Tarixi Lissabon sammiti: Erməni təbliğatına
ağır zərbə
1996-cı
il dekabrın
2-3-də ATƏT-in Lissabon (Portuqaliya) sammiti tarixi hadisə ilə yadda qaldı.
Məhz
bu sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
barədə qəbul
edilən yekun bəyanatda münaqişənin
nizamlanmasının üç
prinsipini əks etdirən bənd yer aldı: Azərbaycanın ərazi
bütövlüyü bərpa
edilir, Dağlıq Qarabağa Azərbaycanın
tərkibində yüksək
muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının
təhlükəsizliyi təmin
olunur, o cümlədən,
tənzimləmənin şərtlərinə
bütün tərəflərin
riayət etməsinin təmin olunması barədə qarşılıqlı
öhdəliklər götürülür.
Lakin Ermənistan
konsensus prinsipindən
sui-istifadə edərək
həmin maddəyə
razılıq vermədi. Mərhum
prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə
sammitin yekun sənədinə veto qoyacağını
bildirdi. Nəticədə kritik vəziyyətdən
çıxış yolu
kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə
olan sədrinin xüsusi bəyanatı şəklində qəbul
edildi.
ATƏT sədri tərəfindən
verilmiş bəyanat Ermənistan istisna olmaqla, bütün üzv dövlətlər
tərəfindən dəstəkləndi. Bu isə o demək idi ki, işğalçı
istisna olmaqla ATƏT-ə
üzv bütün dövlətlər Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləyir, Dağlıq
Qarabağı onun bir hissəsi kimi tanıyır.
Lissabonda ATƏT dövlət və hökumət başçılarının
Zirvə toplantısı
52 Avropa dövləti,
ABŞ, Kanada və 10
Asiya-Afrika dövlət
başçılarının müşahidəçi statusunda
iştirakı ilə
keçirilib. Qafqaz regionu, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
yüksək səviyyədə
ilk dəfə geniş
müzakirə olunduğu
Lissabon sammiti buna görə də Azərbaycan üçün Budapeşt
Zirvə görüşündən
daha əhəmiyyətli
idi.
Xatırladaq ki, Budapeşt sammiti 5-6 dekabr 1994-cü ildə keçirilmişdi
və həmin sammitin nəticələrinə
görə, ATƏM (Avropada
Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsi) yeni Avropanın sivilizasiyalı
birgəyaşayış qaydalarını
müəyyən edən,
sülhün, demokratiyanın
və insan hüquqlarının qorunmasını
təmin edən, üzv ölkələrinin
təhlükəsizliyini və
qarşılıqlı faydalı
əməkdaşlıq prinsiplərini
həyata keçirən,
özünüidarə mexanizmiləri
olan ümumavropa təşkilatına - ATƏT-ə (Avropada Təhlükəsilik
və Əməkdaşlıq
Təşkilatına) çevirildi.
Budapeşt sammitində Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olundu. Ermənistan-Azərbaycan münaqişəsinə dair
Budapeşt sammitinin işinin konkret yekunu olaraq "Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar ATƏT-in fəaliyyətinin
intensivləşdirilməsi" adlı qətnamənin qəbulu təşkil etdi. Budapeşt sammitinin nəticələrinə
əsasən, 20 dekabr
1994-cü ildə Vyanada
Ermənistan-Azərbaycan münaqişəsi
üzrə ATƏT-in üzv
ölkələrinin təyin
etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli
Planlaşdırma Qrupu
(YSPQ) təsis olundu.
Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə
1995-97-ci illər ərzində
İsveç ilə Rusiya başçılıq
ediblər.
Budapeşt zirvə görüşündən
sonra Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə əlaqədar danışıqlar
ATƏT-in Minsk qrupundan çox,
onun ayrı-ayrı üzv dövlətlərinin
təşəbbüsləri ilə yenidən güclənsə də, heç bir nəticə əldə etmək mümkün deyildi. 1995-1996-cı ilin sonlarına qədər Qərb, Rusiya və ATƏT-in danışıqlarda
vasitəçiliyi Dağlıq
Qarabağ məsələsinin
həllində konkret nəticə vermədi.
Beləliklə, ATƏT-in növbəti, Lissabonda keçiriləcək dövlət
başçılarının dördüncü Zirvə
görüşü ərəfəsində
yeganə nailiyyət Azərbaycan və Ermənistan arasında atəşkəsin qorunması
oldu.
Zirvə
toplantısının Azərbaycanla
bağlı əsl mahiyyətini və əhəmiyyətini mərhum
prezident Heydər Əliyev sammitə yola düşməzdən
qabaq, 1996-cı il noyabrın 30-da Binə hava limanında jurnalistlərə
bəyanatında bildirib.
O, Lissabon sammitinin məhkəmə qismində
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı qəti qərar verə biləcək qurum olmadığını elan
edib.
Eyni zamanda, Heydər Əliyev bu zirvə görüşünə
böyük əhəmiyyət
verdiyini, sammit ərəfəsində Minsk qrupu
tərkibində Helsinkidə,
Vyanada fəaliyyət
göstərildiyini və
Azərbaycan nümayəndə
heyətinin günlərlə
Lissabonda işlədiyi
haqda məlumat verib. Prezident, həmçinin, Budapeştdən Lissabona qədər keçən
dövrü də müsbət qiymətləndirdiyini
bildirib.
Heydər
Əliyev 1996-cı il
2 dekabr Zirvə görüşündəki nitqində
Dağlıq Qarabağ
münaqişəsi, erməni
təcavüzü barədə
ümumi məlumat verib, Rusiyanın təsiri ilə atəşkəsin əldə
edilməsini təqdir
edib və Azərbaycanın sülh müqaviləsi bağlanana
qədər atəşkəs
rejiminə əməl
edəcəyini bildirib.
Azərbaycan rəhbəri atəşkəsin
əhəmiyyətini Ermənistanla
ikitərəfli danışıqlar
kanalının yaradılması,
hərbi əsirlərin
və girovların qarşılıqlı azad
edilməsi addımları
ilə izah edib.
Heydər
Əliyev 1996-cı ilin
aprelində Lüksemburqda
Ermənistan prezidenti və özünün verdiyi bəyanatı münaqişənin aradan
qaldırılması istiqamətində
mühüm addım hesab etdiyini də Lissabondakı nitqində bildirib: "Həmin bəyanat əslində, tərəflərin
silahlı münaqişəyə
beynəlxalq prinsiplər
və normalar əsasında son qoymaq əzmini nümayiş etdirən ilk Ermənistan-Azərbaycan
sənədidir".
Nəhayət, Heydər Əliyev Lissabon görüşündən
əvvəl ATƏT üzvü
olan dövlət və hökumət başçılarına göndərdiyi
məktubda münaqişənin
həlli üçün
məşhur ümumi
çərçivə qaydalarını
- Lissabon prinsiplərini
göstərdiyini söyləyib. O, ATƏT prinsipləri,
BMT nizamnaməsi və
beynəlxalq hüququn
ümumi qaydalarına
uyğun hesab etdiyi bu müddəaları
Zirvə toplantısı
nitqində də elan edib:
- Azərbaycan və Ermənistanın ərazi
bütövlüyünün tanınması
- Azərbaycanın tərkibində
Dağlıq Qarabağa
ən yüksək özünüidarə statusunun
verilməsi
- Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin
təmin edilməsi
Həmin prinsiplər ATƏT-in sədri
Flavio Kottinin
1996-cı ilin fevralında
münaqişə regionuna
səfəri zamanı
verdiyi təkliflərə
də uyğun idi.
Heydər Əliyev çıxışında
Ermənistan tərəfinin
Dağlıq Qarabağ
münaqişəsində məqsədini
təcavüzün nəticələrini
qanuniləşdirmək və
Azərbaycan ərazisində
ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib, bütün
bunlara yol verilməyəcəyini iştirakçı
dövlətlərin başçılarına
elan edib.
O, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin göstərilən
prinsiplər əsasında
aradan qaldırılacağı
təqdirdə mütərəqqi
nəticələr verəcəyini
ifadə edib: "Əminəm ki, münaqişənin BMT nizamnaməsi,
ATƏT prinsipləri və
beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində
Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm
sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa
edəcək, Dağlıq
Qarabağın bütün
əhalisi üçün
ən əlverişli
şərait yaradacaqdır".
Heydər Əliyev Lissabon sammitindəki çıxışında
Ermənistan prezidentinə
və xalqına da sülh çağırışları
edib. O, ATƏT üzvlərinin hamısını bütövlükdə
Dağlıq Qarabağ
məsələsinin həllinə
kömək etməyə
çağırıb: "Mən ATƏT-in Lissabon Zirvə görüşünün
iştirakçısı olan
dövlət və hökumət başçılarına
üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri
olan Ermənistan-Azərbaycan
münaqişəsinin tezliklə
aradan qaldırılması
üçün səylərini
əsirgəməsinlər".
Bütün bu çağırışlara baxmayaraq, Ermənistan nümayəndə heyəti Heydər Əliyev tərəfindən irəli sürülən həmin prinsiplərin Lissabon bəyannaməsinin 20-ci maddəsinə salınmasına veto qoyub. Azərbaycan dövlət başçısı isə ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olub. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan bəyanatda bu müddəaların Zirvə görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi də göstərilib.
ATƏT sədrinin bəyanatından dərhal sonra Ermənistan nümayəndə heyəti də bəyanat verərək bununla razılaşmadığını elan edib. Gələcək uğursuz danışıqların əsasını qoyacaq bu bəyanatda məsələnin həllinin hər şeydən əvvəl öz müqəddəratını təyin etmə prinsipi əsasında əldə oluna biləcəyi bildirilib.
Heydər Əliyev isə sammitin başa çatdığı gün 1996-cı il dekabrın 3-də Lissabonda jurnalistlərə verdiyi müsahibədə Zirvə görüşünün qərarından razı qaldığını deyib. O, Lissabon layihəsinin hətta Azərbaycanı da tam təmin etmədiyini, amma Ermənistanın yenə də bununla razılaşmadığını bir daha elan edib. Azərbaycan rəhbəri Ermənistanı beynəlxalq prinsiplərə qarşı çıxmaqda ittiham edib: "Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından imtina edilməsi ATƏT-in əsas prinsiplərindən imtina deməkdir".
Azərbaycan dövlət başçısı Bakıya qayıtdıqdan sonra 1996-cı il 6 dekabrda ictimaiyyət nümayəndələri ilə görüşündə ATƏT-in və onun Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Budapeşt sammitindən Lissabon görüşünə qədər keçdiyi yolu ətraflı təsvir edib. Prezident bildirib ki, Böyük sülh sazişinin əldə edilməməsi Ermənistanın işğal etdiyi ərazilərdən istifadə edərək Dağlıq Qarabağa müstəqillik statusu almaq cəhdindən irəli gəlir.
Heydər Əliyev Lissabon qərarını erməni təbliğatına zərbə hesab etdiyini deyib. O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi məsələsində təbliğatda indiyə qədər Azərbaycandan üstün olduğunu, Lissabonda baş verən veto qarşıdurmasından sonra isə bu münaqişə ilə bağlı iştirakçı dövlət rəhbərlərinin maraqlandığını, eyni zamanda, sammitin fəaliyyətini izləyən dünya miqyaslı mətbuat orqanlarına da münaqişə haqda məlumatların verildiyini bildirib: "Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan - Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik".
Dağlıq Qarabağ münaqişəsi bu gün də həll edilməmiş qalır, ancaq indi bütün dünya Azərbaycan həqiqətlərini bilir, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, işğala son qoyulmasına çağırış edir. İndi həmçinin, Ermənistan bütün dünya qarşısında güclü, hərtərəfli inkişaf etmiş bir Azərbaycan görür. Avropa İttifaqının, digər beynəlxalq qurumların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi təsdiqlənir. Bütün bunlara isə vaxtilə Ümummilli lider Heydər Əliyevin apardığı gərgin mübarizə nəticəsində nail olunub.
PƏRVANƏ
525-ci qəzet.- 2018.- 4 dekabr.- S.1;5.