Xatirələr yaddaşın
güzgüsüdür
UNUDULMAZ
USTADIM MİR CƏLAL MÜƏLLİMİ DƏRİN
EHTİRAMLA YAD EDƏRKƏN
İnsan əzizlərini
real həyatda itirdikdən sonra ümidi bir yuxulara qalır, bir
də xatirələrə... Bu məqamlarda elə bil ki,
müqəddəs ruhlarla bir növ təmas tapırsan,
görüşürsən, dərdləşirsən,
ovunursan... Bəlkə, buna görə də yuxular, xatirələr
hər kəs üçün əzizdir, müqəddəsdir...
Yuxunu bəzən
arzuya, istəyə uyğun yozanlar da olur, xatirələrdə
isə bu olmaz! Xatirə həyatda şahidi
olduğun faktlardır və onu heç vaxt
arzuladığın variantlara dəyişmək olmaz.
Ən azı günahdır!.. Xatirələr
hər kəsin bir növ ikinci ömrüdür, həyatının
yaddaş güzgüsüdür... Şifahi ədəbiyyatda
bayatının “oxşama” şəkli vardır; xatirələri
isə şərti olaraq “əzizləmə” də
adlandırmaq olar...
Müasir Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının
və pedaqoji elminin ilkin təməlçilərindən olan
unudulmaz ustadımız Mir Cəlal müəllim haqqında
çox genişmiqyaslı xatirə yadigarları mövcuddur. Qırx ildir ki, Mir Cəlal
müəllim haqqında xatirələr söylənilir, zəngin
həyat yolu, əməlləri, əsərləri yada
düşür, yeri görünür... Lakin onu da unutmayaq ki,
hər adam haqqında bu qədər xatirə
yarana bilməz. Gərək elə mənalı,
zəngin ömür yaşayasan ki, sənin həyatın
başqalarının da yaddaşında belə
genişmiqyaslı iz buraxmış olsun. Mir Cəlal
müəllim məhz belə mənalı və zəngin
ömür yaşamışdır, öz şəxsi
xarakteri və əlli illik yazıçılığı,
alimliyi, müəllimliyi ilə belə geniş miqyaslı
xatirə yadigarları qoymuşdur!
Yazıçılıq
fəaliyyəti xarakterinə, əhatə miqyasına görə
Mir Cəlal müəllimə daha böyük şöhrət
gətirmişdir; lap ilk hekayələrindən ədib
böyük oxucu auditoriyası qazanmışdır. Mir Cəlal müəllim, qırxıncı illər
istisna olmaqla (həmin illərdə elmi fəaliyyəti daha
genişdir), bədii yaradıcılıqla çox ciddi,
ardıcıl və məhsuldar məşğul olmuşdur.
Ədibin arxiv yadigarları bu fikri bir daha təsdiqləyir. Hazırda Mir
Cəlal müəllimin bir neçə irihəcmli əsərinin
ilkin əlyazma və makina variantı nəşrini və tədqiqini
gözləyir. “Qayğılar” (1936), “Mənim
respublikam” (1945) və “İnsanlıq dünyası” (1975)
romanları, “Həyata çağırış” (1928-29) və
“Dağlar dilə gəldi” povestləri, “Mirzə Xəyal” komediyası,
“Kafedra” dramı əsərlərini göstərmək olar.
Ədibin
“Dirilən adam”, “Bir gəncin manifesti”, “Yaşıdlarım”,
“Təzə şəhər”, “Açıq kitab”, “Yolumuz
hayanadır” kimi romanları və 292 hekayəsi müasir nəsrimizin
gözəl yadigarlarıdır. Bu əsərlər
ilk növbədə böyük həqiqətləri və
böyük aktuallığı ilə nəsrimizin həyat nəfəsini
və ictimai kəsərini xeyli qüvvətləndirmiş
oldu. Gənclik illərindən həyat təcrübəsi
və müəllimlik müşahidələri Mir Cəlal
müəllimi insan təbiətinin mürəkkəb təzadlarından
xəbərdar etmişdir. Bu dolanbac dünyadan baş
açmaq üçün ən etibarlı və əyani
“kitab” elə insanın özüdür! Yazıçı
da surətlərini həyatdan götürür, onu təqlid
etməyə çalışır. Fəqət
yaranışın ən mürəkkəb varlığı
olan insanın özünü həyatda dəqiq və dərin
müşahidə etməklə elə əsaslı,
müdrik ibrətlər qazanmaq olur ki!..
Çünki həyat əsl mənada, bütün gözəlliyi
və rəzalətləri ilə məhz insan əməllərindən,
münasibətlərindən ibarətdir...
Mir Cəlal müəllimin ədəbiyyatşünaslıq,
xüsusən ədəbiyyat nəzəriyyəsi sahəsindəki
xidmətləri də çox bərəkətli olmuşdur. Klassik ədəbiyyatımızdan
başlayaraq (Nizami) müasir ədəbiyyatımıza qədər
(S.Vurğun), ciddi yaradıcılıq məsələləri,
xüsusilə nəzəri problemlər Mir Cəlal müəllimin
tədqiqat obyektinə çevrilmişdi.
“Füzuli sənətkarlığı” və “Azərbaycanda
ədəbi məktəblər (1905-1917-ci illər)” kimi
monumental tədqiqatları, başqa kitabları, dərslikləri
çox zəngin filoloji elmi irsdir. Lakin Mir Cəlal müəllimin
bütün yaradıcılıq fəaliyyətində
pedaqoji dünyagörüşü, müəllimlik
idealları aparıcı olmuşdur. Və
təsadüfi deyildir ki, ədib 1928-ci ildən
ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul
olmuşdur. O, orta və ali məktəbdə
Gəncə və Gədəbəydəki müəllimliyi
ilə bahəm yazıçılığı və alimliyi
kimi təxminən əlli illik pedaqoji fəaliyyət göstərmişdir.
Həqiqi müəllim əməyi isə əslində fədakarlıqdır!
Mir Cəlal müəllim həqiqi şəxsiyyət
nümunəsi idi. Davranışı ilə, əməlləri
ilə tələbələrinə də mənəvi
ucalığı təlqin edərdi. Yaltaqdan,
lovğadan zəhləsi gedərdi. Filarmoniya ilə
üzbəüz səkidən keçirdik, vaxtı ilə Mərkəzi
Komitə katibi olmuş bir nəfər o vaxtkı Partiya Tarixi
İnstitutundan çıxdı və səliqə ilə salam verdi. Mir Cəlal müəllimin
etinasızlığına təəccübümü bildirəndə
o dedi: “Qardaş, bir vaxt vardı, bu bizi görəndə
özünü elə çəkirdi ki, elə bil
şiş udub. İndi işdən qovulub, olub tamam başqa adam”.
Böyük istedadla böyük zəhmətin
müştərəkliyi həmişə böyük də
nailiyyətlər yaradır. Mir Cəlal müəllimin
yetmiş illik həyat yolu bunun parlaq sübutudur. Təbrizin
ucqar Əndəbil kəndindən Gəncəyə oxumaq
üçün gəlmiş Mir Cəlal müəllimin
heç bir arxası, köməyi olmadan yalnız
özünün əzmkar zəhməti və istedadı
hesabına Azərbaycanın görkəmli ədibi,
böyük alimi və nüfuzlu müəllimi, professoru
ucalığına çatması bunun parlaq təsdiqidir.
Bizim nəslin nailiyyətləri də ilk növbədə
müəllimlərimizin pedaqoji səmərəsidir. Mir Cəlal
müəllim öz şəxsiyyəti ilə, pedaqoji fəaliyyəti
ilə hamıya kamil örnək idi. Nə qədər
də sadə, səmimi və təbii bir şəxsiyyət!
Zahiri görünüşü, geyimi, davranışı,
danışığı təmkin və səmimiyyət
nümunəsi!
Beşinci kursda diplom rəhbərim idi. Diplom işimə
kafedrada rəyini diktə etdi və tapşırdı ki,
makinada yazdırım, sonra ona qol çəkdirim. Evdə rəyi oxudum və görünür ki, Mir Cəlal
müəllimin humanizminə arxalanaraq bəzi cümlələri
yüngülcə “redaktə” etdim.
Diplom
müdafiəsi günü qol çəkdirmək
üçün rəyi Mir Cəlal müəllimə təqdim
edəndə alıb diqqətlə oxudu, mülayim, amma kinayəli
bir təbəssümlə dedi: “Təhsin, rəyə qol
çəkirəm. Müdafiən də
uğurlu olsun. Amma yadında saxla, bir də
mənim yazımın üslubuna dəymə”. Mir Cəlal müəllim universitetin çox
nüfuzlu, şöhrətli professorlarından idi. Və onun yerində başqası olsa idi (bəlkə
mən özüm də...), bu əhvalat belə uğurla bitməyə
də bilərdi.
XVIII əsr
fransız aktyoru Talma öz xatirələrində dərin təəssüflə
yazır: “...Hisslərini, fikirlərini bir parça
kağızda əbədiləşdirən şairə,
yazıçıya həsəd aparıram, öz xəyallarını,
duyğularını daşda, mərmərdə həkk edən
heykəltəraşa qibtə edirəm. Öz
düşüncələrini, həyəcanlarını rənglərlə
təcəssüm edən rəssama həsəd aparıram.
Mən aktyoram, hər axşam səhnədə
yaradıram və pərdə örtülən kimi
bütün yaratdıqlarım da pozulub gedir. Heç bir
yadigarım qalmır...”
Müəllim əməyi də bir növ belədir. Girirsən auditoriyaya,
bütün biliyini, elmi potensialını, pedaqoji
bacarığını, enerjini sərf edirsən dərs deməyə...
Zəng vurulur, auditoriyadan çıxırsan... Hər şey
elə orada qalır... Halbuki o vaxta müəllim yarımca səhifəlik
yazı yazmış olsaydı, bəlkə də ondan
ömürlük bir yadigar qalardı... Bir var müəllim
işləyəsən, bir də var müəllim olasan...
Bunların fərqi çox böyükdür! Müəllim
işləməyə nə var ki? Auditoriyanı məşğul
eylə, jurnalını yaz... Həqiqi müəllim
olmaq isə fədakarlıqdır. O, bütün
varlığı ilə sənətinin vurğunu, elmin, tədrisin
cəfakeşi olmalıdır!
Bizim tələbəliyimiz məhz belə qüdrətli
alim pedaqoqların fəaliyyəti vaxtına
düşmüşdü. Məmməd Arif, Həmid Araslı,
Mir Cəlal, Cəfər Xəndan, Əli Sultanlı, Feyzulla
Qasımzadə, Muxtar Hüseynzadə, Məmməd Cəfər
kimi böyük pedaqoqlar pleyadası Azərbaycan
filoloqlarının bir neçə nəslinin kamilliyində
müstəsna xidmətlərə malik olmuşlar.
Adını
çəkdiyim alimlər üçün müəllimlik fəaliyyət
sahəsi olmaqdan ziyada şəxsi xarakter səciyyəsinə
çevrilmişdi; pedaqoji iş onların bütün həyat
və fəaliyyətinin əsas istiqamətləndiricisi idi. Onlar pedaqoji tariximizin S.S.Axundov, A.Şaiq, S.M.Qənizadə
kimi klassiklərinin zəngin ənənələrinin
davamçıları idi. Tələbəyə
onlar böyük amallarla yanaşırdılar, xalqın gələcək
taleyinin ümidi, pənahı kimi baxırdılar. Tələbə
vaxtı da, aspirantlıq illərində də valideynlərimizin
harada işləməsi, haralı olması onları əsla maraqlandırmadı...
Amma işə düzəlməyimiz, məvacib məsələlərimiz,
mənzil problemlərimiz onları həmişə
qayğılandırırdı...
Mənim
diplom işimdə, namizədlik və doktorluq
dissertasiyalarımda elmi rəhbər olmuş və həyatının
sonuna kimi elmi-pedaqoji fəaliyyətimə əsl ustadlıq
qayğısı göstərmiş Mir Cəlal müəllimin
fəaliyyəti isə mənim üçün ən uca
müəllimlik örnəyidir!
İmtahanlarda da çox kövrək və humanist idi. İmtahanlarını
adətən bir saat gec - saat 10-da başlayardı. Assistenti də çox vaxt mən olardım. Bir gün, adətim üzrə, saat 10-a yaxın
imtahana gəldim; gördüm ki, Mir Cəlal müəllim
imtahanı başlayıb. Adətən “əla” və
“yaxşı” qiymətlər yazan Mir Cəlal müəllim bu
gün “kafi”, hətta “qeyri-kafi” də yazmışdı. O
vaxtlar tələbə bircə imtahandan “kafi”, yaxud “qeyri-kafi”
alsa idi, bir semestr təqaüddən məhrum olurdu.
Təəccüblə
səbəbini soruşanda Mir Cəlal müəllim dedi:
“Özün bilirsən ki, mən əsasən təqaüdə
bais olmamaq üçün güzəştli qiymət
verirdim. Amma iki gün əvvəl kafedraya gələndə
gördüm tələbələrdən biri o birinə deyir
ki, ay avam, Mir Cəlal müəllimi çox oxuma, o,
yaxşı müəllimdir, onsuz da hamıya yüksək
qiymət yazacaq. Sonrakı imtahana hazırlaşmaq
lazımdır, ondakı xatakar müəllimdir... Qardaş, görünür, mənim
xeyirxahlığımı düz başa düşmürlər.
İndi mən də möhkəm soruşuram
ki, heç olmasa, gələnilki tələbələr
arxayın düşməsinlər, mənim də
imtahanıma yaxşı hazırlaşsınlar”.
İmtahanın
sonunda qiymətlərə göz gəzdirib dedi: “Deyəsən,
bu binəvalar əsəbi vaxtıma düşdü,
aşağı qiymət aldılar. Kəsilənlərə
tapşır ki, imtahan sessiyası ərzində dekanlıqdan
göndəriş alıb gəlsinlər, bəlkə biz də
onlara bir az yüksək qiymət yazaq, təqaüd
alsınlar”.
Elə də oldu; tez bir zamanda təkrar imtahanlarda həmin
tələbələr təqaüd “vüsalına” yetə
bildilər.
Ümumiyyətlə, Mir Cəlal müəllim tələbə
taleyinə çox həssas, qayğıkeş idi. Bir dəfə universitetdən
çıxırdıq, birdən Mir Cəlal müəllim
ayaq saxladı: “Təhsin, bu universitetdə ən böyük adam kimdir?” Sual gözlənilməz
olduğundan duruxdum. Mir Cəlal müəllim
sualı bir də təkrarladı. Cavab verdim ki,
universitetdə ən böyük adam kim
olacaq, əlbəttə, rektor!
Mir Cəlal
müəllim güldü: “Yox, qardaş! Universitetdə ən
böyük adam tələbədir! Müəllim
də, kafedra müdiri də, dekan da, prorektor da, rektor da -
bunların hamısı tələbə
üçündür! Tələbə olmasa,
bunlar kimə lazımdır?”
Və əlavə
etdi: “Bütün bunları ona görə deyirəm ki, tələbəyə
qayğı ilə yanaşın, ona diqqətli olun”.
Tələbələrini müstəqil müəllimliyə
pərvazlandıran Mir Cəlal müəllim hər bir
kiçik təfərrüata diqqət yetirərdi. Adətən
dərsimizdə ilk 45 dəqiqəni oturardı, tənəffüsdə
qeydlərini nəzərə çatdırardı. Mənim ilk dərsimə qulaq asdıqdan sonra əsas
qeydlərini nəzərimə çatdırdı. “Qardaş, dərsin məzmunu yaxşı idi. Amma müəllim ilk növbədə sinfi təşkil
etməlidir. Lövhəni təmizlətməli,
səliqə-sahmana baxmalıdır. Lap
arxada stolların üstü palto ilə dolu idi. Elə
bil univermaqdır...”
Cavan müəllimlərin geyiminə xüsusi diqqət
yetirərdi. Mənə heç vəchlə qalstuk
bağlatdıra bilmirdi. “Qardaş, müəllimin
müəllim siması, görkəmi olar. Geyim özü intizamdır, mədəniyyətdir.
Tələbə geyinməyi də müəllimdən
öyrənməlidir” - deyirdi.
Növbəti
dəfə belə danlananda dedim: “Mir Cəlal müəllim, mən
bu qalstuka heç cür alışa bilmirəm.
Qalstuk bağlayanda Cəfər Cabbarlının “Sevil” pyesindəki
Balaşın atası kimi mənim də boynum dönmür
axı...”
Mir Cəlal
müəllim güldü: “Bəs bizim boynumuz nə təhər
dönür?”
Gördüm, yox, heç bir bəhanə ilə
yaxamı qurtara bilməyəcəyəm. Çox fikirləşəndən
sonra o vaxtlar Bakının əsas “ticarət mərkəzi”
olan “Kubinkaya” getdim, yaxşı bir uzunboğaz “sviter”
aldım. İki-üç gün sonra onu geyib
dərsə gəlmişdim, Mir Cəlal müəllim adətən
təzə geyimimizi görəndə sanki fərəhlənərdi,
bir neçə gün mübarəkbadlıq edərdi.
Bu dəfə də təxminən belə bir dialoqumuz oldu:
- Təhsin,
nə qəşəng “sviter” almısan, mübarəkdir.
-
Çox sağ olun, Mir Cəlal müəllim.
Bunun bir yaxşı cəhəti də odur ki,
daha qalstukdan canım qurtardı.
- Niyə
ki?
- Axı
bu, uzunboğazdır. Daha bununla qalstuk bağlamaq olmaz ki...
Mir Cəlal
müəllim bir anlığa duruxdu və dərhal da gülərək
söhbəti yekunlaşdırdı: “Qardaş, deyirsən yəni
bu havaların bir qızan vaxtı olmayacaq? Necə
ki havalar soyuqdur, bunu geyin. Amma bir azdan havalar qızanda sən
də bizim kimi qalstuka keçəcəksən... Müəllimin müəllim görkəmi olar”.
Beləliklə, mən də qalstuk bağlamalı oldum.
Mir Cəlal müəllim yetirmələrinə nə qədər
tələbkar idisə, bir o qədər də
qayğıkeş idi, yaxın məsləhətçi və
yardımçı idi. Təbii, bizim də əsas güvənc yerimiz, pənahımız
Mir Cəlal müəllim idi...
Müəllimliyə təzə
başlamışdım. Dekanlıqda kiçik
bir mübahisəm olmuşdu. Kafedrada Mir Cəlal müəllimlə
rastlaşanda bir az da ürəkləndim,
bütün olanları xeyli əsəbi halda tam təfərrüatı
ilə danışmağa başladım... Mir Cəlal müəllim
də üzü pəncərəyə dayanıb sakitcə
qulaq asırdı... Nəhayət, dayandım və cavab
gözlədim...
Mir Cəlal
müəllim gözünü pəncərədən çəkmədən
çox sakit, təmkinli səslə dedi: “Təhsin, mən sənə
diqqətlə qulaq asdım, dediklərinin hamısını
eşitdim. Ancaq burda nə var ki, sən belə əsəbiləşmisən?
Onlar elə deyib, sən də cavablarını
vermisən, daha bu qədər həyəcan, əsəbilik nəyə
lazımdır axı?”
Sonra da mənə
tərəf dönüb sözlərini tamamladı:
“Yadında saxla, müəllim olanın səbri gərək
böyük olsun. Müəllim hər
sözün boynuna kəndir salmaz”.
Mir Cəlal müəllimi heç vaxt özündən
çıxan, müvazinətini itirən, kimisə ucadan
töhmətləndirən görmədim. Lakonik, dəqiq
və təmkinli danışıq üslubu (yazı nitqində
olduğu kimi) onun üçün daha səciyyəvi idi.
Mir Cəlal müəllimin təbiəti
üçün ən səciyyəvi cəhətlər, mən
deyərdim ki, sadəlik və səmimiyyət idi. Zahiri görünüşündə,
davranışında, hətta elmi və bədii əsərlərinin
üslubunda bu cəhətlər əsas idi, səbirli, təmkinli
və səmimi intonasiya aparıcı idi.
Dərs deməyi də səmimi söhbət xarakterində
olardı.
Görəndə ki, tələbələr bir az
yorulub, təsadüf etdiyi maraqlı hadisələrdən, bədii
yaradıcılığından maraqlı, kiçik bir epizod
danışardı, yenidən söhbətini davam etdirərdi.
Eyni zamanda, Mir Cəlal müəllim çox iradəli,
müstəqil düşüncəli, prinsipial və məğrur
bir şəxsiyyət idi! Həyatda, elmdə və
bədii yaradıcılıqda onun öz prinsipləri,
kriteriyaları vardı. Hər deyilənə
qoşulmazdı, öz iradəsi və öz məntiqi ilə
yaşayan adam idi.
Qüvvətli və çoxmənalı yumoru vardı. Çox vaxt bəyənmədiyi
nəyə isə sərrast yumorla öz kinayəsini, tənqidi
münasibətini bildirərdi. Bu da həm
effektli olurdu, həm də yaddaqalan. Bir də
nikbin və şəfqətli kinayə bu nitqə xüsusi
orijinallıq və kəsər verirdi. Elə bil bu xəfif
kinayə onu həmişə həmsöhbətindən bir az da ucada saxlayardı, fikirlərini daha kəsərli
və təsirli edirdi...
Mir Cəlal müəllim adi söhbətdə də,
yazıda da son dərəcədə konkret, dəqiq idi. Bir dəfə
Ə.Haqverdiyevin xalq həyatını, adət-ənənələrimizi,
milli psixologiyanı gözəl bilməsindən söhbət
düşmüşdü. Mir Cəlal müəllim
söhbəti bircə tutarlı cümlə ilə belə
yekunlaşdırdı: “Haqverdiyev bir növ canlı Azərbaycandır,
yeriyən Azərbaycandır”. O, fikrin aydın və sadə
ifadə tərzini elmdə və bədii
yaradıcılıqda vacib sayırdı. Xüsusilə gənclərin
üslub əllaməliyindən əsəbiləşirdi:
“Qardaş, bunlar belə hoqqabazlığı görəsən,
harada öyrəniblər? Əsərdə gərək
fikir aydın və dəqiq olsun. Bunların
fikirləri elə dolaşıqdır ki, qələmə
alanda da çətinlik çəkirlər. Mirzə Cəlil kimi o zaman xalqa yaxın olan ədib
tapmaq çətindir, amma onun qədər asan, sadə, təbii
yazan da yox idi. Bəs bu cavanlar niyə ədəbiyyatımızı,
mədəniyyətimizi pis öyrənirlər,
görüb-götürmürlər? Bəzi
cavan alimlərin də əsərini oxuyanda, ya da özünə
qulaq asanda, görürsən, sözündən bu
çıxır ki, elə hər şey məndən
başlayır. A bala, bəs səndən əvvəl
yazıb-pozanlar harda qaldı?”
Mir Cəlal müəllim bədii təhkiyədə C.Məmmədquluzadə
ənənələrinin görkəmli davamçısı
idi. Uzunçuluqdan, yersiz təfsilatdan zəhləsi gedərdi.
Yenicə çap olunmuş qalın, bədii cəhətdən
zəif bir romanı vərəqləyirdi. Özünəməxsus
kinayəli bir yumorla dedi: “Məndə ixtiyar ola,
belə müəllifi qabaqcadan çağırıb
alacağı qonorarı soruşaram, pulunu artıqlamasıyla
verərəm və deyərəm ki, qardaş, camaata
yazığın gəlsin, bunu çap elətdirmə, ya da
yarıbayarı ixtisar elə. Axı belə
uzunçuluqla, zorla ədəbiyyat yaranmaz. O pul ki, bəzən
istedadsız adamlara tökülür, söyüd
ağacına xərclənsəydi, indi o da bar vermişdi”.
Həmişə sakit, təmkinli görünən Mir Cəlal
müəllim bir gün universitetə çox əsəbi gəlmişdi. Səbəbini soruşdum,
cavab verdi ki, evdən gələndə
qonşumuzdakı meyvə dükanının
satıcısı cavan oğlan salamlaşdıqdan sonra mənə
dedi, ay müəllim, bizim dükana da bir baş çəkin,
sizə hörmət edək. Qardaş, sən
bu gədənin iddiasına bax ki, mənə hörmət eləmək
istəyir.
Tarix boyu müəllim nüfuzunun, müəllimə
ehtiramın dərəcəsi hər bir cəmiyyətin
intellektuallıq səviyyəsinin, elm və mədəniyyət
qayğısının əsas göstəricilərindən
sayılmışdır. Təzə müəllimliyə
başlamışdım, imtahan fasiləsində Mir Cəlal
müəllimlə universitetin müəllimlər bufetinə
getdik. Yemək götürdük, mən cəld
əlimi cibimə saldım ki, xərci ödəyim. Mir
Cəlal müəllim yenə də təmkinlə, amma bir az da hökmlü şəkildə dedi: “Təhsin,
yadında saxla, bir də mən olan yerdə əlini cibinə
atmayasan”. Mən özümü
yığışdırdım, o isə gülə-gülə
yeməyin pulunu verdi.
Bu iki məqam
ola bilsin ki, bəzilərinə xırda,
az əhəmiyyətli epizod kimi görünsün. Amma onların hər birində böyük mətləb
və məna vardır. İlk növbədə
müəllim şəxsiyyətinin böyüklüyü,
ucalığı hər iki epizodun məğzini, mahiyyətini
təşkil edir.
Qeyd etdiyim kimi, Mir Cəlal müəllim tələbələrinin
pedaqoq kimi formalaşmasına xüsusi diqqət yetirirdi. Onların elmi
hazırlığından tutmuş, davranış
qaydalarına, hətta məişət problemlərinə qədər
qayğı və diqqət göstərirdi. Təbii ki, gənc müəllim üçün mənzil
problemi əsas idi və bu barədə Mir Cəlal müəllimlə
dəfələrlə söhbətimiz olmuşdu.
Mir Cəlal müəllimlə nə barədə isə
söhbətim vardı; razılaşdığımız
vaxtı evlərinə getdim. Eyvanda oturmuşdu, dənizi
seyr edirdi. Görüşdük, hal-əhval
tutduq. Mir Cəlal müəllimin ilk sualı o vaxtkı
gənc müəllimlər üçün ən
mühüm məsələyə - mənzil probleminə aid
oldu: “Təhsin, ev məsələn nə yerdə qaldı? Bax, sənə yenə deyirəm, mikrorayon-filan
olmasın, ancaq mərkəzdə olsun. Ev
məsələni birdəfəlik həll etməlisən”.
Dedim, Mir Cəlal müəllim, heç mikrorayonda da ev verən yoxdur. Sonra zarafata keçib əlavə
elədim: “Amma belə bir eyvan ilə də kifayətlənərdim”.
Mir Cəlal müəllim güldü: “Qardaş, mən bu
eyvanı alana qədər bilirsən nə
qədər əsəbilik keçirmişəm? Nə qədər çalışmışam?”
Doğrudan da, bilirdim ki, Mir Cəlal müəllim
özünün ən sanballı əsərlərini
İçərişəhərdəki iki balaca otaqdan ibarət
mənzildə yazmışdı.
İndi həmin mənzil maraqlı muzey kompleksinin son dərəcə
əziz, dəyərli tərkib hissəsidir. Əslində,
bu mənzil tarixi yadigardır. Bura Mir Cəlal
müəllimin Bakıda ilk mənzilidir. Belə
ki, Mir Cəlal müəllimin ailə səadəti də,
yazıçılıq, alimlik və müəllimlik fəaliyyəti
də bu mənzil ilə çox bağlıdır. Bu ev özü də çox bərəkətli,
“düşərli” olub. Mir Cəlal müəllim
bu evə gələnədək hekayə və oçerkləri
ilə bir yazıçı kimi tanınmışdı.
Alim və müəllim kimi də nüfuz sahibi
idi. Lakin hər üç sahədəki əsas
uğurları məhz bu evlə bağlıdır.
Burada bədii yaradıcılığının zirvə əsərləri
olan “Dirilən adam” və “Bir gəncin manifesti”
romanlarını, habelə bir silsilə gözəl satirik-yumoristik
hekayələrini yaratmışdır. Həmçinin,
elmi yaradıcılığının ən kamil nümunələrindən
olan və sonra ona görə elmlər namizədi alimlik dərəcəsi
aldığı “Füzulinin poetik xüsusiyyətləri”
monoqrafiyasını yazmışdır.
Mir Cəlal müəllim də, onun ömür-gün
yoldaşı Püstə xanım da son dərəcədə
qonaqpərvər insanlar idi. Onların evinə kim
getsəydi, tələbə, aspirant, müəllim fərqi
yoxdur, mütləq evin ən ləziz nemətləri süfrədə
olmalı idi. İnanıram ki, bu mənzil daima
qonaqlı olacaq, qədirbilən xalqımız Mir Cəlal
müəllimin bu xatirə ocağını həmişə
əziz tutacaq, daima onu ziyarət edəcəkdir.
Aspirantlıq vaxtında da, müəllim olanda da
qayğılarımızı, dərdlərimizi Mir Cəlal
müəllimlə bölüşərdik. Evlərinə
tez-tez gedərdik. Bu ailədə hər
birimizi böyük mehribanlıqla qarşılardılar.
Məqalələrimiz, dissertasiyalarımız
barədə Mir Cəlal müəllimlə məsləhətləşərdik,
ədəbiyyat aləmindən müxtəlif söhbətlərimiz
olardı. Bilirdi ki, mənzil məsələsi
ən nigaran problemimizdir. Təskinlik verərdi,
yol göstərərdi. Bir gün o
zamankı Bakı Sovetinin qarşısından keçirdik.
Mir Cəlal müəllim ayaq saxladı, mənə müraciətlə:
“Sən bir bura girmisən?” Dedim: “Nəyə görə?” Mir
Cəlal müəllim təəccübləndi: “Necə nəyə
görə? Evi elə burda verirlər də.
Sən də bir gir içəri, aç sədrin
qapısını, denən ki, qardaş, mən bu
qonşuluqdakı universitetdə müəlliməm,
özümün də evim yoxdur. Gör sənə
üçcə günə abırlı bir mənzil verirlər,
ya yox”. Dedim: “Mir Cəlal müəllim, məni sədrin
yanına buraxan kimdir? Camaat günlərlə
sübhdən bu qapını kəsir. Onların
da yalnız bir qismi içəri düşə bilir,
çoxu əliboş qayıdır. Məndə
o səbir haradan idi ki, bu növbələrdə vaxt itirim?
Universitetdə ev növbəsindəyəm, elə
oradan nə vaxt versələr, alaram”. Mir Cəlal müəllim
əsəbiləşdi: “Səndə ki bu çəkingənlik
var, elə evsiz qalacaqsan, gözlə universitetdəki növbəni”.
Mir Cəlal müəllim ziyalıya, universitet
müəlliminə öz ucalığından baxırdı.
Ona elə gəlirdi ki, mənzil məsələsinə
baxanlar da onun kimi düşünərlər.
İllər dəhşətli sürətlə
bir-birini qovdu; evimiz də oldu, babat güzəranımız da. Lakin bizi yetirən, zəhmətimizi
çəkən, qayğımıza qalan gözəl
insanları zaman əlimizdən aldı; bu etibarsız
dünyada onlardan gözəl əməllər qaldı, bir də
kövrək, həzin xatirələr...
Keçən əsrin 60-70-ci illərində universitetin
“Azərbaycan ədəbiyyatı tarixi” kafedrası çox
güclü, eyni zamanda, xeyli mürəkkəb tərkibli idi. Lakin
qarşıdurma yox idi. Müəllimlərin
hər biri həm mənəvi, həm də elmi-pedaqoji
baxımdan kifayət qədər səviyyəli idi və
pedaqoji-etik mühit kifayət qədər qorunurdu. Mir Cəlal müəllimin hər kəs barədə
şəxsi təsəvvürü vardı və
mümkün qədər də onu aşkar bildirmirdi.
Mir Cəlal müəllim tələbələrin
pedaqoji təcrübəsinə də xüsusi diqqət yetirərdi. Bir gün nigaran ovqatda dedi:
“Qardaş, bir uşaqların pedaqoji təcrübəsinə
də baş çəkək, görək müəllim təcrübəni
necə aparır”. Təcrübə müəlliminə xəlvəti
dedim ki, bir münasib günü mənə desin, Mir Cəlal
müəllim də gələndə razı qalsın. Müəllim də xeyli vaxtdan sonra dərsin
gününü və saatını deyib israrla xahiş etdi
ki, məhz o vaxt gedək. Getdik, VII sinifdə
ədəbiyyat dərsi idi. Təcrübə
keçən tələbəmiz dərsi başladı və
məlum oldu ki, bu gün proqram üzrə elə Mir Cəlal
müəllimin yaradıcılığından bəhs
olunacaq.
Səliqəli
geyimli, bəlkə də əvvəldən
hazırlanmış bir oğlan irəli çıxdı,
Mir Cəlal müəllimin həyat və yaradıcılığını
böyük həyəcanla (kitabdakı bütün cümlələri
əzbərləmişdi) danışdı və sonda,
görünür, daha yaxşı təsir
bağışlasın deyə, özündən də belə
bir əlavə etdi: “Mir Cəlal Paşayevin əziz xatirəsi
qəlbimizdə həmişə yaşayacaqdır”. Mir Cəlal
müəllim mənə tərəf çöndü: “Təhsin,
görürsən müəllimi?” Dedim: “Vallah müəllim
belə şeyə razı olmaz, bu uşağın özfəaliyyətidir”.
Rəhmətlik dosent Firuz Sadıqzadə cəld
ayağa durub Mir Cəlal müəllimi təqdim etdi,
uşağın səhvini başa saldı. Qayıdanda
Mir Cəlal müəllimin hirsi soyumuşdu. Mənə
dedi: “Görünür, orta məktəbdə uşaqların
sərbəst, müstəqil düşünməyinin
qayğısına lazımınca qalmırlar. Barı
Universitetdə buna diqqət yetirmək lazımdır;
xüsusilə filoloqlar üçün bu çox vacibdir”.
Kafedra müdiri kimi Mir Cəlal müəllim çox tələbkar
və prinsipial, yeri gələndə hökmlü idi. Kafedramız
xeyli böyümüşdü, lakin laborantlar işin öhdəsindən
lazımınca gələ bilmirdilər. Bir gün Mir Cəlal
müəllim belə bir tapşırıqla məni o
vaxtkı Azərbaycan Dövlət Universitetinin elmi işlər
üzrə prorektoru olan AMEA-nın müxbir üzvü Qədir
Sultanovun yanına göndərdi: “Bax, Təhsin, gedirsən Qədir
müəllimin yanına, deyirsən, Mir Cəlal müəllim
deyir ki, kafedramız böyüyüb, müəllimlər
çoxalıb, iki laborant daha işlərin öhdəsindən
gələ bilmir. Bizə təcili olaraq iki təzə
laborant da verilməlidir; bir baş laborant, bir də elə-belə
laborant. Qədir müəllimə məndən bir salam da yetirərsən...”
“Baş üstə” deyib yollandım Qədir müəllimin
yanına. Qədir
müəllim hamı kimi məni də gülərüz
qarşılayıb hal-əhval tutdu, gəlməyimin səbəbini
eşidəndə təəccüblə soruşdu: “Sən
Allah, Mir Cəlal müəllim, elə belə dedi, iki laborant
istədi?!”
“ - Həzrət
Abbas haqqı, lap elə belə dedi!..”
Cavabım
Qədir müəllimi lap məyus etdi...
“ - Ay
kişi, mənim Mir Cəlal müəllimə böyük
hörmətim var. Amma Mir Cəlal müəllim elə bilir
ki, məndə bir yeşik laborant ştatı var, bir yeşik
də baş laborant ştatı. Yeşikləri
açıb hərəsindən bir laborant ştatı verəcəyəm
sənə. Ay qardaş, mənim öz aspirantım nə
vaxtdır müdafiə eləyib, elmlər namizədidir,
kafedrama laborant götürmək istəyirəm, ştat
tapmıram. İndi mən sənə birdən-birə
necə iki laborant ştatı verim?” Dedim: “Qədir
müəllim, mən Sizi başa düşdüm. Amma Mir Cəlal müəllimə nə deyim?”
Qədir
müəllim bir az da qayğılandı:
“Hə... məni də narahat edən elə budur... Yox, təbii ki, Mir Cəlal müəllimə bu
cür demək olmaz. De ki, Qədir müəllim
deyir, baş üstə, Mir Cəlal müəllimin arzusunu
yerinə yetirmək borcumuzdur. Di gəl ki,
indi boş ştatımız yoxdur. Sağlıq olsun, may ayında nazirlikdən bizə yeni ştatlar
veriləcək. Onda bir laborant, bir də baş laborant
ştatı verərəm...”
Gəldim
kafedraya, bir az da özümü nikbin
tutaraq cavabı Mir Cəlal müəllimə yetirdim. Mir Cəlal
müəllim həmişəki kimi sakitcə gülümsəyərək
məni dinləyib, bir məsəl çəkərək
sözə başladı: “Deyir, adam var, dəyirmana göndərərsən,
şəhər xəbəri gətirər, adam da var şəhərə
göndərərsən, dəyirman xəbəri gətirər.
Təhsin, sən əvvəllər birincilərdən
idin. Hara göndərirdim, işi rahatca həll
edirdin. Amma axır vaxtlar olmusan ikincilərdən: hara
gedirsən, əliboş qayıdırsan. Sən
niyə belə oldun, qardaş?” Dedim: “Mir Cəlal müəllim,
axı mən nə edə bilərəm ki? Sizin sözlərinizi
Qədir müəllimə yetirdim, o da belə cavab verdi”. Mir Cəlal müəllim səmimi bir təbəssümlə
söhbəti belə yekunlaşdırdı: “Yox, qardaş, sən
elə əvvəlki kimi ol, o yaxşıdır...”
Bütün bunlar Mir Cəlal müəllimin təbiətinin özünəməxsusluğundan irəli gəlirdi. Mir Cəlal müəllim adi davranışında da, elmi və bədii yaradıcılığında da təkrarsız, orijinal idi.
Uzun illər Mir Cəlal müəllim Universitet ədəbiyyatçılarının ən böyük xeyirxahı, ən yaxın məsləhətçisi olmuşdur. İndi onun tələbələri də, yeri gəldikcə, öz tələbələrinə unudulmaz Mir Cəlal müəllim haqqında xatirələr danışır, onun həyat və yaradıcılıq yolunu ibrətli nümunə kimi gənc nəslin yaddaşına köçürürlər... Ümid etmək olar ki, bu xatirələr Mir Cəlal müəllimin nurlu siması, pak, bütöv şəxsiyyəti və böyük, işıqlı əməlləri barədə zəngin, unudulmaz təsəvvür yaradacaq, onu hələ neçə nəslin qiyabi müəlliminə, məsləhətçisinə çevirəcək, ürəklərdə, hafizələrdə yaşadacaq...
Bəlkə də insanın ən böyük faciəsi ölümə məhkumluğunu dəqiq bilməsidir... Yeganə təsəlli isə əməlləridir, yadigarlarıdır ki, onlar yaşanmış ömrün həyat təcrübələrinin yaşanacaq ömürlərə əmanətidir. Bu cəhətdən ömür yolunun təkrarsız əks-sədası olan xatirələr xüsusilə əvəzsizdir...
Mir Cəlal müəllim yazıçı, alim və pedaqoq kimi düz əlli il fədakarcasına fəaliyyət göstərmişdir. Azərbaycanın bugünkü dünya miqyaslı ucalığında Mir Cəlal müəllim kimi böyük ziyalıların da xidmətləri danılmazdır!
Təhsin
MÜTƏLLİMOV
525-ci qəzet.- 2018.- 1 dekabr.-
S.10-11.