Xalq artisti Baba Mahmudoğlu - təkrarsız ifaçı, fədakar
xanəndə
(Əvvəli ötən
sayımızda)
B.Mahmudoğlu peşəkar sənətə
qədəm qoyandan Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsinin bədii
kollektivləri ilə
yaradıcılıq əlaqələrində
olaraq səsini radio fonduna yazdırmış,
televiziyada, Bakıda, əyalətlərdə, qonşu
respublikalarda konsertlərdə
çıxış etmişdi.
O, Xalq artisti, görkəmli
bəstəkar, dirijor
S.Rüstəmovun (1907-1983) rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri, xalq artistləri Ə.Bakıxanovun (1892-1973), B.Salahovun
(1923-1982), əməkdar artist Ə.Dadaşovun (1924-1976), Y.Heydərovun
idarəsi ilə fəaliyyət göstərən
xalq çalğı
alətləri ansambllarının
müşayiəti ilə
oxumuşdu. Baba Ə.Quluyevin (1917-1998) Dövlət
Filarmoniyasında rəhbərlik
etdiyi xalq çalğı alətləri
ansamblının konsertlərində
də çıxış
etmişdi.
B.Mirzəyev SSRİ-nin müxtəlif məkanlarında keçirilən
Azərbaycan mədəniyyəti
günlərində çıxış
edən sənət ustalarımız sırasında
olurdu. Buradakı uğurlu çıxışlarının
nəticəsi olaraq xarici dövlətlərə
də göndərilirdi.
Dövri
mətbuatda onun uğurları öz əksini tapır, səhnə fotoşəkilləri
nümayiş etdirilirdi.
Bütün bunlar vokal sənətimizin nadir incisi,
əvəzolunmaz sənətkar
Rəşid Behbudovun
(1915-1990) nəzərindən qaçmamışdı. O, Babanı televiziya ekranından seyr etmiş, dövlət tədbirlərinin birində
oxumağını yaxından,
çox diqqətlə
dinləmişdi. R.Behbudov Babanın
səhnə mədəniyyətini,
dinamikasını, maraqlı
oxuma manerasını,
geniş səs diapozonunu, uzun nəfəsini, şaqraq zəngulələrini bəyənmiş,
rəhbərlik etdiyi Dövlət Mahnı Teatrına dəvət edib söhbət aparmışdı. Beləliklə,
B.Mahmudoğlu düz
10 il R.Behbudovla
Mahnı Teatrının
tərkibində xarici
ölkələrin səhnələrində
çıxış etmişdi.
Sənətə həvəs Babanı
M.A.Əliyev adına
Azərbaycan Dövlət
İncəsənət İnstitutunu
bitirməyə də
sövq etmişdi.
Baba Mirzəyev Baba Mahmudoğu kimi 1979-cu ilin sentyabr ayında "Dastan" folklor ansambl yaratdığı andan çıxış etməyə başladı. O, folklorçu kimi meydana atılaraq milli soyadla fəaliyyət göstərirdi. "Dastan"ın ilk çıxışını tamaşaçılar həmin il dekabr ayının 31-də seyr etmişdilər. Həmin çıxış həqiqətən böyük marağa səbəb olmuşdu. Müğənninin və ansambl üzvlərinin xüsusi milli geyimi oxunan mahnının məzmununu və ansamblın adını tamamlayırdı. Baba aşıq sənətindən bir nümunə, "Baş müxəmməs" oxumuşdu. Beləliklə, həmin yeni il axşamından etibarən Azərbaycan musiqi dünyasına yeni bir inci, tam fərqli aləm, "Dastan" folklor ansambl daxil olmuşdu. B.Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirmiş, folklor nümunələrimiz, xalq və aşıq mahnıları üzərində yaradıcılıq işi aparaq ifa edib xalqın ixtiyarına vermişdir. O, qədim çalğı alətlərimizin yaşamasına və layiqli səslənməsinə xüsusi önəm verirdi. Odur ki, həmin musiqi alətlərinə müntəzəm solo ayırırdı. Baba folklor musiqisinə, zəngin aşıq sənətinə bağlı adam idi. Ümumiyyətlə, o, folklorumuzu dərindən bilirdi. Daim öz üzərində işləyən bu adam folklor dünyamızı araşdırır, aşıq yaradıcılığına baş vurur, hər bir mahnı üzərində çalışaraq əsl əsər halına gətirirdi. Müğənni bir sıra aşıq mahnılarını öz yaradıcılıq süzgəcindən keçirərək işləyib, oxuyub radionun və televiziyanın fonotekasına təqdim edib. O, "Dastan" folklor ansamblını yaradıcılıq laboratoriyası sayırdı. Bu ansamblla çalışmaq ona yaradıcılıq sərbəstliyi, böyük həvəs və stimul verirdi. O, burada öz bacarığını, arzu-istəklərini, istedadından süzülüb gələn bütün gücü həyata keçirə bilirdi.
Baba Mahmudoğlu xalq və aşıq mahnılarına, təsniflərə, muğamlara, qəzəliyyata, dastanlara müqəddəs məbəd kimi baxırdı. O, xalqın yaradıcılıq çeşməsindən süzülüb gələn bu incilərə, zəngin nemətə xələl gəlməsinə, təhrif olunmasına qarşı amansız və qəti mübarizə aparırdı. Repertuarına daxil etdiyi xalq yaradıcılığı incilərini dərindən mənimsəyir, göz bəbəyi kimi qoruyur və sevə-sevə oxuyurdu. Elə Babaya ruh verən, yaşadan, ucaldan da bunlar idi. Desək səhv etmərik ki, bu gün onu tarixdə yaşadan da bunlardır.
O, xalq və aşıq mahnılarının dramaturji elementlərini tapır, süjet xəttini təyin edir, ideyasını açır və məzmununu açıqlayırdı. Belə musiqi nümunələrinə sıx doğmalıq, məhəbbət göstərir, həmişəyaşarlıq qazanması yolunda fəaliyyət göstərirdi. Onunla Bakıdakı təhsil ocaqlarında, pansionatlarda, sanatoriyalarda, qocalar və əlillər evində, əyalətlərdəki mədəniyyət ocaqlarında, hətta pambıq tarlalarında qurulmuş talvarlar altında (zəhmətkeşlərin istirahət yeri) birgə iştirak etmişik. Əksər hallarda oxuduğu mahnının məzmun və mahiyyəti, yaranma tarixi haqqında tamaşaçılara maraqlı məlumat verirdi. Bu zaman auiditoriyalarda daim diqqət, sükut və xüsusi maraq olardı.
Qeyd etmək istərdim ki, sənətkarın mahnı bəstələmək bacarığı da olub. Sovet dövründə müğənnilərin bəstələdiyi mahnı və təsniflərin onların öz adı ilə müəllif kimi elan olunmasına icazə verilmirdi. Odur ki, B.Mahmudoğlu sözləri, musiqisi onun özünə məxsus olan və yaxud şairlərin sözlərinə bəstələdiyi mahnıları radio və televiziyaya "Dastan"ın müşayiəti ilə öz ifasında xalq mahnısı kimi təqdim edirdi. Çox istərdim ki, onun mahnıları notlara köçürülüb, məcmuə halında nəşr olunub yayılsın. Özü dünyadan gedəndən sonra bu barədə onun ailə üzvləri ilə söhbətim olub.
B.Mahmudoğlu "Dastan"dan başqa "Xəzinə" folklor və "Misri" xalq çalğı alətləri ansamblı da yaradaraq rəhbərlik etmiş və onların müşayiətilə səsini radioya bəxş etmiş, televiziyada, səhnələrdə oxumuşdu. Axı, bu bacarıq onda haradan idi? Bu məqalədə qeyd olunub ki, Baba yaradıcı kollektivlərdə çalışmışdı. Və burada o, ansambl qaydalarını öyrənmiş, təcrübə qazanmış, mahnılar, təsniflər üzərində hansı formada işləməyi müşahidə etmiş, həqiqətən çox şeyə nail olmuşdu. Odur ki, bu adamda ansambl yaratmaq, rəhbərlik etmək, işləmək, aranjiman işlərindən faydalanmaq bacağı yaranmışdı. Təbii ki, onun aşıb-daşan istedadı da ortada idi. O, həqiqətən hərtərəfli istedada malik sənət adamı olaraq musiqi mədəniyyətimizə dəyərli töhfələr verib. Milli radionun fondunda onun ifasında 500-dən artıq nümunələr toplanıb. Buraya onun opera tamaşalarında oxuduqlarından bir qisim - təsniflər, muğamlar, bəstəkar, xalq, aşıq mahnılar və özünün bəstələdiyi mahnılar daxildir.
Yaratdığı ansambllarda çalışdığı illərdə
onun məhsuldar yaradıcılıq
işləri və bu kimi
aktiv, zəngin fəaliyyəti folklor nümunələrinin, xalq
musiqimizin təbliği və
inkişafı üçün xüsusi dəyər və misilsiz
töhfə sayıla bilər. O, oxuduğu
belə nümunələri fəlsəfi məna-məzmun
daşıyıcısına çevirmək istəyirdi. Bizcə,
o, dünyaya gələrkən
kəşf edəcəyi ideal gözəlliklər
barədə düşünmək və tapmağa
can atmaq yükünü öz ruhunda gətirmişdi. Baba
ideal arzularla
yaşadığı üçün rəhbəri
və solisti olduğu
ansambllarda öz
yüksək fikirlərini, bədii-estetik arzularını
yaradıcılıq süzgəçindən keçirmək
istəyirdi.
Baba orta məktəb illərindən mütaliəyə başlamış və bu sevimli məşğuliyyətini ömrünün sonuna qədər davam etdirmişdi. Bu, onun xobbisi deyildi, Azərbaycan, və dünya ədəbiyyatına, fəlsəfəyə, tarixə, etnoqrafiyaya, teatra, ümumiyyətlə, incəsənətin bütün janrlarına olan maraq idi. O, dünya klassiklərini, mədəniyyət, musiqi, teatr, opera haqqında dəyərli və çox maraqlı kitabları oxumaqla çox şey əxs etmişdi. Bütün bu sahələr barədə onun özünün də fikirləri vardı. Baba yalnız müğənni deyil, elmə sahib bir şəxs, hazırcavab insan, xüsusi diqqətçəkən, marağa səbəb olan natiq idi. O, dəvət olunduğu auditoriyalarda, televiziya verilişlərində zəngin və qeyri-adi söz-söhbəti, fikirləri, qəfil verilən suallara cavabları ilə tamaşaçıların dərin sevgisini və rəğbətini qazanmışdı. Faktdır ki, bu baxımdan onun yeri boş qalıb. Ekranlarda, səhnələrdə belə zəngin biliyə malik müğənniyə rast gəlmirik. B.Mahmudoğlu çoxlarının gözündə filosof-müğənni kimi canlanırdı. Onun daxili aləmi çox işıqlı idi, əsl ziyalı kimi formalaşmışdı.
B.Mahmudoğlu yaşa dolan zamandan Şərq və dünya
fəlsəfəsi ilə daha dərindən
maraqlanır və bu aləmə xüsusi maraqla baş vururdu. O,
filosofların həyatı və fəaliyyəti haqqında çox oxuyurdu. Onlardan sitatlar gətirir,
maraqlı söhbətlər edirdi. Yəni
doğrudan da adi sənət adamı deyildi,
müğənni-filosof və gözəl natiq
idi. Dost və sənət
yoldaşı kimi ona
tövsiyə etdim: "Aşıq və
xanəndəlik sənətinin sıx əlaqələri, qovuşuğu bərədə elmi iş yazıb
müdafiə elə". Belə cavab
aldım: "Maestro (o,
mənə ya maestro,
və ya Əhsəncan deyə müraciət
edərdi), mən fəlsəfə tarixindən yazıb
müdafiə edəcəyəm". O, arzusuna
istiqamət alsa da, ömür buna imkan vermədi.
B.Mahmudoğlu 1992-ci ildə
Xalq artisti titulu aldı. 2005-ci ildə Opera
və Balet Teatrından təqaüdə
göndərildi.
Təbii ki, çox zəngin yaradıcılıq yolu keçən sənətkar haqqında bütün fikirləri bir yazı ilə əhatə etmək mümkün deyildir. Təsəllim oldur ki, "Səhnəmizin Məcnunu Baba Mahmudoğlu" kitabında onun həyatı və bütün yaradıcılıq fəaliyyətini əhatə etməyə çalışmışam. Və bu kitabı istəkli sənət dostum, "Dastan" və "Misri" ansambllarında birlikdə çalışdığım Babanın saf, azad ruhuna, əziz və parlaq xatirəsinə həsr etməklə rahatlıq tapmışam. Arzu edənlər bu kitabla ölkəmizdəki kitabxanalarda tanış ola bilərlər. Düşünürəm ki, B.Mahmudoğlu haqqındakı tədqiqat işlərimin kitaba köçürülmüş səhifələri belə böyük sənətkarın yaradıcılığından elmi iş yazanlara gərək ola bilər. Çünki B.Mahmudoğlunun yaradıcılığı elmi yanaşma, elmi araşdırma tələb edir. Çox heyif ki, B.Mahmudoğlu ömrünün müdrik, yaradıcılığının ən məhsuldar dövründə amansız xəstəliyə tuş gəldi. O, bizimlə, "Misri" ilə çox işlər görmək, yeni yaradıcılıq mərhələsi başlamaq arzusunda idi. Qəfil xəstəlik isə bunların üzərindən xətt çəkdi. O, 2005-ci il noyabr ayında insult keçirdi və 2006-cı il dekabrın 6-da dünyasını dəyişdi. 16 yaşında Muğanlı kəndindən Bakıya yol alan Baba bir zamanlar üzərində yürüdüyü doğma torpağın təkinə köçərək uyumaqdadır. Belə bir ünlü sənətkar xalqın yaddaşında və mədəniyyət tariximizdə yaşamaqdadır. Və yaşadıqca yaşayacaqdır.
Yazımın sonunda bunu mühüm məsələyə toxunmaq istərdim. Alimlərin, şair və yazıçıların, sənət adamlarının portretləri rəsm sərgilərimizi, elm və tədris müəssisələrinin salonlarını bəzəyir. Baba Mahmudoğlunun portretini və ya milli operamızda yaratdığı obrazları kətan üzərində canlandırmaq, xalçalarda və ya dəmirdöymə sənət nümunələrində yaratmaq olmazmı? Yaxud da onun büstünü, ağacoymada və ya tuncdan heykəlini yaratmaq olmazmı? Onun yaşadığı binanın girişində barelyefi qoyulmalı, mənzili isə ev-muzeyinə çevrilməlidir. Məncə, düşünməyə dəyər.
Əhsən
RƏHMANLI
tədqiqatçı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
525-ci qəzet 2018.- 7 dekabr.- S.6.