"Şahanənin nağılı": kövrək misralar, həzin pıçıltılar

Şahanə qızımı altı il öncə tanımışam. Tanışlığımız çox adi, sıradan olub: o, tələbə, mən müəllim. Onların qrupunda "Müasir Azərbaycan ədəbiyyatı" fənnindən məşğələ aparırdım. Şahanə birinci partada, düz qarşımda otururdu.

Çox qəribə idi, bu qızın gözlərinin dərinliyindəki gizli kədər, üzünün maraqlı ifadəsi, şirin təbəssümü həmişə məni ovsunlayırdı, özümdən asılı olmayaraq, bu balaca qızcığazın sirli aləminə baş vururdum. Bu anlarda biz ikimiz ətrafı unudurduq. Şahanənin təbəssümlü dodaqlarından qopan mülahizələr, fikirlər mənə deyirdi ki, bu qızda nəsə gizli bir dünya var. bir gün bu, doğru çıxdı. Sən demə, mənim bu əziz qızcığazım cızma-qara ilə məşğul olurmuş. Düzü, bunu eşitdikdə, çox sevinmişdim, hissimin məni aldatmadığını bir daha görmüşdüm. Beləcə, "cici qız" adlandırdığım həmin Şahanəm növbəti dərsdə mənə öz yazısını gətirdi. Gecə hamı yatandan sonra adətim üzrə mətbəxə çəkilib yazını oxumağa başladım. Oxuduqca göz yaşlarımı saxlaya bilmirdim. Bu yazıda mən "cici qızımı", onun gözlərindəki kədəri, özümün acılarımı görürdüm. Yanılmamışdım, mənim Şahanəm gələcəyin yazıçısı idi. Mən onda öz itirilmiş arzularımı, yazı dünyamı tapmışdım. Bir vaxtlar mən onun kimi yazılar yazar, lakin nədənsə, çapa verməkdən çəkinərdim. Buna görə çoxları məni qınayıb da.

Şahanənin ədəbi aləmə atmaq istədiyi bu xırdaca addımlarının sakit səsi məni məcbur etdi ki, mənəvi olsa, ona dəstək olum. Beləliklə, "Qaranlıqlar günəşi" adlı ilk povesti doğuldu. Sarsıntılı, kövrək, düşüncəli göz yaşlarıyla dolu bir həyat hekayəsi...

Onun məzuniyyətindən sonra mən bir müddət "cici qızımı" görə bilmədim. Lakin telefon əlaqələrimiz kəsilməmişdi mən onun gündən günə necə inkişaf etdiyini, artıq ədəbi aləmə inamlı addımlarla daxil olmasını izləyirdim. Məlum səbəblərdən, ailədəki qayğılardan qızımla görüşə bilməsəm , ürəyim, dualarım onunla idi. Mən həqiqətən onu, onun dünyasını çox sevirdim. Biz tez-tez görüşməsək , ruhumuzun qəribə bir yaxınlığı var. Bunu həmişə hiss etmişəm.

Bir-birinin ardınca atamı, anamı, həyat yoldaşımı itirəndə Şahanənin göz yaşları indi gözümün önündədir. Bu kövrək qız mənimlə birgə acı çəkirdi. Onun mənim əzizlərimlə heç bir yaxınlığı olmamışdı. Şahanənin atam İsa Hüseynov Muğannanın yaradıcılığına olan marağını, sevgisini hələ auditoriyada, mənim onun qızı olduğumu bilmədiyi zamanlarda görmüş, kəşf eləmişdim. Elə onun "Qaranlıqlar günəşi" povestini atama, anama oxumuşdum, onlar da bəyənmiş Şahanəyə ilk xeyir-dualarını onu görmədən, tanımadan, yalnız məndən eşitdikləri o povestlə vermişdilər. İndi təəssüflənirəm ki, kaş atamla tanış edərdim onu. biləydim ki, Tanrı qəfildən mənə bu qədər acı sürprizlər edəcək?! Mən o kədərli, ağrılı günlərimdə qızımı bir daha kəşf etdim.

Ancaq atamın vəfatından sonra anamla şəxsən tanış edə bilmişdim onu. Şahanə bizə qonaq gələndə anamla xeyli maraqlı söhbətləri olmuşdu.

Anamla həyat yoldaşımın haqqa qovuşması arasında cəmi bir həftəlik zaman kəsiyi oldu. Anam can üstündəydi, yoldaşımın vəfat xəbərini duymadan köçdü dünyadan. Şahanənin bunu eşidər-eşitməz bizə gəlməsi, ən çətin günlərimdə mənə dayaq durması, hönkürtüsü hələ qulaqlarımdan getmir. İlahi, bu balaca qızcığazın ürəyində boyda sevgi varmış?! Bu boyda sevgi, istək, bağlılıq qarşısında aciz qalmışdım. Onun gözünün yaşı ikimizə bəs edirdi, onun naləsi mənim ahımı kölgədə qoyurdu. Şahanəm mənim acılarıma özünün göz yaşları ilə sığal çəkirdi ki, onlar püskürməsin. Onda hiss etdim ki, Şahanə mənim mənəvi qızımdır, mən yanılmamışdım.

Bunları indiyə qədər heç yerdə deməmişəm. Yəqin, qismət bu günə imiş.

***

Bu gün Şahanə gənc yazar kimi ədəbi aləmdə tanınır sevilir. Bu yaxınlarda onun "Şahanənin nağılı" adlı şeir kitabı işıq üzü gördü. Bu, onun təqdim etdiyi ikinci kitabıdır. Kitabın içindəkilər yaxşı mənada məni təəccübləndirdi. Mən onu nəsr yazarı kimi tanımışdım. Birdən-birə bu qədər fərqli, düşündürücü, Tanrıya yaxın şeirlərlə üz-üzə qalmağı, düzünü desəm, gözləmirdim. Bu kitabla mən sehirli şeir nağılına düşmüşdüm. Bu nağılda insanlar kamil, sevgilər uca, dünyamız tərtəmiz, saf idi. Bu nağılda Şahanə bizi gözəlliyə çağırırdı:

Gəl, sənə nağıl danışım;

"Hər şey yaxşı olacaq" - deyim.

Yalanların kökü kəsiləcək,

Doğrular düzdə qalmayacaq artıq.

Elə bir nağıl danışım ki,

Orda hərə öz adı ilə çağırılsın,

Yaxşıya "yaxşı" deyilsin,

Pisə "pis".

Gəl sənə nağıl danışım;

Elə bir nağıl ki,

Orda insanlar "İNSAN" olsun həqiqətən...

Şahanənin nağılları da özü kimi maraqlı, saf, ürkəkdir. Hamının sevimlisi olan bu gənc şairimiz hərdən tənhalıqdan da şikayət edir. Tənhalığın adını qoymağa, sanki onu dərk etməyə, özününküləşdirməyə çalışır:

 

... Tənhalıq...

Güzgülərə olan qorxundur;

Hər kəsin səni tərk etdiyi dünyada.

Hər kəsin etinasızca,

sənə ərk etdiyi dünyada.

Sən küsərsən güzgüdəkindən.

Tənhalıq ölümsüzlüyündür,

Çünki tənha adamı ölüm belə unudar...

Qəribədir, insan danışanda, susanda, ətrafı insanla dolu olanda da tənha olurmuş, xoşbəxt olanda, istədiyini ələ edib vüsala qovuşanda da... Bu dünyanın yalanları, iftiraları, çirkablarımı insanı tənha qoyur? Sevilərkən qarşılıq görməmək, gülərkən içində ağlamaqmı insanı bu acı həqiqəti dərk etməyə sövq edir? Bəzən küləklər insanlardan etibarlı olurlar.

Şahanənin sevgisi , həsrəti , kədəri gözəldir, özünəməxsusdur. O, bu kədərə, bu nisgilə heyfislənmir. Onun üçün sevgi nurdur, işıqdır. Acısı şirin, kədəri sevincdir. Onun sevgisi tükənməzdir. Kürün suları, Xəzərin dalğaları kimi aşıb daşandır, ehtiraslıdır:

 

Bir payız səhəri

Mavi dənizə -

Dəlisov dalğaların şıltaqlığını

izləməyə getmişdi,

İzlədiyi isə dənizin

rəngini utandıran mavi gözlər oldu.

Mənim söylədiklərim "Şahanənin nağılı"nın kiçik bir hissəsidir. Ola bilər ki, onunla cismən həmişə bir-birimizin yanında ola bilmirik, amma ruhumuz hər daim birdir. Bu "nağılı" oxuyanda bir daha əmin oldum ki, onu nahaqdan sevməmişəm.

Nağılçı qızım! Mən sənin ruhunun işığını, gözlərindəki kədəri, təbəssümündəki səmimiyyəti, o balaca ürəyindəki böyüklüyü sevmişəm. Yolun açıq olsun deyirəm! Bu sevgi nağılının tezliklə davamını gözləyirik. Yeni nağıllarda görüşənədək!

 

Sevinc MUĞANNA

525-ci qəzet.-2018.-5 dekabr.-S.7.