MƏNİM DOĞMA
VƏTƏNİM
Azərbaycan adlanır
Mənim doğma vətənim.
Azərbaycan dilidir
Mehriban ana dilim.
Vətənimin paytaxtı
Yaraşıqlı Bakıdır.
Möhtəşəm Qız qalası
Bakının baş tacıdır.
Bayrağım üçrənglidir:
Qırmızı, yaşıl, mavi.
Mənim
nağıllarımda
"Cırtdan" aldadır
"Div"i.
Torpağımı qoruyur
Böyük, güclü bir ordu.
Dinim İslam dinidir
Vətənim Odlar yurdu.
BİZİM
XALÇAMIZ
Güllü naxışlı,
Yaşıllı, allı
Xalça toxudu
Nənəm Sayalı.
Bizim xalçamız
Uçacaq indi.
İçindən atlar
Qaçacaq indi.
Burda dəvələr
Düzülüb yola.
Zınqırovlarla
Səs sala-sala.
Bizim xalçamız
Necə əzizdir.
Tariximizdir,
Keçmişimizdir.
Uçar
göylərə
Səmada süzər.
Bizim xalçamız
Dünyanı gəzər.
ANALAR
Bir azca halsız olsam
Rəngi solur anamın.
Mənim
üzüm güləndə
Üzü gülür anamın.
Elə bil ki, bizimlə
Nəfəs alır analar.
Ona görə həmişə
Əziz olur analar.
ŞƏKİ
Doğma,
sevimli Şəki,
Qədim, gözəl şəhərim.
Şəhərlərin içində
İlkin, əzəl şəhərim.
Çinarları baş-başa
Xan sarayı
tamaşa.
Təbiəti möcüzə,
Dağları qoşa-qoşa.
Xırda
daşlar düzülmüş
Qəşəng küçələri var.
Şəkidə hər insanın
Üzündə gülüş olar.
Sanki bir doğmalıq var
Havasında, suyunda.
Şəki halvası kimi
Şirinlik var soyunda.
Bağında barı gözəl,
Dağlarında dumanı.
Qoy quşlar, çərpələnglər
Bəzəsin göy səmanı.
GƏNCƏ
Dillər
əzbəri Gəncə,
Şəhərlərin gözüsən.
Tarixin çox qədimdi,
Nizaminin sözüsən.
Müsibətlər görmüsən,
Uçub divarın-daşın.
Zəlzələ, müharibə...
Nələr çəkməyib başın.
Gəncə darvazasının
Adı bir tarix oldu.
Qala divarlarınla
Qorumusan bu yurdu.
Bu gün elə gözəlsən
Əksin düşür Göygölə.
Səs-sorağın yayılıb
Hər elə,
hər ölkəyə.
BƏRDƏ
Sən yurdumun çox qədim
Şəhərisən, a Bərdə.
Sən keçmişim, bu günüm,
Səhərimsəm, a Bərdə!
Qədim
xalçalarınla
Dünyaya səs salmısan.
İgidliyin məkanı,
Nüşabə qalasısan.
Quşların nəğmə deyir
Qoca tut ağacında.
Tariximin
izi var
Sənin hər bucağında.
Qədim
incilərinlə
Hər eldə
hörmətin var.
Yurdumun paytaxtıtək
Tarixdə şöhrətin var.
Mina RƏŞİD
525-ci qəzet.- 2018.- 4 dekabr.- S.8.