Milli uşaq ədəbiyyatında
öz üslubu ilə seçilən sənətkar
Beynəlxalq
Uşaq və Gənclər Kitabı Şurasının
"Şərəf siyahısı"nda, Fəxri Andersen
Siyahısında layiqli yer tutan, milli uşaq ədəbiyyatına
yeni üslub gətirən, yetmiş yaşı haqlasa da, zahirən
cavan görünən Qəşəm İsabəyli bu
gün də gənclik coşqusu ilə yazıb-yaradır,
yeni motivli əsərləri ilə bu sahənin zənginləşməsi
üçün özünə xas olan ilahi vergili
istedadından məharətlə istifadə edir.
Son illər
qələmə aldığı uşaq şeirləri, hekayə
və nağılları, "İiiaaa", "Cin" və
digər əsərləri uşaq ədəbiyyatına yeni bədii
üslubun gəlişindən xəbər verir. O, uşaq
dünyasına dərindən bələd olan, bədii forma və
məzmun axtarışları və orijinal bədii üslubu
ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına
yeni nəfəs gətirən, rəngarəng
yaradıcılığa malik olan şairdir. XX əsrin
altmışıncı illərinin sonlarından şeir
yazmağa başlayan şairin "Balaca-bapbalaca" adlı
ilk kitabı 1982-ci ildə işıq üzü görüb.
Onun "Nənəm təkdi", "Əkil-Bəkil",
"Ay külək, nə əsirsən", "Leyləyin
intiqamı" və digər adlı şeir kitabları dəyərli
nəşrlər kimi diqqət çəkib.
Qəşəm
İsabəylinin uşaqlar üçün yazdığı
şeirlərin axıcı ahəngi, körpə ruhuna
uyğun sadəliyi və təbiiliyi, şeirlərin sadə
deyim tərzi onun üstün cəhətlərindəndir.
"Külək" şeirində bu xüsusiyyətləri
görmək mümkündür:
- Ay
külək, nə əsirsən?
- Əsməsəm,
olmaram mən!
-
Olmağının xeyri var?
- Xeyri var
ki, varam mən.
-
Qışda nə xeyrin var, hə?
-
Qışda yağış, qaram mən
- Yazda bə?..
-
Ağacları
Oyadan
nübaram mən...
Şifahi
xalq ədəbiyyatı çeşməsindən qida alan bu
şeir uşaqların yaddaşına əbədi həkk
olunur. Bulaq suyu kimi şəffaf, ləzzətlə içilən
bu səpgili şeirlər şairin poetik
yaradıcılığının bəzəyinə
çevrilir. Tanınmış şair Məmməd
İsmayıl Qəşəm İsabəylinin
yaradıcılığı haqda yazır: "Elə ilk
poetik tanışlıqdan yadımda qalan və sonralar unutmaq
istəsəm də, unuda bilmədiyim "göydə
quşdu, yerdə daşdı torağaylar" misraları da
Qəşəmin obrazlı düşüncə tərzinə
malik olduğundan xəbər verirdi. Həm də bu obrazlı
düşüncə tərzinin poetik məziyyətləri
ilk baxışdaca diqqəti çəkirdi: fikrin uyarlı,
yerində işlədilən sözlərlə əmin-arxayın
deyimi. Sözü, necə deyərlər, əyib bükmək,
istədiyin axara salmaq bacarığı... Əslində, sənətkarlıq
sirri deyilən bir şey varsa, o elə budur".
Qəşəm
İsabəylinin şeirlərində müxtəlif yaş mərhələsini
keçirən, fərqli xarakterə və psixologiyaya malik
uşaq obrazlarına rast gəlirik. "Konsert",
"Atlı Vüqar", "Samur at minir", "Tərləmə,
ha", "Qur...qur...qur", "Nərmin",
"Ərköyün" və sair oynaq ritmə malik olan
şeirlərdə uşaqların sirli aləmi ilə
tanış oluruq, onların hər bir hərəkətini,
dünyaya dikilən aydın baxışlarını izləyirik.
"Konsert"
şeirində ağlağan bir körpənin əməlləri
yumorla təqdim olunur. Gecənin bir aləmində öz
ağlamağı ilə ailəyə "konsert" verən
bu uşağın hər bir hərəkətini məzəli
misralarla təsvir edən şair oxucuların çöhrəsində
təbəssüm yaradır.
Şair
müxtəlif xarakterə malik uşaqların özlərinə
xas olan hərəkətini təsvir etmək üçün
olduqca oynaq misralarına yumşaq yumor qatır, nəticədə
bu yığcam şeirlərdə balaca oxucular sanki özlərini
dupduru aynada görürlər. "Anam çörək
yapanda", "Şəhərli oğlan", "Nənəmgilə
gəlmişəm", "Ay nənəli",
"Qonaq" və digər şeirlərdə kövrək
uşaq xarakter və psixologiyasını görmək
mümkündür.
"Anam
çörək yapanda" şeirində uşağın
özünəxas müşahidələri qələmə
alınır. Ana çörək yapanda it, pişik, hətta
sərçələr də təndirin başına
toplaşırlar, bu nemətdən azacıq dadmaq
üçün bir anlıq məqam gözləyirlər.
Öz balasını sevdiyi kimi bu canlılara da biganə
olmayan ana onları da yedizdirir, çörəyi əvvəlcə
özü yediyi üçün oğlunu danlayır:
Anam
acıqla üzümə baxdı:
-
Oğlum, bu səndə nə qanacaqdı?!
Bəs
it, bəs pişik, yazıqdı sərçə?!
De,
acmı qalsın sübh səhərəcən?!
Şair
bu misralarla uşaqlara təbiətdə mövcud olan digər
canlılara sevgi hissləri aşılayır, ömrün mənasını
onlara başa salır.
Qəşəm
İsabəylinin iki hissədən ibarət olan "Əkil-Bəkil"
poeması sənətkarlıq xüsusiyyətlərinə
görə "Ən yaxşı uşaq kitabı"
adlanan Respublika müsabiqəsində ikinci mükafata layiq
görülmüşdür. Bu əsərdə vətən
məhfumu olduqca qabarıq təsvir olunur. Şair əsərini
oxucuya bu cür təqdim edir:
Yazdım
"Əkil-Bəkil"i,
Çap
etdim, oxuyasan.
Bir az da
sözlərimin
Qoxusunu
duyasan.
Şair
bu misraları qələmə almaqla əsərin bədii dəyərini,
təsir qüvvəsini, düşündürücü
motivlərini önə çəkmək istəyir. Folklor
motivlərindən məharətlə istifadə edən
şair bitkin bir əsər yaradır, poetik duyğularla
müasir oxucunu öz arxasınca aparır, onu
düşündürür, vətən sevgisinə səsləyir.
"Adım
Əkil-Bəkildir" adlı birinci hissədə şair
Əkil adlı şagird obrazını yaradır.
Altıncı sinifdə oxuyan Əkil öz fərdi keyfiyyətləri
və yaşına xas olmayan igidliyi ilə seçilir. Casusluq
niyyəti ilə sərhədi keçərək,
özünü şikəst adam kimi qələmə verən
kişi özünün şübhəli hərəkətləri
ilə balaca qəhrəman Əkilin sərrast gözündən
yayınmır və o, kişini aldadaraq sərhəd
zastavasına gətirir. Yoxlama zamanı məlum olur ki,
özünü əlil kimi göstərən bu kişi
peşəkar casus imiş. Əkilin igidliyi bütün kənddə
və məktəbdə geniş yayılır və o, sərhəd
qoşunları komandanlığı tərəfindən
"Sərhəd əlaçısı" döş
nişanı ilə təltif olunur.
"Keşikdə"
adlanan ikinci hissədə artıq Bəkil ordu
sıralarına çağırılır. Məktəbdə
oxu-duğu illərdə göstərdiyi igidliyə rəğmən,
onu sərhəddə qulluq etməsinə razılıq
verilir. Bəkil burada da igidlik göstərir, ən təhlükəli
casusu yaxalayaraq zastavaya gətirir. Müəllif Bəkilin dili
ilə iki yerə parçalanmış Azərbaycanın dərdini
xatırlayır, iki qütbə bölünmüş bu
xalqın nə vaxt birləşəcəyi haqqında
düşüncələrini poetik misralarla verməyə
çalışır.
Qəşəm
İsabəyli bu əsəri ilə dövrün Azərbaycana
rast gətirdiyi mənfur düşmən obrazının mənəvi
simasını açır, erməni qəsbkarlarının
törətdiyi cinayətləri mühakimə edir. Ana
torpağın bölünməz olduğunu dönə-dönə
qeyd edir. M.İsmayıl "Əkil-Bəkil"
poemasının ön sözündə yazır: "Poema
yazmaq, özü də bitkin, kamil bir poema yazmaq indi həqiqətən
də çətin bir işdir. Yazı ilk sətirlərindəcə
oxucunu ələ alır, onu Əkil-Bəkilin ömür
yollarında düşdüyü müxtəlif macəralardan
keçirir. Seçilən şaqraq təhkiyə-ifadə
üsulu birinci misradan sonuncu misraya qədər davam edir. Elə
birnəfəsə yazılış ovqatı poemanın birnəfəsə
oxunmasına imkan yaradır. Hər misra fikirlə hissin bəhrəsidir".
Şair
"Nənəm təkdi" poemasını orijinal
üslubda qələmə almışdır. Balaca oxuculara
"Salam" verən şair uşaqların onun
kitabını oxumağına sevinir, onlardan ötrü
darıxdığını dilə gətirir:
Xoş
gördük, ay Məhsəti,
Ay Anar, ay
Yasəmən!
Balam, sizdən
ötəri
Yaman
darıxmışam mən.
Poema kənddə
tənha yaşayan nənənin həyatına həsr olunub.
Nənə tək yaşasa da, fikri-zikri doğma
uşaqlarının yanındadır.
Poema bir
neçə bölmədən ibarətdir: "Nənəm
deyir...", "Nənəm çörək göndərib",
"Nə nəm atıb evini", "Nənəm
obaşdan durub", "Nənəm yır-yığış
etdi", "Nənəmgilə gəlmişəm",
"Nənəm mət hazırlayıb", "Nənəm
məktub yollayıb", "Nənəm satıb evini".
Hər bir bölmədə nənənin keçirdiyi
iztirabları, hiss və duyğuları, zəmanəyə,
dünyaya baxışı və bunların yeni nəslin tərbiyəsində,
bir şəxsiyyət kimi formalaşmasında rolunu görməmək
mümkün deyil.
Şairin
bir sıra şeirlərində onun yeni üslubunun
yaranmasında başlıca rol oynayan qulaq qafiyələri diqqəti
cəlb edir. Bu özü də kiçik yaşlı
oxucuların maraq dairəsindən kənarda qalmır:
İki
sözlə bir lövhə çək -
Bənövşədə
beşdi ləçək...
Və ya:
Yarı bələkdə
-
Bir
güldü ləkdə...
Qəşəm
İsabəyli özünü uşaq şairi kimi tanıtsa
da, öz hekayələri ilə də uşaq və gəncləri
sevindirib. "Samur at minir", "Bir qarıyla bir qoca,
Dingilim-fış oynar gecə", "Bir qəl bin məhəbbət
etirafları" kitablarına onun
düşündürücü, tərbiyəvi əhəmiyyətli
hekayələri daxil edilib.
"Samur
at minir" kitabına daxil edilən "Duqqu, Cuqqu,
Qızıl və başqaları", "Abdul əmi",
"Ye...iç...hür", "Əriştə",
"Bir fincan "kompot", "Talvarda bir gecə" və
sair hekayələr öz məzmunu və dərin mənası
ilə seçilir, şeir yaradıcılığında
olduğu kimi, nəsr əsərlərində də yeni
üslubi keyfiyyətləri görə bilirik. Uşaqların
keçirdiyi gerçək həyati hissləri, kövrək
düşüncələrini təbii boyalarla və şirin
üslubla qələmə alan Q.İsabəyli
özünü bir uşaq nasiri kimi də təsdiqləyib.
Onun "Üüü", "Elnur, Əkil və onun
başına gələnlər" adlı
nağıl-povesti öz bədii dəyəri ilə diqqəti
cəlb edir. "Gəldim Xəlsə kəndinə"
povesti də bu baxımdan uşaqların marağına səbəb
olur.
Q.İsabəylinin əsərlərinin Azərbaycan sərhədlərini aşaraq dünya xalqlarının uşaqlarına da təqdim olunması ən uğurlu nəticələrdən sayıla bilər. Dünya Uşaq və Gənclər Ədəbiyyatı Şurasının Londinda çap olunan nüfuzlu "Bookbird" jurnalında "Baba, sabahın xeyir!" hekayəsi ingilis dilində çap edilib, tələbkar oxucuların marağına səbəb olub. Yaxud, Türkiyədə "Günel" jurnalı onun bir hekayəsini çap edib. Şairin uşaq şeirləri öz məzmun yükünə görə ədəbi ictimaiyyətin diqqətini çəkib, nəticədə müəllif "Qızıl kəlmə" (2015) müsabiqəsində mükafat qazanıb. "Keçinin azadlıq nağılı" hekayəsi ilə A.Lindqren adına müsabiqədə nominant olub.
Yaradıcılıq yollarında heç vaxt
arxayınlaşmayan, öz şirin üslubu, rəvan dili ilə
uşaqların mənəvi dünyasını fəth edən
Qəşəm İsabəyli yeni nəslin tərbiyəsində,
mənən formalaşmasında əvəzsiz rol oynayır.
Bu yolda ona yeni uğurlar arzulayıram.
Füzuli
ƏSGƏRLİ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet
2018.- 6 dekabr.- S.6.