Cümhuriyyət qurucuları: maliyyə naziri Əliağa Həsənov

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə və Bank sisteminin formalaşmasında tanınmış dövlət xadimi  Əliağa Həsənovun böyük rolu olub.

 

Ə.Həsənov 1871-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı Şəhər Gimnaziyasında oxuduqdan sonra Bakı Kommersiya məktəbini bitirib. O, türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənib.

Ə.Həsənov Şəhər Dumasının üzvü seçilmiş və Bakıya şollar su kəmərinin çəkilməsində, kanalizasiya şəbəkəsinin yaradılmasında, Dənizkənarı parkın (Bulvarın) salınmasında xidmətlər göstərib. Ə.Həsənov mətbuatla da əlaqə saxlayıb, "Füyuzat" jurnalında məqalələr çap etdirib. Ə.Həsənovun böyük rus yazıçısı L.N.Tolstoyla da dostluq münasibətlərinin olduğu qeyd olunur.

1917-ci ilin Fevral-burjua inqilabından sonra Ə.Həsənov Azərbaycanın siyasi həyatında daha yaxından iştirak etdi. Məlum olduğu kimi, erməni silahlı dəstələri 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırım törətmişdilər. Bu qırğının qarşısının alınması üçün digər ziyalılarla birlikdə Ə.Həsənov da çalışmışdı. O, soyqırımın son günündə yaradılan Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olmuşdu .

Heç bir partiyaya daxil olmayan, bitərəf mövqedə dayanan Ə.Həsənov 1918-ci ilin dekabrından fəaliyyətə başlayan Azərbaycan Parlamentinin  üzvü seçilmişdi.

Ə.Həsənov F.X.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində (26.12.1918 - 14.03.1919) Maliyyə Nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə Dövlət müfəttişi (ona qədər bu vəzifədə M.Hacınski olub) vəzifələrini yerinə yetirmişdir.

Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəylinin yaratdığı 1-ci (ümumi sayca 4-cü) Hökumət kabinəsində o, Maliyyə naziri vəzifəsini icra etmişdir. Ə.Həsənov bu vəzifədə 1919-cu ilin 24 dekabrına qədər fəaliyyət göstərmişdir.

O, 1919-cu ilin dekabrın 24-də Maliyyə naziri vəzifəsindən uzaqlaşdıqdan sonra (onun yerinə Əhrar Partiyasından R.Kaplanov təyin edilmişdi) Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışdı.

Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin müvafiq iqtisadi-maliyyə strukturlarının formalaşmasına 1918-ci ilin sonlarından başlanılmışdır. 1918-ci ilin oktyabrın 21-də Nazirlər Soveti qanunvericilik aktına əlavə olaraq Maliyyə Nazirliyi Şurasının hüquqi statusu haqqında qanunvericilik aktına əlavələri təsdiqləmiş, sonradan isə parlament "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında qaydaları" qəbul etmişdir.

Eyni zamanda, Maliyyə Nazirliyi yanında şura təşkil olunmuşdu. Həmin Şura Maliyyə  nazirinin sədrliyi ilə təsis edilmiş və 5 həlledici səsə, 4 məşvərətçi səsə malik olan üzvlərdən ibarət idi.

Yeni yaradılmış bu sistemin inkişafında Maliyyə naziri Ə.Həsənov önəmli rol oynadı.

Qeyd edək ki, Ə.Həsənova qədər Azərbaycan Cümhuriyyətinin Maliyyə nazirləri -Nəsib bəy Yusifbəyli, Əbdüləli bəy Əmircanov, Məhəmməd Həsən Hacınski, İ.Protasov  olmuşlar. Onların hər biri çox ağır vəziyyətdə olan ölkənin maliyyə problemlərinin həllinə çalışmışdırlar.

1919-cu ilin mayın 26-da Azərbaycan Hökuməti Dövlət Bankının yaradılması haqqında qanun layihəsini bəyənərək, parlamentin təsdiqinə verdi. 1919-cu ilin sentyabrın 18-də parlament "Azərbaycan Dövlət Bankı haqqında nizamnamə"ni qəbul etdi.

Azərbaycan Dövlət Bankının 1-ci maddəsində qeyd olunurdu ki, bankın yaradılmasında əsas məqsəd pul dövriyyəsinin yüngülləşdirilməsi, qısamüddətli kreditlər yolu ilə ticarətə, sənaye və kənd təsərrüfatına kömək göstərməkdir. Bu, həm də pul sisteminin möhkəmləndirilməsinə imkan yaradacaqdı.

1919-cu ilin 30 sentyabrında Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu. 1919-cu ilin oktyabrın 25-də isə Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin açılması haqqında qanun qəbul edildi.

1919-cu ilin 11 oktyabrında Azərbaycan Parlamenti "Azərbaycan Dövlət Əmanət kassaları haqqında nizamnamə"ni təsdiqlədi və digər bölgələrdə də əmanət kassalarının açılıb fəaliyyət göstərilməsinə şərait yarandı.

1919-cu ilin iyulun 15-də xarici valyutanın kursunun müəyyənləşdirilməsi üçün Bank birjası yanında ayrıca komitə yaradıldı.

Azərbaycan Cümhuriyyətinin maliyyə sistemini möhkəmlədən bu işlərin reallaşmasında nazir Ə.Həsənovun ciddi fəaliyyəti var idi.

Ə.Həsənov həm də neft gəlirinin əldə olunmasına diqqət edirdi. Neft sənayesi sahəsində görülən tədbirlər nəticəsində neft hasilatı əvvəlki dövrlə müqayisədə yüksəlmişdi. Əgər 1918-ci ilin avqustunda 11,2 milyon pud neft hasil olmuşdusa, 1919-cu ilin avqustunda bu rəqəm 20,4 milyona çatmışdır. Maraqlıdır ki, Azərbaycan Cümhuriyyətinin mövcudluğu dövründə neft və neft məhsulları ehtiyatı 300 milyon puda yüksəlmişdi.

Bu rəqəmlər və göstəricilər dövlətin iqtisadi siyasətinin düzgün yürüdülməsinin nəticəsi idi.

1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin 25, 50, 100, 250 və 500 manatlıq dəyərində dövriyyəyə buraxılan kağız pullarının üzərində Nazirlər Şurasının sədri N.Yusifbəylinin və Maliyyə naziri Ə.Həsənovun imzaları var idi.

1919-cu ilin sonunda Cümhuriyyət Hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər idarəsinin 500 manat dəyərində istiqraz vərəqəsi dövriyyəyə buraxıldı. Buraxılan pulların qiymətdən düşməməsi, emissiya həcminin artmaması, devalvasiyaya uğramaması üçün Ə.Həsənov ciddi iş sistemi yaradırdı.

Tanınmış dövlət xadimi Ə.Həsənov Azərbaycan Parlamentinin də iclaslarında fəallıq göstərmişdir.

1919-cu ilin mayın 5-də parlamentin 5-ci iclası keçirildi. İclasda 10-na qədər məsələ müzakirə edilirdi. Sonra beş yüz və on milyon manat kağız pul buraxmaq haqqında hökumətin icazə verməsi ilə bağlı qanun layihəsinin müzakirəsi başladı.

Parlament üzvü M.Vəkilov hələ ötən 2-ci iclasda bu məsələ ilə bağlı qanun layihəsinin təqdim edildiyini   Maliyyə nazirinin izahat  verməli olduğunu bildirdi.

Maliyyə naziri Ə. Həsənov  çıxış edərək dedi: "Möhtərəm məbuslar! Azərbaycanın maliyyə və iqtisadi əhvalını təsvir etmək üçün lazım olan materiallar bu gün də əldə deyildir. Bir məmləkətin əhvalını təsvir etmək və onun maliyyə və iqtisadi işlərini bir neçə gündə öyrənmək çətin məsələdir. Bilirsiniz ki, maliyyə nəzarəti iki həftədir ki, bu işlərlə məşğuldur. Və onu ətraflıca izah eyləmək bu günlərdə bizim üçün mümkün deyildir. Lakin müxtəsər də olsa, izahat vermək olar. Əvvəla, bunu istəyirəm ərz edim ki, aləmşümul Cahan müharibəsinin cəmi dünyada sui-təsiri olduğu kimi, bizim məmləkətdə də olmuşdur. Bizim məmləkət də bu bəladan uzaq qalmayıbdır. Beş  il tamamdır ki, adi məişət yaşayışı mümkün deyildir. Hər şey öz yolundan çıxmışdır... İndi səfərbərlik başlanıb. Tamam kişilərin  işləməsi lazım olan yerlərdə - fabrikalarda, zavodlarda, yəni  işlərin məhsulatı ilə gərək mənfəətbərdar olaydıq, iş getməyibdir. Odur ki, məmləkətin məhsulu az olubdur. Məhsul az olanda da dövlət az olur. Biz də müşkülata düçar olmuşuq. Bizim ticarətimiz ki, başlıcası neft ticarətidir, indi pozulubdur. Bazarlar bağlı, yollar bağlı, heç bir yerə çıxmır".

Ə.Həsənov fikirlərini konkret müddəalar əsasında parlament üzvlərinə çatdırırdı: "Bu beş ildə nə əkmişik, nə biçmişik. Belə vəziyyət   vardır. Dövlət haradan olsun? Gərək əkin əkilsin, yollar açıq olsun, ticarət olsun, əmniyyət olsun".

Ə.Həsənov çıxışında bir vacib məqama da toxundu: "Bir haldayıq ki, xalqın mümkünü yoxdur ki, vergi versin. Varı olan da fikir etmir ki, Hökumət gərək öz xərcini-borcunu ödəsin. Hər kəs bu fikirdədir ki, azadlıqdır, vergi vermək lazım deyil. Bu fikir xalqın zehnindən götürülməlidir".

Ə.Həsənov bildirdi ki, kağız pulları buraxmaqda məqsəd xərcləri qaydaya salmaq, ölkənin fövqəladə xərclərinə sərf etməkdir. O, nəzərdə tutulan 510 milyonun 300 milyonunun çap edildiyini, 210 milyonun qaldığını, hökumətin işinin dayanmaması üçün parlamentin razılıq bildirməsini xahiş etdi. O, eyni zamanda, pulun çapdan banka yox, birbaşa xəzinəyə getdiyini, hökumətin öz öhdəsinə götürdüyünə görə ingilislərə pul ayırdığını, türklərin şəhəri tərk etməsindən sonra bankın olmadığını, ingilislər Bakıya gəldikdən sonra bank düzəldib idarə etdiklərini və digər problemlərin mövcudluğunu qeyd etdi.

Ə.Həsənovdan sonra M.Ə.Rəsulzadə, M.Əfəndizadə, Ə.Cövdət, Sultan Məcid Qənizadə, A.Aşurov çıxış edərək məsələyə müxtəlif münasibətlər bildirdilər.

1919-cu ilin mayın 12-də parlamentin 36-cı iclası keçirildi. Müzakirə olunan "Hökumət qulluqçularının faiz əlavəsi haqqında olan qanun layihəsi" ilə bağlı Musa Rəfiyev məruzə etdi. Sonra söz hökumət nümayəndəsi olaraq Ə.Həsənova  verildi. O dedi: "Hökumətdə bir neçə cərəyan vardır. Biri 90 faizdən başlayıb aşağıya qədər faizin artırılması tərəfdarı idi. Bir təklif də var idi ki, 80 faizdən başlayıb aşağı getsin. Bu təklif azlıqda qaldı. Biz təklif edirik ki, 500-dən başlayıb hər iki 150 manata 5 faiz aşağı düşməklə 90 fazidən hesab edilsin. Bir təklif də var ki, bu məvaciblər martın əvvəlindən hesab olunsun. Mart ayında cəmi qulluqçular məvaciblərini iki dəfə alıblar. Martda artıq aldıqları pul çıxılmasın. Hökumət bunu qəbul edibdir".

1919-cu ilin avqustun 28-də parlamentin 69-cu iclası keçirildi. İlk müzakirə edilən  "Azərbaycan Hökumət Bankının təşkili haqqında qanun" layihəsi idi. Əsas məruzəçi R.Ağabəyov oldu.

Parlament üzvü Ə.Cövdətin (Pepinovun) təklifi ilə layihə maddələr üzrə səsə qoyulmamışdan öncə Maliyyə naziri Ə.Həsənovun izahat verməsi xahiş olundu.

Maliyyə naziri Ə.Həsənov Dövlət Bankının yaradılması ilə parlament üzvlərini məlumatlandırdı. Ə.Həsənov Bank yaradılmasının maliyyə işlərinə ciddi təsirini qeyd etdi: "Əgər maliyyə işlərimizi yoluna qoymasaq, digər hərbi və maarif kimi işlərimiz qabağa getməz, çünki ona bağlıdır".

Ə.Həsənov açılacaq yeni bankın köhnəsi ilə heç bir əlaqəsinin olmadığını bildirdi: "Sonra bu bankın keçmiş dövlət bankı ilə əlaqəsindən bəhs etmişdilər. Bunu sizə ərz etməliyəm ki, yeni bankın köhnə bank ilə əlaqəsi yoxdur və olmayacaqdır. O bir bankdır, qalıb öz yerində. Borcu var, yoxdur, işimiz deyil.Yeni bank isə yeni əsas üzrə sizə təqdim edilən nizamnaməyə müvafiq bir surətdə açılacaq. Bu bankın əsas sərmayəsi 50 milyon manat olacaq. 20 milyon manat da ehtiyac sərmayəsidir".

Ə.Həsənov qeyd etdi ki, hazırda ölkədə 35 əmanət kassası var və köhnə kassaların 12 milyon borcunu da ödəməyi üzərimizə götürmüşük, bu borcları ödəməklə xalq arasında etibar da qazanmaq mümkündür.

Ə.Həsənovun bu məntiqli izahatından parlament üzvləri  bank yaradılması haqqında olan layihəni maddələr üzrə oxuyub səsə qoyurlar.

1920-ci ilin aprelin 27-də Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ə.Həsənov respublikanın mədəni-ictimai həyatında fəal iştirak etdi, bir müddət Dövlət Bankının müdiri olaraq çalışdı.

Ə.Həsənov 1933-cü ilin martın 18-də Bakıda vəfat edib.

 

Nəsiman YAQUBLU

tarix elmləri doktoru

 

525-ci qəzet.- 2018.- 4 dekabr.- S.8.