"Sevgi şimşəyi"nin premyerası oldu

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının yeni tamaşasının 30 noyabrda Aktyorlar evində premyerası keçirilib.

"Sevgi şimşəyi" tamaşasının 13-25 noyabrda Türkiyənin Bilecik şəhərində keçirilmiş 13-cü Beynəlxalq Teatr Festivalında ilk nümayişi olub.

Böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində, burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin "Bir gecənin nağılı" pyesinin motivləri əsasında hazırlanıb.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2018.- 4 dekabr.- S.8.