Azərbaycan Parlamenti necə yarandı

 

Milli Şuradan Azərbaycan Parlamentinə\r\n1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişininin sarayında Milli Şuranın ilk iclası keçirilir. Həsən bəy Ağayevin sədr, M.Mahmudovun katib olduğu bu tarixi iclasda Milli Şuranın 26 üzvü iştirak edirdi. İclas son hadisələrlə əlaqədar Yelizavetpolda (Gəncədə) vəziyyət barədə Həsən bəy Ağayevin məlumatını dinlədikdən və M.Ə.Rəsulzadənin Batumdan N.Yusifbəyli ilə göndərdiyi məktub və teleqramlarla tanış olduqdan sonra gündəliyin əsas məsələsinin müzakirəsinə başlayır. X.Xasməmmədov Seymin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda yaranmış vəziyyət haqqında məruzə edərək Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və təxirəsalınmazlığını əsaslandırır. Məsələnin işgüzar müzakirəsindən sonra şuranın 24 üzvü – H.Ağayev, F.Xoyski, N.Yusifbəyli, X.Xasməmmədov, M.Cəfərov, M.Mahmudov, Ş.Rüstəmbəyov, X.P.Sultanov, F.Köçərli, M.Seyidov, N.Nərimanbəyov, H.Məmmədbəyov, R.Vəkilov, Ə.Mahmudbəyov, M.Hacınski, C.Hacınski, A.Qardaşov, Ə.Şeyxülislamov, M.Hacıbababəyov, X.Məlikaslanov, H.Şahtaxtinski, M.Məhərrəmov, H.S.Axundzadə, C.Məlik-Yeqanov təxirə salınmadan Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycanın müstəqil Azərbaycan Xalq Cümhuriyyəti kimi elan edilməsinə səs verirlər. İki nəfər – S.M.Qənizadə və C.Axundov səsvermədə bitərəf qalırlar. Bundan sonra Milli Şura üzvləri İstiqlal Bəyannaməsini ayaq üstə dinləyirlər. 6 bənddən ibarət olan bu müstəqillik aktı bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Həmin dövr Əqdnamə və ya Misaqi-Milli adlanan bu sənədi Milli Şura üzvlərindən Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov və Mustafa Mahmudov imzalayırlar.\r\nAzərbaycan Milli Şurasının 28 mayda keçirilmiş bu tarixi iclasında eyni zamanda, Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin də tərkibi təsdiq edilir.\r\nİstiqlal Bəyannaməsinin qəbulu milli dövlətçiliyin əsasını qoymaqla Azərbaycan xalqının taleyində misilsiz tarixi hadisə idi. Xalqın öz müqəddəratını təyin etmək, millətindən, dinindən, sinfindən və cinsindən asılı olmayaraq insanların, o cümlədən Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, eləcə də qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərini özündə ehtiva etməklə İstiqlal Bəyannaməsi Azərbaycanın istiqlal mübarizəsi tarixində ən dəyərli və parlaq sənəd sayıla bilər.\r\nLakin İstiqlal Bəyannaməsinin əhəmiyyəti yalnız qeyd etdiklərimizlə məhdudlaşmırdı. Yeni yaradılan dövlətə “Azərbaycan” adının verilməsi özlüyündə böyük bir tarixi hadisə idi. “Azərbaycan” kəlməsinin XIX əsrin sonları – XX əsrin əvvəllərindən milli ruhlu Azərbaycan ziyalıları tərəfindən türk dilli mətbuatda və ədəbiyyatda dövriyyəyə gətirilməsi ilə başlanan bu proses, coğrafi mənada – Cənub-Şərqi Zaqafqaziya, ərazi-inzibati vahidləri kimi Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyaları adlanan ərazilərə, müsəlman, tatar, Qafqaz türkü adlanan xalqa və türk adlanan dilə “Azərbaycan” adının şamil edilməsi ilə ildən-ilə və gündən-günə geniş vüsət almaqla, nəhayət ki, İstiqlal Bəyannaməsində öz qanunauyğun həllini tapdı. Təsadüfi deyil ki, “Azərbaycan” adının onun aid olduğu xalqın şüuruna və ictimai-siyasi baxışlarına hakim olmasında müstəsna xidmətləri olmuş Məmməd Əmin Rəsulzadə İstiqlal Bəyannaməsinə qiymət verərkən bu məqamı da xüsusi vurğulayır: “28 mayıs 1918-ci il Bəyannaməsini nəşr etməklə, Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beylə ki, Azərbaycan kəlməsi sadə çoğrafi, etnoqrafik və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”.\r\nBurada M.Ə.Rəsulzadənin şəxsiyyətini səciyyələndirən bir cəhətə diqqət yetirilməlidir. Rəsulzadənin 1915-1918-ci illərdə Bakıda təsis və nəşr etdiyi “Açıq söz” qəzeti azərbaycançılıq ideyasının təşəkkülündə böyük rol oynamış, Məmməd Əmin bəy özü isə hələ o vaxtlar istər həmməsləkləri, istər S.Şaumyan da daxil olmaqla siyasi rəqibləri tərəfindən birmənalı olaraq Azərbaycan milli istiqlal hərəkatının ideoloqu kimi qəbul edilmişdir. Bununla belə, M.Ə.Rəsulzadə “Azərbaycan” ideyasına siyasi məna verilməsi təşəbbüsünün onun özünə deyil, Nəsib bəy Yusifbəyliyə aid olduğunu daim etiraf etmişdir: “Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir”.\r\nBurada daha bir haşiyə çıxaq ki, “Azərbaycan” adının tarixən ilk dəfə siyasi məfhuma çevrilməsi hələ öz zamanında heç də birmənalı qarşılanmamış və böyük siyasi, elmi-tarixi mübahisələr doğurmuşdur. Bu günə qədər gəlib çıxan həmin mübahisələrin üzərində ətraflı dayanmadan qeyd olunmalıdır ki, Cənubi Qafqazda müstəqil Azərbaycan Cümhuriyyəti elan edilməsi ümumiyyətlə, qonşu dövlətləri, ilk növbədə, sovet Rusiyasını və İranı narahat etmiş, yeni yaradılan dövlətin adına “Azərbaycan” toponiminin verilməsi isə İranda xüsusilə kəskin etiraz və təşviş doğurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Təbriz daxil olmaqla Cənubi Azərbaycana da iddia etdiyi və hətta bu əraziləri Osmanlı-türk qoşunlarının dəstəyi ilə işğal etmək qəsdində olduğu kimi əsassız ehtimalları və şübhələri ən geniş şəkildə müzakirələrə və ittihamlara çevirən İran tərəfi İran mətbuatında və siyasi dairələrində Cümhuriyyət əleyhinə böyük kampaniya açmış, müxtəlif xarici yazışmalarda isə Azərbaycan Xalq Cümhuriyyətini Qafqaz Azərbaycanı adlandırmışdır. Hətta Azərbaycan siyasi xadimləri ilə sıx əməkdaşlıq edən İran Demokrat Firqəsinin Bakı təşkilatı da bu kampaniyaya qoşulmuş, Bakıda “Azərbaycan cozv-e layinfək İran” (Azərbaycan İranın ayrılmaz hissədir) adlı bir qəzet nəşr edərək (1918, 13 sayı çıxmışdır), Azərbaycan adının məhz İran Azərbaycanına aid olduğu kimi fikirləri təbliğ etmişdir. Bununla belə, Azərbaycan tərəfi bütün bu ittihamların əsassızlığını sübut etməklə, İranla qonşuluq əlaqələrini tənzimləməyə müvəffəq olmuşdur.\r\nAzərbaycan Milli Şurasının Tiflisdə cəmi 6 iclası keçirilmişdir. Bu iclasların əksəriyyətində müzakirələr əsasən İrəvan quberniyası, qəzası və şəhəri ətrafında getmiş, Milli Şuranın qəbul etdiyi ən ağır və ağrılı qərar isə İrəvanın Ermənistana güzəştə getməsi ilə bağlı olmuşdur. Milli Şuranın 29 may tarixli iclasında “İrəvanın Ermənistana güzəştə getməsinin qaçılmaz olduğunu” bildirən, bunu “tarixi zərurət, bizim üçün isə qaçılmaz acı bir həqiqət” kimi qiymətləndirən və bu qərara səs verən 16 nəfər şura üzvlərinin işlətdiyi “qaçılmaz” sözünün arxasında həmin qərarın qəbul edildiyi dövrdə regionda yaranmış son dərəcə mürəkkəb vəziyyət dururdu. Azərbaycanlılarla eyni gündə müstəqil Ermənistan Respublikasının yaradıldığını elan etmiş erməni milli qüvvələrinin regionda həm də real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə artıq həll edilmiş məsələ olduğu ilə hesablaşmamaq mümkün deyildi. Digər tərəfdən, yeni yaradılan respublikaların taleyinin müəyyən edilməsində Osmanlı Türkiyəsinin həlledici rol oynadığı, Ermənistan Respublikasının hansı ərazilərdə yaradılması məsələsini həmin dövrdə məhz bu dövlətin həll etdiyi də qaçılmaz həqiqət idi. Həmin məsələdə Osmanlı siyasi dairələrinin mövqeyinin birmənalı olmaması onsuz da mürəkkəb vəziyyəti daha da dərinləşdirirdi. Birinci Dünya müharibəsinin son aylarında Osmanlı ordusunun Qafqaz cəbhəsindəki uğurları qarşısında Tələt paşa və Ənvər paşa (baş nazir və hərbi nazir) Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını ümumiyyətlə məqsədəuyğun bilmir, yaxud çox zəif, yaşamaq qabiliyyəti olmayan bir Ermənistan yaradılmasını mümkün hesab edirdilər. Batum danışıqlarında Türkiyəni təmsil edən nümayəndə heyəti isə tarixən Azərbaycana məxsus bir sıra ərazilərin ermənilərə verilməsini vacib sayır və Azərbaycan nümayəndələrinə beynəlxalq aləm qarşısında ermənilərin mövcudluğunu tanımağı və onlara müəyyən ərazi güzəştləri etməyi məsləhət görürlər. Mayın 27-də hələ Milli Şuranın yaradılması haqda tarixi qərarın verilməsindən əvvəl fövqəladə iclasa yığılan Seymin keçmiş azərbaycanlı deputatları qarşısında Batumdan yenicə qayıtmış Nəsib bəy Yusifbəylinin etdiyi məruzə bu məsələdə son qərarın kim tərəfindən verildiyini göstərdi: “Türkiyə nümayəndə heyətinin qənaətinə görə Zaqafqaziyanın çiçəklənməsinin başlıca rəhni Zaqafqaziya xalqlarının birliyi və həmrəyliyidir. Bu məqsədə çatmaq üçün bizim tərəfimizdən ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır”. Həmin iclasda yaradılan Milli Şuranın mayın 28-də keçirdiyi ilk tarixi iclasda M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi məktublar və teleqramlar oxunur. Həmin günün ən mühüm məsələsi İstiqlal Bəyannaməsinin qəbulu olduğundanmı, ya hansı səbəbdənsə, iclasın protokolunda bu məktub və teleqramların məzmunu açıqlanmır. Lakin Milli Şuranın ertəsi gün, mayın 29-da keçirdiyi iclas artıq bütünlüklə Ermənistana ərazi verilməsi məsələsinə həsr olunur və burada nə üçün məhz İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsinin səbəbi də açıqlanır. Həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən quberniyanın ikinci böyük şəhəri – Aleksandropol (Gümrü) artıq türk qoşunları tərəfindən tutulmuşdu. F.Xoyski məhz bu faktı vurğulamaqla, “ermənilərə veriləcək siyasi mərkəzin” artıq ancaq İrəvan şəhəri ola biləcəyini və bu şəhərin ermənilərə güzəştə gedilməsinin qaçılmaz olduğunu qeyd edir.\r\nAzərbaycan Milli Şurasının bu “qaçılmaz” reallıqla, xüsusilə, Türkiyə nümayəndələrinin “tövsiyələri” ilə hesablaşmamaq imkanı var idimi? Bütün bu məsələlərin Batumda və Tiflisdə həll edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin hələ özünün siyasi mərkəzinin – Bakının düşmən əlində – bolşevik-daşnak Bakı Soveti hökumətinin ixtiyarında olduğu, bu siyasi mərkəzi azad edə bilən Azərbaycan qoşununun hələ də yaradılmadığı, Azərbaycanın işğal edilmiş torpaqlarını azad edəcək və xalqımızı kütləvi qırğından qurtaracaq yeganə qüvvə kimi Osmanlı Türkiyəsinə ümid edildiyi nəzərə alınarsa, bu sualın cavabı özlüyündə aydınlaşar.\r\nHəmin dövr Azərbaycan Xalq Cümhuriyyətinin milli mərkəzi sayılan Gəncədə hələ onları nə gözlədiyindən xəbərsiz olan Milli Şura üzvləri itirilmiş torpaqların acısını azaltmaq üçün elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq məsələsini müzakirə edir və yekdil səslə qəbul edirlər. Eyni zamanda, Ermənistan qarşısında onlara edilən güzəştlər müqabilində həmin dövr Zəngəzur və Qarabağda erməni generalı Andranikin silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların dayandırılması, ermənilərin Qarabağa olan iddialarından imtina edilməsi kimi şərtlər qoyulur. Azərbaycan hökumətinin başçısı F.Xoyskinin mayın 29-da xarici işlər naziri M.Hacınskiyə yazdığı məktubdakı sətirlər – “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik” – Azərbaycan dövlət xadimlərinin bu labüd itkidən mümkün qədər siyasi fayda götürmək cəhdlərindən xəbər verirdi.\r\n1918-ci il iyunun 16 da öz fəaliyyətini Tiflisdən Gəncəyə köçürən Azərbaycan Milli Şurası və hökuməti burada son dərəcə gözlənilməz və xoşagəlməz bir münasibətlə qarşılaşır. Bu zaman şəhərdə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfərlik hərbi təlimatçılarla Gəncəyə gəlmiş Türkiyə Qafqaz Ordusunun Baş komandanı Nuru paşanın əlində idi. Onun ətrafında cəmlənmiş bir qrup dini-klerikal və mülkədar-burjua zümrələrin nümayəndələri Azərbaycan Milli Şurası və hökumətinin “həddən artıq demokratik” islahatlar keçirəcəyindən ehtiyat edərək Milli Şura və hökumət üzvlərinə etimadsızlıq göstərir, onlara xalq adından müstəqil dövlət yaratmaq səlahiyyəti verilmədiyi, azərbaycanlıların müstəqil yaşamaq qüdrətinə malik olmadığı və bu səbəbdən Türkiyəyə birləşməyin daha məqsədəuyğun olduğunu bəyan edərək əslində, Azərbaycanın dövlətçiliyini tanımaqdan imtina edirlər. “İlhaqçılar” adlanan bu siyasi qüvvələr Gəncə qəzası əhalisi arasında öz tərəfdarlarından Osmanlı dövlətinə birləşmək arzusunu ifadə edən mindən çox imza toplayıb Nuru paşaya təqdim edirlər. Qeyd edilməlidir ki, hələ Trabzon və Batum danışıqları getdiyi zaman Türkiyəyə birləşmək təklifi ilə ayrı-ayrı azərbaycanlı nümayəndə heyətləri bu şəhərlərə gedir və Türkiyə xadimləri ilə görüşürdülər. İlhaqçıların Azərbaycanda türkçülük hərəkatının ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, 1909-cu ildə Türkiyəyə mühacirət etmiş və Nuru paşanın siyasi müşaviri kimi onunla birgə Gəncəyə gəlmiş Əhməd bəy Ağaoğlu tərəfindən dəstəkləndiyi tezliklə məlum olur.\r\nCəmi bir neçə aydan sonra Osmanlı dövlətinin I Dünya müharibəsində məğlubiyyətə uğrayıb, qalib dövlətlər tərəfindən tutduğu bütün ərazilərdən çıxmağa məcbur ediləcəyi (Mudros sazişi) və Türkiyənin özünün müstəqil dövlət olaraq qalması uğrunda ölüm-dirim savaşına qalxacağı nəzərə alınarsa Milli Şura və hökumət üzvlərinin ilhaqçıların tələbləri qarşısında geri çəkiləcəyi təqdirdə azərbaycanlıların və onların ərazilərinin taleyinin hansı ölkələr tərəfindən və necə həll ediləcəyi o qədər də sual doğurmur. Hər halda, Milli Şuranın üzvləri yaranmış vəziyyətin ağırlığını və nə kimi təhlükəli nəticələrə gətirib çıxaracağını aydın təsəvvür edirlər.\r\nİyunun 17-də M.Ə.Rəsulzadənin başçılığı ilə Milli Şura Gəncədə iki qapalı iclas keçirir. F.Xoyski 26 nəfər Milli Şura üzvünə M.Ə.Rəsulzadə və M.H.Hacınskinun Nuru paşa ilə görüşü və apardığı danışıqlar barədə məlumat verir. Nuru paşanın özünü əsgər adlandıraraq daxili işlərə qarışmadığını bildirib siyasi məsələlərin müzakirəsini özünün mülki işlər üzrə müavini Əhməd bəy Ağaoğluna həvalə etdiyi aydınlaşır. Daha sonra göstərilən şəxslərin Ə.Ağaoğlu ilə son dərəcə ağır keçən danışıqlarının nəticəsi kimi Milli Şuranın buraxılması, ölkədə hökm sürən anarxiyanı, habelə daxili və xarici maneələri nəzərə alaraq geniş səlahiyyətlər verilmiş yeni hökumətin təşkili kimi razılıq əldə edildiyi bildirilir.\r\nMilli Şuranın son dərəcə gərgin və əsəbi şəraitdə keçən ikinci iclasında onun üzvlərinin bir hissəsi Milli Şuranın buraxılmasına qəti etiraz edir, bu tələbi Nuru paşanın və Türkiyə hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirir. M.Y.Cəfərovun titrəyən səslə: “Bizim azadlığımızı əlimizdən alırlar. Biz də əldə etdiyimiz azadlığımızı asanlıqla əldən veririk. Əfsuslar olsun ki, bizim kömək gözlədiyimiz türk qardaşlarımız bizim ürəyimizi parçalayır, bizim hisslərimizi zəhərləyirlər” – sözlərindən sonra ağlaması bu müzakirələrin ən yüksək emosional səviyyəyə çatdığını göstərir. Lakin M.Ə.Rəsulzadə öz həmkarlarını “…belə bir fövqəladə ağır vəziyyət olduğu bir zamanda bu məsələni olduqca soyuqqanlılıqla müzakirə etməyə” çağırır. Nəticədə Milli Şura üzvləri sözün əsl mənasında, siyasi müdriklik və iradə nümayiş etdirir, yaranmış real vəziyyəti və konkret tarixi şəraiti nəzərə alaraq mümkün olan həddə qədər güzəştlərə getmək, lakin istiqlalı saxlamaq məqsədilə iki mühüm qərar qəbul edirlər: Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırsın, birinci Hökumət buraxılsın, bütün hakimiyyət (qanunvericilik və icra) Müəssislər Məclisi çağırılanadək F.X.Xoyskinin sədrliyi ilə yaradılmış yeni – ikinci Müvəqqəti hökumətə həvalə edilsin.\r\nBu məsələni Əhməd Ağaoğlu və onun vasitəsilə Nuru paşa ilə razılaşdırdıqdan sonra tərkibinə ilhaqçılar da daxil edilmiş yeni hökumətin səlahiyyətləri müəyyənləşdirilir. Bu səlahiyyətlər xeyli genişləndirilsə də, hökumətə Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv etmək hüququ verilmir.\r\nGəncə dövrü cəmi bir neçə günü əhatə etməsinə baxmayaraq, Azərbaycan parlamentarizminin yaranma tarixində ən dramatik və eyni zamanda təhlükəli bir mərhələ hesab edilə bilər. Bu təhlükənin içəridən – azərbaycanlı və qismən də dost türk nümayəndələrindən gəlməsi bütöv bir millətin taleyinin nə dərəcədə fərdi yanaşmalar və ziddiyyətli münasibətlərdən asılı olduğunu göstərirdi. Bununla belə, olduqca mürəkkəb beynəlxalq və daxili şəraitdə Azərbaycanın siyasi xadimləri həmin dövrdə faktiki olaraq soyqırımına məruz qalan xalqın varlığını və dövlətçiliyini qorumaq məsuliyyətini bir daha öz üzərlərinə götürürlər, Azərbaycanın istiqlalını bütün digər məsələlərdən, o cümlədən vəzifə və partiya maraqlarından üstün tutaraq siyasi böhrandan çıxmağa müvəffəq olurlar.\r\nSonrakı aylar ölkənin siyasi, ictimai, iqtisadi və mədəni həyatında son dərəcə mühüm hadisələrlə əlamətdar olur ki, onların arasında ən əhəmiyyətlisi sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi, bütün bu müddət ərzində geniş fəaliyyət göstərmiş Azərbaycan hökumətinin öz siyasi mərkəzinə – paytaxt Bakıya köçməsi hesab edilə bilər. Lakin cəmi iki aydan sonra, 1918-ci ilin noyabr ayında Türkiyə Mudros barışığına əsasən məğlub tərəf kimi öz hərbi qüvvələrini Cənubi Qafqazdan çıxarmalı olur və bununla da, Azərbaycan hökuməti üçün yaranmış əlverişli daxili şəraitə son qoyulur.\r\nYeni sarsıntılardan xəbər verən həmin günlərdə – 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası Bakıda öz fəaliyyətini bərpa edərək ölkənin müqəddəratını yenidən öz əlinə aldığını bildirir. Milli Şuranın 20 noyabrda keçirilən növbəti iclasında artıq “Müvəqqəti Azərbaycan Parlamanı”nın (Məclisi-Məbusan) təsis edilməsi haqqında qanun layihəsi geniş müzakirə olunaraq qəbul edilir. Qanunda göstərilirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Şurası milli bir idarə formasından dövlət idarə forması almışdır. Lakin Azərbaycan əhalisi yalnız türklərdən ibarət olmadığı üçün bu ərazidə yaşayan bütün xalqlar Parlamentdə təmsil olunmalıdırlar. Azərbaycan Parlamenti Qafqaz məlumat-təqviminə görə 2 milyon 750 nəfər təşkil edən ölkə əhalisinin hər 24 min nəfərinə 1 nümayəndə hesabı ilə 120 deputatdan ibarət olmalı, bu deputatlardan 80 nəfər türk-müsəlman, 21 nəfər – erməni, 10 nəfər rus, 1 nəfər alman və 1 nəfər yəhudi əhalisini təmsil etməli idi. Hətta sayları çox az olduğu üçün seçkilərdə iştirak edə bilməyən gürcü və polyaklara da Parlamentdə hərəsi bir deputatla təmsil olunmaq hüququ verilirdi.\r\nQanunda qeyd edilirdi ki, Milli Şuranın 44 üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün mexaniki olaraq parlamentə keçirlər. Lakin bu 44 nəfər müxtəlif siyasi partiyaların nümayəndələri olduğundan Azərbaycan xalqının ayrı-ayrı təbəqələrinin nümayəndələrinin də parlamanda təmsil olunmalarına ehtiyac vardır. Odur ki, qalan 36 yer ölkənin müxtəlif şəhər və qəzalarının türk-müsəlman əhalisi arasında bölünür. Qanuna görə, erməni əhalisinin 21 nəfər nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i Bakı erməni milli şuralarından, rus əhalisinin 10 nəfər nümayəndəsi isə Rus Milli Şurası tərəfindən təklif edilməli idi.\r\nAzərbaycan Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası 1918-ci il noyabrın 29-da “Bütün Azərbaycan əhalisinə” müraciət edir. Bu sənəddə dekabrın 3-də 120 üzvdən ibarət parlament toplanacağı, həmin məclisə azlıqda qalan millətlərin nümayəndələri, eləcə də ölkənin vilayətlərindən olan vəkillər gələcəyi bildirilirdi. Müraciətnamədə deyilirdi ki, bu üsulla yığılacaq parlament qarşıda ümumi seçki üsulu ilə Azərbaycan Müəssislər Məclisi toplanana qədər “yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək…” Parlamentin dekabrın 3-də açılacağı nəzərdə tutulurdu.\r\nLakin bu böyük günə hazırlıq işləri ölkənin hər an dəyişən siyasi həyatında çox mühüm və azərbaycanlılar üçün arzuedilməz hadisələrlə müşayiət olunurdu.\r\nCənubi Qafqazın taleyini həll edən müttəfiq dövlətlərin razılığına əsasən həmin ərəfədə bu region İngiltərənin təsir dairəsinə verildi. 1918-ci il noyabrın 17-də Bakıya daxil olan ingilis hərbi qüvvələrinin komandanı general Tomsonun əmri ilə yalnız Osmanlı deyil, Azərbaycan hərbi qüvvələri də Bakını tərk etməli oldular. Şəhərdə ingilis general-qubernatorluğu yarandı və bütün idarəçilik onun nəzarəti altına keçdi. Azərbaycan hökuməti və xalqı üçün yenidən ağır günlər başlandı. Bakı azad edilərkən şəhəri tərk etmiş bütün erməni-daşnak və rus qüvvələri təntənəli əhval-ruhiyyə ilə Bakıya qayıtdılar. Mart hadisələri zamanı əli azərbaycanlıların qanına bulaşmış ermənilər, rus generalı Bıçeraxovun əsgər və zabitləri ilə birgə Bakının küçələrində azad və asudə gəzərək Azərbaycan dövlətçiliyinin atributlarını təhqir edir, azərbaycanca yazılmış lövhələri sındırır, azərbaycanlılara məxsus dükan və idarələri dağıdır, müsəlman kişilərin papaqlarını başlarından vurub yerə atırdılar.\r\nAzərbaycanın müstəqilliyinin tanınmasına mənfi münasibət bəsləyən Tomson Rusiya dövlətinin əvvəlki hüdudlarda bərpasını müttəfiq dövlətlərin başlıca vəzifəsi olduğunu bəyan edərək ilk vaxtlar Azərbaycan hökumətinə etimadsızlıq nümayiş etdirir. Rus və erməni-daşnak təşkilatları ingilis komandanlığı qarşısında Azərbaycan hökumətini türklərin oyuncaq rejimi kimi qələmə verərək onu nüfuzdan salmağa və ümumən siyasi səhnədən silməyə çalışır, ilk vaxtlar buna həqiqətən, nail də olurdular.\r\nAzərbaycan Xalq Cümhuriyyətinin müqəddəratı üçün yaranmış belə bir ağır şəraitdə Fətəli xan Xoyski hökuməti nəinki mövcud vəziyyət qarşısında geri çəkilir, əksinə, müvazinətini saxlayaraq öz fəaliyyətini davam etdirir və Tomsonla intensiv danışıqlar aparırdı. Tomson Azərbaycan hökumətindən Bakıdakı Rus Milli Komitəsi ilə əməkdaşlıq etməyi tələb edirdi. Rusiya Milli Şurası Azərbaycan siyasi qüvvələri qarşısında Rusiyanın birliyi və bütövlüyünü, Rusiya Məclisi-Müəssisanı və Ufadakı Kolçak hökumətini qəbul etmək kimi şərtlər irəli sürürdü. Milli Şuranın 24 noyabr tarixli qapalı iclasında bu şərtlər müzakirə olunur və həmin şərait daxilində Azərbaycanın maraqlarını ifadə edən bir qərar qəbul edilir: “Milli Şura Rusiya ərazisinin bölünməzliyi prinsipini tanıyaraq, üzvlərinin və ictimai xadimlərin yığıncaqlarının təkliflərini nəzərə alaraq belə hesab edir ki: 1) Azərbaycanın siyasi vəziyyəti və dövlət quruluşu məsələsi qəti olaraq Ümumi Sülh Konfransında həll olunmalıdır; 2) O vaxta qədər Azərbaycanda mövcud olan faktiki idarə sistemi öz qüvvəsində qalır; 3) Əgər Rusiyada öz müqəddəratını təyin etmiş bütün millətlərin nümayəndələrinin iştirakı ilə Ümumrusiya Müəssislər Məclisi Ümumi Sülh Konfransından əvvəl çağırılarsa, onda Azərbaycan orada iştirak edəcək və orada öz müqəddəratının təyini məsələsində öz prinsipləri üzərində təkid edəcəkdir”.\r\nMilli Şuranın noyabrın 26-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən növbəti qapalı iclasında M.H.Hacınski Xəzər-Qafqaz hökuməti təşkil etmək istəyən sol eserlərlə aparılan danışıqlar, F.Xoyski isə rus və erməni milli şuraları ilə Azərbaycan Parlamentinə daxil olmaq ətrafında aparılan danışıqlar barədə məlumat verirlər. Aydın olur ki, sol eserlər tərəfindən qoyulan şərtlər Milli Şuranın 24 noyabr tarixli qərarına zidd olduğu üçün ümumi dil tapmaq mümkün olmayıb. Rus Milli Şurası ilə danışıqlar da demək olar ki, eyni səbəblərdən uğursuzluqla başa çatıb. Erməni Milli Şurasının bəzi nümayəndələri isə Rus Milli Şurasının bu işə münasibətindən asılı olmayaraq, yeni yaradılacaq parlament və hökumətə daxil olmağa hazır olduqlarını bildiriblər. Rus Milli Şurasının kəskin barışmaz mövqeyi qarşısında Milli Şura üzvləri Azərbaycanda yaşayan rus əhalisini daha dolğun təmsil edən Slavyan-Rus Cəmiyyətinə müraciət barədə qərar qəbul edirlər.\r\nBütün bu iclaslar Parlamentin milli baxımdan geniş nümayəndəli olmasında istər Milli Şuranın özünün maraqlarını, istərsə onun çağırılması üçün ingilis komandanlığının mövqeyini nəzərə alan şura sədrinin və üzvlərinin, eləcə də hökumət başçısının nə qədər səy göstərdiklərini nümayiş etdirirdi. Bu məqam Milli Şuranın dekabrın 1-də keçirilən növbəti iclasında xüsusilə aydın nəzərə çarpır. Həmin iclasda Parlamentə seçkilərin gedişi barədə məlumat verən F.Xoyski bildirir ki, artıq əyalətlərdə seçkilər başa çatmışdır və nümayəndələr dekabrın 3-nə təyin olunmuş Parlamentin açılışına gəlib çata bilərlər. Lakin həmin gün peygəmbər Məhəmməd əleyhissəlamın hüzr gününə düşdüyü üçün Parlamentin açılışını dekabrın 7-nə keçirmək qərara alınır.\r\nİclasda həmçinin Slavyan-Rus Cəmiyyətindən Parlamentdə rus əhalisini təmsil etmək barədə daxil olan müraciət müzakirə edilərək səs çoxluğu ilə qəbul olunur.\r\nDaha sonra F.Xoyski general Tomsonla olan görüşünün nəticələri haqqında məlumat verərək bildirir ki, Tomson Mili Şuranın 24 noyabr tarixli qətnaməsindən çox razı qalmış, həmin qətnamədən sonra Rus Milli Şurasının öz tələblərində həddini keçdiyini, böyük səhv buraxdığını və tezliklə peşman olacağını qeyd etmişdir. Görüş zamanı Tomson həmçinin Azərbaycan hökumətinə xeyirxah münasibətini bildirmiş, onun təşəbbüslərini bəyənərək daxili işlərinə qarışmayacağını vəd etmişdir.\r\nBeləliklə, sanki Azərbaycan Parlamentinin təyin olunduğu gün açılmasına mane olacaq həll edilməmiş bir məsələ qalmır. Lakin 2 gündən sonra vəziyyət birdən-birə dəyişir. Dekabrın 3-də axşam saat 8-də şura üzvləri, həmçinin yaradılacaq Parlamentin yeni seçilmiş üzvləri və hökumət nümayəndələrinin iştirakı, M.Ə.Rəsulzadənin sədrliyi və H.Ağayevin katibliyi ilə Milli Şuranın geniş iclası çağırılır. Hökumət başçisi F.Xoyski həmin gün günorta saat 2-də Tomsondan aldığı məktubun məzmununu açıqlayır. Məlum olur ki, Bakıdakı İngilis Komandanlığı koalisiyalı hökumət elan edilməyənə qədər Bakıda Parlamentin açılmasına icazə verməyəcək. Məktuba münasibət bildirən Fətəli xan qeyd edir ki, general Tomsona yalnız Azərbaycan Parlamentinə təbii olaraq qərəzkarlıqla yanaşan ruslar və ermənilər deyil, bəzi müsəlman şəxslər tərəfindən də güclü təsir göstərilir, bütün vasitələrdən və böhtanlardan istifadə edilərək Azərbaycan Milli Şurasını Tomsonun gözündə nüfuzdan salmaq, onun əhəmiyyətini azaltmaq və heçə endirmək üçün cəhdlər edilir.\r\nDaha sonra Fətəli xan bu məktubla bağlı özünün atdığı addımlar barədə məlumat verir. Aydın olur ki, Xoyski qəti şəkildə hökumətin təşkilinin yalnız parlament yolu ilə formalaşması prinsipi üzərində israr etməklə Tomsonu Milli Şura haqqında bir qrup şəxs və dəstələr tərəfindən müəyyən məqsədlərlə deyilən böhtan və iftiraların əsassız olduğuna inandırmağa müvəffəq olmuşdur. “Yalnız və yalnız Milli Şura seçilmiş üzvlərdən ibarət olmaqla, Parlament çağırılana qədər səlahiyyətli orqan sayıla bilər. Milli Şura xalqın böyük əksəriyyətinin etimadını qazanmışdır, Hökumət ona arxalanır və onun qarşısında məsuliyyət daşıyır”. Son nəticədə Tomson F.Xoyskinin bu arqumenti ilə razılaşmışdır.\r\nGeneralın Parlamentdən əvvəl koalisiyalı hökumət yaratmaq təklifini də Fətəli xan inandırıcı məntiqlə təkzib etmiş, Azərbaycan müsəlmanlarının ümidlərinin hazırda Parlamentə çevriləcək məhz Milli Şurada ifadə olunduğunu vurğulayaraq Tomsonun diqqətini bu amillə hesablaşmağın zəruriliyinə cəlb etmişdir. “Yeni və koalisiyalı hökumət yalnız Parlament tərəfindən yaradıla bilər, bunu Avropa ölkələrinin ənənələri, adi məntiq və məqsədəuyğunluq tələb edir. Ayrı üsulla yaradılmış koalisiyalı hökumət fəlakətli səhvə gətirib çıxarar, ölkədə qayda və asayişin yaradılmasına və ingilislərin nüfuzuna xidmət etməz, xalqın hüquqlarını pozar”.\r\nFətəli xan Tomsonun koalisiyalı hökumətdə 5 nəfər azərbaycanlı, 5 nəfər isə azlıqda qalan qeyri-millətlərin (3 rus, 2 erməni) nümayəndələri olması kimi təklifi ilə də razılaşmamış, bu nisbəti ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlara qarşı yanlış və ədalətsiz hesab etmişdir. Hökumət başçısı ingilis generalına 7 azərbaycanlı, 3 erməni və 2 rus, yaxud 8 azərbaycanlı, 3 erməni və 3 rusdan ibarət hökumət təşkil etməyi düzgün saymışdır. Tomson bu təkliflərin hər hansı birinin mütləq olması şərti ilə razılaşmış və beləliklə, bu məsələ də müsbət həllini tapmışdır.\r\nBu danışıqlar zamanı Fətəli xanın söhbətarası verdiyi “Parlament xaricində yeni hakimiyyət yaratmaq olarmı” – sualına Tomsonun verdiyi cavabdan məlum olmuşdur ki, ingilis generalına yeni hökumət təşkil edə biləcək iki nəfərin – Mirzə Əsədullayev və Məmməd Həsən Hacınskinin adını çəkiblər. Tomson M.Əsədullayevi dəvət edərək onunla 2 saat söhbət edib və onun yeni hökumət təşkil etmək təklifinə cavab vermək üçün Mirzə bəy iki gün vaxt istəyib. Bu məlumatın müqabilində, Fətəli xanın “Əlbəttə, hökumət təyin də oluna bilər, lakin təyin olunmuş hökumətə xalqın münasibətinin necə olacağı barədə gərək generalın özü də düşünsün” – deyə etirazı ilə razılaşan Tomson bu fikrindən imtina edir. Sonda ingilis generalı Azərbaycan xadimlərinin köməyi ilə razılaşdırılmış nisbətdə koalisiyalı hökumət təşkil etməyi, rusları və erməniləri Parlamentdə iştiraka məcbur edəcəyini, həmçinin Parlamentin işini tamamilə müdafiə edəcəyini və onun açılacağı gün baş verə biləcək hər hansı bir xoşagəlməz halların qarşısını alacağını vəd etmişdir.\r\nBeləliklə, Azərbaycan Parlamentinin öz işinə başlaması yolunda kifayət qədər ciddi olan bu maneə Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskinin qəti və prinsipial mövqeyi, yüksək professionallığı və diplomatik məharəti nəticəsində aradan götürülür. Parlamentin açılışı ərəfəsində Azərbaycanda qəsdən hökumət böhranı törədilməsi cəhdinin qarşısının alınmasında da Fətəli xanın müstəsna xidməti Milli Şura üzvləri tərəfindən yüksək qiymətləndirilir.\r\nLakin Fətəli xanın məlumatında səsləndirilən bir sıra məsələlər – ingilis komandanlığının Milli Şuradan və ümumiyyətlə, Azərbaycan hökumətindən xəbərsiz yeni hökumət yaratmaq təşəbbüsü, baş nazir postuna mümkün namizədlər kimi M.Əsədullayev və M.H.Hacınskinin adının çəkilməsi, xüsusilə, bu namizədlərin ermənilər tərəfindən təklif edilməsi başqa iclas iştirakçıları arasında geniş müzakirələrə səbəb olur.\r\nDaxili İşlər naziri B.Cavanşir bu məsələyə aydınlıq gətirir, M.Əsədullayevin Tomsonla söhbətində Milli Şura haqqında mənfi fikir söyləmədiyi, Tomsonun baş nazir postuna ümumiyyətlə, qeyri-müsəlman bir şəxsin nəzərdə tutduğunu, sonra bu post M.Əsədullayevə təklif edilərkən onun həmin vəzifədə yalnız Fətəli xanı gördüyünü bildirdiyi və bu kimi məqamlar açıqlanır.\r\nXarici işlər naziri M.H.Hacınski də özünün bu məsələyə aidiyyəti olmadığını söyləyir və hökumətdə hər hansı vəzifə tutmaqdan imtina edir. Fətəli xan isə bütün bu söhbətlərdən sonra hökumətdə qalmayacağını bəyan edir.\r\nParlamentin açılmasına üç gün qalmış Milli Şuranın iclasında yaranmış gərginik M.Ə.Rəsulzadə tərəfindən aradan qaldırılsa da, Azərbaycan istiqlalının düşmənlərinin, eyni zamanda, erməni və rus milli şuralarının Parlamentin açılışına hər vasitə ilə mane olmaq cəhdləri göz qabağında idi.\r\nBu məqsədlə müttəfiq qoşunların baş komandanından istifadə etməkdən belə çəkinməyən erməni-rus qüvvələrinin yalnız Azərbaycan hökumətinin deyil, ümumilikdə azərbaycanlı əhalinin hüquqlarının danılmasında irəli sürdükləri tələblər öz hədsiz nifrəti və həyasızlığı ilə hətta general Tomsonu da heyrətə salmış və tədricən onun Azərbaycan hökumətinə və siyasi xadimlərinə münasibətinin dəyişməsinə səbəb olmuşdur. Hələ Bakıya gəlmək ərəfəsində, Ənzəlidə onunla görüşə təşrif gətirmiş Azərbaycan nümayəndə heyətini (Ə.Ağayev, N.Yusifbəyli, M.b.Rəfiyev) əvvəlcə qəbul belə etmək istəməyən və Azərbaycan hökumətini tanımaqdan imtina edən Tomsonun tez bir zamanda öz fikrini dəyişməsində şübhəsiz ki, yalnız onun erməni-rus millətçilərinin xislətini anlaması deyil, Azərbaycan liderlərinin siyasi məharəti və eyni zamanda, şəxsi keyfiyyətləri də müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, “vəhşi, barbar, qaragüruhçu müsəlmanlar” əvəzinə Avropa düşüncəli, bir neçə xarici dillərdə danışan, sivil, mədəni dövlət xadimləri ilə üzləşən və yerli şəraitlə tanış olan general Tomson artıq bir aydan sonra Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı kimi tanıyır.\r\n1918-ci il 3 dekabr tarixli protokol Milli Şuranın fəaliyyətini əks etdirən iclas protokollarının sonuncusudur. Həmin sənəddən Milli Şuranın növbəti iclasının dekabrın 4-də, axşam saat 7-yə təyin olunduğu aydın olsa da, təəssüf ki, Parlamentin açılışına qədər keçirilən iclasların protokolları qalmamışdır. Lakin 1918-ci il dekabr ayının 7-də, yəni, Milli Şura tərəfindən təyin edilən gün Azərbaycan Parlamentinin öz işinə başlaması Milli Şuranın bu məqsəd yolunda üzərinə düşən vəzifələri ləyaqətlə sona çatdırdığını göstərir.\r\nAzərbaycanın müstəqillik, istiqlal, dövlətçilik və parlamentarizm tarixində Milli Şuranın misilsiz xidməti olmuşdur. Azərbaycanın “İstiqlal bəyannaməsinin” qəbulundan başlanan bu yolda Milli Şura üzvləri “Gəncə böhranı”ndan keçmiş, Bakının yad əllərdən xilasına nail olmuş, ingilis komandanlığı ilə iş birliyi yaratmış, öz hakimiyyət strukturlarını saxlamaqla yanaşı, Qarabağ və Zəngəzur məsələlərinin həllində onun dəstəyindən faydalanmışlar. Azərbaycan Parlamentinin yaranması ilə Milli Şuranın tarixi funksiyası başa çatmış və onun fəaliyyətinə xitam verilmişdir.\r\nAzərbaycan Parlamentinin açılışı\r\n1918-ci il dekabrın 7-də, saat 13-də H.Z.Tağıyevin Bakının Nikolayevski (İstiqlal) küçəsində yerləşən qız məktəbinin (indiki Əlyazmalar İnstitutu) binasında təntənəli surətdə Azərbaycan Parlamenti açıldı.\r\nHəmin gün güclü xəzri küləyinin əsməsinə baxmayaraq bu münasibətlə bəzədilmiş şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü, mağazalar, dövlət idarələri və təhsil müəssisələri bağlanmış, şəhər əhalisi gəzintiyə çıxmışdı. General Tomson Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskiyə söz verdiyi kimi ingilis komandanlığı tərəfindən şəhərdə nümunəvi qayda-qanun yaradılmış, Parlamentin işinə hər hansı əngəllər törədilməsinin qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirləri görülmüşdü. Parlamentin keçirildiyi binanın qarşısında iki zirehli avtomobil qoyulmuş, binaya gələn bütün yollar kənar adamlar üçün bağlanmışdı. İngilis və Azərbaycan polisi, eləcə də hərbçilər bir neçə yerdə patrul xidmətində duraraq yalnız Parlament üzvləri və xüsusi vəsiqəsi olan şəxslərə Parlaman binasına girməyə icazə verirdilər.\r\nBinanın içi, bütün keçidlər və məclisin keçirildiyi zal xalçalarla döşənmiş və üçrəngli milli bayraqlarla bəzədilmişdi. Parlamentin açılış mərasimində deputatlardan başqa hökumət üzvləri və hörmətli qonaqlar – görkəmli ziyalılar, iş adamları, mətbuat nümayəndələri və b. iştirak edirdi. Qonaqların arasında xeyli sayda müsəlman qadınları da var idi. Diplomatik lojalarda xarici qonaqlar – general Tomsonun nümayəndəsi polkovnik Kokkerell, İranın Bakıdakı baş konsulu M.Saidol-Vezare, Gürcüstan Respublikasının nümayəndəsi Korçevadze, Şimali Qafqaz dağlıları hökumətinin sədri T.Çermoyev və başqaları əyləşmişdilər.\r\nRus və erməni milli şuralarının nümayəndələri Azərbaycan Parlamentini boykot etmək qərarı vermiş, lakin Slavyan-Rus Cəmiyyətinin 5 üzvü Parlamentin işinə qatılmışdı (rus və erməni milli şuralarının nümayəndələri yalnız iki aydan sonra Parlamentin işində iştirak etməyə başlamışlar).\r\nNəhayət, düz saat 1-də Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə zala girərək rəyasət heyətinə keçir. Azərbaycan Parlamentinin açılış mərasimini redaktoru olduğu “Azərbaycan” qəzetində işıqlandıran Üzeyir bəy Hacıbəyov “Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən oğlu açdı” – deyərək “qəlbən nikbin” Məhəmməd Əminin “açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə” məclis üzvlərinə xitabən nitq etməyə başladığını yazır.\r\nM.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin açılışında söylədiyi nitq dəfələrlə alqışlarla müşayiət olunmaqla, istər məzmununa, istərsə də məclis iştirakçılarında oyatdığı təsir gücünə görə ən parlaq natiqlik nümunəsi hesab edilə bilər. Onun “…müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhrarinəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir” sözlərindən sonra bütün zal ayağa qalxmış, gur və sürəkli alqışlar uzun müddət davam etmişdir.\r\nBu məşhur nitqində yaşanan anları yüksək qiymətləndirən M.Ə.Rəsulzadə daha sonra “Müsavat” partiyası adından gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış edir. Nitqinin sonunda M.Ə.Rəsulzadə Parlamentin sədrinin seçilməsini təklif edir və ciddi müzakirələrdən sonra “Musavat” fraksiyasının təklifi ilə heç bir siyasi partiyanın üzvü olmayan, görkəmli siyasi xadim, Azərbaycan parlamentarizminin əsaslarını qoyan ən təcrübəli diplomat və böyük ziyalı Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri seçilir. Ə.Topçubaşov özü bu vaxt İstanbulda olduğundan sədrin 1-ci müavini seçilən Həsən bəy Ağayev Parlamentin işinə sədrlik edir. Mehdi bəy Hacınski katib olmaqla Parlamentin üç nəfərdən ibarət katibliyi seçilir.\r\nAzərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti Hökumətinin başçısı Fətəli xan Xoyski Parlamentdə hökumətin daxili və xarici siyasəti barəsində hesabat xarakterli məruzə ilə çıxış edir. Bu məruzədən sonra Parlament köhnə hökumətin istefasını qəbul edərək yeni hökumətin təşkil edilməsini yenidən Fətəli xan Xoyskiyə tapşırır. Daha sonra mandat, reqlament və təsərrüfat komissiyalarına seçkilər keçirilir.\r\nAzərbaycan Parlamentinin açılması münasibəti ilə siyasi məhbuslara amnistiya verilməsi haqda “İttihad” partiyasının təklifi Parlamentin bütün fraksiyaları tərəfindən dəstəklənir və müvafiq aktı hazırlayacaq komissiyanın yaradılması haqda qərar qəbul etməklə Azərbaycan Parlamenti özünün birinci iclasını bağlı elan edir.\r\nAzərbaycan Parlamentinin açılışı Azərbaycan cəmiyyətində böyük əks-səda doğurmuş, bu münasibətlə Parlamentin və hökumətin ünvanına gələn təbrik teleqramları, açılış mərasiminə həsr edilən yazılar, bu hadisəyə verilən qiymətlər dövri mətbuatda geniş yer almışdır. Parlamentli respublika üsul-idarəsinin yaradılması ilə Azərbaycanın siyasi cəhətdən qabaqcıl ölkələr səviyyəsinə qalxması və bu hadisənin onun bütün sonrakı taleyində son dərəcə mühüm rol oynaması təkzib edilməyəcək bir fakt olmuşdur .\r\nAzərbaycan Parlamentinin açılışı günü onun yaradıcılarından birinin, Fətəli xan Xoyskinin dediyi “…yatsa idik də yuxumuza girməzdi…” sözlərinin fərqinə varılarsa, çox kiçik bir zaman kəsiyində – azərbaycanlıların Rusiya Dumasında ilk təmsilçiliyindən başlayaraq Azərbaycan Parlamentinin yaradılmasına gətirən böyük yolun Üzeyir bəyin “vətən oğlu” adlandırdığı insanların idealları, əzmi və əməlləri ilə salındığını görərik.\r\nAzərbaycan Xalq Cümhuriyyəti Məclisi-Məbusanın 1918-ci il dekabrın 7-də qaldırdığı “üç boyalı bayrağın” bu gün, 2013- cü il dekabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinin binası üzərində dalğalanması keçilmiş bu yola verilən ən yüksək qiymət, bu bayrağı qaldırmış Vətən oğullarının xatirəsinə isə ən gözəl abidədir.   

 

 

 

Solmaz Rüstəmova-Tohidi

 

525-ci qəzet.- 2018.- 4 dekabr.- S.4.