Keçən günlər
düşdü yada...
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda əziz tələbə yoldaşımız, şair Nəsib Nəbioğlunun yaradıcılıq məclisinə, onun "Seçilmiş əsərləri"nin I cildinin təqdimetmə mərasiminə toplaşmışdıq.
Nəsib qardaşımız uzun illərdir ki,
Rusiyanın paytaxtı Moskva şəhərində
yaşayıb-yaradır və Azərbaycanımızı
orada yüksək ləyaqətlə təmsil edir. O, Rusiya
Yazıçılar İttifaqının üzvü, Azərbaycan
Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. Nəsib Nəbioğlu bu gün erməni
tapdağı altında inləyən Kəlbəcər
torpağındandır. O, Bakıya 1975-ci ildə gəlmişdi.
Baykonurda əsgəri xidmətini başa vurub, elə əsgər
paltarında da həmin il M.F.Axundov
adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı
institutunun hazırlıq şöbəsinə daxil
olmuşdu. Mən isə həmin instituta bir
neçə nəfərlə 1976-cı ildə orta məktəbdən
sonra birbaşa girmişdim. Nəsibgil bizdən
4-5 yaş böyük idilər. Nəsib
1-ci kursa da əsgər paltarında gəlirdi. Öyrəndik ki, o, atasını çox erkən
itirib və çoxuşaqlı ailə vəziyyətləri
ürəkaçan deyil. Buna görə də
Nəsib dərslərinə çox böyük məsuliyyətlə
yanaşmaqla bərabər, gecələr də işləyirdi.
Ecazkar təbiəti, dağı-daşı,
qayası, meşəsi, bulağı olan Kəlbəcərdə
Nəsib həm də anasından şair doğulmuşdu.
Onun bir dəfə dərsdə oxuduğu "A
nənəmin cəhrəsi" şeiri onu bir şair kimi
hamının gözündə ucaltdı, məşhur elədi.
Lakin son dərəcə təvazökar və
sadə qardaşımız heç vaxt bununla
öyünmürdü, yazdıqlarını çox da
oxumurdu. Beləcə günlər gəlib
keçdi, biz unudulmaz tələbəlik illərinin 4-cü
kursunu bitirdik. Beşinci kursda Nəsib digər bir
istedadlı dostumuz Səfər Alışarlı ilə birgə
Moskvaya, M.Qorki adına Ədəbiyyat
institutuna göndərildi. O vaxtdan bəri mən Nəsibi
görmürdüm, ancaq onun xoş sədasını,
söhbətini eşidirdim. Eşidirdim ki, institutu əla qiymətlərlə
bitirib, müəllimlərinin sevimlisi olub, onların zəmanəti
ilə Moskvada yüksək vəzifələrdə
çalışıb, bir şair kimi Rusiyada
şan-şöhrət tapıb, oradakı azərbaycanlı
yazıçıları bir ocağa yığıb onlara
böyüklük edir, Səməd Vurğunun, Rəsul
Rzanın və digər Azərbaycan dahilərinin,
dühalarının yubiley məclislərini keçirir, elə
Səməd Vurğunsayağı Moskvada yaşayan, oxuyan
istedadlı gənclərimizə dəstək olur, yardım
göstərir, müxtəlif məqsədlə Moskvaya gələn
Azərbaycan ziyalılarını orada böyük hörmət
və səxavətlə qarşılayır və yola
salır, son illərdə başımıza gələn
müsibətləri, faciələri Rusiya və eləcə
də dünya ictimaiyyətinə çatdırır, öz
yaradıcılığında böyük uğurlar
qazanır və sairə və ilaxır. Bunları eşitdikcə
də ürəyim dağa dönür, bir tələbə
yoldaşımız kimi ona "əhsən" deyirdim, onunla
qürur duyurdum ...
Bir-iki ay bundan qabaq digər bir tələbə
yoldaşımız, Nəsiblə daha yaxın olan Sabir Mahmudovdan
mənə zəng gəldi. O söylədi ki, Nəsib
Bakıdadır və mənimlə görüşmək istəyir.
Çox sevindim. Səhəri günü
indiyə qədər çalışdığım
doğma ocağımız, 2000-ci ilə qədər M. F.
Axundov adına Azərbaycan Pedaqoji Rus dili və
Ədəbiyyatı institutu, ondan bəri isə Bakı Slavyan
Universiteti adlanan ali məktəbin foyesində
görüşüb qucaqlaşdıq. Universitetin
yeməkxanasına düşdük. 38 ildən
sonra yenə əvvəlki kimi əyləşib çay gətirtdik,
söhbətə başladıq. Bu görüşdə
bir neçə tələbə yoldaşımız - bu
Universitetin Qiyabi və Əlavə təhsil şöbəsinin
dekan müavini Aydın Əliyev, Müasir rus dili
kafedrasının dosenti Əli Balakişiyev, indi təqaüddə
olan MTN polkovniki Ziyafət Xanbabayev, Qarabağ müharibəsinin
odundan-alovundan keçmiş, təqaüdçü hərbçi
qardaşımız, gözəl dostumuz Sabir Mahmudov və Nemət
Şəfizadə iştirak edirdilər.
Hamımız
çox dəyişmişdik: saçlar ağarmış,
tökülmüş, sifətlər solmuş,
bozarmışdı, 20-25 yaş hara, 60-65 hara?! Nəsibin
də qara şəvə saçları, bığları bəmbəyaz
olmuşdu, şair gözlərindən doğma vətən həsrəti,
Kəlbəcər dərdi tökülürdü. Uşaqlıqdan kədərli tələbə
dostumuz daha da qəmli, nisgilli görünürdü. Ancaq bu görüş bizi xoşbəxt tələbəlik
illərinə qaytardı, bir anlıq unutduq qəmi, kədəri,
yada saldıq sevimli müəllimlərimizi, tələbə
qardaş və bacılarımızı,
acılı-şirinli günlərimizi. Ruhumuz
təzələndi, könlümüz havalandı. Bir
neçə saat oturub danışdıq,
gülüşdük, 38-40 il qabaq
olduğu kimi. Heyf o günlərdən! Şair
demişkən "keçən günlərimi
qaytaraydılar, gələn günlərimi qurban verərdim".
Nə isə... Ayrılanda Nəsib bizə bildirdi
ki, sentyabrın 27-də saat 14-də Yazıçılar
Birliyində tədbir keçirəcək, onun
"Seçilmiş əsərlər"inin I cildinin
nümayişi olacaq və bizi də o tədbirdə görmək
istəyir. Bu dəvəti də biz, əlbəttə,
böyük sevinclə qəbul etdik və deyilən vaxtda
Yazıçılar Birliyinin "Natəvan" klubunda olduq.
Mən əvvəllər də çox
olmuşdum bu zalda, ancaq indi görəndə ki, kimlər gəldi
Nəsibin bu məclisinə, onun adi bir yazar, şair
olmadığı qənaətinə gəldim. Azərbaycan
Yazıçılar Birliyinin sədri, sevimli
yazıçımız Anar müəllim başda olmaqla onun
müavinləri - çox hörmətli Fikrət Qoca,
Çingiz Abdullayev, müasir Azərbaycan ədəbiyyatının
sayılıb-seçilən nümayəndələri Ramiz
Rövşən, Seyran Səxavət, Şirindil
Alışanlı, Milli Məclisin bir neçə
üzvü, bu tədbirə Qubadan gəlmiş əziz
dostumuz, şair Ramiz Qusarçaylı, vaxtilə institutda bizə
dərs demiş əziz müəllimimiz, xalqımızın
çox hörmətli ziyalısı, folklorşünas Qəzənfər
Paşayev, əslən kəlbəcərli olan bir neçə
tanınmış ədəbiyyat, incəsənət
nümayəndələri Nəsib Nəbioğlunun bu məclisinə
yığışmışdı. Nəsibin təqdim olunan
"Seçilmiş əsərləri"nin
I cildi vətənpərvər ziyalı, "Azərnəşr"in
baş redaktoru Əlövsət Ağalarovun təşəbbüsü
və dəstəyi hesabına işıq üzü
görmüşdü.
Tədbirin aparıcısı, son zamanlar Azərbaycan ədəbiyyatının
və mədəniyyətinin təbliğində öndə
gedən "525-ci qəzet"in baş redaktoru, gözəl
insan və şair Rəşad Məcid idi. O, özünəməxsus
sadəlik və səmimiyyətlə bu
yığıncağın məqsədindən, məramından
söz açdı, Nəsib Nəbioğludan böyük
şövqlə, onun yaradıcılığından
ağızdolusu danışdı və sözü bir-bir məclisdə
iştirak edən görkəmli insanlara verdi.
Məclis 3 saata yaxın davam etdi, hamı Nəsib Nəbioğludan
ağızdolusu danışdı, onun Moskvada
gördüyü işlərdən, Azərbaycan ədəbiyyatını
necə təmsil və təbliğ etməsindən söhbət
açdı, şeirləri səsləndi. Tələbə
dostları, yəni bizim adımızdan Sabir Mahmudov
çıxış etdi.
Məclisdə
tərif tərif dalınca yağdırıldı və mən
bu zaman kəsiyində Nəsibi bir daha kəşf elədim və
fikirləşdim: Nəsib nə böyük şair imiş,
öz xalqının yolunda bu qədər xidmətin
qarşısında görəsən, biz ona nə
vermişik, hansı adla, orden və medalla onu sevindirmişik? Mənim bu içi dərd dolu, nisgil dolu şair,
alim, böyük ziyalı qardaşıma heç olmasa
Bakı şəhərində qürbətdən gələndə
yaşamağa bir babat mənzil niyə verməyək? Nə
isə...
Tədbir qurtardı, biz Nəsiblə bu gündən
xatirə şəkilləri çəkdirdik, hərəmiz
onun öz avtoqrafı ilə nümayiş olunan
kitabının birini götürdük və onunla
danışdıq ki, bir-iki gündən sonra yenə
görüşək. Düşündük ki, yəqin indi Nəsibin
çox yaxın qohumları, eloğluları tədbirdən
sonra bu günü hardasa qeyd edəcəklər, biz onlara
yük olmayaq: yəqin indi aşığı da
götürüb gedəcəklər hansısa bir restorana. Hardan biləydik ki, hamı bizdən sonra bir-bir
çəkiləcək, axırda zalda təkcə Nəsiblə
Sabir qalacaq və Sabir onu gətirib "28 may"
vağzalından avtobusa mindirib Zığa, evinə yola
salacaq. Bir neçə gündən sonra mən
bunu elə Nəsibin özündən eşidəndə
çox pis oldum, qəhərləndim. Dedim, ey dünya,
dünya! Nə olaydı Nəsib bir imkanlı məmur və
yaxud iş adamı olaydı, onda ona azı bir həftə hər
gün qonaqlıq verərdilər, başına
dolanardılar. Həzrəti Əli demiş,
kasıb öz vətənində də qəribdir. Tez
uşaqlara zəng elədim, dedim sabah
mütləq Nəsiblə bir yerdə əyləşirik,
çörək kəsirik, onun könlünü
alırıq, qəlbini oxşayırıq. Elə də
etdik, o birisi gün axşam biz gözəl bir məkanda cəm
olduq, Allah verəndən süfrəmizə
düzüldü, bu süfrənin meyini də Sabirin
ömür-gün yoldaşı, bizim də tələbə
yoldaşımız Dərcan xanım hədiyyə olaraq
göndərmişdi. Beləliklə, Vurğun demiş "tələsmədən,
məst olub dünyadan keçmədən, mehriban
düşüncələrin isti qucağında
qızındıq bir az". Sazın sədaları altında Nəsibin şeirlərini
oxudum, çox mənalı bir zaman keçirdik.
Bir-iki
gündən sonra Nəsib Moskvaya yollandı, indi o,
oradadır, mən isə onun kitabını,
"Seçilmiş əsərləri"ni
vərəqləyirəm, şeirlərini bir daha gözdən
keçirirəm. Və keçirdikcə də
bir daha əmin oluram ki, məşhur nasir, ədəbiyyatşünas
Çingiz Hüseynov demiş, Nəsib əsl şairdir, nadir
şairdi.
Kitabda onun yaradıcılığının müxtəlif
dövrlərinə aid olan şeir nümunələri verilib. Onlardan bir neçə
yarpağa nəzər salaq:
Kələflərin
içində boya-başa çatmışam,
Dükcələr
qucağında şirin yuxu tapmışam,
Elə
bilmə mən səni unutmuşam, atmışam,
Hələ
də yadımdadır naxışının düyməsi,
A nənəmin
cəhrəsi.
Kəlbəcər, 1976.
Sinəmdə
güman, Allah,
Keçmir
bu duman, Allah,
Boş
qalıb aman, Allah,
Ürəyim yurd yeridi.
Moskva, 1993.
Neçə
ildir qurumur anaların göz yaşı,
Dağların
həsrətindən yanıb bağrımın başı,
Qurtar qələbə
ilə bu döyüşü, savaşı,
Sevinclə,
gülə-gülə açım aydın səhəri,
Sənə
əhsən deyirəm, Azərbaycan əsgəri!
Moskva, 05.04. 2016.
Baxın,
professionallıq baxımından Nəsibin 42 il
bundan öncə yazdığı şeir parçası 2 il
bundan qabaq yazdığı misralardan heç də geri
qalmır. Bu parçaların hər
üçündə sözlərin, səslərin
hamısı yerli-yerində, dil rəvan, məzmun aydın,
güclü emosiya və konnotasiya. Kitabdakı hər bir
şeir bu cürdür, hamısı
düşündürücü, təsirlidir, hər bir
parçada fikirlər bir-birini tamamlayır, sonda gözəl
bir mənzərə, bir süjet yaranır:
Nur
alıb dağların qaynaqlarından,
Çıxıbdı
zamanın sınaqlarından,
Qopub tənqidçinin
"caynaq"larından,
Şeirindən
dağların ətri gəlir!
Uzağa
düşməyib yaz havasından,
Əzəldən
uzaqdı naz havasından,
Tutubdu
yükünü saz havasından,
Şeirimdən
dağların ətri gəlir!
Doğrudan da, Nəsibin bütün şeirlərindən
dağ ətri, gül-çiçək, təbiət ətri
gəlir, çünki özü kimi şeirləri də səmimidir,
təbiidir, bulaq kimi saf və axıcıdır. Nəsib qafiyə
üçün söz axtarıb, şeir yazmır, o,
şeirlə danışır, fikir yürüdür.
Əsl şair, anadan doğulan şair belə olmalıdır
...
Nəsibin şeirlərinin çoxu onun doğulub
boya-başa çatdığı, dağlarında, düzlərində
gəzdiyi, indi isə yağılar əlində olan Kəlbəcər
torpağına sevgi, həsrət, nisgil hissləri ilə
doludur. O, bu
torpağın, dağın, düzün, çəmənin
yoxluğuna dözə bilmir. Ona görə də onun səsindən,
sözündən, gözündən qəm, kədər
tökülür, o, dağları, düzləri,
sazlı-sözlü Ceyran bulaqlarını, dili laylalı,
bayatılı nənələrimizin dizlərini istəyir ki,
onlara söykənib şirin-şirin xəyala dalsın, yuxuya
getsin. Görəsən, gələcəkmi o
günlər?!
Başım
uca qala zirvələrintək,
Durub görüşünə gələm, a dağlar.
Unudam
dünyanın dərdi-qəmini
Qoynunda
şənlənəm, güləm, a dağlar!
İllər
gəlib-keçir, ötüşür vədə,
Həsrətin
az qalır köksümü didə.
Qəhərim,
kədərim baş alıb gedə,
Sinəmdən
nisgili siləm, a dağlar!
Nəsibəm
qoyaram baş torpağına,
Quru
torpağına, yaş torpağına,
Əriyəm,
qarışam daş-torpağına,
Sənin
qucağında öləm, a dağlar!
Dağları görən, dağlarda gəzən,
onların ətəyində, qoynunda yaşamış hər
bir şairin ən əziz dostu, sirdaşı dağlardı. Dağlar
özləri sanki canlı bir varlıq, bir şairdir. Ona
görə də, demək olar, bütün şairlərin
dağlara müraciəti, dağlardan diləyi, köməyi,
dağların vəsfi məzmununda şeiri var. Dağlar
onların uman yeri, güman yeri olub, dağlar dərdlərimizi
çəkən, onları eşidən, bölüşəndir.
Bəlkə ona görə dilimizdə belə bir ifadə də
var: ahın dağlara!
Nəsib də əksər şeirlərində Kəlbəcərin
şahanə dağlarına üzünü tutur, onlarla
danışır, onların "qoynunda dərdi-qəmini
unudub şənlənmək; onların qucağında da
ölmək" istəyir. Allah-təala sənə o günləri
nəsib eyləsin, ay Nəsib!
Nəsib Nəbioğlunun rəhmətlik nənəsinə
(kəlbəcərlilər anaya nənə deyir)
yazdığı şeirlər də çox təsirli və
mənalıdır. Bu şeirlərdə 25-30 ildir ki, öz doğma
yurd-yuvasından didərgin düşmüş, öz gözəl
həyət-bacalarını, aydın səmalarını, uca
dağlarını, geniş düzlərini qoyub gəlmiş,
şəhərlərin qara asfalt küçələrində,
dar mənzillərində oğul-uşaq da gözünə
görünməyib, "vətən, vətən" deyə-deyə
dünyalarını dəyişən
ata-babalarımızın, ana-bacılarımızın fəryadının
ürəkyandırıcı poetik ifadəsini
görürük. "Anamı kiridə bilmirəm,
Allah", "Qaçqın anam, köçkün anam",
"Anama bir müjdə verə bilmədim", "Sən mənim
ən əziz didərginimsən", "Qara yaylıq" və
s. şeirləri buna misaldır.
Bu kitabda
Nəsib Nəbioğlunun Bəxtiyar Vahabzadəyə ("Bəxtiyar"),
Məmməd Araza ("Hələ qayalar ağlayır",
"Məmməd"), Məmməd Aslana ("Qəbrinin
üstündə palıd göyərməz"),
Şücaətə, Bəhmən Vətənoğluna, Ramiz
Rövşənə ("Sinəni öyrətmə orden,
medala") və ona əziz olan digər məşhurlara
ünvanladığı şeirlər də çox gözəldir.
Nəsibin məhəbbət lirikası da
güclüdür, orijinaldır. Bu şeirlərin
çoxu, əlbəttə, onun gənclik dövrlərinin məhsuludur,
lakin sonradan yazdığı şeirlərdə də Nəsib
bir şair kimi gözəlliyi və gözəllərimizi
özünəməxsus məharətlə vəsf edir.
Digər
bir şeirində görün şair xalqımızın
yalvarışlarından birini, "ayağının
altında ölüm" ifadəsini necə gözəl
işlədir:
Səni
yaman küsdürmüşəm,
Gülüm
incimə-incimə
Göz
yaşını nəfəsimlə
Silim incimə-incimə...
Həzin-həzin
qəlbim dindi
Dərdimiz
düyün-düyündü
Ayağının
altda indi
Ölüm incimə-incimə.
Belə misraları ancaq Azərbaycan dilinə, bu
xalqın folkloruna, aşıq poeziyasına yaxından bələd
olan bir el şairi, bir xalq şairi deyə bilər.
Əziz oxucular, Nəsib Nəbioğlunun "Seçilmiş əsərləri"nin I cildindən çox yazmaq olar, ancaq mən burda fikrimi tamamlayıb, onun elə axırıncı görüşümüzdə mənə bağışladığı bir kitabı haqqında da bir neçə kəlmə söz demək istəyirəm. Bu kitab "Siyala zvezda nad skaloy" adlı Nəsibin Azərbaycanı ürəkdən sevən şair və tərcüməçi dostu Nikolay Qoroxovun rus dilinə tərcüməsində şeirlər kitabıdır.
Bu, 2014-cü ildə, Nəsib Nəbioğlunun ömrünün 60-cı ildönümündə işıq üzü görmüş, ümumxalq, ümumbəşəri hisslərlə dolu yeni poeziya, lirika kitabıdır.
Elə Nikolay Qoroxovun ön
söz əvəzi kimi yazdığı ürək sözlərini
oxuduqca Nəsib Nəbioğlunun Rusiyanın ədəbi
mühitində nə qədər hörmət və nüfuz
sahibi olduğunu, Moskvada nələr etdiyini görüb heyrətə
gəlirəm, onunla qürur duyuram. Bir rus dili müəllimi
kimi şeirlərini oxuyuram, müəllifə də, onun tərcüməçisinə
də "Əhsən!" deyirəm. Azərbaycan dilində
olduğu kimi, rus dilində də şeirlər o qədər
gözəl səslənir ki, sanki Nəsib onların
hamısını rus dilində özü yazıb: forma, məzmun,
intonasiya - hamısı öz yerində.
Onu da bildirim ki, 2012-ci ildə Nəsib Nəbioğlu Rusiyada çap olunmuş "Poyuşiy voin" ("Nəğməkar döyüşçü") kitabına görə Yuriy Dolqorukiy adına beynəlxalq ədəbi mükafatına layiq görülmüşdü. O kitabın ön sözünü sovet və rus poeziyasının klassiki, Sosialist Əməyi qəhrəmanı, Lenin və Dövlət mükafatı laureatı, Rusiya Təhsil Akademiyasının akademiki Sergey Mixalkov yazmış və Nəsibin Moskvada keçirilən yubiley mərasimini də o, özü aparmışdı. Həmin kitabın ön sözündə və həmin məclisdə yüksək tribunadan S. Mixalkov həmyerlimiz haqqında bu sözləri demişdi:
"... İndiki dövrdə,
bizim böyük ədəbiyyatın
xarabazarlığında - Azərbaycan şairinin cəsarətli
yaradıclıq ilhamı ruhdan düşmür - mərdi-mərdanə
xeyirxahlıq, insani hisslərin səmimiyyətini, kişi
dostluğunun böyüklüyünü, qardaşlıq
sevgisini və insanlar, xalqlar arasında mehriban qonşuluq
münasibətlərini təbliğ edir. Bu gün bu
çox dəyərlidir ..."
Eşq olsun sənə, əziz dostumuz, tələbə yoldaşımız! Ey böyük şair, böyük Azərbaycan oğlu! Səninlə fəxr edirik! Vətənimizi, Azərbaycanımızı belə təbliğ etdiyinə görə sənə dərin təşəkkürümüzü bildiririk. Əmin olmaq istəyirik ki, xalqımız da, onun rəhbərliyi də sənin dünyanın gözü olan Rusiyanın başkəndində göstərdiyin xidmətləri layiqincə qiymətləndirəcək.
Valeh
NƏSİBLİ
Filologiya elmləri
doktoru, professor
525-ci qəzet.-2018.-5 dekabr.-S.7-8.