Azərbaycan
Parlamenti necə yarandı
Solmaz
Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru
2018-ci il dekabr
ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində
əlamətdar bir hadisə - nümayəndəli
ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi
qeyd olunur.
Milli Şuradan Azərbaycan Parlamentinə.
2. Gəncə
dövrü
1918-ci il iyunun 16-da öz fəaliyyətini
Tiflisdən Gəncəyə köçürən
Azərbaycan Milli Şurası və Hökuməti burada son
dərəcə gözlənilməz və xoşagəlməz
bir münasibətlə qarşılaşır.
Azərbaycan
cəmiyyətinin ictimai-siyasi baxımdan fəal hissəsi
arasında hələ 1918-ci il martın
əvvəllərindən güc toplamağa başlayan və
sonradan "ilhaqçılıq"
(ilhaq-birləşmək) adlanacaq prosesin
öz inkişafında son həddinə
çatdığı
aydınlaşır. Azərbaycanlıların
əsasən qeyri-dost millətlər əhatəsində
yaşadığı, Azərbaycan torpaqlarına
qonşuları tərəfindən iddialar edildiyi və xalqa
qarşı artıq silahlı hücumlar və
qırğınlar aparıldığı bir
şəraitdə Azərbaycan milli qüvvələrini
təmsil edən bir qrup tanınmış şəxslər,
xüsusilə Gəncə bölgəsinin
nümayəndələri bu vəziyyətdən
çıxış yolunu Osmanlı dövlətinə
birləşməkdə görürdü. Bu məqsədlə
əhali arasında imzalar toplanır, Zaqafqaziya Seyminin
hələ Trabzonda və Batumda danışıqlar
apardıqları zaman Gəncədən bu
şəhərlərə, eləcə də İstanbula
nümayəndə heyətləri göndərilir,
ayrı-ayrı türk xadimləri ilə, o
cümlədən, yüksək rütbəli
hərbçilərlə danışıqlar
aparılırdı. Osmanlı dövləti ilə
rəsmi danışıqlarda iştirak edən
Zaqafqaziya Seyminin azərbaycanlı nümayəndələrin
Gəncəyə, öz həmkarlarına
göndərdikləri məktub və teleqramlarda bu növ
təşəbbüslərin qarşısını almaq
tələbləri nəticəsiz qalırdı. Lakin ilhaqçıların bu
mövqeyi yalnız mövcud siyasi durumdan
və xalqın maraqlarından irəli
gəlmirdi. Əsasən dini-klerikal
və mülkədar-burjua zümrələrin
nümayəndələrindən ibarət olmaqla, onların
böyük əksəriyyəti Azərbaycan Milli
Şurası və hökumətinin "həddən
artıq demokratik" islahatlar
keçirəcəyindən də ehtiyat edirdilər.
Digər
tərəfdən, I dünya müharibəsinin öz
sonluğuna çatdığı, Osmanlı
imperiyasının geniş ərazilərinin - Balkanlar,
Ərəbistan - əldən getdiyi artıq aydın
olduğu bir zamanda bu dövlətin, başda
Ənvər paşa olmaqla romantik ruhlu
rəhbərliyi reallıqdan xeyli uzaq yeni planlar
qurur, dağılmış Rusiyanın
müsəlman-türk xalqlarının
yaşadıqları ərazilər də daxil olmaqla
bu dəfə yeni - Turan imperatorluğu yaratmaq
niyyətlərini heç də gizlətmir
və 1918-ci ilin əvvəllərindən
başlayaraq bu sahədə hərbi əməliyyatlara
hazırlaşırdılar. Təbii ki, bu dövr
azərbaycanlıların üzləşdiyi son
dərəcə ağır
vəziyyət, torpaqların işğalı,
əhalinin milli qırğına məruz qalması qardaş
xalqa kömək məqsədi ilə yanaşı, daha
geniş mənada Turan imperatorluğu yolunda Qafqaz İslam
Ordusunun yaradılmasını və dərhal regiona
göndərilməsini sürətləndirən amillərdən
idi.
Ehtiyac
yarandığı halda Azərbaycana hərbi yardım
edilməsinə dair xüsusi maddənin olduğu AXC
və Osmanlı dövləti arasında
müqavilə hələ 1918-ci il iyunun
4-də imzalanacağı halda Nuru paşanın Qafqaz İslam
ordusunun Baş komandanı kimi 300 nəfərlik
türk zabitləri - hərbi təlimatçılar
dəstəsi ilə artıq may ayının sonlarında
Gəncəyə gəlməsi bütün bu proseslərin
nəticəsi idi. Təsadüfi deyil ki, Nuru
paşanı böyük təntənə ilə qarşılamış,
şərəfinə qurbanlar kəsmiş, ziyafətlər
vermiş ilhaqçılar, artıq bütün dünyaya
Müstəqil Azərbaycan dövlətinin
yarandığını bəyan edərək 1918-ci il iyunun
16-da Tiflisdən Gəncəyə gəlmiş və rəsmən
qarşılanmamış Milli Şura və hökumət
üzvlərinə açıq etimadsızlıq
göstərirlər.
Beləliklə,
Azərbaycan milli-siyasi qüvvələrinin və daha
geniş mənada Azərbaycan cəmiyyətinin iki -
istiqlalçılar və ilhaqçılar adlanan
hissəyə parçalandığı məlum olur. Eləcə də
ilhaqçıların Nuru paşa və Azərbaycanda
türkçülük hərəkatının
ideoloqlarından biri, görkəmli
ictimai-siyasi xadim, 1909-cu ildə Türkiyəyə
mühacirət etmiş və Nuru paşanın siyasi
müşaviri kimi onunla birgə Gəncəyə
gəlmiş Əhməd bəy Ağaoğlu (Ağayev)
tərəfindən dəstəkləndiyi
aydınlaşır. İlhaqçılar və onları
dəstəkləyən qüvvələr
tərəfindən Cümhuriyyət rəhbərlərinə
ünvanlanan bəyanatlar - onlara xalq
adından müstəqil dövlət yaratmaq səlahiyyəti
verilmədiyi, azərbaycanlıların müstəqil
yaşamaq qüdrətinə malik olmadığı
və bu səbəbdən Osmanlı
dövlətinə birləşməyin daha
məqsədəuyğun olduğunu - əslində,
Azərbaycanın dövlətçiliyini tanımaqdan
imtina demək idi.
Cəmi bir neçə
aydan sonra Osmanlı imperiyasının I Dünya
müharibəsində məğlubiyyətə
uğrayıb qalib dövlətlər tərəfindən tutduğu
bütün ərazilərdən çıxmağa məcbur
ediləcəyi (Mudros sazişi) və
Türkiyənin özünün bir müstəqil
dövlət olaraq qalması uğrunda ölüm-dirim
savaşına qalxacağı nəzərə
alınarsa, Milli Şura və Hökumət üzvlərinin
ilhaqçıların tələbləri
qarşısında geri
çəkiləcəyi təqdirdə azərbaycanlıların
və onların ərazilərinin taleyinin hansı
ölkələr tərəfindən və necə həll
ediləcəyi o qədər də sual doğurmur. Hər
halda Milli Şuranın üzvləri yaranmış
vəziyyətin ağırlığını və nə
kimi təhlükəli
nəticələrə gətirib
çıxaracağını aydın təsəvvür
edirlər, lakin eyni zamanda, şəhərdə real
hakimiyyətin Nuru paşanın və ilhaqçıların əlində
olduğu, digər tərəfdən Bakı şəhəri
başda olmaqla işğal altındakı torpaqların azad
edilməsi üçün Osmanlı ordusuna olan ehtiyacı nəzərə
alırlar.
İyunun 17-də
M.Ə.Rəsulzadənin başçılığı
ilə Milli Şura Gəncədə fasilələrlə
gündüz saat 12-də başlanan və gecə saat 2-də
tamamlanan 3 qapalı iclas keçirir. Fətəli Xan
Xoyski 26 nəfər Milli Şura üzvünə M.Ə.Rəsulzadə və
M.H.Hacınskinin Nuru Paşa ilə ilkin görüşü
və apardığı danışıqlar barədə
məlumat verir. Nuru paşanın
özünü əsgər adlandıraraq daxili
işlərə qarışmadığını bildirdiyi,
siyasi məsələlərin
müzakirəsini özünün mülki
işlər üzrə müavini Əhməd bəy
Ağaoğluna həvalə etdiyi, daha sonra
göstərilən şəxslərin Ə.Ağaoğlu
ilə son dərəcə ağır keçən
danışıqlarının nəticəsi kimi Milli Şuranın
buraxılması, ölkədə hökm sürən
anarxiyanı, habelə daxili və xarici maneələri
nəzərə alaraq daha geniş səlahiyyətlər
verilmiş yeni hökumətin təşkil edilməsi kimi
razılıq əldə edildiyi iclas
iştirakçılarının nəzərinə
çatdırılır.
Burada qeyd edilməlidir
ki, Ə.Ağaoğlu və ilhaqçılarla bu
"razılıq" özü heç də asan
başa gəlməmiş, irəli sürülən
tələblərin - Milli Şuranın və
hökumətin buraxılması - beynəlxalq
aləmdə Azərbaycan Cümhuriyyətinin
Osmanlı ordusu tərəfindən işğalı kimi
qiymətləndiriləcəyi kimi istiqlalçıların qətiyyətli xəbərdarlığı qarşısında əldə
edilmişdi.
Milli Şuranın son dərəcə gərgin
və əsəbi şəraitdə keçən
ikinci iclasında Milli Şura üzvlərinin bir
hissəsi onun buraxılmasına qəti etiraz edir, bu tələbi
Nuru paşanın və Osmanlı hökumətinin
Azərbaycanın daxili işlərinə qarışmaq kimi
qiymətləndirir. M.Y.Cəfərovun titrək səslə:
"Bizim azadlığımızı əlimizdən
alırlar. Biz də asanlıqla əldə
etdiyimiz azadlığımızı asanlıqla əldən
veririk. Əfsuslar olsun ki, bizim kömək
gözlədiyimiz türk qardaşlarımız bizim
ürəyimizi parçalayır, bizim hisslərimizi
zəhərləyirlər"- sözlərindən sonra
ağlayaraq oturması bu müzakirələrin nə
qədər yüksək emosional səviyyəyə
çatdığını göstərir. Lakin M.Ə.Rəsulzadə öz
həmkarlarını "belə bir fövqəladə
ağır vəziyyət olduğu bir zamanda bu
məsələni olduqca soyuqqanlılıqla müzakirə
etməyə" çağırır. Nəticədə
Milli Şura üzvləri sözün əsl mənasında
siyasi müdriklik və iradə nümayiş
etdirir, yaranmış real vəziyyəti və konkret
tarixi şəraiti nəzərə alaraq mümkün olan
həddə qədər
güzəştlərə getmək, lakin istiqlalı
saxlamaq məqsədilə iki mühüm qərar qəbul
edirlər: Milli Şura öz fəaliyyətini
müvəqqəti dayandırsın, birinci Hökumət
buraxılsın, bütün hakimiyyət
(qanunvericilik və icra) Müəssislər Məclisi
çağırılanadək F.X.Xoyskinin
sədrliyi ilə yaradılmış yeni - ikinci
Müvəqqəti hökumətə həvalə edilsin.
Bu məsələni Əhməd Ağaoğlu və
onun vasitəsilə Nuru Paşa ilə
razılaşdırdıqdan sonra tərkibinə eyni sayda (6
nəfər) ilhaqçılar da daxil edilmiş yeni hökumətin
səlahiyyətləri müəyyənləşdirilir. Bu
səlahiyyətlər xeyli genişləndirilsə
də, hökumətə Azərbaycanın dövlət
müstəqilliyini və mövcud siyasi azadlıqları
ləğv etmək hüququ verilmir.
Gəncə dövrü, cəmi bir neçə ayı əhatə etməsinə baxmayaraq, Azərbaycan parlamentarizminin yaranma tarixində ən dramatik və eyni zamanda, təhlükəli bir mərhələ hesab edilə bilər. Bu təhlükənin içəridən - azərbaycanlı və qismən də dost türk nümayəndələrindən gəlməsi bütöv bir millətin taleyinin nə dərəcədə fərdi yanaşmalar və ziddiyyətli münasibətlərdən asılı olduğunu göstərirdi. Milli Şuranın - "xalqın
təmsilçisi olan bir təsisatın Azərbaycanın
müvəqqəti paytaxtı Gəncə
şəhərində səhnədən
çəkilməsi"ni onun sədri M.Ə.Rəsulzadə
"demokratiyanın geri çəkilməsi və
mürtəce qüvvələrin uğuru" kimi
qiymətləndirir. Öz vəzifəsindən
əl çəkmiş Məhəmməd Əmin bəy
Milli Şuranın sədri kimi bu iclasdakı son
nitqində yaranmış şəraitdə
"tarixi məsuliyyətin bütün çəkilməz
ağırlığını" boynuna
götürmüş Fətəli xan Xoyskinin
və onun "Azərbaycanın taleyini
əllərinə almış" hökumət
üzvlərinin "qismətinə ən çətin, lakin
həm də ən mühüm borc - yeni doğulmuş
Azərbaycanı məhv olmağa qoymamaq
borcu" düşdüyünü vurğulayır.
Bununla belə, Milli Şura üzvlərinin son
dərəcə pərt və məyus əhval-ruhiyyəsi
qarşısında M.Ə.Rəsulzadə öz
həmkarlarını gələcəyə nikbin baxmağa
çağırır: "İndi gəlin, bu ağır
günlərdə üzərinə ağır vəzifə
yüklədiyimiz bu hökumətlə vidalaşaq və
ayrılaq. Gəlin, qardaş kimi
ayrılaq.Əfəndilər, ayrılarkən ümid edək
ki, Allahın köməyi ilə tezliklə Azərbaycanın
paytaxtı Bakıda, Təsis yığıncağında
görüşəcəyik. Yaşasın
Azərbaycan! Yaşasın Türk
xalqı!"
Beləliklə, olduqca
mürəkkəb beynəlxalq və daxili şəraitdə
Azərbaycanın siyasi xadimləri həmin dövr faktiki
olaraq soyqırımına məruz qalan Azərbaycan xalqının
varlığını və dövlətçiliyini qorumaq
məsuliyyətini bir daha öz üzərilərinə
götürürlər, Azərbaycan
istiqlalını bütün digər
məsələlərdən, o cümlədən, Milli
Şuranın sədri M.Ə.Rəsulzadənin tələb
etdiyi kimi, vəzifə, partiya və şəxsi
maraqlarından üstün tutaraq siyasi böhrandan
çıxmağa müvəffəq olurlar.
525-ci qəzet 2018.- 6 dekabr.- S.4.