Xalq artisti Baba Mahmudoğlu - təkrarsız
ifaçı, fədakar xanəndə
Şeirə,
sənətə, musiqiyə, tarixə, təbiətə, xalqa, millətə, vətənə vurğunluq var. Özü-özlüyündə bu
vurğunluq müqəddəsliyə varmaqdır. Fəqət,
hər kəs vurğun ola bilirmi? Vurğunlarımız isə çoxdur, biri də
öncül sənətkar, sevimli xanəndə, milli opera sənətinin
nadir incisi, füsunkar səsilə xalqın sevimlisinə
çevrilən Baba Mahmudoğlu idi.
Belə vurğunlar milli mədəniyyət tariximizdə
qalır, ürəklərdə bəslənir, səsi daim
radiolarda, ekranlarda, qulaqlarımızda, qəlblərdə səslənir,
xatırlanır və unudulmur. Nə yaxşı ki,
B.Mahmudoğlu da unudulmazlar sırasındadır.
Azərbaycan
musiqi mədəniyyətinin və xanəndəlik sənətinin
Baba Mahmudoğlu səhifəsi var. Və
düşünürük ki, bu səhifə həmişə
vərəqlənəcək,
heç vaxt solmayacaq, silinməyəcək, tanış
olmağa, oxunmağa can atılacaq və qürur hissi
keçiriləcək. Bu adın sahibi sənətin,
səhnənin, milli operamızın, Azərbaycan xalq
musiqisinin, aşıq havacatlarının, muğamların, bəstəkar
mahnılarının vurğunu idi. Bir
müğənni olaraq o, səsini, sənət fəaliyyətini
musiqinin əksər janrlarına həsr etmiş və
çox böyük nailiyyətlər qazanmışdı.
Doğrudan da el nəğmələri,
aşıq sənəti nümunələri,
bütünlükdə xalq musiqisi ona doğma yurd, ata
ocağı, ana dili, böyük vətən və ulu
türk dünyası qədər əziz idi. Musiqiyə xalq mahnıları ilə daxil olmuş,
bunların vasitəsilə dinləyici sevgisi qazanmış və
tanınmışdı. Bu mahnılarla o,
sanki öz könül nəğmələrini,
duyğularını, hisslərini tamaşaçı və
dinləyici qarşısında sərgiləyirdi.
Təbiidir
ki, hər kəsin öz taleyi olduğu kimi, hər sənətkarın
da öz sənət taleyi var. Bu bir həqiqətdir ki, onun da
sənət taleyini, sənət bəxtini qadir Allah
özü yazmış, qalan işlər isə onun
özünəinamı, çalışqanlığı və
digər üstün xüsusiyyətləri ilə başa gəlmişdi.
Şərqin böyük ustadı Sədi Şirazi yazır:
Başının
hər tükündə
yüz
hünər olsa, əgər,
Bəxtin
yoxsa bu hünər
bir
iş görməz tük qədər.
Baba Mahmudoğlu bəxt anlamına, tale işinə
inanan şəxs idi. Şamaxının Çuxuryud kəndində, bağ
evində dincələrkən qeydə aldığı
"Düşüncələrim" (29.07-27.08.1993) adlı
çox dəyərli məqaləsində bu məsələlərə
toxunur: "İnsanın taleyi Ulu xilqət tərəfindən
hələ ana bətninə düşən andan onun
alnında kodlaşan tapşırıqdır ki, onun həyat
intervalında onu izləyir. Bəlkə ona
görədir ki, ən qədim tibb elminə mənsub tibetlərin
təbabətindən bəhs edən "Çu-Şi"də
insanın ana bətnində ilk yaranma prosesinin baş hissəsindən
başladığı göstərilir. Görünür,
mənim taleyimdə də mənə müğənnilik
payının verilməsi əvvəlcədən Onun tərəfindən
həll edilibmiş. Bəri başdan Sənin
yazına şükür deyirəm İlahi.
Xəyalımda həmişə insanlığı bəxt
payına görə iki qrupa bölmüşəm. Birinci qrupda bəxt
insanlığın belinə ipi bağlayıb, öz
ardınca irəli aparırsa, ikincidə insanlıq
özü bəxtinin belinə ip sarıyıb, öz
arxasınca aparır".
Şair
Əliağa Bakir qəzəllərinin birində deyir:
Bəxt
yar olsa sənə,
azmayasan
yollarını,
Hərdən
öz keçmişini
bir
salasan yada gərək.
Baba Mahmud
oğlu Mirzəyev 1940-cı il noyabrın
7-də qədim Qazax mahalının Muğanlı kəndində
(hazırda Ağstafa ərazisi), sadə bir ailədə anadan
olmuşdu. Bütün kənd uşaqları
kimi məqəddəs Vətən torpağı üzərində
qaçıb-yürüyüb, kənddə oynanılan
oyunlarda iştirak edib, meşə quşlarının səsini
eşidib. O, orta məktəbi əla qiymətlərlə
oxuyub. 16 yaşında Bakıya gələrək ali məktəbə daxil olub və tale onu
ardınca çəkib apararaq ona xanəndəlik şöhrəti
bəxş edib və məşhur opera sənətçisi
olub. Və burada çalışaraq fədai
kimi ömrünü bu sahəyə bağlayıb. O, "Əsli və Kərəm"də
Kərəm, "Şah İsmayıl"da Şah
İsmayıl, "Gəlin qayası"nda Camal, "Xanəndənin
taleyi"ndə Mir Seyid obrazlarını məharətlə
yaradıb.
Baba Mahmudoğlu taleyinə, bəxtinə,
uğurlarına arxayın olub heç vaxt qürrələnmir,
özünü yuxarı tutmur, yolunu azmır və öz
keçmişini unutmurdu. Müxtəlif mədəniyyət
və tədris müəssisələrinə
aldığı dəvətlərdə, televiziya, radio
verilişlərində, ona həsr olunmuş
yaradıcılıq gecəsində öz keçmişini,
uşaqlıq dövrünü, kasıb yaşadıqları
zamanı xatırlayır, ağır, məşəqqətli
1941-1945-ci illər müharibə illərində, ondan
sonrakı çağları xatırlayır, heç bir
şəraiti olmayan, qazmada yaşadıqlarını dilə
gətirirdi.
1961-ci ildə
Sənaye İnstitutunu bitirmiş, mühəndis ixtisasına
yiyələnmiş, 1962-ci ildə Şmidt adına
Maşınqayırma Zavodunun konstruktor bürosunda
çalışmışdı. O, tələbəlik illərində
institutun, işə daxil olduğu vaxtdan zavodun Mədəniyyət
və Texnika Sarayının mahnı və rəqs
ansambllarının solisti kimi sənət addımları
atmışdı.
Babanın taleyinə xanəndəlik sənəti
yazılmışdı, artıq bu çevrədən
çıxa bilməzdi. Odur ki, eşqi, həvəsi də onu bu
işə yönəldirdi. O, arzularının
qanadlarında pərvazlanaraq sevdiyi peşəyə doğru
uçurdu. Sənaye İnstitutunda oxuduğu illərdə tələbə
yoldaşlarının tövsiyəsi ilə A.Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək
Seyid Şuşinskinin muğam dərslərində iştirak
edir, dinləyərək öyrənirdi. Bu dərslər
gənc Babaya çox şey vermiş və o,
muğamlarımıza yaxından bələd olmuşdu.
Baba bu sətirlərin
müəllifi, özünün yaradıb rəhbərlik
etdiyi "Dastan" folklor, "Misri" ansamblının
musiqi rəhbəri və aranjimançısı ilə
söhbətlərində dəfələrlə demişdi:
"Mən mühəndis kimi də öz yerində olanlardan
idim. Az-çox iş görüb müəyyən
qədər tanına bilər, lakin gec-tez itib-bata bilərdim. Lakin müğənni kimi tale mənə
böyük xöşbəxtlik, ad-san, şöhrət, fəxri
adlar, tamaşaçı sevgisi, xalqın məhəbbətini
bəxş etdi. Səsim opera səhnəsindən,
qrammofon vallarından, radio və televiziyalardan gəldi. Dünyanı gəzdim, böyük səhnələrdə
çıxış edərək milli musiqimizi təmsil
etdim. Bütün bunları mənə Ulu
Yaradanın verdiyi tale bəxş elədi".
1969-cu ildə
Firudun Səfərov M.Axundov adına
Akademik Opera və Balet Teatrına baş rejissor təyin olunur.
O, "Leyli və Məcnun" tamaşasını yeni
quruluşla hazırlayır. Leyli obrazı
üçün gənc Nəzakət Məmmədova ilə
məşqlər aparır və Məcnun rolunda da daha bir gənci
görmək istəyir. Nəzakət xanım sevincək
ona belə bir ifaçının olduğunu bildirir: "Səhnə
görkəmi Məcnuna uyğun, səs imkanları çox
geniş, sənətə böyük həvəsi olan bir
oğlan var, Baba Mirzəyevdir. Çox
istedadlıdır. Teatrın rəhbərliyindən
inciyib getdi".
Baba həmin vaxtlar Elmi Tədqiqat Təhlükəsizlik
Texnikası İnstitutunda işləyirdi. Truppa müdiri,
iş yerinə zəng edərək onu teatra dəvət edir.
F.Səfərov söhbət aparır və
onunla bir ay sınaq müddətində
çalışacağını bildirir.
Baba Məcnun obrazının mətnini, Füzuli
yaradıcılığını dərindən dərk etsin
deyə ədəbiyyatşünas alimlərdən Həmid
Araslı və Əli Fəhmi ilə görüşür. Bu
böyük alimlər, xeyirxah insanlar bu işdə Babaya
kömək edirlər. Gənc xanəndə Opera
Teatrının müşyiətçi tarzəni,
böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə
onun çalğısı, tövsiyə və
tapşırıqları vasitəsi ilə çox şey əxz
edir, səsini muğam parçalarına
uyğunlaşdırır, Məcnun roluna aid olan oxuma
üslubunu mənimsəyir. F.Səfərov
Babanı yoxlamaq üçün bir ay sınaq müddətinə
iki həftə də əlavə edir və çox gözəl
nəticə alınır. Baba əsl Məcnun
kimi səhnəyə çıxarılır. İlk tamaşa uğurlar qazanır və
dövrü mətbuatda işıqlandırılır. Məcnun və Leyli rolunun gənc
ifaçıları, tamaşanın yeni quruluşu
haqqında müsbət fikirlər bildirilir. Təbii ki, teatrşünaslar və tənqidçilərin
məqalələrində tamaşa haqqında müxtəlif
fikirlərə rast gəlmək mümkün idi.
1908-ci il "Leyli və Məcnun" milli
operasının ilk tamaşasından bu günə qədər
xeyli sayda Məcnun və Leyli rollarında
çıxış edənlərimiz olub. Lakin Məcnun
obrazının uğurlu ifaçıları arasında Baba
obraza öz yanaşması, doğru münasibəti, əsas
xüsusiyyətləri, mahiyyəti, ideyanı
açıb göstərməsi, bir sözlə, öz Məcnununu
yaratması ilə seçilib. Həqiqətən
bu obrazda o, əsl Məcnun idi, Baba deyildi. Bundan
əlavə ümumiyyətlə, B.Mahmudoğlu musiqinin, səhnənin,
səhnə sənətinin Məcnunu idi. Əbəs
deyil ki, onun həyat və yaradıcılığı
haqqında yazdığım kitabı "Səhnəmizin Məcnunu
Baba Mahmudoğlu"
adlandırmışam (Bakı, "Araz" 2012). Burada Baba sənətinin əsas xüsusiyyətləri,
spesifik cəhətləri açılır,
yaradıcılığına ekskurs edilir.
Fransa səfərlərinin birindən
qayıdarkən İstanbul hava limannda Bakı reysini gözlərkən
şirin söhbət zamanı Babadan eşitdiklərimdən:
"Əhsəncan, mən Üzeyir Hacıbəylinin
"Koroğlu" operasında Koroğlu rolunda oynamaq arzusunda
da olmuşam. Özü-özlüyümdə bu obraz üzərində
işləyirdim də. Lakin orada vokal
partiyalardakı səs maneraları, vokal materialı ilə
çıxış etməklə milli oxuma
qaydalarını, "boğazları", "səs
qaynatmalarını", "şirin nəfəsləri",
"xırdalıqları" itirəcəyimdən qorxdum və
bu yoldan çəkildim. Çünki "Koroğlu"da
dünyəvi vokal sisteminə əsaslanan oxuma var, "Leyli və
Məcnun"da isə başqadır, bu, sırf milli
operadır. Əks təqdirdə mən "Koroğlu" ola
bilərdim, arzum ürəyimdə qaldı". Bəli, Baba
operaya təsadüfən gəlməmişdi. O,
özünü əsl opera sənətçisi kimi
hazırlamışdı. Opera sənəti haqqında
dünya teatrşünaslarının rus dilində çap
olunmuş kitablarını, Moskva və Leninqradda
(Sankt-Peterburq) nəşr olunan mədəniyyət və incəsənət
jurnallarını oxumuşdu. Ümumiyyətlə, o,
mütaliəni sevirdi, Şərq və dünya incəsənəti
barədə xeyli material ilə tanış olmuşdu.
(Ardı var)
Əhsən
RƏHMANLI
tədqiqatşı,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2018.- 6 dekabr.- S.6.