Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi işinə misilsiz töhfə

 

NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN 85 İLLİK YUBİLEYİNƏ VƏ AKADEMİK MİRZƏ İBRAHİMOVUN VƏFATININ 25 İLLİYİNƏ

 

 

Bədii əsərlərindən, publisistik və elmi məqalələrindən göründüyü kimi, Cənubi Azərbaycanda əsarətdə yaşayan soydaşlarımızın taleyi görkəmli ədib və ictimai xadim, Xalq yazıçısı, akademik, vəfatının bu günlərdə 25 illiyi tamam olacaq Mirzə İbrahimovu həmişə düşündürüb.

 

Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı, Mirzə İbrahimovun təşəbbüsü ilə 1976-cı ilin mayında Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan Ədəbiyyatını öyrənən və tədqiq edən şöbə yarandı. Arazın o tayında yaşayan həmvətənlərimiz barədə mətbuatda açıq yazmağa və danışmağa imkan verilmədiyi bir vaxtda Ədəbiyyat İnstitutunda xüsusi şöbənin açılması və "XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi" adlandırılması ədəbi hadisə idi. O vaxta kimi elmi və siyasi ədəbiyyatda işlənən "İran Azərbaycanı" termini əvəzinə "Cənubi Azərbaycan" anlayışını elmi dilə ilk dəfə Mirzə İbrahimov gətirdi, beləliklə, doğma vətənimizin paralanmış hissəsinin zəngin ədəbi-mədəni irsinin öyrənilməsinin təməlini qoydu.

Milli ədəbiyyatın tədqiqində böyük əhəmiyyəti olan şöbənin yaradılması birmənalı qarşılanmadı. Mirzə İbrahimovun da dediyi kimi, bəzilərinə qəribə gəldi. Lakin 1941-1945-ci illərdə siyasi vəziyyətlə əlaqədar Cənubi Azərbaycanda xidmətdə olan yazıçı və tədqiqatçılar orada müasir ədəbi prosesin inkişafına az-çox bələd olduqlarına görə ayrıca bir şöbənin açılması qərarını "inam və razılıq hissi ilə qarşıladılar".

İlk günlərdən şöbədə elmi-təşkilati işə qayğı və diqqətlə yanaşıldı. Buraya institutun ayrı-ayrı şöbələrindən gənc, bacarıqlı, ərəb əlifbasını və fars dilini müəyyən dərəcədə bilən elmi işçilər cəlb edildilər. Bunların arasında Mirzə İbrahimovun vaxtilə rəhbərlik etdiyi "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" şöbəsinin elmi işçiləri də vardı.

Mirzə İbrahimov təxminən 200 illik dövr ərzində öyrənilməyən Cənubi Azərbaycan ədəbiyyatının inkişaf yolunu dərindən-dərinə tədqiq etməyi, ədəbiyyat tarixini ortaya qoymağı, sarsılmaz "mənəvi körpü" salmağı öhdəsinə götürmüşdü. Onun Azərbaycanın bütövlüyü uğrunda mübarizə yoluna işıq salan misilsiz xidməti ağlasığmaz fədakarlıq nümunəsi idi.

Mirzə İbrahimov böyük axtarış, zəhmət hesabına başa gələn işi həyata keçirmək və öhdəsindən gəlmək üçün məqsədyönlü layihə hazırladı. O özü bu barədə sonralar yazırdı: "Cənubi Azəbaycan ədəbiyyatını toplamaq, tədqiq etməkdə ilk addımdaca qarşımıza çıxan vacib məsələ haradan və nədən başlamaq məsələsi idi. Ayrı-ayrı yazıçıların əsərlərini toplayıb çapa vermək cəlbedici təsir bağışlayırdı. Lakin bu yol uzun yol idi, ədəbiyyatın ümumi mənzərəsini yaratmaq işini xeyli uzağa atırdı. Halbuki müəyyən konkret dövrdə, məsələn, XIX əsrin birinci yarısındakı kitablarda, tədqiqat əsərlərində, cari mətbuatda çap olunmuş əsərlərdən mümkün qədər ən yaxşılarını toplayıb antologiya şəkilində çapa verməyi əməkdaşlarımız razılıqla qarşıladılar. Beləliklə də işə başladıq".

Yeni yaranmış şöbənin əməkdaşları Mirzə İbrahimovun rəhbərliyi ilə çətin və şərəfli vəzifəni ruh yüksəkliyi ilə yerinə yetirməyi vətəndaşlıq borcu bildilər.

XX yüzillik başa çatdıqdan sonra şöbə əməkdaşları XIX-XX əsrlərin, eyni zamanda, müasir dövrün Cənubi Azərbaycan ədəbiyyatını araşdırmağı davam etdirdilər. Odur ki, şöbənin "Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi" adlandırılması daha doğru və məqsədyönlü sayıldı.

Cənubi Azərbaycan şöbəsinin əməkdaşları - İsmayıl Cəfərpur, Teymur Əhmədov (müdir müavini), Rəhim Əliyev, Nazim Rizvan, Mirabbas Aslanov, Zahid Əkbərov, Hüseyn Kürdoğlu, Xuraman Quliyeva, Rəfiqə Qasımova, Xuraman Nuriyeva, Elmira Axundova, Əşrəf Ağazadə, Tamilla Məmmədova, Mirəli Mənafi şöbə müdirinin tövsiyələri və layihələri əsasında elmi fəaliyyət istiqamətlərini müəyyənləşdirir, Cənubi Azərbaycan ədəbiyyatı problemlərini tədqiq edirdilər. Onlar qısa müddət ərzində şöbənin başlıca elmi istiqamətində müəyyən faydalı araşdırmalar aparıb, layihələr həyata keçirdilər. Dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"nın, "Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar" məqalələr toplusunun, Cavad Heyətin "Müqayisəli lüğət"inin, Cabbar Bağçabanın "Seçilmiş əsərləri"nin şöbə əməkdaşları tərəfindən tərtib və nəşr olunması ədəbi ictimaiyyətin rəğbəti ilə qarşılandı. Bundan əlavə, üçcildlik "Şəhriyar. Əsərləri"nin və ikicildlik "Cənubi Azərbaycan tarixi"nin, "Məhzun. Seçilmiş əsərləri"nin (tərtibçi T.Məmmədova), "Həbib Sahir. Seçilmiş şeirləri"nin (tərtibçi T.Əhmədov), "Etimad. Seçilmiş əsərləri"nin (tərtibçi R.Qasımova) nəşrə hazırlanması nəzərdə tutulmuşdu.

1976-1980-ci illərdə şöbənin əməkdaşları geniş miqyasda axtarışlar aparır, fərdi illik elmi planlarında nəzərdə tutulmuş məqalə, kitabça, monoqrafiyalar üzərində çalışır.

Şöbənin baş elmi işçisi, filologiya elmləri namizədi Nazim Rizvan "Cənubi Azərbaycan ədəbiyyatı (1850-1917-ci illər) mövzusunda uzun illər işlədiyi doktorluq dissertasiyasını müzakirəyə təqdim etmişdi. XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aspirant və dissertantları elmi tədqiqatlarını uğurla başa çatdırmış və müdafiə etmişdilər.

Eyni zamanda, Mirzə İbrahimovun layihəsi əsasında tərtib ediləcək dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"na materiallar toplayırdılar. Mirzə İbrahimov XIX-XX əsrlərin ədəbi materialları əsasında ilk antologiyaların yaradılmasına böyük diqqət və qayğı ilə yanaşırdı.

Filologiya elmləri doktoru Rəhim Əliyev öz xatirəsində yazır:

"Mirzə müəllim şöbə müdiri təyin olunan kimi bir instituta bəs edən böyük bir layihə hazırladı: bu layihənin adı çox adi və iddiasız idi: "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası". Söhbət XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatından gedirdi və şöbənin rəsmi adı da belə idi. Amma üzdə antologiya adlanırdı, mahiyyətdə isə bu XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatının ensiklopediyası idi. Çünki burada təqdim olunan şair və yazıçıların, jurnalistlərin, siyasi xadimlərin təkcə əsərləri verilmirdi, həm də onlar haqqında əldə olan bioqrafik məlumatlar verilirdi.

Mirzə müəllim şöbənin yaranmasından Cənub probleminin həm elmi, həm də milli yaddaş baxımından aktuallaşdırılması üçün, bu istiqamətdə real işlər görülməsi üçün, bu işlərdə xalqımızın birliyi ideyasının bütün vasitələrlə səslənməsi üçün əlindən gələni edirdi.

Mirzə müəllim başladığı işləri səbirlə və təkidlə axıra çatdırırdı. Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində onun rəhbərliyi ilə aparılan işləri müşahidə etdikcə mən onun işgüzarlığına və ardıcıllığına heyrət edirdim. Bütün böyük adamlar kimi, o, daim gələcəyə baxırdı, gələcək üçün işləyirdi".

"Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"nın üç cilddə hazırlanması nəzərdə tutulmuşdu. 1981-1983-cü illərdə iki cild nəşr ediləndən sonra Mirzə İbrahimov antologiyanın üçüncü cildinin materialları çox olduğuna görə onun iki kitabda (III-IV cildlərdə) verilməsini məqsədəuyğun hesab etdi.

Mirzə İbrahimov dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" 200 illik bir dövrün ədəbi-bədii dəyərlərini əhatə edə bilən bütöv fundamental abidəyə çevirmək niyyətində idi. O, şöbə əməkdaşlarının işgüzarlığına və bacarığına inansa da, işin çətinliyini nəzərə alaraq ədəbiyyatşünas alimləri, mühacir demokrat yazıçıları, hətta Cənubi Azərbaycanda yaşayıb-yaradan tanınmış yazıçıları antologiya tərtibi işinə cəlb edirdi. Mirzə İbrahimov əmin idi ki, Azərbaycanda öz kökləri ilə həmişə vahid milli ədəbi prosesin çox böyük bir məkanını və mərhələsini əhatə etmək, mükəmməl, antologiya yaratmaq ancaq bu yolla mümkün ola bilər.

Monumental antologiyanın birinci cildi XIX əsr Cənub ədəbiyyatını, ikinci cildi XX əsrin qırxıncı illərinə qədərki Cənub ədəbiyyatını, üçüncü cildi 1941-1953-cü illər Cənub ədəbiyyatını, dördüncü cildi 1953-cü ildən müasir dövrümüzə qədərki Cənub ədəbiyyatını əhatə edir.

Cənubi Azərbaycan ədəbiyyatının XIX-XX əsri ehtiva edən dördcildlik antologiyası ədəbi hadisə idi.

Xalq yazıçısı, akademik Mirzə İbrahimovun rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi əməkdaşlarının tərtib etdikləri antologiyalar milli ədəbiyyat kitabxanasına dəyərli hədiyyə idi.

"Cənubi Azərbaycan antologiyası"nın birinci cildi Mirzə İbrahimovun "XIX əsr Cənubi Azərbaycan ədəbiyyatı haqqında" məqaləsi ilə başlayır. Məlum olduğu kimi, XIX əsrin əvvəllərində çar Rusiyası Şimali Azərbaycanı zəbt etmişdi. Rusiya-İran müharibəsi nəticəsində bədnam Gülüstan müqaviləsi bağlanmışdı, beləliklə, Azərbaycan ərazisi imperialist dövlətlər arasında iki hissəyə parçalanmışdı. Lakin bir vətəni ikiyə bölən dövlət sərhədləri, onların arasında iqtisadi, ictimai, mədəni əlaqələrin kəsilməsi "əsrlər uzunu bir yerdə, bir həyatda yaşamış, eyni tarixə, ərazi, dil, mədəniyyət, adət və ənənələr birliyinə malik olan xalqın ürəyini bölə bilmədi... Onların mənəvi aləmini, arzu və istəklər dünyasının birliyini poza bilmədi, həyatlarının, mədəniyyətlərinin, xüsusən dilinin, musiqisinin, rəssamlığının, bədii ədəbiyyatının qarşılıqlı əlaqədə inkişafının qabağını kəsə bilmədi".

Ötən iki yüz il ərzində İran şahlıq istibdadı və hakim fars millətçiliyi Cənubi Azərbaycanda ayrı-seçkilik siyasəti yeridərək, azərbaycanlıların ana dilində məktəblərinə, mədəni-maarif ocaqlarına, kitab nəşrinə, mətbuata imkan verməmişdi. Şahlıq üsul-idarəsinin qadağaları və şovinist farslaşdırma siyasəti çoxmilyonluq Cənubi azərbaycanlıları Şimali Azərbaycandakı soydaşlarından ayrı sala, yadlaşdıra bilməmişdi. O taylı-bu taylı Azərbaycan xalqının dil, mədəniyyət, ədəbiyyat, adət-ənənə, mənəvi-psixoloji, əxlaqi anlayışlar və zövqlər birliyi möhkəm idi. Mənəvi bağlılıq xalqın bədii ədəbiyyatında daha dolğun əksini tapmışdı.

Məlum olduğu kimi, XIX əsr Cənubi Azərbaycan ədəbiyyatı böyük tarixi hadisələr fonunda yaranıb inkişaf edərkən İranın, qonşu ölkələrin, ələlxüsus Şimali Azərbaycanın həyatında baş vermiş ictimai proseslərdən, eyni zamanda çoxəsrlik Azərbaycan klassik ədəbiyyatının, xalq yaradıcılığının və aşıq poeziyasının ənənələrindən təsirlənirdi. Mirzə İbrahimov dediyi kimi, "Şimali Azərbaycanda yaranan ədəbiyyata, xalqın mənəvi, mədəni həyatına yeni ruh gətirən küləklər (Avropanın mütərəqqi meyilləri nəzərdə tutulur - T.Ə.) elə ilk başlandığı gündən Araz və Astara çaylarını, Muğan düzünü və Talış dağlarını aşıb Cənuba da yayılırdı. Dar çərçivədə olsa da oraya da yeni ruh gətirirdi".

XIX əsrdə Rusiya hakim dairələrinin əsarətdə yaşayan qeyri-rus xalqlarına qarşı müstəmləkəçilik siyasətinə baxmayaraq, Şimali "azərbaycanlılar öz dillərində maarifi, mədəniyyəti və ədəbiyyatı çətinliklə də olsa az-çox inkişaf etdirə bilmişdilər".

Mirzə İbrahimov yazır: "Qəribədir ki, İranda yaşayan xalqlar bu məhdud imkandan belə məhrum idilər. Orada şahlıq üsul-idarəsi şəraitində ana dilində məktəb açmaq, kitab çap etmək, qəzet və jurnal buraxmaq müşküldən-müşkül məsələ olmuşdur. Dövlət idarələrində isə ucdantutma hər yerdə ancaq fars dili işlənmişdir. Buna görə də bəzi Cənubi Azərbaycan şair və yazıçıları farsca yazmağa məcbur idi. Azərbaycanca əsərlərində isə qəzəlxanlıq hallarına, dini məzmunlu şeirlərə, fars və ərəb sözlərinə, tərkiblərinə tez-tez rast gəlinir".

Buna baxmayaraq, XIX əsrdə də Cənubi Azərbaycanda Əndəlib Qaracadağı, Heyran xanım, Nəbati, Zikri, Raci, Şükuhi, Məmməd Hidəci, Məhəmməd Bağır Xalxali və Ləli, Əbdürrəhim Talıbov və Zeynalabdin Marağayi, Mirzə Ağa Təbrizi kimi yeni ruhlu şair, yazıçı və dramaturqlar yaşayıb yaratmışlar.

XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının ayrı-ayrı mənbələrdə adı çəkilən bir sıra şairlərinin əsərləri əldə edilməsə də, mövcud yaradıcı qüvvələrin zəngin irsi, güclü mütərəqqi ədəbi hərəkatın yaranmasını sübut edir. Mirzə İbrahimov ədəbiyyatşünas alim, səriştəli araşdırıcı kimi, mütərəqqi ədəbi hərəkatı təmsil edən şair və yazıçıların əsərlərini tədqiqata cəlb etməklə, onların yaradıcılığında ideya-estetik meyilləri, xəlqiliyi, demokratizm ruhunu müəyyənləşdirmişdir.

Məlumdur ki, XIX əsr Cənub şairləri Azərbaycan ədəbiyyatında yüz illərlə hakim olmuş poeziya janrının istər sənətkarlıq, istərsə də ideya-məzmunu cəhətdən ən yaxşı keyfiyyətlərini zaman-zaman əxz etmiş, yaşatmış, misilsiz sənət inciləri yaratmışlar.

"Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi xalq abidələri istisna olunarsa, Azərbaycan ədəbiyyatında nəsrin meydana çıxması ölkəmizdə XIX əsrdə feodalizm cəmiyyətinin dağılması, maarifçiliyin yaranması ilə müşayiət olunmuşdur. İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" povesti, Abbasqulu ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəti, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" və Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" nəsr əsərləri yazıldıqları vaxtdan gec çap edilsə də, Mirzə İbrahimova görə, onların hələ o dövrdə ədəbi inkişafına təsiri inkarolunmazdır.

Əvvəla, o əsərlərin yazılması, məzmunu, irəli sürdüyü fikirlər şifahi olaraq yayılır və öz işini görürdü.

Cənubi və Şimali Azərbaycanda yaşayan əhali bir-birilə daima əlaqəli idi. İran-rus ticarət və qonşuluq münasibətləri də bunun üçün əlverişli şərait yaradırdı...

Bütün bunlar ictimai həyatın bir çox sahələrində, ədəbiyyat və sənət aləmində qarşılıqlı əlaqə və təsirə yol açır, qüvvətləndirirdi.

Əlbəttə, bu amillər Cənubi Azərbaycan maarifçi demokratik ədəbiyyatın inkişafına da ciddi təsir göstərirdi. Ruşdiyyənin məktəb açması, pedaqoji-didaktik əsərləri, tərtib etdiyi dərsliklər maarifçi məfkurənin yayılmasına kömək edirdi. Hacı Zeynalabdin Marağayinın "İbrahimbəyin səyahətnaməsi", Əbdürrəhim Talıbovun "Elm yüklü eşşək", maarifçi-demokratik nəsrin dəyərli nümunələri idi.

 

(Ardı var)

Teymur ƏHMƏDOV

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2018.- 4 dekabr.- S.6.