaycan”, 7 dekabr 1918, ¹58

Parlamandan nə tələb olunur?

Üçüncü Aleksandr rus təxtinə çıxar-çıxmaz rıcali-kibardan bir məclis tərtib verilmişdi ki, haman məclis Rusiyada parlaman üsulunu tərtib vermək üçün bir proqram yapsın. Proqram yapılıb imperatorun hüzurunda müzakirə olunur və ümumin meyl və məhəbbətini qazanır.

Bu halda, Rusiyanın misyonerlər ocağı pərəstarı və hamisi Mitofa Pobedonovsev  imperator hüzurunda səcdəyə düşüb gözləri yaşlı bir halda sübutlar və dəlillər ilə “Parlamanın” müzürr bir şey olduğunu isbata yetirir və məraminə də nail olur: məclis qapadılır və proqram da yandırılır.

Pobedonovsevin  dəlillərindən biri də bu idi ki, “Avropa parlamanlarında boş-boş danışıqlardan başqa əhalinin mənfəətinə dair heç bir iş görülmüyor! Odur ki, böylə məclislərə-parlaman, yaxud parlamento demişlər ki, mənası da “göftügüxanə” deməkdir”.

Bu nöqteyi-nəzərlə Pobedonovsev parlaman kəlməsini ruscaya tərcümə edib “qovorilnaya” adı qoymuşdur. Bu kəlmənin lüğəvi mənalarından biri də “göftügüxanə” deməkdirsə də, lakin istehza təriqilə söylənmiş bu kəlmənin doğruca mənası: “laqqırtıxanə” deməkdir.

İştə rus “laqqırtıxanəsi” düzəlmədi! Pobedonovsev gözəlcə anlıyordu ki, “qovorilnaya” tərtib yapılarsa, misyonerlərin tamamən paxırları açılacaqdır. Mədəni Avropa əhalisi biləcəkdir ki, Rusiyanın qeyri-rus taifəhlərı, əzöncümlə milyonlarca tatarlar, qırğızlar, nuqaylar, başqırdlar ... misyonerlər əlilə zorən xristian dinini qəbul ediyorlar: qəbul etməyənlərin əllərindən suları, torpaqları cəbrən alınıb rus mühacirlərinə verilir, biçarələrin yüzlərcə məktəbləri qapadılır, şkollardan türk-tatar dili qovulur, mətbuata, cəridəyə, kitab və risalə təbinə izn verilmiyor, daha nə cəbr və zülmlər olur!

Söz yoxdur ki, bu işlər açıldığı halda Avropa parlamanlarında  da bu barədə bəhs açılacaq idi və olur ki, misyonerlik məsələsi tamamən qaldırılmasa idi, yenə də qeyri-rus taifəhlərinə olan cövr və zülmün qabağına ya bir hədd, ya bir sədd çəkilə idi.

Bu gün açılan Azərbaycan parlamanına biz pobedonosevlər nöqteyi-nəzərilə baxmayıb “laqqırtıxanə” yox, haşa, hətta “göftüguxanə” belə demiyoruz!

Bu - müqəddəs bir yerdir ki, orada millətin dərdi, vətənin haləti müzakirə olunub çarələri üçün də tədbirlər ittixaz olunacaqdır.

Əlbəttə, məbusan arasında bəliğ və uzun-uzadı nitq söyləyənlər də az degil, lakin onlardan millət naminə rica olunur ki, fəsahət və bəlağət qabiliyyətlərini və nitqçilik məharətini sair “asari-nəfisə” məclislərinə buraxıb parlamanımızda ancaq dərdlərimizdən danışsınlar: əlaclar yapsınlar.

Bunların hamısından sonra məclis xitamə irdikdə millətimiz məbuslarımızdan nə iş gördüklərini tələb edəcəklər. Bu - gərək hər bir qədəmdə, hər bir hərəkətdə məbusanın yadından çıxmasın.

Məbusanın görəcəgi işləri hədsiz və hesabsızdır. Burada hamısını zikr etmək mümkün olmadığı üçün zehnimizi işğal edən və ən dəgərli məsələlərdən bir neçəsini burada zikr edirəm.

1) Azərbaycanın ənva nöqtələrində bu gün aclıq davam ediyor. Birinci çarə gərək bu dərdə olsun. Zira aclıq bəlasını çəkən milləti mədəniyyətə və sair islahata dəvət etmək mümkün deyil. “Əvvəl təam-sonra kəlam”.

2) Yollar gərək islah olunsun, taki cəmaətin zəxirəsi bir yerdən o biri yerə vəqtli-vəqtində gedib çatsın da, aclığın qabağı alınsın.

3) Bahalığa bais olan kişilərdən: möhtəkirlər ilə bərabər rüşvətxorlar da gərək təhti-məsuliyyətə alınsın. Hərgah bu məsələyə imdidən çarələr aranmazsa, şəvval vəqt Rusiyanın başına gəlmiş bəlalardan bir çoxu da bizim Azərbaycanın başına gələcəkdir!

4) Məktəb, ziraət, sənaət və ticarət kibi ən mühüm məsələləri gərək parlamanımız fəramuş etməsin, qanunlar yapsın.

5) Əhalinin bu gün əhvali-səhiyyəsi çox fəna bir haldadır. Öylə kənd, ya şəhər vardır ki, əmrazi-sariyədən yarısı, bəlkə də daha çoxu qırılmışdır. Böylə ağır bir işə etinasızlıq ilə baxı-lırsa, daha bir ağır, daha bir şiddətli nəticə hüsula gəlir!

6) Nizam və asayiş bərpa olmazsa, heç bir mətləbə də nail olmarız, bina bərin xarici və daxili təcavüzatın qabağı gərək alınsın.

İştə bu altı bab ilə bizim tələbatımız bitdi. Bundan  artıq bu il iş görülürsə, minnət və təşəkkürümüz vardır. Ancaq bu göstərilən maddələrə çarə aramaq hamı məsələlərdən fərzdir.

Haydı Allahın tövfiqi ilə, millətin də müavinət və qeyrəti ilə işə başlayınız və millət məsuliyyətini də bir saat, bir dəqiqə unutmayınız!

Fərhad Ağazadə

“Azərbaycan”, 7 dekabr 1918, ¹58

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2018.- 1 dekabr.- S.20-21.